Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1834/2025 30.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “əmlakın naturada bölünməsi, hərracdan satılması və satışdan əldə edilmiş pul məbləğinin paylı mülkiyyətçilər arasında bölünməsi”) Bakı şəhəri 30 may 2025-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X2 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölünməsi, hərracdan satılması və satışdan əldə edilmiş pul məbləğinin paylı mülkiyyətçilər arasında bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2617/2023 saylı 27 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, müəyyən etdi İşin halları
1. İddiaçı Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuş, birgə nikah dövründə ünvan 1, 99 saylı mənzili əldə etmişlər. Həmin mənzil Cavabdeh adına rəsmiləşdirilmişdir və onun mülkiyyətindədir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2960/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikah dövründə əldə olunan ünvan 1, 99 saylı mənzilə İddiaçı ikidə bir hissədə pay hüququnun tanınması qət edilmiş, qətnamə qanuni qüvvəyə minmişdir.
3. "xxxx" MMC tərəfindəni verilmiş 10 may 2023-cü il tarixli arayışına görə hazırkı mübahisənin predmeti olan ünvan 1, 99 saylı mənzilin orta bazar qiymət 280000-300000 manatdır.
4. İşin hazırki apellyasiya baxışı zamanı alınmış "xxxx" MMC-nin MEB/03-9236/2025 nömrəli xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 99 saylı mənzilin mövcud bazar dəyəri 334000 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mübahisəli mənzilin naturada bölünməsini, bu mümkün olmadıqda isə əmlakın açıq hərracdan satılaraq, əldə edilmiş satış məbləğinin paylı mülkiyyətçilər arasında paylarına uyğun şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmşdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun mübahisəli mənzilə ½ hissədə pay hüququ tanınmışdır. Bu qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2023-cü il tarixli “Yaşayış mənzilinin orta bazar dəyərinin müəyyən edilməsi barədə” arayışda mübahisəli mənzili orta bazar dəyəri xx.xx.2023-cü il tarixə əsasən, 280000-300000 manat arası təşkil edir. Birgə nikah dövründə əldə olunmuş əmlakın açıq hərracda satılaraq müəyyən olunmuş paylara uyğun olaraq vəsaitlərin götürülməsi tələbi ilə bağlı mediasiyaya müraciət etmiş, lakin qarşı tərəf mediasiyada tərəf iştirak etməmişdir.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2617/2023 saylı 27 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, mübahisəli mənzilin açıq hərracdan satılması və satışdan əldə edilmiş məbləğin mülkiyyətçilərin paylarına uyğun olaraq (iddiaçıya ½ hissədə, cavabdehə ½ hissədə) bölünməsi, mübahisəli mənzilin ilkin satış qiymətinin 300.000 manat məbləğində müəyyən edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməzdən əvvəl ilk növbədə onun naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Bu mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının kompensasiyasının ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçinin kompensasiya vermək imkanı olmadıqda və ya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Tərəflərin məhkəmə iclasında verdiyi izahatlara əsasən, əmlakın naturada bölgüsü mümkünsüzdür. Belə bölgünün mümkün olmaması işin mübahisəsiz halı olduğundan məhkəmə prosessual qənaət prinsipinə uyğun olaraq bu halın təkrar müəyyən edilməsi üçün ekspertiza təyin edilməsinə zərurətin olmadığı qənaətinə gəlmişdir. Həmçinin cavabdeh iddiaçıya kompensasiya ödəməkdən imtina etmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarında əmlakın bazar dəyəri barədə hesabat mövcuddur. Məhkəmə iclasında iddiaçı tərəf əmlakın hesabatda qeyd edilən 300000 manat dəyərinin ilkin hərracdan satış qiyməti kimi müəyyən edilməsini xahiş etmiş, cavabdeh tərəf bu hesabatda qeyd edilən məbləğə etirazını bildirməmişdir. Bu səbəbdən də məhkəmə hesab edib ki, mübahisəli əmlakın hərracdan satış qiyməti onun bazar dəyəri əsasında 300000 manat müəyyən edilməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 213.1, 213.2, 215.1, 215.2, 220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6 və 221-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumunun Qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
11. Cavabdeh (vəkili Vəkil2) apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2617/2023 nömrəli, 27 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində mübahisəli əmlakın cavabehin mülkiyyətində olmasını göstərərkən, bu mənzil alınması üçün sərf olunan vəsaitin kim tərəfindən maliyyələşdirilməsi araşdırılmamışdır. Həmçinin mübahisəli əmlakın birgə vəsait hesabına əldə edilməsini təsdiq edən hər hansı sübut yoxdur. Mənzilin alınması üçün vəsait cavabdehin atası tərəfindən verilmişdir. Həmçinin mübahisəli mənzil hazırda cavabdehin mülkiyyətində olduğundan iddiaçının belə bir tələb irəli sürməsi düzgün olmamışdır. Belə ki, iddiaçının həmin evə dair hər hansı payı mövcud deyil. Bundan başqa birinci instansiya məhkəməsinin baxışı zamanı cavabdehin iştirakı təmin edilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsində ilkin icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2372/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), E.Kazımov və N.Cəfərov) cavabdehin apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsindən “hərracda mənzilin ilkin satış dəyəri 300000 manat müəyyən edilməsinin” xaric olunması qət edilmişdir.
15. Kollegiya apellyasiya şikayətinin mübahisəli mənzilin alınmasında cavabdehin atasının köməyi olması, iddiaçının o evin alınmasında heç bir rolu olmaması barədə dəlili üzrə qeyd etmişdir ki, həmin dəlil aşkar əsassızdır. Belə ki, birincisi, cavabdeh tərəfindən bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. İkinci isə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə mübahisəli mənzilin üzərində iddiaçının ikidə bir hissədə payının olması müəyyən edilmişdir. Beləliklə, iddiaçının qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə üzərində ikidə bir hissədə payı müəyyən edilən əmlakların naturada bölünməsini, naturada bölgü mümkün olmadığı təqdirdə isə əmlakların açıq hərraca çıxarılmasını və əldə edilən gəlirin tərəflərin paylarına mütənasib bölünməsini tələb etməyə subyektiv hüququ vardır. Məhkəmə onu da qeyd etmişdir ki, iddia tələbində əmlakın ilkin satış dəyərinin müəyyən edilməsi tələb edilməmişdir. Yalnız iddiaçının vəkili məhkəmə iclasında əmlakın 300000 manata hərracdan satılmasını və bu məbləğin tərəflər arasında bərabər bölünməsini xahiş etmişdir ki, həmin tələb qeyd edildiyi kimi iddia ərizəsində və ya iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə öz əksini tapmamışdır.
16. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
Kassasiya instasiyası məhkəməsində icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2806/2024 nömrəli 27 dekabr 2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2372/2024 nömrəli nömrəli iş üzrə 23 aprel 2024-cü il qətnaməsi qismən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2617/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən “mübahisəli mənzilin hərracda ilkin satış dəyəri 300.000 manat müəyyən olunmasının” xaric olunması hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş; apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
18. Kassassiya instasniyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə İddiaçı iddiası Cavabdeh ilə ümumi paylı mülkiyyətdə olan mənzilin fiziki bölgüsü, bu mümükün olmadıqda isə açıq hərracdan satılması və satışdan əldə edilmiş məbləğin mülkiyyətçilərin paylarına uyğun olaraq bölünməsi yolu ilə mənzil üzərində ümumi paylı mülkiyyət hüququna xitam verilməsindən ibarətdir. Mülki Məcəllənin 221-ci maddəsində paylı mülkiyyətdə olan əşyanın hərracdan satılması barədə qətnamə qəbul edilərkən əmlakın ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması birbaşa göstərilməsə də, qanunvercilikdə bununla bağlı qadağanedici norma da yoxdur. Hərracda satış zamanı əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə paylı mülkiyyətdə olan əşyanın hərracdan satışı üçün onun ilkin satış qiymətinin qətnamədə göstərilməsi mülki qanunvericiliyin prinsiplərinə uyğundur, məsələnin məhz bu cür həlli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 6 dekabr 2024-cü il tarixli 02/202 nömrəli Qərardadında da öz əksini tapmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək qeyd etmişdir ki, tərəflər arasında barışıq əldə olunmamışdır. Bundan başqa onlar açıq hərracın keçirilməsinin tərəfdarıdır. İddiaçının xalasıoğlu mübahisəli evi almaq istəyir.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, kassasiya instansiya məhkəməsi apellyasiya məhkəməsinin əvvəlki qətnaməsini Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2617/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən “mübahisəli mənzilin hərracda ilkin satış dəyəri 300.000 manat müəyyən olunmasının” xaric olunması hissədə ləğv etmiş və işi həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdr. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin yuxarıda göstərilən hissədə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
26. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlaraümumi mülkiyyət hüququ əsasında mənsubdur.
28. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakırazılaşmaya əsasən onlar arasında bölünə bilər.
29. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələbedə bilər.
30. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi vəya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
31. 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
32. 220.5-ci maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.
33. 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 6 dekabr 2024-cü il tarixli 02/202 nömrəli Qərardadının 59- 60-ci bəndlərinə görə
34. Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, mülki qanunvericilikdə əşyanın açıq hərracdan satılması halında ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olması barədə imperativ tələb yalnız ipoteka predmeti olan əşyaya münasibətdə nəzərdə tutulmuşdur (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu, 39.3.3-cü maddə). Mülki Məcəllənin 220-ci maddəsində isə paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması barədə qətnamə qəbul edilərkən ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması birbaşa göstərilməsə də, Məcəllədə bununla bağlı qadağanedici norma da nəzərdə tutulmamışdır.
35. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:
36. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
37. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “mübahisəli mənzilin hərracda ilkin satış dəyəri 300.000 manat müəyyən olunması” hissəsində dəyişdirilməlidir.
39. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdehlə paylı mülkiyyətində olan daşınmaz əşyanın naturada bölünməsini, bu mümkün olmadıqda isə əmlakın açıq hərracdan satılaraq əldə olunan vəsaitin paylarına mütənasib bölünməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddianı təmin etməklə əmlakın hərracdan satış qiymətini müəyyən etmişdir.
40. Belə ki, məhkəmə qeyd etmişdir ki, iş materiallarında əmlakın bazar dəyəri barədə hesabat mövcuddur. Məhkəmə iclasında iddiaçı tərəf əmlakın hesabatda qeyd edilən 300.000 manat dəyərinin hərracdan ilkin satış qiyməti kimi müəyyən edilməsini xahiş etmiş, cavabdeh tərəf bu hesabatda qeyd edilən məbləğə etirazını bildirməmişdir. Bu səbəbdən də məhkəmə hesab edib ki, mübahisəli əmlakın hərracdan satış qiyməti onun bazar dəyəri əsasında 300.000 manat müəyyən edilməlidir.
41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd etməyi zəruri sayır ki, açıq hərracdan satılması nəzərdə tutulan əşyanın qətnamədə satış qiymətinin göstərilməsi, qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısını almaq məqsədilə labüddür.
42. İşdə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışına görə hazırkı mübahisənin predmeti olan ünvan 1, 99 saylı mənzilin orta bazar qiymət 280.000-300.000 manatdır.
43. İşin hazırki apellyasiya baxışı zamanı alınmış "xxxx" MMC-nin MEB/03-9236/2025 nömrəli xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 99 saylı mənzilin mövcud bazar dəyəri 334.000 manat təşkil edir.
44. Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq ekspert rəyini işdə olan digər sübutlarla müqayisəli şəkildə tədqiq edərək qeyd edir ki, işə baxan məhkəmə üçün heç bir sübutun qabaqcadan müəyyən olunmuş qüvvəsi yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsi daşıyır. Belə ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır; sübutlar birlikdə dəyəndirilməlidir.
45. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qiymətləndirmənin aparılması həvalə olunmuş hər iki mütəxəssis rəyinin mötəbər sübut olaraq qiymətləndirilməsi mülki-prosessual qanunvericiliyə zidd deyildir. Belə ki, "xxxx" MMC-nin MEB/03-9236/2025 nömrəli xx.xx.2025-ci il tarixli rəyin məzmunu əvvəlki rəyin məzmununa uyğundur, nəticələr arasında yaranmış fərq isə, keçən müddət ərzində respublikadaxili orta bazar qiymətlərində baş verən artımla əlaqəlidir. Bu səbəbdən iş üzrə tərtib olunmuş sonuncu mütəxəssis rəyinin əsaslı olduğu qənaətinə gəlmək və işin həllində həmin rəydən istifadə etmək mümkündür. Belə ki, müəyyən edilmiş qiymət əşyanın bazar dəyərinə uyğundur.
46. Tərəflərə həmçinin izah edilir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPMin 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, satış qiymətini yenidən müəyyənləşdirə bilərlər.
47. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur.
48. Bununla belə kollegiya tərəfindən iddiaçının (məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir) hərracın forması ilə əlaqədar olan mövqeyi öyrənilmiş, onun hərracda iştirak edə bilməyəcəyi müəyyən edilmişdir.
49. Məhkəmə araşdırması zamanı mülkiyyətçilərdən iddiaçının əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətində olmadığı müəyyən edildiyindən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin nəticə hissəsində hərracın əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə onun açıq hərracdan satılmalı olması göstərilməlidir.
50. MPM-nin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2617/2023 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi “mübahisəli mənzilin hərracda ilkin satış dəyərinin 300.000 manat məbləğində müəyyən olunması” hissəsində dəyişdirilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Tərəflərin paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 99 saylı mənzilin satış qiyməti 334.000 manat məbləğində müəyyən edilsin. ünvan 1 ünvanında yerləşən 99 saylı mənzilin satılması yalnız paylı mülkiyyətçiləri – İddiaçı və Cavabdeh iştirakı ilə qapalı hərrac formasında keçirilsin. ünvan 1 ünvanında yerləşən 99 saylı mənzil həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekpsertiza tədqiqatının dəyəri 580 manatın 290 manatı İddiaçı, 290 manatı Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (Benefisar bank: “Rabitə Bank”, Filialın kodu: 502155, Bankın VÖEN-i: **********, SWİFT kod: RBTAAZ22, M/h: AZ61NABZ********************, Benefisiarın hesabı: AZ26RBTA********************, Benefisiarın VÖEN-i: **********) ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev