Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1840/2025 14.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alimentin miqdarının azaldılması barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-6378/2024 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı iki dəfə nikahda olub. Birinci nikah Cavabdeh1, ikinci nikah Cavabdeh2 ilə bağlanıb. İddiaçının ümumilikdə dörd uşağı var. Birinci nikahdan bir uşaq var: xx.xx.2012-ci il təvəllüdlü X1. İkinci nikahdan 3 uşaq var: xx.xx.2017-ci il təvəllüdlü X2, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X4. 2.Uşaqların hamısı üçün iddiaçıdan aliment tutulur. Birinci nikahdan olan bir uşaq üçün Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-3212/2023 nömrəli qətnaməsi ilə iddiaçının aylıq qazancının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulur. İkinci nikahdan olan üç uşaq üçün Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)- 3117/2024 nömrəli qətnaməsi ilə iddiaçının aylıq qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulur. 3.“Elektron məhkəmə” informasiya sistemindən müəyyən olunur ki, iddiaçı AR Prezidentinin Administrasiyasında məsləhətçi vəzifəsində işləyir, aylıq əmək haqqı 5.271,25 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat 4.İddia ərizəsində tələb olunub ki, alimentin miqdarı azaldılsın, hər iki qətnamə üzrə aylıq əmək haqqının 50 faizindən artıq olmayaraq qanuna müvafiq miqdarda aliment tutulsun. 5.Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 7.Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, iddiaçı aşbazdır, dövlət orqanında çalışmaqla əmək haqqı alır, bundan başqa, özəl sahədə də işləyərək əlavə qazanc əldə edir. İddiaçının ikinci nikahın pozulması və həmin nikahdan olan uşaqlar üçün aliment tutulması formal xarakter daşıyır, iddiaçı və Cavabdeh2 birlikdə yaşayırlar. Uşağının müalicə xərcləri var, bundan başqa, uşaq hazırlıq kurslarına gedir. Alimentin miqdarının azaldılmasına etiraz edir. 8.İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 9.Alimentin AR Ailə Məcəlləsinin 76.1.1-76.1.3-cü maddələrində göstərilən miqdarı mütləq deyil, məhkəmə tərəfindən dəyişdirilə bilər. Belə ki, Ailə Məcəlləsinin 76.2-ci maddəsindən görünür ki, həmin miqdar tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. İkinci, alimentin Ailə Məcəlləsinin 76.1.1-76.1.3-cü maddələrində göstərilən miqdarı o hala aiddir ki, uşaqların hamısının valideyni (aliment alan valideyn) eyni olsun. Hazırkı işdə isə uşaqlar ayrı-ayrı nikahlardan doğulub, anaları ayrı-ayrı şəxslərdir. 10.Bundan başqa, AR Əmək Məcəlləsinin 176-cı maddəsinin 1-ci və 2-ci hissələrində əmək haqqından tutulan məbləğlərin miqdarına dair məhdudiyyətlər müəyyən edilib, lakin həmin maddənin 3-cü hissəsində qeyd olunub ki, göstərilən məhdudiyyətlər alimentin tutulmasına şamil edilmir. “İcra haqqında” Qanunun 65.3-cü maddəsindən görünür ki, aliment tutulması zamanı əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. İddiaçıdan tutulan alimentin miqdarı əmək haqqının 70 faizini aşmır. İddiaçının aldığı əmək haqqının miqdarı (5.271,25 manat) ona həm alimenti, həm də öz xərclərini ödəməyə imkan verir. 11.Beləliklə, alimentin miqdarının azaldılması üçün Ailə Məcəlləsinin 112-ci maddəsində müəyyən edilmiş əsas yoxdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 12.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-6378/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1840/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1840/2025
14.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver