Məhkəmə qərarları › İş №2(103)-1839/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1839/2024

30.04.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1839/2024 30.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin (kompensasiyanın), ezamiyyə xərclərinin və digər ödənişlərin tutulması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin (kompensasiyanın), ezamiyyə xərclərinin və digər ödənişlərin tutulması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil Arif oğlunun iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3570/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, ümumilikdə 40994,71 manat məbləğində olan borcun və cavabdeh "xxxx" ASC tərəfindən ödənişin gecikdirilməsinə görə, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün kompensasiya miqdarında vəsaitin cavabdehdən tutularaq onun xeyrinə pul kompensasiyasının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə cavabdeh "xxxx" ASC ilə müddətli əmək müqaviləsi bağlayaraq həmin müəssisədə İnformasiya Texnologivaları Departamentində müdir vəzifəsinə əlavə iş yeri olmaqla işə qəbul edilmişdir. Əmək müqaviləsinə əsasən əmək haqqı 3000 manat müəyyən olunmuşdur. İşəgötürənin xx.xx.2021-ci il tarixli, 01 nömrəli “İşçinin işçilərin ezamiyyətə göndərilməsi” barədə əmrinə əsasən xx.xx.2021-xx.xx.2021 ci il tarixlərdə xidməti zərurətlə əlaqədər 10 günlük Qazaxıstan Respublikası Almatı şəhərinə ezam olunmuş, ezamiyyət müddəti xx.xx.2021-ci il tarixli, 06 nömrəli əmrinə əsasən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixli, 13/1 nömrəli əmrinə əsasən xx.xx.2021-ci il tarixədək uzadılmışdır. İşəgötürənin xx.xx.2021-ci il tarixli, 16 nömrəli “İşçinin işçilərin ezamiyyətə göndərilməsi” barədə əmrinə əsasən xx.xx.2021-xx.xx.2021 ci il tarixlərdə xidməti zərurətlə əlaqədar 7 günlük Özbəkistan Respublikası Daşkənd şəhərinə ezam olunmuş, ezamiyyət müddəti xx.xx.2021-ci il tarixli, 25 nömrəli əmrinə əsasən xx.xx.2021-ci il tarixədək, ezamiyyət müddəti xx.xx.2021-ci il tarixli, 32/1 nömrəli əmrinə əsasən xx.xx.2021-ci il tarixədək, ezamiyyət müddəti xx.xx.2021-ci il tarixli, 42 nömrəli əmrinə əsasən xx.xx.2021-ci il tarixədək, uzadılmışdır. xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə xidməti zərurətlə əlaqədar Qazaxıstan Respublikası Almatı şəhərində və xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə xidməti zərurətlə əlaqədar Özbəkistan Respublikası Daşkənd şəhərində ezamiyyətdə olmuş və bu onun pasportunda öz təsdiqini tapır. xx.xx.2022-ci il tarixdə cavabdeh "xxxx" ASC ilə müddətli əmək müqaviləsi bağlayaraq həmin müəssisədə İnformasiya Texnologiyaları və Administrativ işlər departamentinin Müdiri vəzifəsinə əsas iş yeri olmaqla işə qəbul edilib. Əmək müqaviləsinə əsasən əmək haqqı 5764 manat müəyyən olunmuşdur. xx.xx.2022-ci il il tarixdə cavabdeh ilə müddətli əmək müqaviləsi bağlayaraq həmin müəssisədə İnformasiya Texnologiyaları Şöbəsinin Rəisi vəzifəsinə əlavə iş yeri olmaqla işə qəbul edilib. Əmək müqaviləsinə əsasən əmək haqqı 1718 manat müəyyən olunmuşdur. Cavabdeh hazıra kimi 40994,71 manat vəsait borcludur, bu məbləğin 18360 manatı ezamiyyət borcu və 22634,71 manat ödənməmiş və geciktirilmiş əmək haqqı təşkil edir. İşəgötürən qanunvericilikdə və əmək müqaviləsinin şərtlərində nəzərdə tutulmuş özünün əsas vəzifələrindən birini yerinə yetirmir. Əmək haqqının hər gecikdirilmiş gün üçün bir faizdən hesablanmaqla ona 352,54 manat məbləğində ödənc verilməlidir. Bundan başqa işəgötürən tərəfindən əmək haqqının vaxtında ödənilməməsi, şəxsi və ailə həyatında ciddi maddi və mənəvi problemlərin yaranmasına səbəb olmuşdur. İşəgötürən tərəfindən maaşının vaxtında verilməməsi ilə əlaqədar o uzun müddət ailə və şəxsi həyatında gərgin narahatlıq və stress yaşamış, mənəvi sarsıntı və iztirab keçirmiş, bu isə ona mənəvi ziyan vurmuşdur.

3. Birinci instansiya məhkəməsi baxışı zamanı cavabdeh "xxxx" ASC-nin vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

4. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3570/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia qismən təmin edilmiş, 2021-ci ilin avqust ayından (avqust ayı daxil olmaqla) xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən 2023-cü ilin avqust ayınadək (avqust ayı daxil olmaqla) ödənilməmiş əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi (kompensasiya); xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövr üçün ezamiyyət pulu hesablanaraq cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulması, əmək haqqı ödəmədiyi hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödəniş gününə qədər hesablanmaqla cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı ödənilməsi müəyyən edilmiş və iddia qalan hissədə təmin edilməmişdir.

5. İddiaçı qətnaməni mübahisləndirməmişdir.

6. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, iddia müddətinin tətbiq edilməməsini əsası kimi məhkəmə qətnamədə iddiaçının ehtimal olunan hüquq pozunutusunu aşkar etməməyi göstərilmiş və Əmək Məcəlləsinin 296.4-cü maddəsindəki 1 illik müddətin axımının başlamanmaması müəyyən edilmişdir. Buna səbəb kimi qeyd edilmişdir ki, iddiaçı ona ödənilməli olan vəsaitlərlə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə bu məbləğlərin ödəniləcəyini mütəmadi bildirmişdir. Məhkəmə tərəfindən iş üçün əhəmiyyətli olan bu halın hansı mənbə və sübut əsasında formalaşdığı aydın olmamışdır. İddia müddəti iddia ərizəsində göstərilən bütün tələblərə şamil edilməlidir. İddiaçı haqqının ödənilmədiyini iddia etdiyi sonuncu ezamiyyətə, sənədlərdən də göründüyü kimi, 11 mart 2021-ci il tarixində getmiş, 18 mart 2021-ci il tarixində isə qayıtmışdır. İddiaçı haqqının ödənilmədiyini iddia etdiyi ezamiyyətlərdən tarix üzrə sonuncusuna 11 mart 2021-ci il tarixində getdiyini və məhkəməyə yalnız 25 avqust 2023cü il tarixdə müraciət etdiyini nəzərə alınaraq bildirilir ki, güman edilən hüquq pozuntusunun aşkar edildiyi gündən 1 il keçdiyinə görə Əmək Məcəlləsinin 296.4-cü maddəsi ilə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Məhkəmə tərəfindən iddiaçının sonuncu ezamiyyətdən qayıtdığı tarix (18 mart 2021-ci il) güman edilən hüquq pozuntusunun aşkar edildiyi gün hesab edilsə belə, qeyd edilən iddia müddəti iddiaçı tərəfindən ötürülmüş hesab edilməlidir. İddiaçı tərəfindən tələb edilən əmək haqqı məbləği ilə bağlı isə bildirilir ki, iddiaçı iddia ərizəsində xx.xx.2020-ci il tarixdən işlədiyini qeyd edərək əmək haqqı məbləğinin ödənilmədiyini iddia edir. Bu hissədə də güman edilən hüquq pozuntusunun aşkar edildiyi gündən 1 il keçdiyinə görə Əmək Məcəlləsinin 296.4cü maddəsi ilə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Həmçinin, məhkəmə qeyrimüəyyən və qeyri-dəqiq qətnamə qəbul etmişdir. İddiaçının iddia tələbi 40994 manat 71 qəpik məbləğində pul vəsaitinin tutulması olsa da, cavabdehdən 2021-ci ilin avqust ayından xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən 2023-cü ilin avqust ayınadək əmək haqqı, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövr üçün ezamiyyət pulu hesablanıb cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qət etmişdir. Bununla Məhkəmə iddia tələbindən kənara çıxmış və tərəflərin hüquq və vəzifələrini anlaşılmayan formada müəyyən etmişdir. Sözügedən vəsaitin isə kimin tərəfindən hesablanacağı ümumiyyətlə məlum deyil. Bu faktın özü də məhkəmə qətnaməsinin ləğvi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi, iddia ərizəsi üzrə iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Tərəflərin izahatı:

8. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil şikayətin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi və bildirdi ki, iddiaçı tərəfindən təqdim edilən sübutların mötəbərliliyi şübhə doğurur, onları nə səlahiyyətli şəxs imzalanmış, nə də möhürlənmişdir, iddiaçı tərəfindən qanunla müəyyən olumuş iddia müddəti ötürülmüşdür. Digər tərəfdən İnsan Resursları Departamentinin rəhbəri Şahid şirkətin adından arayış verməklə borcun təsdiq edilməsi kimi səlahiyyəti olmamışdır. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi və iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Bununla belə, nümayəndə iddiaçının hazırda da ASC-də departament müdiri vəzifəsində işlədiyini, həqiqətən də, son vaxtlar ASC-nin ciddi maliyyə çətinlikləri ilə üzləşdiyini, həmiçinin də ASC-nin Baş direktorunun axır zamanlar daha çox ölkə xaricində olduğunu təsdiq etdi.

9. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və göstərdi ki, o hal-hazırda da cavabdeh ASC-də departament müdiri vəzifəsində çalışır, cavabdehin ona olan borcu mübahisələndirilmir, o dəfələrlə həmin borcun ödənilməsini tələb etmiş, hər dəfə də ona borcun ödəniləcəyi bildirilmiş, eləcə də ona borcunun əsası və məbləği barədə müvafiq təsdiqedici sənədlər verilmiş, son zamanlar ASC ciddi maliyyə problemləri ilə üzləşdiyindən ona bir qədər gözləməsi, imkan olan kimi ödənişlərin ediləcəyi vəd edilmişdir, qaldı ki, ASC-nin ona borclu olmasına dair verilmiş sonuncu sənədlərin naməlum şəxs tərəfindən imzalanmasına, möhürün olmaması ilə bağlı bildirir ki, ASC-nin formal rəsmi səlahiyyətlisi X3 Cümhuriyyətinin vətəndaşı olmaqla çox vaxt ölkə xaricində olur, zəruri sənədlər isə sahə üzrə departament müdirləri tərəfindən verilir, ona borcun olmasına dair sonuncu arayışı da müvafiq departament rəisi kimi Şahid tərtib edərək və öz imzası ilə təsdiq edərək vermişdir, həmin vaxtdan isə cavabdehin bildirdiyi müddət ötürülməmişdir, şikayətdə göstərilən digər dəlil də əsassızdır, çünki ödəniləcək məbləğin əlavə olaraq hesablanmasına lüzum yoxdur, buna dair bütün hesabatlar cavabdehin maliyyə departamentində dəqiqliyi ilə məlumdur, odur ki, şikayətin təmin edilməməsini, qətnamənin qüvvədə qalmasını xahiş etdi. Sübutların tədqiqi:

10. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli, 56 nömrəli Əmrinə görə İddiaçı xx.xx.2020ci il tarixindən 1 ay sınaq müddəti müəyyən edilməklə, əlavə iş yeri üzrə İnformasiya Texnologiyaları departamentinə müdir vəzifəsinə işə qəbul edilmişdir.

11. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 95 nömrəli Əmrinə əsasən İnformasiya Texnologiyaları və Administrativ işlər departamentinin müdiri olan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xx.xx.2022-ci il tarixindən xitam verilmişdir.

12. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 004 nömrəli arayışa görə İddiaçı İnformasiya Texnologiyaları və Administrativ işlər departamentinin müdiri kimi işlədiyi xx.xx.2020-ci il tarixindən arayışın verildiyi tarixədək "xxxx" ASC tərəfindən ezamiyyə günlərinə görə ödənilməli olan məbləğ 18088 manat, məzuniyyət günlərinə görə ödənilməli olan məbləğ isə 2574 manat təşkil edir.

13. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 005 nömrəli arayışa görə İddiaçı xx.xx.2022-ci il tarixinə "xxxx" ASC tərəfindən ödənilməmiş aylar üzrə əməkhaqqı 37803,71 manat təşkil edir.

14. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 16 nömrəli əmrinə görə Namazov X1 Respublikası Almatı şəhərinə xx.xx.2021-xx.xx.2021 tarixləri üçün ezam edilmişdir.

15. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 06 nömrəli əmrinə görə İddiaçı Qazaxıstan Respublikası Almatı şəhərindəki ezamiyyət müddəti xx.xx.2020-xx.xx.2020 tarixləri üçün uzadılmışdır.

16. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 13/1 nömrəli əmrinə görə İddiaçı Qazaxıstan Respublikası Almatı şəhərindəki ezamiyyət müddəti xx.xx.2020-xx.xx.2020 tarixləri üçün uzadılmışdır.

17. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 16 nömrəli əmrinə görə Namazov X2 Respublikası Daşkənd şəhərinə xx.xx.2021-xx.xx.2021 tarixləri üçün ezam edilmişdir.

18. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 25 nömrəli əmrinə görə İddiaçı Özbəkistan Respublikası Daşkənd şəhərindəki ezamiyyət müddəti xx.xx.2021-xx.xx.2021 tarixləri üçün uzadılmışdır.

19. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 32/1 nömrəli əmrinə görə İddiaçı Özbəkistan Respublikası Daşkənd şəhərindəki ezamiyyət müddəti xx.xx.2021-xx.xx.2021 tarixləri üçün uzadılmışdır.

20. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 42 nömrəli əmrinə görə İddiaçı Özbəkistan Respublikası Daşkənd şəhərindəki ezamiyyət müddəti xx.xx.2021-xx.xx.2021 tarixləri üçün uzadılmışdır.

21. "xxxx" ASC tərəfindən verilmiş, lakin direktor tərəfindən təsdiq edilməmiş xx.xx.2023-cü il tarixli arayışa görə "xxxx" ASC tərəfindən İddiaçı ödənilməmiş əmək haqqı 37380,83 manat təşkil edir.

22. "xxxx" ASC tərəfindən verilmiş, lakin direktor tərəfindən təsdiq edilməmiş xx.xx.2023-cü il tarixli arayışa görə "xxxx" ASC tərəfindən İddiaçı ezamiyyə görə ödənilməmiş vəsait 10860 manat təşkil edir.

23. Məhkəmə kollegiyasının iclasında şahiş qismində dindirilmiş X4 bildirmişdir ki, cavabdeh şirkətdə İnsan Resursları Departamentinin rəhbəri vəzifəsində çalışır, direktor işdə olmadığından iddiaçı tərəfindən şirkətə ünvanlanmış müraciətləri onun tərəfindən cavablandırılmışdır. Cavab məktublarındakı imza ona məxsusdur. Tətbiq edilən maddi hüquq normaları:

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

25. 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

26. 372.2-ci maddəsin görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

27. 380.1-ci maddəsin əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:

28. 9-cu maddəsinə görə hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək işçinin əsas hüquqlarından biridir.

29. 111.1-ci maddəsinə görə məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.

30. 113-cü maddəsinə görə əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.

31. 179-cu maddəsinin 2-ci hissəsinin “x” bəndinə görə işçi yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərildikdə onun iş yeri və orta əmək haqqı saxlanılır.

32. 181-ci maddəsinə görə ixtiraçı və səmərələşdirmə təkliflərinin müəllifləri olan, qan və qan komponentləri verən, ezamiyyətə göndərilən işçilərin iş yeri və orta əmək haqqı saxlanılmaqla onlara digər müvafiq təminatların verilməsi qüvvədə olan normativ hüquqi aktlarla tənzim edilir.

33. 172-ci maddəsinin 5-ci hissəsinə görə Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.

34. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixli Qərarına görə əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir.

35. 296.2-ci maddəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

36. 296.3-cü maddəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

40. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

41. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

42. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

43. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

46. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

47. 405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

48. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

49. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

50. Belə ki, mülki işin materialları ilə müəyyən olunur ki, rayon məhkəməsində işə baxılarkən iddiaya etiraz edən cavabdeh yeganə əsas kimi iddiaçı tərəfindən hazırkı tələblə bağlı qanunla müəyyən olunmuş bir illik müddətin ötürülməsinə istinad etmişdir.

51. Cavabdeh tərəf apellyasiya şikayətində də iddia müddətinin birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmədiyini bildirmiş və qeyd etmişdir ki, iddia müddətinin axımı iddiaçının ezamiyyətə getdiyi tarixdən və ya ezamiyyətdən qayıtdığı tarixdən götürülməlidir.

52. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı hazırkı tələbi ilə bağlı qanunla müəyyən edilmiş müddəti ötürməmişdir. Həmçinin də, iddiaçının hazırda da cavabdeh "xxxx" ASC ilə qüvvədə olan əmək müqaviləsi mövcuddur və orada fəaliyyət göstərir.

53. İddiaçının AR Əmək Məcəlləsinin 296.4-cü maddəsində göstərilmiş 1 illik müddəti ötürdüyünü müəyyən etmək üçün işçinin hüququnu pozulduğunu aşkar etdiyi vaxta diqqət yetirmək vacibdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı ona ödənilməli olan vəsaitlərlə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən bu məbləğlərin ödəniləcəyi mütəmadi olaraq ona bildirilmiş və bunun təsdiqi olaraq iddiaçıya bir neçə dəfə müvafiq təsdiqedici hesabat- arayışlar təqdim edilmişdir.

54. Apellyasiya icraatı zamanı də cavabdehin nümayəndəsi müddətin ötürülməsinə dair rayon məkəməsindəki mövqeyini təkrarlayaraq bildirmişdir ki, iddiaçıya borcun olmasını təsdiq edən və müddəti kəsən sonuncu- xx.xx.2023-cü il tarixli arayış cavabdehin səlahiyyətli şəxsi tərəfindən (nümayəndə həmin sənədi imzalayan şəxsin naməlum şəxs adlandırmışdır) imzalanmadığından, həmin arayış cavabdehin iradəsini təsdiq edən rəsmi sənəd hesab edilə bilməz.

55. İddiaçı həmin arayışı tərtib edərək imzalayan şəxsin hazırda da cavabdeh ASCdə departament rəhbəri vəzifəsində işlədiyini, direktorun işdə olmadığı vaxtlarda müvafiq sənədlərin elə həmin şəxs tərəfindən imzalandığını bildirmişdir.

56. Mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət daşıyan bu halın yoxlanılması məqsədi ilə Məhkəmə kollegiyası, tərəflərin yekdil razılığına əsasən, həmin arayışda adı qeyd olunan Şahid qismində dindirilməsinə qərar vermişdir.

57. Şahid ifadəsində bildirmişdir ki, o, cavabdeh şirkətdə İnsan Resursları Departamentinin rəhbəri vəzifəsində çalışır, iddiaçını tanıyır, iddiaçı da ASC-də departament rəhbəridir, ASC-nin direktoru işdə olmadığından iddiaçı tərəfindən şirkətə ünvanlanmış müraciətlər onun tərəfindən cavablandırılmışdır, iddiaçıya ödənilməmiş borcun qalmasından məlumatlıdır, bu barədə iddiaçı onlara dəfələrlə müraciət etmişdir, ona təqdim olunan xx.xx.2023-cü il tarixli cavab məktubdakı imza da ona məxsusdur.

58. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 004 nömrəli arayışa görə İddiaçı İnformasiya Texnologiyaları və Administrativ işlər departamentinin müdiri kimi işlədiyi xx.xx.2020-ci il tarixindən arayışın verildiyi tarixədək "xxxx" ASC tərəfindən ezamiyyə günlərinə görə ödənilməli olan məbləğ 18088 manat, məzuniyyət günlərinə görə ödənilməli olan məbləğ isə 2574 manat təşkil edir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 005 nömrəli arayışa görə İddiaçı xx.xx.2022-ci il tarixinə "xxxx" ASC tərəfindən ödənilməmiş aylar üzrə əmək haqqı 37803,71 manat təşkil edir. Həmin sənədlərlə cavabdehin iddiaçıya ödənilməyən ezamiyyə və əmək haqqı borcunun olduğu etiraf olunmuşdur. Qeyd olunan arayışlarla müəyyən olunur ki, həmin sənədləri ASC-nin həmin vaxt Baş direktoru olmuş Vüqar Süleymanov imzalamışdır.

59. Göründüyü kimi, iddiaçı yığılıb qalmış borcun ödənilməsi üçün davamlı olaraq cavabdehə müraciətlər etmiş, ödənilməli olan vəsaitlərin ödəniləcəyi ona bildirilsə də və buna dair vədlər verərək, hətta bir neçə dəfə bunun təsdiqi olaraq iddiaçıya yazılı arayışlar versə də, cavabdeh tərəf öhdəliyinə əməl etməmişdir. Mülki Məcəllənin 380.1-ci maddəsində təsbit olunmuşdur ki, ... borclu borcun etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Yuxarıda qeyd olunan işin faktiki halları ilə də müəyyən olunur ki, cavabdeh iddiaçıya borclu olduğunu davamlı olaraq etiraf etmişdir ki, onun həmin hərəkətləri istinad olunan normanın təsir altına düşür.

60. Belə olan halda da məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olararaq belə nəticəyə gəlmişdir ki, AR Əmək Məcəlləsinin 296.4 cü maddəsindəki 1 illik iddia müddəti ötürülməmişdir.

61. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

62. İddia müddəti ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”.

63. Göründüyü kimi iddia tələbi mahiyyəti üzrə əsaslı olmuşdur və cavabdeh tərəf iddiaçıya ezamiyyə və məzuniyyət xərclərinin ödənilməsini təsdiq edə bilməmiş, ümumiyyətlə isə cavabdeh tərəfindən borcun mövcudluğu və onun məbləğini mübahisələndirməmişdir, yalnız iddia müddətinin ötürülməsinə istinad etmişdir ki, bu da baş verməmişdir.

64. Eyni zamanda iddiaçının kompensasiya tələbi ilə bağlı isə qeyd edilməlidir ki, ezamiyyə və məzuniyyət xərclərinin ödənilməməsi iş üzrə materiallar və tərəflərin izahatları ilə öz təsdiqini tapdığına görə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi tətbiq edilməklə İddiaçı hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində kompensasiya ödənilməsi barədə də birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur.

65. Apellyasiya şikayətində cavabdeh həmçinin qeyd etmişdir ki, vəsaitin kimin tərəfindən hesablanacağı, ümumiyyətlə, qeyri-müəyyən qalmış, eləcə də birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmışdır.

66. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbindən kənara çıxılmamışdır. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının tələbində ödənilməmiş əmək haqqı və sair ödənişlərə görə özü hesablamalar aparmasını qeyd etməklə iddiaçının tələb etdiyi müddətlər üzrə əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi (kompensasiya) və ezamiyyət pulu hesablanaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalı olması qənaətinə gəlmişdir. Həmin hesablamanın aparılması isə, iddiaçının da bildirdiyi kimi, cavabdehin müvafiq maliyyə qurumu tərəfindən dəqiqliyi ilə müəyyən oluna bilən haldır, bunun müəyyən edilməsi üçün ekspertizaların keçirilməsi lüzumsuz olmaqla, prosessual qənaət və işlərə ağlabatan müddətlərdə baxılması kimi prinsipinə də cavab vermir, həm də, həqiqətən, bu məsələdə anlaşılmazlıq olarsa, bu, qətnamənin icra mərhələsində də həll edilə bilər. Bunu nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər daha çox işə baxılmasını yubatmaq xarakterli olmaqla, öz-özlüyündə qətnamənin ləğv edilməsi üçün əsas yaratmır. Belə ki, MM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

67. Beləliklə də, Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilən hissəsində düzgün nəticəyə gəlmişdir. Nəticə:

68. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

69. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

70. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3570/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar