Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-184/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Avro Asiya X2” ASC-yə qarşı “əmək haqqı və sair” iddia tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əmək haqqı və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-649/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdeh “X1 Evrascon” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "AvroAsiya X2" ASC-dən 5000 manat məzuniyyət haqqının, 30000 manat ezamiyyət haqqının, artıq işlədiyi iş saatları üçün 30000 manat məbləğində haqqın, xəstəliyi ilə əlaqədar işləmədiyi müddət üçün 3000 manat məbləğində pulun və 500 manat məbləğində bülleten haqqının, ümumilikdə 68500 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Yasamal Rayon Məhkəməsinin 2(004)-649/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi (hakim Günay Axundova) ilə iddia təmin edilməmişdir.
3. İddiaçı rayon məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və məhkəmənin yuxarıda qeyd edilən qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin əsas dəlili kimi qeyd etmişdir ki, o, xx.xx.2014-xx.xx.2018-ci illərdə və yenidən xx.xx.2018xx.xx.2019-cu il tarixlərdə cavabdeh “X1 Evrascon” ASC-də sürücü işləmişdir. İşlədiyi müddət ərzində məzuniyyətdən istifadə etməmiş və həftənin istirahət günü olmadan 17-18 saat işləmişdir. İşdən azad olunarkən son haqq-hesab, məzuniyyət və iş vaxtından artıq işlədiyi işlərə görə əlavə saatları hesablanıb verilməmişdir. İşə baxan birinci instansiya məhkəməsi, qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı işlədiyi 5 il ərzində ona ödənənilməli olan lakin ödənliməyən məzuniyyət pulunu tələb edir. Bununla əlaqədər məhkəmə qeyd edir ki, işdən görünür ki, xx.xx.2018-xx.xx.2019-ci il üçün işçiyə istifadə olunmamış əmək məzuniyyəti 21 təvim gününün əvəzi olaraq ödəniş edilmişdir. İddiaçı cavabdeh şirkətdə işlədiyi birinci dövr ərzində, yəni 9 may 2018 və sentyabr 2018-ci il tarixlərində müalicə olunduğunu, lakin həmin dövr üçün ona xəstəlik pulunun verilmədiyini qeyd edir. Lakin iddiaçı tərəfindən iddia ərizəsinə bu tarixləri əhatə edən xəstəlik vərəqləri təqdim edilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş 996775 saylı xəstəlik vərəqindən müəyyən olunur ki, iddiaçıya 2019cu il 12-27 sentyabr üçün 100 manat məbləğində sosial müavinət ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş bu hallarla razı deyil. Belə ki, məhkəmə işə baxarkən yalnız cavadeh tərəfin təqdimetdiyi saxta və sonradan düzəldilmiş əsası olmayan sübutlara istinad edərək qətnamə qəbul etmiş, iddiaçı tərəfindən təqdim edilmiş sübutları araşdırmamış, nəticədə bir tərəfli qətnamə qəbul etmişdir. Halbuki, işdən görünür ki, iddiaçı 4 (dörd) ay xəstəxanada müalicə olunmuş, iş yerinə xəstəlik vərəqəsi vermiş və bu dörd ayda 100 manat ödənilməsi nə dərəcədə düzgündür. İddaçı dəfələrlə cavabdeh “X1 Evrascon” ASC tərəfindən iddiaçının əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X4 Xidməti Bakı şəhəri darəsinə müraciət olunmuş, ancaq cavadeh ekspertə sənədləri qəsdən təqdim etmədiyindən, yayındığından iş materialları icrasız geri qaytarılmışdır. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-649/2021 saylı qərardadından görünür ki, mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və məhkəmə iclasında iştirak edən cavadehin nümayəndəsi Nümayəndə heç bir əsas gətirmədən iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə razı olmamışdır. (Qərardadın surəti əlavə olunur). Vəsatət təmin edilmədiyindən xx.xx.2021-ci il tarixdə iş materialları icrasız geri qaytarılmışdır. Qətnamə də qeyd olunur ki, iddiaçı eyni zamanda iş vaxtından artıq işlədiyi dövr üçün əmək haqqı və ezamiyyət xərcini tələb edir. Lakin iş vaxtından artıq iş vaxtından artıq işləməsini, habelə iddia ərizəsində qeyd etdiyi kimi ayda azı 10 dəfə ezamiyyətdə olmasını təsdiq edəcək heç bir subut məhkəməyə təqdim etməmişdir. Məhkəmənin gəldiyi bu cür nəticə ilə razılaşmır, belə ki, iddiaçının dəfələrlə iş yerindən tələb etdiyi qaraja giriş-çıxış kitabları cavabdehin nümayəndəsi tərəfindən qəsdən məhkəməyə gətirilmədiyindən, iddiaçı tərəfindən bu barədə təbii ki, sübut təqdim edilə bilməzdi.
5. Belə ki, məhkəmə iclasında iddiaçı işlədiyi iş yerindən tələb etdiyi qaraja giriş və çıxış kitabı tələb edilsə də cavabdeh tərəfindən gətirilməsi imtina etmiş və məhkəmə cavadehin bu hərəkətinə heç bir hüquqi qiymət verməmişdir. Həmçinin, işdən görünür ki, cavabdehin son haqq-hesabın qanunvericiliyin tələblərinin pozularaq ödənildiyi müəyyən edildiyi üçün işəgötürən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmiş, barəsində protokol tərtib edilmişdir. Ancaq məhkəmə nəzərə almamışdır ki, məhkəməyə cavabdeh tərəfindən təqdim olunan əmək haqqı barədə ödənişlər saxta olmaqla şişirdilmiş rəqəmlər göstərilmişdir. Çünki, iddiaçı əmək haqqını kart vasitəsi ilə almışdır. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, bildirmişdir ki, cavabeh sənədləri təqdim etmir, iş üzrə araşdırma aparılmasına mane olur, onun haqlı və əsaslı tələbi təmin edilməlidir.
7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellasiya şikayətini müdafiə edərək təmin edilməsini, həmçinin iş üzrə ekspertiza keçirilməsi barədə vəsatətin təmin edilməsini xahiş etdi, əlavə olaraq bidirdi ki, həm rayon məhkəməsində, həm də hazırkı apellyasiya baxışında iş üzrə ekspertiza təyin edilsə də, cavabdehin ekspertizanın aparılması üçün lazımi sənədləri təqdim etməməsi səbəbindən ekspertiza baş tutmamışdır. Hesab edir ki, iddia tələbi əsaslıdır, bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, yalnız sonuncu iclasa üzrlü səbəbdən gələ bilməyəcəklərini bildirərək, iclasın təxirə salınması barədə ərizə vermiş, lakin həmin ərizəsinə hər hansı təsdiqedici məlumat (sübut) əlavə etməmişdir.
9. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
10. İddiaçı ilə “Avro Asiya X2” ASC arasında bağlanmış 13370 nömrəli, xx.xx.2018-ci il tarixli əmək müqaviləsindən müəyyən olunur ki, İddiaçı “Avro Asiya X2” ASC-də sürücü vəzifəsinə təyin edilmiş, onun aylıq əmək haqqı 529 manat müəyyən edilmiş və işçi xx.xx.2018-ci il tarixdən əmək funksiyalarını icra etməyə başlamışdır. müqavilə xx.xx.2018-ci il tarixədək – bir ay müddətinə bağlanmışdır.
11. xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsi bildirişinə əsasən “Avro Asiya X2” ASC tərəfindən İddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə ia-177 nömrəli, xx.xx.2018-ci il tarixli əmri ilə AR Əmək Məcəlləsinin 69.3-cü bəndinə əsasən xitam verilmişdir.
12. xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsi bildirişinə əsasən “Avro Asiya X2” ASC tərəfindən İddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə ia-205 nömrəli, xx.xx.2019-cu il tarixli əmri ilə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bənsinə əsasən xitam verilmişdir.
13. İddiaçı İT-İ ******* nömrəli əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2014-cü ildən xx.xx.2018-ci il tarixədək “Avro Asiya X2” ASC-də 8-ci dərəcəli sürücü vəzifəsində çalışmış, xx.xx.2018-ci il tarixdə AR ƏM 69.3-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2018-ci ildən xx.xx.2018-ci il tarixədək "xxxx" MMC-də 8-ci dərəcəli sürücü vəzifəsində çalışmış, xx.xx.2018-ci il tarixdə AR ƏM 68.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək “Avro Asiya X2” ASC-də 8-ci dərəcəli sürücü vəzifəsində çalışmış, xx.xx.2019-cu il tarixdə AR ƏM 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.
14. “Avro Asiya X2” ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 03/21 saylı arayışa əsasən “Avro Asiya X2” ASC tərəfindən İddiaçı 2018 oktyabr- 2019 sentyabr ayları üçün 6518,43 manat əmək haqqı, 3765 manat ezamiyyət və sair əlavə ödənişlər olmaqla 9699,15 manat ödənilmişdir.
15. “Avro Asiya X2” ASC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli arayışa əsasən “Avro Asiya X2” ASC tərəfindən İddiaçı son haqq-hesab üçün əmək haqqı da daxil olmaqla 1238,32 manat məbləğində pul ödənilmişdir.
16. “Avro Asiya X2” ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qeydiyyat vərəqəsinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixli, ia-205 nömrəli əmrə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar xx.xx.2018-xx.xx.2019-cu il üçün işçiyə istifadə olunmamış əmək məzuniyyəti üçün 21 təvim gününün əvəzi olaraq ödəniş edilmişdir.
17. Gəncə 2 nömrəli şəhər xəstəxanası tərəfindən verilmiş 996775 nömrəli, xx.xx.2019-cu il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən İddiaçı “sağ tərəfli qasıq yırtığı” diaqnozu qoyulmuş və o, xx.xx.2019- cu ildən xx.xx.2019-cu il tarixədək əmək qabiliyyətinin müvəqqəti itirilməsi səbəbilə işdən azad edilmişdir.
18. “Avro Asiya X2” ASC-nin müavinət təyin edən komissiyasının xx.xx.2019-cu il tarixli, 11 nömrəli protokoluna əsasən İddiaçı 996775 nömrəli xəstəlik vərəqəsinə əsasən xx.xx.2019- xx.xx.2019-cu il tarixi üçün 100 manat ödəniş edilmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3133/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, qərardad icra edilməsi üçün ekspertizaya bir neçə dəfə təkrarən göndərilmiş, hər dəfə cavabdehin ekspert vəsatətində qeyd edilən sənədləri təqdim etməməsi səbəbindən ekspert rəy verməkdən imtina etmişdir.
20. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3133/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı “X1 Evrascon” ASCdə işlədiyi dövrdə iş vaxtının tabel uçotu, iş vaxtının elektron qeydiyyatı, əlavə işə cəlb olunma barədə əmr, eləcə də ona hesablanmalı olan və faktiki halda hesablanıb ödənilmiş əmək haqqı barədə məlumatlar- tam açıqlaması ilə vergiyə, DSMF-yə, həmkarlar ittifaqına və digər tutulmalar göstərilməklə, son haqq-hesabın hesablanmasına dair məlumat, hesablanmış əlavə əmək haqqı barədə əmrdən çıxarış, şəxsi uçot vərəqəsi, məzuniyyət haqda əmrlər, ezamiyyə vərəqələrinin götürülməsi qərara alınmış, qərardad icraya yönəldilmiş, lakin həmin sənədlərin götürülməsi mümkün olmamış, cavabdeh həmin qərardadı da tam icra etməmişdir. Tətbiq edilən maddi hüquq normaları: Əmək Məcəlləsi: Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Maddə 110.1. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. 110.2. Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır. 110.3. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Maddə 165. İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi
1. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.
2. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.
3. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
24. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
25. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
26. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
27. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
28. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
29. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
32. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
33. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
34. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
35. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Apellyasiya Məhkəməsinin baxışının hədləri:
36. Hazırkı halda iddiaçı tərəfindən rayon məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlanılır. Apellyasiya Məhkəməsinin mövqeyi:
37. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir.
38. Kollegiya qeyd edir ki, iddiaçının cavabdeh “Avro Asiya X2” ASC ilə əmək fəaliyyəti iki dövrü əhatə etmişdir. Birinci dövr xx.xx.2014- xx.xx.2018-ci il, ikinci dövr xx.xx.2018-xx.xx.2019-cu il. Hazırda iddiaçı 2014-2019-cu illər üçün ödənilməmiş əmək haqqı, istifadə etmədiyi əmək məzuniyyətinin əvəzi, ezamiyyət xərci, iş vaxtından artıq çalışdığı müddətlərin haqqı və xəstəlik pulunun ona ödənilməsini tələb edir.
39. Birinci instansiya məhkəməsi iddiaçının işlədiyi birinci dövr, yəni xx.xx.2014xx.xx.2018-ci il üzrə əmək haqqı, məzuniyyət pulu, ezamiyyət xərci, xəstəlik pulunun ona ödənilməsi tələbi üzrə iddia müddətinin keçməsi əsası ilə iddia tələbini təmin etməmişdir.
40. Məhkəmə kollegiyası həmin hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Çünki iddiaçıya özünün də iddia etdiyi kimi xx.xx.2018-ci il tarixdə işdən azad olunan zaman ona əmək haqqı, məzuniyyət pulu, ezamiyyət xərci ödənilməmişdirsə o, hüququnun pozulduğunu bilməli idi. Belə ki, AR Əmək Məcələsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
41. Beləliklə, Məhkəmə kollegiyası iddia tələbinin iddiaçının işlədiyi birinci dövr, yəni xx.xx.2014- xx.xx.2018-ci il üzrə əmək haqqı, məzuniyyət pulu, ezamiyyət xərci tələbi və xəstəliyi ilə əlaqədar işləmədiyi müddət üçün iddia tələbi hissədə rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmə həmin hissədə iddia tələbini Əmək Məcələsinin 296-cı maddəsinin 4-cü hissəsinin tələbləri baxımından təmin etməməkdə haqlı olmuşdur.
42. Hazırkı halda Kollegiya iddiaçının işlədiyi ikinci dövr xx.xx.2018-xx.xx.2019cu il tarixlərində olan məzuniyyət, iş vaxtından artıq işlədiyi vaxta görə əmək haqqının ödənilməsi, ezamiyyə xərcləri ilə bağlı tələbi üzrə aşağıdakıları qeyd edir.
43. Bununla bağlı Kolegiya xüsusi olaraq nəzərə alır, həm rayon məhkəməsinin, həm də apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının bütün cəhdlərinə və mümkün bütün prossesual tədbirlər görməsinə baxmayaraq, hazırkı iş üzrə (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3133/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə) təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasına dair qərardadlar icra edilməsi üçün ekspertizaya bir neçə dəfə təkrarən göndərilmiş, hər dəfə cavabdehin ekspert vəsatətində qeyd edilən sənədləri təqdim etməməsi, əsilində isə sübutların təqdim olunmasından aşkar surətdə yayınması səbəbindən ekspert rəyinin verilməsi mümkün olmamışdır.
44. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3133/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı “X1 Evrascon” ASCdə işlədiyi dövrdə iş vaxtının tabel uçotu, iş vaxtının elektron qeydiyyatı, əlavə işə cəlb olunma barədə əmr, eləcə də ona hesablanmalı olan və faktiki halda hesablanıb ödənilmiş əmək haqqı barədə məlumatlar- tam açıqlaması ilə vergiyə, DSMF-yə, həmkarlar ittifaqına və digər tutulmalar göstərilməklə, son haqq-hesabın hesablanmasına dair məlumat, hesablanmış əlavə əmək haqqı barədə əmrdən çıxarış, şəxsi uçot vərəqəsi, məzuniyyət haqda əmrlər, ezamiyyə vərəqələrinin götürülməsi qərara alınmış, qərardad icraya yönəldilmiş, lakin cavabdehin təqsiridən bu dəfə də tam olaraq həmin zəruri sənədlərin götürülməsi mümkün olmamışdır.
45. Azərbaycan Republikasının Mülki Prosessual Məcəlləsinin 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
46. Kollegiya hazırkı halda hesab edir ki, cavabdeh tərəfin işin hərtərəfli araşdırılmasına – hazırkı işin həlli üçün mühüm sübuti əhəmiyyət kəsb edən ekspert rəyinin alınmasına (ekspertizanın keçirilməsinə) mane olması həmin normanın təsiri altına düşür, başqa sözlə, iddiaçı tərəfi işlədiyi ikinci dövr xx.xx.2018-xx.xx.2019-cu il tarixlərində olan məzuniyyət, iş vaxtından artıq işlədiyi vaxta görə əmək haqqının ödənilməsi, ezamiyyə xərcləri ilə bağlı tələbi üzrə sübutetmə vəzifəsindən azad edir.
47. İddia tələbini iddiaçının işlədiyi ikinci dövr xx.xx.2018-xx.xx.2019-cu il tarixləri üçün ezamiyyət xərci hissəsində təmin etməyən rayon məhkəməsi qeyd etmişdir ki, iddiaçı iş vaxtından artıq işləməsini, habelə iddia ərizəsində qeyd etdiyi kimi ayda azı 10 dəfə ezamiyyətdə olmasını təsdiq edəcək heç bir subut məhkəməyə təqdim etməmişdir.
48. Kollegiya rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır. Belə ki, mülki iş materiallarında olan yol vərəqlərindən müəyyən edilir ki, iddiaçıya ezamiyyətə getməsi ilə bağlı yol vərəqləri verilmişdir (1-ci cild, i/v 58-69). Nəzərə almaq lazımdır ki, həmin sənədlər işəgötürəndə saxlanılır, yuxarıda da müəyyən olunduğu kimi, cavabdeh isə həmin sənədləri (sübutları) tam olaraq məhkəməyə təqdim etməkdən yayınmışdır. Bununla da MPM-in 106.2-ci maddəsinin tələbləri baxımından müəyyən olunur ki, iddiaçının işlədiyi müddətdə davamlı olaraq ezamiyyətdə olması barədə bildirdikləri əsaslıdır.
49. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat müəyyən edilmişdir.
50. Beləliklə, iddiaçının çıxdığı ezamiyyətlərin sayı dəqiq müəyyən edilmədiyindən, cavabdeh isə ekpertizanın keçirilməsi üçün sənədləri təqdim etmədiyindən, bununla belə iddiaçının ezamiyyətə çıxması mülki iş materialları ilə təsdiq eildiyindən, iddiaçı işlədiyi 5 il üçün cəmi 30.000 manat tələb etdiyindən, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının işlədiyi son bir il üçün ezamiyyə xərci üçün 1200 manat ağılabatan məbləğ hesab edilməli, ezamiyyə xərclərinin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 1200 manat tutulmalıdır.
51. İddia tələbini iddiaçının işlədiyi ikinci dövr -xx.xx.2018-xx.xx.2019-cu il tarixləri üçün iş vaxtından artıq gördüyü işlərə görə əmək haaqı tələbi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı bununla bağlı da sübut təqdim etməmişdir.
52. Kollegiya hesab edir ki, yuxarıda da qeyd olunduğu kimi, cavabdeh sübutlara özündə saxlayıb məhkəmənin tələbinə əsasən təqdim etmədiyindən MPMin 106.2-ci madəsinin tələbləri baxımından iddiaçı öz tələbini həmin hissədə də sübut etmək vəzifəsindən azad edildiyindən, onun iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir.
53. Əmək Məcəlləsinin 165.1-ci maddəsinə görə işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;
54. Hazırkı halda iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsində iddiaçının əmək haqqı 529 manat göstərilmişdir. İddiaçını işinin xarakterini nəzərə aldıqda (iddiaçı ağır yükdaşıyan avtomobilin sürücüsü olmuş və işi yükdaşımalarla məşğul olmuşdur) onun əmək müqaviləsi ilə müəyyən olunmuş iş vaxtından artıq işləməsi olduqca inandırıcı və ağlabatandır. İddiaçı işlədiyi beş il üçün bu əsasa görə cəmi 30.000 manat tələb etmişdir.
55. Belə olan halda Kollegiya hesab edir ki, iddiaçının işlədiyi son bir il üçün iş vaxtından artıq gördüyü işlərə görə ona ödənilməli əmək haqqı ağılabatan məbləğ kimi 2500 manat müəyyən edilməlidir.
56. Birinci instansiya məhkəməsi iddia tələbini məzuniyyət pulu hissədə də təmin etməmiş və bildirmişdir ki, işdən gürünür ki, xx.xx.2018-xx.xx.2019-ci il üçün işçiyə istifadə olunmamış əmək məzuniyyəti üçün 21 təqvim gününün əvəzi olaraq ödəniş edilmişdir.
57. Kollegiya qeyd edir ki, mülki işin materialları ilə rayon məhkəməsinin hansı sübuta əsasən iddiaçıya işlədiyi son bir il üçün istifadə olunmamış əmək məzuniyyəti üçün 21 təqvim gününün əvəzi olaraq ödəniş edilməsi qənaətinə gəlməsi müəyyən edilmir. Mülki iş materiallarında iddiaçıya xx.xx.2018-xx.xx.2019-ci il üçün istifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi barədə İa-205 nömrəli, xx.xx.2019-cu il tarixli əmrin surəti olsa da, bununla həmin məzuniyyət pulunun iddiaçıya ödənilməsi müəyyən edilmir (1-ci cild, i/v 136).
58. Mülki iş materiallarında olan iddiaçıya ödənilən əmək haqqı və əlavələrə dair arayışdan məlum olur ki, iddiaçıya 2018-ci ilin oktyabr ayı üçün 33, noyabr ayı- 852.53, dekabr ayı-849,80 manat, 2019-cu ilin yanvar ayı-957,73, fevral ayı-905,05, mart ayı-904,20, aprel ayı- 990,18, may ayı- 1023,75, iyun ayı- 826,27, iyul ayı- 1054,55, avqust ayı-952,71, sentyabr ayı 349,38 manat olmaqla, cəmi 9699 manat ödənilmişdir (1-ci cild, i/v 137).
59. Kollegiya hesab edir ki, yuxarıda da qeyd olunduğu kimi, cavabdeh sübutlara özündə saxlayıb məhkəmənin tələbinə əsasən təqdim etmədiyindən MPMin 106.2-ci madəsinin tələbləri baxımından iddiaçı öz tələbini həmin hissədə də sübut etmək vəzifəsindən azad edildiyindən, onun iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir.
60. Mülki iş materiallarında olan iddiaçıya ödənilən aylıq əmək haqqı ödənişi barədə arayışı nəzərədən keçirib Kollegiya hesab edir ki, məzuniyyət pulu kimi 700 manat məbləğində pul vəsaiti ağılabatan hesab edilərək iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır.
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
62. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
63. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
64. Həmin Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
65. MPM-in 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
66. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Nəticə:
67. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqi və təfsirində səhvə yol verildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadığından apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, yəni iddiaçının işlədiyi ikinci dövr xx.xx.2018-xx.xx.2019-cu il tarixlərində olan məzuniyyət, iş vaxtından artıq görülən işlərə görə əmək haqqının ödənilməsi, ezamiyyə xərcləri hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə məzuniyyət pulu kimi 700 manat, iş vaxtından artıq görülən işlərə görə ödənilməmiş əmək haqqına görə 2500 manat, ezamiyyə xərci kimi 1200 manat olmaqla, cəmi 4400 (dörd min dörd yüz) manat məbləğində pul vəsaiti alınaraq ona ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
69. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilməli olan (30+15=45) 45 manat dövlət rüsumu dövlət büdcəsinə “X1 Evrascon” ASC-dən tutularaq ödənilməlidir.
70. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Yasamal Rayon Məhkəməsinin 2(004)-649/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən, yəni iddiaçının işlədiyi ikinci dövr xx.xx.2018-xx.xx.2019-cu il tarixlərində məzuniyyət pulu, iş vaxtından artıq görülən işlərə görə ödənilməmiş əmək haqqının ödənilməsi və ezamiyyə xərcinin ödənilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin hissələrdə qismən təmin olunsun. “X1 Evrascon” ASC-dən həmin dövr üçün məzuniyyət pulu kimi 700 manat, iş vaxtından artıq görülən işlərə görə ödənilməmiş əmək haqqına görə 2500 manat, ezamiyyə xərci kimi 1200 manat olmaqla, cəmi 4400 (dörd min dörd yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin, iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilməli olan (30+15=45) 45 (qırx beş) manat dövlət rüsumu isə dövlət büdcəsinə “X1 Evrascon” ASC-dən tutularaq ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov