Məhkəmə qərarları › İş №2(103)-1838/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1838/2025

14.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1838/2025 14.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilə öhdəliyinin icrası barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-5032/2024 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı (təhsil müəssisəsi) ilə cavabdehin (valideynin) arasında “Təhsil xidmətlərinin göstərilməsi barədə” xx.xx.2014-cü il tarixli 149 nömrəli müqavilə bağlanıb. Müqaviləyə əsasən, iddiaçı cavabdehin iki övladına keyfiyyətli təhsil xidməti göstərməyi, cavabdeh isə həmin xidmətə görə təhsil haqqını ödəməyi öhdəsinə götürüb. Müqavilənin 5.1-ci bəndinə görə, 1 tədris ili üçün təhsil haqqı 5.500 manat təşkil edir. Daha sonra təhsil haqqı artırılaraq 6.000 manat müəyyən edilib. İddiaçı iddia edir ki, cavabdeh 2019-2020-ci təhsil ili üzrə öhdəliyini tam yerinə yetirməyib, hər şagird üçün 2.200 manat, cəmi 4.400 manat təhsil haqqı ödənilməmiş qalıb. 2.Bundan başqa, müqavilənin 7.2-ci bəndinə görə, valideyn təhsil haqqının ödənilməsini gecikdirdiyi hər gün üçün gecikdirilmiş məbləğin 0,5 faizi məbləgində dəbbə pulu ödəyir. İddiaçı iddia edir ki, cavabdehin dəbbə pulu borcu hər şagird üçün 7.000 manat olmaqla cəmi 14.000 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsində tələb olunub ki, 2019-2020-ci təhsil ili üzrə ödənilməmiş 4.400 manat təhsil haqqı və 14.000 manat dəbbə pulu cavabdehdən alınaraq iddiaçıya verilsin. 4.Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Qətnamə onunla əsaslandırılıb ki, iddia müddəti keçib. Apellyasiya instansiyası məhkəməsində icraat 5.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 6.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İddiaçının nümayəndəsi mövqeyini onunla əsaslandırıb ki, 2019-2020-ci təhsil ilində iddiaçının övladları həmin təhsil müəssisəsində təhsil alıb, lakin pandemiyaya görə təhsil onlayn həyata keçirilib. Hazırkı mülki üzrə iddia müddətinin tətbiqi barədə ərizə verilməyib. 7.Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh mövqeyini onunla əsaslandırıb ki, “Təhsil xidmətlərinin göstərilməsi barədə” müqaviləni 2019-2020-ci təhsil ilində birtərəfli qaydada ləğv edib. Belə ki, həmin dövrdə pandemiyaya görə təhsil müəssisəsinin fəaliyyəti dayandırılmış, ona görə də övladlarını yaşadığı yerə yaxın olan başqa təhsil müəssisəsinə köçürməyi qərara almışdır. Bundan başqa, iddia müddətinin tətbiqi barədə ərizə verib. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 8.Müqavilənin birtərəfli qaydada ləğv edildiyi müəyyən olunmur. Müqavilənin 6.2-ci bəndinə görə, valdeyn liseyi azı 30 gün qabaqcadan yazılı şəkildə xəbərdar etməklə istənilən vaxt müqaviləyə xitam verə bilər. Müqaviləyə göstərilən qaydada xitam verilməyib. 9.Müqavilə öhdəliyinin icra edildiyini sübut etmə yükü borclunun üzərinə düşür, lakin cavabdeh 2019-2020-ci təhsil ili üçün müqavilə öhdəliyini icra etdiyini, yəni təhsil haqqını tam ödədiyini təsdiq edən sübut təqdim etməyib. 10.Lakin iddia müddəti keçib. Belə ki, müqavilənin məzmunundan görünür ki, hər təhsil ili üçün təhsil haqqı müvafiq təhsil ilində ödənilməlidir. AR Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Hazırkı iddia ərizəsi müvafiq təhsil ilinin bitməsindən 3 il keçidikdən sonra – xx.xx.2024-cü ildə verilib. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verib (iş v. 70). AR Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 11.İddiaçı iddia edir ki, iddia müddətinin tətbiqi barədə ərizə başqa mülki iş üzrə verilib, ona görə də həmin ərizə hazırkı mülki işə aid deyil. 12.Müəyyən olunur ki, iddiaçı eyni iddia ilə iki dəfə məhkəməyə müraciət edib və Xətai RM-nin icraatında iki mülki iş olub: 2(011)-4926/2024 nömrəli 1-ci mülki iş və 2(011)- 5032/2024 nömrəli 2-ci mülki iş, yəni hazırkı iş. “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, 1-ci mülki iş üzrə iddia ərizəsi xx.xx.2024-cü ildə verilib, lakin iddiaçı mübahisənin məhkəməyə qədər nizamlanma qaydasında əməl etmədiyinə görə, Xətai RM iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edib. 1-ci iş üzrə iddia ərizəsinin verilməsindən 6 gün sonra – xx.xx.2024-cü ildə 2-ci mülki iş üzrə iddia ərizəsi verilib. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəni 2-ci mülki iş üzrə versə də səhvən elektron sistemə 1-ci mülki iş üzrə yükləyib. 13.Belə ki, ərizənin (iş v. 70) birinci cümləsində 2-ci mülki işin nömrəsi olan 2(011)- 5032/2024 qeyd olunması onu təsdiq edir ki, ərizə 2-ci mülki iş üzrə verilib. Ərizənin başlığında 1-ci mülki işin nömrəsi olan 2(011)-4926/2024 qeyd olunsa da, elektron sistemin qaydalarına görə, ərizənin başlığını elektron sistem avtomatik tərtib edir, yəni ərizə elektron sistemdə hansı işə aid bölməyə yüklənirsə, sistem özü ərizənin başlığına həmin işin nömrəsini daxil edir. Beləliklə, iddia müddətinin tətbiqi barədə ərizənin mətnində (birinci cümləsində) hazırkı işin nömrəsi qeyd olunduğuna görə, hesab olunur ki, ərizə hazırkı işə aiddir. 14.Bununla yanaşı, nəzərə alınmalıdır ki, ərizənin elektron sistemə yüklənməsi zamanı yol verilən səhv mahiyyətə təsir etmir. İddia müddətinin tətbiqi barədə ərizə mahiyyətcə iradə ifadəsidir. Hər iki mülki işdəki iddia eyni iddiadır, hər iki iş eyni məhkəmədə olub, cavabdeh ərizəni elektron sistemdə səhvən başqa işə aid bölməyə yükləsə də, eyni iddiaya münasibətdə iradəsini eyni məhkəmənin qarşısında ifadə edib. 15.Beləliklə, birinci instansiya məhkəməsi həmin ərizəyə istinad edərək iddianı rədd etməkdə haqlı olub, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 16.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-5032/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar