Məhkəmə qərarları › İş №2(103)-1835/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1835/2025

12.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1835/2025 12.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (Azərbaycan Respublikası Müdafiə Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “mənəvi ziyanın ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Müdafiə Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 5268/2024 nömrəli 19 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1-1(093)-58/2023 nömrəli hökmü ilə X11 Azərbaycan Respublikasının CM-in 145.3, 293.2, 341.2.2 və 341.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 145.3-cü maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər - hakimiyyət nümayəndəsinin funksiyalarını həyata keçirməklə və maddi-məsuliyyət səlahiyyətləri ilə bağlı vəzifələr tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə, Cinayət Məcəlləsinin 293.2-ci maddəsi ilə 2 (iki) il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə, Cinayət Məcəlləsinin 341.2.2. 341.2.3-cü maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər hakimiyyət nümayəndəsinin funksiyalarını həyata keçirməklə və maddi- məsuliyyət səlahiyyətləri ilə bağlı vəzifələr tutmaq huququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzalar qismən toplamaq yolu ilə X6 qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər - hakimiyyət nümayəndəsinin funksiyalarını həyata keçirməklə və maddi-məsuliyyət səlahiyyətləri ilə bağlı vəzifələr tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi hökm edilmişdir. Hökmdəngörünür ki, X1 Nazirliyinin İ Ordu Birləşməsinin tərkibində olan N nömrəli hərbi hissənin komandiri vəzifəsində xidmət edərkən qeyd edilən məqsədlə yaradılmış mütəşəkkil dəstəyə yuxarı komandanlıq tərəfindən cəlb olunaraq X2, X12 və digərləri ilə mütəşəkkil dəstədə birləşib dövlətə xəyanət faktları üzrə təhqiqat apararaq təşkilati sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olmaqla əvvəlcədən hazırlanmış plana və vəzifə bölgüsünə uyğun olaraq Müdafiə Nazirliyinin Tərtər rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin düşmənlə təmas xəttində yerləşən bölmələrinin hərbi qulluqçularının qanunsuz erməni silahlı birləşmələrinin hərbi qulluqçuları və ya xüsusi xidmət orqanlarının əməkdaşları ilə əməkdaşlıq edə biləcəyinə dair şübhələrin olması ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edərkən heç bir halda onlara qarşı fiziki və psixi zor tətbiq etmək səlahiyyətlərinin olmamasına baxmayaraq, yuxarı komandanlıq qarşısında nüfuz qazanmaq, özünü xidməti vəzifələrini layiqli şəkildə icra edən hərbi qulluqçu kimi göstərmək və gələcəkdə vəzifədə irəli çəkilmək kimi məqsədlərə nail olmaq üçün mütəşəkkil dəstənin rəhbəri tərəfindən aparılmış vəzifə bölgüsü əsasında ona verilmiş tapşırığa əsasən və əvvəlcədən hazırlanmış cinayətkar plana uyğun olaraq 15 may 2017-ci il tarixdə gündüz saatlarında özü və dəstənin digər üzvləri tərəfindən fiziki və psixi zor tətbiq edilərək işgəncə verilməklə sorğu-sual edilməsi üçün N nömrəli hərbi hissənin Tərtər rayonu Sarov kəndində yerləşən inzibati binasına gətirilərək otaqlardan birinə yerləşdirilmiş həmin hərbi hissənin artilleriya divızıonun 3-cü haubitsalı artilleriya batareyasının idarə etmə tağım komandiri vəzifəsində, leytenant hərbi rütbəsində xidmətdə olan İddiaçı barəsində düşmənlə əməkdaşlıq şübhəsi faktı ilə bağlı təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərin ona verdiyi tapşırıqlara uyğun olaraq X2. X12 və digər dəstə üzvləri ilə birlikdə İddiaçı əllərini və gözlərini yapışqan lent və əski parçası ilə bağlamaqla onda psixoloji qorxu yaratmaqdan ötrü əxlaq və mənəviyyat normalarına zidd formada hərbi geyimləri soyundurub onun düşmənlə əməkdaşlıq etməsinə əsaslı şübhələr olmadığı halda ondan düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsim təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək mütəşəkkil dəstənin əvvəlcədən müəyyən olunmuş məqsədinə nail ola bilmədikdə Camal Əhmədlıdən düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər, yəni günün müxtəlif saatlarında, müəyyən fasilələr verilməklə, davamlı şəkildə, qeyd edilən yerdə, əllərini arxadan, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb lentlə bağlamaqla sərtəst hərəkət etməsini məhdudlaşdırmış, əvvəlcədən müəyyən olunmuş cinayətkar məqsədə nail ola bilmədikdə, qanunsuz əməllərini davam etdirərək dəstənin məqsədlərinə xidmət edən həqiqətə uyğun olmayan əlavə məlumatlar almaq, daha çox “vətən xaini" ifşa etmək, habelə törətdiyi əməllərə görə ondan qisas alınmasından ötrü mütəşəkkil dəstənin üzvləri ilə birlikdə eyni qaydada ona qarşı qeyd edilən qanunsuz hərəkətləri davam etdirib vəzifəli şəxs kimi dəstə üzvləri ilə birlikdə xidrrəti silahlardan istifadə edərək silah tətbiq olunmaqla İddiaçı hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan mütəşəkkil dəstə tərkibində təkrarən qulluq səlahiyyətini aşaraq mütəşəkkil dəstənin cinayətkar məqsədlərinə nail olmaq məqsədilə xx.xx.2017-ci il tarixdə bir neçə saat müddətində hərbi hissənin Tərtər rayonu Sarov kəndində yerləşən inzibati binasında, həmin gün İddiaçı dəstənin digər üzvləri tərəfindən N nömrəli hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən inzibati binasına əlləri və gözləri bağlı vəziyyətdə gətirilərək xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək qeyd edilən hərbi hissəyə məxsus inzibati binalarda onu qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdırmaqla ac- susuz saxlayıb psixi təzyiq göstərməklə İddiaçı mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyim bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə ümumilikdə 15 may 2017-ci il tarixdən 24 iyun 2017-cı il tarixədək, cəmi 40 gün müddətində mütəşəkkil dəstə tərəfindən törədilməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncurun "düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu" kimi “vətən xaini adı ilə “ləkələməklə" qanunsuz və əsassız olaraq xidmət yerinin dəyişdirilməsi ilə ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir.

2. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1- 1(103)-17/2024 nömrəli qərarı ilə Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1- 1(093)-58/2023 saylı hökmündən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1-1(093)-58/2023 nömrəli hökmü R.Qarayev, R.Niftəliyev, V.Ələsgərov, R.Ələsgərova münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərə görə 200.000 manat məbləğində kompensasiyanın dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini işin yuxarıda istinad olunan faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, ona həqiqi hərbi xidmətdə olarkən hərbi qulluqçu və prosessual şəxs kimi Cinayət-Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli bildikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunun cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edən vəzifəli şəxslər tərəfindən təqsirli olaraq, hüquqazidd hərəkətləri nəticəsində birbaşa fiziki və mənəvi zərər vurulmuşdur. O, işgəncələrə, qeyri-insani rəftara məruz qalması nəticəsində mənəvi zərər çəkmiş, özü və ailəsi stress, sarsıntı keçirmişdir. O, ehtiyata buraxılandan sonra yaşadığı rayon sakinləri, qonşuları onu “Vətən xaini” hesab edərək ona nifrətlə baxmış, buna görə bir müddət evdən çıxa bilməmişdir. Hərbi xidmət zamanı hərbi qulluqçuların gözü qarşısında “Vətən xaini” adlandırılaraq döyüldüyündən bu onda ciddi və bərpaolunmaz mənəvi sarsıntı yaratmış, iztirab çəkməsinə səbəb olmuşdur. Onun dövlətə xəyanət adı altında qanunsuz əməllərə məruz qalması təkcə onun özündə deyil, ailə üzvlərində də iztirablar yaşatmışdır. Ailəsinin günlərlə ondan xəbəri olmamış, yaşadığı rayonda qonşular və qohumlar arasında onunla bağlı söz-söhbətlər yayılmış, bütün bunlar ona və ailə üzvlərinə mənəvi iztirab, qeyri-müəyyənlik, narahatlıq hissləri yaşatmışdır. Odur ki, ona vurulmuş mənəvi zərərin əvəzi ödənilməlidir.

5. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddia ərizəsinə yazılı etiraz verərək göstərmişdir ki, iddiaçı Tərtər Hərbi Məhkəməsinin icraatında olmuş cinayət işi üzrə zərərçəkmiş şəxs olduğuna əsaslanaraq ona dəymiş mənəvi ziyana görə 200.000 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Bununla bağlı bildirir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi ilə bağlı müddəalar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 189-191-ci maddələrində nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 189-cu maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə zərər çəkmiş şəxs kompensasiya almaq hüququna o zaman malik olur ki, ona qarşı bu əməlin törədilməsi məhkəmənin hökmü ilə və ya cinayət prosesini həyata keçirən orqanın yekun qərarı ilə müəyyən olunsun. Cinayət Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına zərər çəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə kompensasiya verilməsi məsələsini zərər çəkmiş şəxsin ərizəsi ilə məhkəmə həll edir. Zərər çəkmiş şəxsə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya verilməsi haqqında qərarı ittiham hökmündə əks etdirərkən məhkəmə həmçinin kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılmasını hökmdə göstərir. Bu baxımdan hesab edir ki, ilk növbədə cinayət işi üzrə məhkəmə icraatı zamanı iddiaçının kompensasiya ödənilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib-etməməsi, həmin məhkəmə işi üzrə hökmdə kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılması məsələsinin qeyd olunub-olunmaması araşdırılmalıdır. Bundan başqa, Cinayət Prosessual Məcəllənin 197-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərər çəkmiş şəxsə vurulmuş ziyana görə kompensasiya qismində ödənilmiş məbləğ məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən yuxarıda qeyd olunan məhkəmə məsrəfi məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Göstərilənlərə əsasən bildirir ki, məhkəmə tərəfindən kompensasiya müəyyən edilərkən, həmin kompensasiyanın dövlət büdcəsinə qaytarılması məsələsi də həll edilməlidir. Digər tərəfdən iddiaçı iddia ərizəsində «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa istinad edərək kompensasiya tələb etmişdir. Bununla bağlı bildirir ki, Cinayət Prosessual Məcəlləsinin 63cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Lakin işin materiallarından iddiaçıya qarşı cinayət prosesini həyata keçirən orqanın (təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının) səhvi və ya sui-istifadəsi nəticəsində ziyan dəyməsi faktını müəyyənləşdirmək mümkün deyildir. Belə ki, yuxarıda qeyd olunan cinayət işi üzrə məhkum olunmuş şəxslərin cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxsləri olub-olmaması məlum deyildir. İddiaçının tələbinin qeyd olunan Qanunun hansı maddəsinin təsirinə düşməsinin dəqiqləşdirilməsini məqsədəmüvafiq hesab edir. Bununla yanaşı iddia ərizəsində «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 5-ci hissəsinə «şəxsin qanunsuz həbs olunması» hissəsinə istinad edilir. Bununla bağlı bildirir ki, şəxsin həbs olunması məhkəmə qərarı ilə mümkün olur, halbuki iş materiallarında belə bir qərar da mövcud deyildir. Eyni zamanda nəzərə çatdırır ki, Azərbaycan Respublikası Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti sözügedən cinayət işi ilə bağlı 2017-ci il 7 may tarixli bəyanat yaymışdır. Bu baxımdan hesab edir ki, yuxarıda qeyd olunan məsələlər ilə bağlı adıçəkilən orqanların məhkəmə işinə cəlb olunması məqsədəmüvafiqdir. Bundan başqa qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 8 nömrəli Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bununla yanaşı maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə - üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə - yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə - əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə - on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. İndiki halda isə iddiaçı tələb etdiyi mənəvi zərərin miqdarını heç bir meyara söykənmədən şəxsi istəyi ilə müəyyən etmişdir və ağlabatan deyildir. Bu baxımdan onun faktlara və sübutlara deyil şəxsi mülahizələrinə söykənən bu iddiası təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə uyğun olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandırılan halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Yuxarıda göstərilənlərə əsasən mülki qanunvericiliyin tələblərinə uyğun olaraq iddia ərizəsinə etirazımızı bildirir və məhkəmədən iddia tələbinin Maliyyə Nazirliyinə (dövlət büdcəsinə) qarşı hissədə rədd edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş edir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5268/2024 nömrəli 19 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq 8000 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qət edilmişdir. (hakim X7)

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, İşin araşdırılmış hallarından müəyyən edildiyi kimi, İddiaçı qarşı cinayət əməlləri törədilərkən ona mənəvi zərərin vurulması işin mübahisəsiz halıdır. Təqdim olunmuş sübutların məcmusundan göründüyü kimi, İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlar həqiqətəuyğundur,iddiaçıya yuxarıda qeyd edilən hallarla bağlı mənəvi ziyan vurulmuşdur. İddia ərizəsinin məzmunundan və təqdim edilmiş məhkəmə aktlarından aşkar şəkildə görünür ki, iddiaçı əsassız yerə törətmədiyi əməllərdə şübhəli bilinməklə ondan yuxarı vəzifəli şəxslər tərəfindən sərbəst hərəkəti məhdudlaşdırılmış, azadlığı əlindən alınmış, uzun müddət mənəvi iztirab çəkmişdir. Belə ki, hazırki iş üzrə iddiaçının zərərçəkmiş şəxs qismində tanındığı cinayət hadisəsinin ona aid epizodu üzrə təqsirləndirilən şəxs Vüsal Ələsgərova elan edilmiş və hökmlə müəyyən edilərək cəzaya səbəb olan ittiham zərərçəkmiş şəxsin qanunsuz azadlıqdan məhrum edilməsindən ibarətdir. Hazırda 2017-ci ildə baş vermiş məlum hadisə ilə əlaqədar hərbçilər tərəfindən törətdilmiş əməllərə hüquqi qiymət verilməsi, törədilmiş əməllərdən zərərçəkən şəxslərə qarşı kompensasiyanın ödənilməsi istiqamətində məhkəmə təcrübəsi formalaşmaqdadır. Nəzərə alınmalıdır ki, vəzifəli şəxs statusunda olmuş şəxslər tərəfindən törədilmiş əməllər Cinayət Məcəlləsinin bir sıra maddələri ilə tövsif olunmuş, bunun nəticəsində də həmin əməllərdən zərərçəkmiş şəxslərə ödənilməli kompensasiyanın məbləği də müvafiq formada differensasiyalaşdırılmaqdadır. Məhkəmə vəzifəli şəxslərin zərərçəkmiş şəxsləri işgəncəyə məruz qoymalarını hazırki halda qanunsuz olaraq azadlıqdan məhrumetmə kimi əməldən fərqləndirilməsini zəruri hesab edir. Belə ki, vəzifəli şəxslər tərəfindən zərərçəkmiş şəxslərə münasibətdə işgəncə törədilməsi ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə əsasən işgəncə müddəti (günlər) və işgəncənin törədilmə forması nəzərə alınmaqla kompensasiya məbləği formalaşdırılmışdır. Mövcud məhkəmə təcrübəsi nəzərə alınmaqla bilavasitə fiziki ağrıya məruz qalmayan şəxslərin keçirdikləri təlatümləri həmin daxili iztirabları yaşamaqla bərabər fiziki olaraq vücudlarında əzablara məruz qalan şəxslərlə eyniləşdirmək düzgün olmazdı. Məhkəmə, iddiaçının ona qarşı törədilən cinayət əməlləri nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının qanunsuz olaraq azadlıqdan məhrum edildiyi müddət (40 gün) nəzərə alınmaqla vurulmuş mənəvi ziyana görə ədalətli həddə, yəni 8.000 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 8.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Məhkəmə iddia tələbinin 200.000 manat kompensasiya məbləğində müəyyən edilməsi üçün əsaslar müəyyən etmir.

8. Məhkəmə öz mövqeyini Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13-cü, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 56-58-ci, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” qanunun 1-ci, 4-7-ci, 12-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.3-cü, 1096-cı, 1100-cü, 1101-ci, maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətinin məzmununu iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır.

11. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələ ilə bağlı konkret qanunverciliyə söykənməmişdir. Mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.), ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Qanunsuz həyata keçirilmiş təhqiqat, habelə istintaq fəaliyyəti ilə bağlı zərərçəkmiş şəxslərə vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf müvafiq hüquq-mühafizə orqanıdır. Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da, məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi hər il üçün qanunla təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxil olmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquqmühafizə orqanları və s.) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Hazırda yuxarı instansiya məhkəmələri tərəfindən formalaşdırılmış məhkəmə təcrübəsinə görə, baxılan işlərin hallarına uyğun olaraq təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində 1 ay azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödənilən mənəvi zərərin miqdarı təqribən 1.000 manat, (“Tərtər işləri” üzrə isə bəzi hallarda 1.500 manat) müəyyən edilir. Hazırki işin hallarına əsasən X8 azadlıqdan məhrum etmə yerlərində cəza çəkməmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən dəymiş zərərin məbləği 36 gün üçün 18.000 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş kompensasiya yuxarı instansiya məhkəmələrinin mövqeyinə əsasən formalaşmış məhkəmə təcrübəsinə uyğun olmamaqla yanaşı, məntiqi baxımdan da əsaslı deyildir. Belə ki, iddiaçı barəsində azadlıqdan məhrum etmə cəzası və ya hər hansı həbs qətimkan tədbiri tətbiq olunmadığı halda onun üçün müəyyən edilən kompensasiya qeyd edilən cinayət-hüquqi tədbirlərə məruz qalmış və beləliklə iddiaçıdan daha artıq müddət çərçivəsində mənəvi zərər çəkmiş şəxslərin kompensasiyasından daha artıqdır. Burada nəzərə alınmalıdır ki, yuxarıda qeyd olunan hüquq-mühafizə orqanlarının qanunsuz fəaliyyəti nəticəsində azadlıqdan məhrum olunmuş şəxslərə dəymiş zərərlə bağlı kompensasiya məbləğləri zərərçəkmiş şəxslərin məruz qaldığı fiziki və mənəvi məhrumiyyətlər, habelə zərərin xarakteri və ağırlıq dərəcəsi nəzərə alınmaqla müəyyənləşdirilmişdir və hazırda müvafiq iddia tələblərinə dair işlərdə məhkəmələr tərəfindən tətbiq olunmaqdadır. Həmin məbləğlər müəyyən edilərkən zərərin vurulma müddəti (1 aya görə) nəzərə alınmışdır. Belə olan halda şəxsə daha qısa müddətdə zərər vurulduğu indiki iş üzrə zərərin kompensasiyasının bu baxımdan adekvat olmasına diqqət edilməlidir. Bununla yanaşı hazırkı qətnamə ilə müəyyənləşdirilmiş kompensasiya məbləği oxşar tipli işlər üzrə artıq kompensasiya ödənilmiş şəxslər tərəfindən yeni iddiaların irəli sürülməsinə, beləliklə dövlət büdcəsi üzərində yeni əsassız öhdəliklərin yaranmasına gətirib çıxaracaqdır. İddia ərizəsində iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Məhkəmə tərəfindən yalnız mülahizələrə əsaslanmaqla, heç bir sübut olmadığı halda və qanunsuz olaraq iddia tələbi üzrə öhdəlik Maliyyə Nazirliyinin üzərinə qoyulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək öz apellyasiya şikayətlərinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs öz səlahiyyətli nümayəndələrinin iştiraklarını təmin etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Kollegiya işə iddiaçının və üçüncü şəxslərin iştirakları olmadan keçirilməsini mümkün hesab edir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

18. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinin 5-ci hissəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması nəticəsində həmin şəxsə vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir; 1-ci maddənin sonuncu bəndinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir; 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda yaranır; 5-ci maddəsinin 5-ci hissəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir; 6-cı maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir; 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir; 12-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə ziyan çəkmiş tərəf məhkəmə məsrəflərinin ödənilməsindən azad olunur.

19. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.

21. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının: 2-ci bəndində izah edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər; 4-cü bəndində qeyd edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir; 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir; 8-ci bəndində isə izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur; 10-cu bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

24. Hazırki apellyatorlar qətnamənin ləğv edilməsini və iddia tələbinin həm təmin edilən, həm də təmin edilməyən hissələrini mübahisələndirdiklərinə görə, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətlərinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi mənəvi zərərin tutulması ilə bağlı düzgün nəticəyə gəlsə də, tutulan mənəvi zərərin məbləği ədalətlilik və ağlabatanlıq baxımından düzgün olmamışdır. Bu baxımdan kollegiya məhkəmənin mövqeyi ilə razlaşmaması ilə bağlı aşağıdakıları qeyd edir.

26. Hazırkı işin faktiki hallarına əsasən məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1-1(093)-58/2023 nömrəli hökmünə əsasən X11, X3, X12, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3-cü, 293.2-ci və 293.3-cü, 341.2.2-ci, 341.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, müxtəlif müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər (ilk 3 nəfər 5 il 6 ay, sonuncu 9 il 6 ay).

27. Həmin hökmdən dövlət ittihamçısı, məhkum edilmiş və zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-17/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanlmışdır.

28. Həmin cinayət işi üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmış və nəticə etibarı ilə sübuta yetirilmişdir ki, X1 Nazirliyinin İ Ordu Birləşməsinin tərkibində olan N nömrəli hərbi hissənin komandiri vəzifəsində xidmət edərkən qeyd edilən məqsədlə yaradılmış mütəşəkkil dəstəyə yuxarı komandanlıq tərəfindən cəlb olunaraq X2, X12 və digərləri ilə mütəşəkkil dəstədə birləşib dövlətə xəyanət faktları üzrə təhqiqat apararaq təşkilati sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olmaqla əvvəlcədən hazırlanmış plana və vəzifə bdlgüsünə uyğun olaraq Müdafiə Nazirliyinin Tərtər rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin düşmənlə təmas xəttində yerləşən bölmələrinin hərbi qulluqçularının qanunsuz erməni silahlı birləşmələrinin hərbi qulluqçuları və ya xüsusi xidmət orqanlarının əməkdaşları ilə əməkdaşlıq edə biləcəyinə dair şübhələrin olması ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edərkən heç bir halda onlara qarşı fiziki və psixi zor tətbiq etmək səlahiyyətlərinin olmamasına baxmayaraq, yuxarı komandanlıq qarşısında nüfuz qazanmaq, özünü xidməti vəzifələrini layiqli şəkildə icra edən hərbi qulluqçu kimi göstərmək və gələcəkdə vəzifədə irəli çəkilmək kimi məqsədlərə nail olmaq üçün mütəşəkkil dəstənin rəhbəri tərəfindən aparılmış vəzifə bölgüsü əsasında ona verilmiş tapşırığa əsasən və əvvəlcədən hazırlanmış cinayətkar plana uyğun olaraq 15 may 2017- ci il tarixdə gündüz saatlarında özü və dəstənin digər üzvləri tərəfindən fiziki və psixi zor tətbiq edilərək işgəncə verilməklə sorğu-sual edilməsi üçün N nömrəli hərbi hissənin Tərtər rayonu Sarov kəndində yerləşən inzibati binasına gətirilərək otaqlardan birinə yerləşdirilmiş həmin hərbi hissənin artilleriya divızıonun 3-cü haubitsalı artilleriya batareyasının idarə etmə tağım komandiri vəzifəsində, leytenant hərbi rütbəsində xidmətdə olan İddiaçı barəsində düşmənlə əməkdaşlıq şübhəsi faktı ilə bağlı təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərin ona verdiyi tapşırıqlara uyğun olaraq X2. X12 və digər dəstə üzvləri ilə birlikdə İddiaçı əllərini və gözlərini yapışqan lent və əski parçası ilə bağlamaqla onda psixoloji qorxu yaratmaqdan ötrü əxlaq və mənəviyyat normalarına zidd formada hərbi geyimləri soyundurub onun düşmənlə əməkdaşlıq etməsinə əsaslı şübhələr olmadığı halda ondan düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsim təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək mütəşəkkil dəstənin əvvəlcədən müəyyən olunmuş məqsədinə nail ola bilmədikdə Camal Əhmədlıdən düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər, yəni günün müxtəlif saatlarında, müəyyən fasilələr verilməklə, davamlı şəkildə, qeyd edilən yerdə, əllərini arxadan, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb lentlə bağlamaqla sərtəst hərəkət etməsini məhdudlaşdırmış, əvvəlcədən müəyyən olunmuş cinayətkar məqsədə nail ola bilmədikdə, qanunsuz əməllərini davam etdirərək dəstənin məqsədlərinə xidmət edən həqiqətə uyğun olmayan əlavə məlumatlar almaq, daha çox “vətən xaini" ifşa etmək, habelə törətdiyi əməllərə görə ondan qisas alınmasından ötrü mütəşəkkil dəstənin üzvləri ilə birlikdə eyni qaydada ona qarşı qeyd edilən qanunsuz hərəkətləri davam etdirib vəzifəli şəxs kimi dəstə üzvləri ilə birlikdə xidməti silahlardan stifadə edərək silah tətbiq olunmaqla Camal Əhmədimin hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan mütəşəkkil dəstə tərkibində təkrarən qulluq səlahiyyətini aşaraq mütəşəkkil dəstənin cinayətkar məqsədlərinə nail olmaq məqsədilə xx.xx.2017-ci il tarixdə bir neçə saat müddətində hərbi hissənin Tərtər rayonu Sarov kəndində yerləşən inzibati binasında, həmin gün İddiaçı dəstənin digər üzvləri tərəfindən N nömrəli hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən inzibati binasına əlləri və gözləri bağlı vəziyyətdə gətirilərək xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək qeyd edilən hərbi hissəyə məxsus inzibati binalarda onu qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdırmaqla ac-susuz saxlayıb psixi təzyiq göstərməklə İddiaçı mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyim bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə ümumilikdə 15 may 2017-ci il tarixdən 24 iyun 2017-cı il tarixədək, cəmi 40 gün müddətində mütəşəkkil dəstə tərəfindən törədilməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncurun "düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu" kimi “vətən xaini adı ilə “ləkələməklə" qanunsuz və əsassız olaraq xidmət yerinin dəyişdirilməsi ilə ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir.

29. Bu müddət ərzində yuxarıda istinad olunmuş məhkəmə aktlarında göstərilən cinayətlərin törədilməsində təqsirli bilinən mütəşəkkil dəstənin üzvləri iddiaçıya günün müxtəlif saatlarında, müəyyən fasilələr verməklə, davamlı şəkildə fiziki və psixi zor tətbiq edərək işgəncə vermiş, təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda əlləri və gözlərini yapışqan lent və əski parçası ilə bağlamaqla əxlaq və mənəviyyat normalarına zidd formada hərbi geyimləri soyundurub onun düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçuların olması barədə məlumatlar verməsini qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər etməklə tələb etmiş, sərbəst hərəkət etməsini məhdudlaşdırmış, habelə törətdiyi əməllərə görə ondan qisas almaqdan ötrü eyni qaydada sillə, yumruq və təpiklə, metal və plastik boru ilə bədənin müxtəlif yerlərinə çoxsaylı zərbələr vurmuş, başını nəfəs ala bilməməsi üçün suyla dolu çəlləyə salmış, daha şiddətli təsir etməsi üçün üstünə su töküb KMP-1 adlı qurğunun naqillərini bədəninin müxtəlif nahiyələrinə birləşdirməklə elektrik cərəyanı vermiş, qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdıraraq ac, susuz saxlamaqla fiziki və psixi ağrılar, işgəncələr vermişlər.

30. Hazırda iddiaçı istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində ona mənəvi zərər vurulduğunu və mənəvi zərərin əvəzi kimi tutulan məbləği az hesab edir, cavabdeh isə iddianın ona qarşı yönləndirilməsinin ümumiyyətlə qanunsuz olması mövqeyindən çıxış edir, həmçinin, mənəvi zərərin əvəzi kimi tutulan məbləği də yüksək hesab edir.

31. Məhkəmə kollegiyası Bakı Hərbi Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli, 1-1(093)- 58/2023 nömrəli hökmünə istinadən qeyd edir ki, hökmlə müəyyən olunmuş bu faktlar hazırki mülki iş üçün preyudisial əhəmiyyətə malikdir və mülki icraat qaydasında işə baxan məhkəmənin araşdırma predmeti ola bilməz.

32. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd etməyi zəruri sayır ki, iddiaçı dövlət orqanlarının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına, şərəf və ləyaqətinə zərər dəymiş, barəsində mənfi fikir formalaşmış, onun vicdanlı və qanunlara tabe olan şəxs olduğu halda şərəf və ləyaqəti alçaldılmış, vərdiş etdiyi həyat tərzi dəyişdirilmişdir. Nəticədə, o, üzləşdiyi digər ciddi məhrumiyyətlərlə yanaşı həmçinin, cəmiyyətdə müzakirə predmetinə çevrilmişdir. Sadalanan bu hallar da özü-özlüyündə iddiaçının psixoloji iztirab və sarsıntı keçirməsi, bununla da mənəvi zərərə uğraması qənaətinə gəlmək üçün kifayət edir və bu halların əlavə sübuta ehtiyacı yoxdur.

33. Lakin məhkəmə kollegiyası vurulmuş mənəvi zərərin əvəzi kimi təyin olunan məbləğlə razılaşmır və buna münasibətdə qeyd edir ki, nəticə etibarı ilə iddiaçı qanunsuz olaraq azadlıqdan məhrum edilməklə 40 gün ərzində iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə, müxtəlif yerlərdə, o cümlədən N nömrəli hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən inzibati binasında saxlanılmış və saxlanıldığı hər gün üçün dövlət büdcəsinin vəsaiti hesabına 500 manat məbləğində pulun tutulmasını nəzərə aldıqda iddiaçının xeyrinə cəmi 20.000 manat məbləğində pul vəsaitinin ödənilməsini ağlabatan və ədalətli hesab edir və iddia tələbi üzrə şəxsin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığını nəzərə alınaraq mənəvi zərərin 20.000 manatdan az məbləğdə təmin olunmasını ədalətli saymır.

34. Hər bir halda nəzərə alınmalıdır ki, iddiaçı qanunsuz azadlıqdan məhrum edilmiş və 40 gün ərzində yuxarıda qeyd edilən yerlərdə sadəcə olaraq qalmamış, bu 40 günün hər günündə əlləri və gözləri bağlı vəziyyətdə fasilələrlə, fikizi işgəncələrə məruz qalmışdır. Tibbin inkişaf etdiyi bir dövrdə şəxs öz iradəsinə uyğun olaraq hər hansı əməliyyatın ağrıkəsicilərin təsiri altında keçirməsinə və ağrı hiss etməməsinə baxmayaraq, yenə də yaranmış hadisənin təsirindən həyacan keçirir, bədmin fikirlərə düşür. Habelə, şəxs hər hansı əməlin törədilməsinə görə cəzalandırıldığı halda, özünü təqsirli bilməsə də, ən azı hansı hadisədən, hansı əməldən söhbətin getdiyini bilir. İddiaçı isə ona bildirilən (ittiham edilən) hər hansı bir əməli törətmədiyi bir halda, nəinki azadlıqdan məhrum edilmiş, hətta bu məhrum etmə çərçivəsində ümumiyyətlə sərbəst hərəkət etmək imkanından məhrum olmuş və ona verilən fiziki işgəncələr və gözləri (ümumiyyətlə işgəncənin baş vermə anını görməmək, hansı an, hansı təsirə məruz qalması barədə məlumatsız olmaq) bağlı vəziyyətdə qarşılamaq məcburiyyətində qalmışdır ki, bu halllar birmənalı şəkildə onun fiziki əzabını, mənəvi və psixi istirablarını daha da artırmış olur. Lakin iddiaçı öz ağrısının miqyasına və şiddətinə görə bu əməllərlə müqayisə olunmayan işgəncələrə məruz qalmışdır. Artıq işgəncəyə məruz qalmış şəxs olaraq, ona münasibətdə bu əməlləri törətmiş şəxslərin hər gün, hər dəfə onun saxladığı yerə yenidən daxil olarkən iddiaçının həmin an keçirtdiyi hissləri təsvir və təsəvvür etmək isə ümumiyyətlə qeyrimümkündür.

35. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə istinadən onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsində konkret halda zərərin əvəzinin Azərbaycan Respublikası tərəfindən ödənilməsi, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində vurulmuş ziyanın ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi təsbit olunmuşdur.

36. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyana görə Azərbaycan Respublikası məsuliyyət daşıdığından və “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən dövlət büdcəsinin kassa icrasını təmin edən mərkəzi icra hakimiyyəti orqanı kimi Maliyyə Nazirliyi nəzərdə tutulduğundan, belə kateqoriyadan olan işlər üzrə dövlətin adından cavabdeh kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur.

37. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin belə kateqoriyadan olan işlərdə cavabdeh kimi cəlb olunması həmin dövlət orqanının delikt törədən şəxs kimi qəbul olunması anlamını vermir. Məhz bu səbəbdən də vurulmuş mənəvi zərərin əvəzinin Maliyyə Nazirliyindən deyil, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Maliyyə Nazirliyinin vasitəsi ilə ödənilməli olması qənaətinə gəlinir.

38. Məhkəmə kollegiyası mübahisənin mahiyyətini və apelyasiya şikayətinin məzmununu nəzərə alaraq onu da qeyd edir ki, bu kateqoriyadan olan işlərə baxılarkən ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməsi də məhkəmənin vəzifəsi deyildir.

39. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, mənəvi zərərin əvəzi olaraq cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 20.000 manat məbləğində pulun tutulması ağlabatan və ədalətlidir.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının xeyrinə mənəvi zərərin əvəzi qismində pul məbləğində kompensasiya tutmaqda haqlı olmuş, lakin nəticədə müəyyən edilmiş mənəvi zərərin miqdarı ağlabatan və ədalətli olmamışdır. Bu səbəbdən iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi müəyyən edilən mənəvi zərərin məbləği hissəsində dəyişdirilərək vurulmuş mənəvi zərərin əvəzi olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına 20.000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti isə təmin edilməməlidir.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5268/2024 nömrəli 19 dekabr 2024-cü il tarixli qətnaməsi tutulmuş mənəvi zərərin məbləği hissəsində dəyişdirilərək vurulmuş mənəvi zərərin əvəzi olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına 20.000 manat məbləğində pul vəsaiti İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar