Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1842/2025 10.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın atanın himayəsinə verilməsi və aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2002/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Xəzər rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(003)-1434/2024 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 yanvar 2014-cü il tarixli nikah pozulmuşdur. Həmçinin Xəzər rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(003)-2066/2024 saylı qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 1.2 və 1.3-cü bəndlərinin təsdiq edilməsi, xx.xx.2018-ci il təvəllüdlü X9, xx.xx.2020-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh himayəsinə verilməsi, maraqlı şəxs İddiaçı xx.xx.2018-ci il təvəllüdlü X9, xx.xx.2020-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh alimenti işlədiyi zaman ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı hazırda göstərilən barışıq sazişinin 1.2 və 1.3-cü bəndlərinin ləğv edilməsini,uşaqların cavabdehdən alınaraq yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün onun himayəsinə verilməsini və cavabdehdən aliment tutulmasını tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə xx.xx.2023-cü il tarixdə Bakı 9 saylı Mediasyia təşkilatında bağladığı Barışıq sazişinin 1.2 və 1.3-cü bəndlərinin ləğv edilməsinə (qüvvədən düşmüş hesab edilməsinə), cavabdehlə birgə nigahdan dünyaya gəlmiş övladları xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X5 cavabdehdən alınaraq yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün onun himayəsinə verilmələrinə, birgə nigahdan dünyaya gəlmiş övladları xx.xx.2018-ci il təvəllüdlü X9, xx.xx.2020-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün cavabdehdən onun xeyrinə, hər bir uşağa görə hər ay 235 manat olmaqla, ümumilikdə hər ay 705 manat məbləğində alimentin tutulmasına, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 320 manat məbləğinin, ödənilmiş dövlət rüsumunun əvəzində 100 manat məbləğinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2023-cü il tarixdə Bakı 9 saylı Mediasyia təşkilatında bağladıqları Barışıq sazişinin 1.2-ci bəndi ilə birgə nigahdan dünyaya gəlmiş övladları xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin himayəsinə verilməsi, 1.3-cü bəndi ilə onun birgə nigahdan dünyaya gəlmiş övladlarının xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün cavabdehə alimenti işlədiyi zaman ödəməsi razılaşdırılmışdır. Lakin Barışıq sazişinin imzalanmasından sonra cavabdehin ümumi övladları Raula, Ruada və Suada qaşı aqressiv davranışları, onlara fiziki şiddət göstərməyi, birgə nigah dövründə qazanılmış əmlakları ələ keçirmək üçün onlardan bir sipər kimi istifadə etməyə çalışması və sair bu kimi hallar onda azyaşlı uşaqlarının cavabdehin himayəsinə verilməsi ilə bağlı razılığın bir səhv olduğu qənaətini yaratmışdır. Odur ki, hesab edir ki Barışıq sazişinin 1.2 və 1.3 cü bəndləri ləğv edilməli, həmin bəndlərdə nəzərdə tutulan məsələlər qanunvericiliklə müəyyən edimiş qaydada müvafiq icra hakimiyyəti orqanın iştirakı ilə məhkəmə qaydasında həll edilməlidir. xx.xx.2024-cü il tarixdə cavabdehə yazılı təklif göndərərək xx.xx.2023-cü il tarixdə Bakı 9 saylı Mediasiya təşkilatında bağladıqları Barışıq sazişinin 1.2 və 1.3-cü bəndlərinin ləğv edilib həmin bəndlərdə nəzərdə tutulan məsələlərin yenidən müzakirə edilməsini təklif etmişdir. Lakin cavabdeh təklifin göndərildiyi məktubu qəbul etməkdən imtina etmişdir. Xəzər rayon məhkəməsinin 2(003) 1434/2004 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Səadət sarayında (Bakı nigah evində) xx.xx.2014-cü il tarixdə nigahın bağlanması haqqında akt qeydləri kitabında 62 nömrə ilə qeydə alınmış nigahın pozulması qət edilmişdir. Xəzər rayon məhkəməsinin 2(003)- 1434/2004 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən tərəfindən apellyasiya şikayəti verilmişdir. Xəzər rayon məhkəməsinin 2(003) 2066/2004 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında mediasiya prosesi nəticəsində bağlanmış MŞB/9/2023-02001 saylı xx.xx.2023-cü il tarixli Barışıq sazişinin 1.2 və 1.3-cü bəndləri təsdiq edilmiş, xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X7, xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh himayəsinə verilməsi, maraqlı şəxs İddiaçı xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh alimenti işlədiyi zaman ödəməsi qət edilmişdir. Xəzər rayon məhkəməsinin 2(003)-2066/2004 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2002/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini nəzərə alıb belə qənaətə gəlmişdir ki, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X9, xx.xx.2020-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X5 anası Cavabdeh himayəsində saxlanılması uşaqların mənafeləri baxımından daha məqsədəuyğun olardı. Belə ki, məhkəmə qeyd etmişdir ki, uşaqların yaşı hazırda onların ana qayğısına ən çox ehtiyacı olan dövrlərindəndir. Həmçinin cavabdehin uşaqların tərbiyəsi ilə yaxından maraqlanmaması, habelə uşaqların inkişafına və tərbiyəsinə mənfi təsir göstərməsi yaxud göstərə bilməsi ehtimalı məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Hazırki durumda uşaqların anadan alınıb atasına verilməsinə hər hansı əsaslar mövcud deyildir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, tərəflərin xx.xx.2023-cü il tarixdə Bakı 9 saylı Mediasiya təşkilatında bağladığı Barışıq sazişinin 1.2 və 1.3-cü bəndlərinin ləğv edilməsinə və birgə nikahdan anadan olan uşaqların cavabdehdən alınıb iddiaçıya verilməsinə hazırda heç bir əsas yoxdur. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mülki işə baxılmasında iddiaçı tərəfin iştirakını təmin etməməklə, işə teztələsik baxmaqla, cavabdehin uşaqlarla hər hansı bioloji bağlılığının olub-olmadığının müəyyən edilməsi üçün məhkəmə genetik ekspertizası təyin etməməklə və mülki işə birtərəfli, qərəzli, qeyri-obyektiv, natamam baxıb yekunlaşdırmaqla, iddiaçının, o cümlədən üç azyaşlı uşağın qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını pozmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsi uşaqların analarının (cavabdehin) himayəsində saxlanmasını uşaqların mənafeləri baxımından məqsədəuyğun hesab etmiş, lakin bu zaman uşaqların surroqat anadan doğulduqlarını, həkimlərin rəyinə görə cavabdehin heç vaxt ana ola bilməməsini, bu səbəbdən onun azyaşlı uşaqları ilə cavabdehin heç bir bioloji bağının olmamasını, bunun müəyyən edilməsi üçün isə məhkəmə genetik ekspertizasının təyin edilməsinin zəruriliyi ilə bağlı iddiaçının dəlillərini görməzdən gəlmiş, cavabdehin həqiqətən də uşaqlarla bioloji bağının olub-olmadığı kimi iş üzrə mühüm əhəmiyyət kəsb edən bu halı, bununla bağlı uşaqların doğulduqları və buna qədər embrionun implantasiyası tarixlərində cavabdehin uşaqların doğulduqları ölkədə olub-olmadığını aydınlaşdırmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası: 3.1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. 12.1. İştirakçı dövlətlər öz baxışlarını formalaşdırmağa qadir olan uşağı özünə aid bütün məsələlər barəsində həmin baxışları sərbəst ifadə etmək hüququ ilə təmin edirlər, həm də uşağın baxışlarına onun yaşına və yetkinliyinə uyğun lazımi diqqət yetirilir. 12.2. Bu məqsədlə uşağa ona toxunan hər hansı məhkəmə araşdırmasının və ya inzibati araşdırmanın gedişində ya bilavasitə, ya da nümayəndə və ya müvafiq orqan vasitəsilə, milli qanunvericiliyin prosessual normalarında nəzərdə tutulan qaydada dinlənilmək imkanı verilir. BMT Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli, 1386 saylı qətnaməsi ilə elan edilmiş “Uşaq hüquqları” Bəyannaməsinin 6-cı prinsipi: Uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. Azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Mülki Məcəllə: 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər. Ailə Məcəllə: 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.
52. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 59.1. Valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.2 Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 63.1. Valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. 63.2. Belə tələblərə baxdıqda məhkəmə uşağın valideynlərə verilməsinin uşağın marağına zidd olduğunu müəyyən edərsə, uşağın arzusuna əsasən valideynlərin iddiasını rədd edə bilər. 73.1. Uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. 73.2. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu:
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
17. Uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır.
19. Valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.
25. Hər bir uşağın istirahət və asudə vaxtdan istifadə etmək hüququ vardır. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanları uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı: 7.1-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı, onun fikri uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı, valideynlərin mənəvi sair şəxsi keyfiyyətləri, valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər, uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla), ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi:
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixdə Bakı 9 saylı Mediasiya təşkilatında tərəflər arasında bağlanmış Barışıq sazişinin 1.2-ci bəndi ilə birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin himayəsinə verilməsi, 1.3-cü bəndi ilə iddiaçının birgə nigahdan dünyaya gəlmiş övladlar xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün cavabdehə alimenti işlədiyi zaman ödəməsi razılaşdırılmışdır. Xəzər rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(003)-2066/2024 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 1.2 və 1.3-cü bəndlərinin təsdiq edilməsi, xx.xx.2018-ci il təvəllüdlü X9, xx.xx.2020-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh himayəsinə verilməsi, maraqlı şəxs İddiaçı xx.xx.2018-ci il təvəllüdlü X9, xx.xx.2020-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh alimenti işlədiyi zaman ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Xəzər rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(003)-1434/2024 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 yanvar 2014-cü il tarixli nikah pozulmuşdur. İş materiallarından müəyyən olunur ki, cavabdehlə xx.xx.2023-cü il tarixdə Bakı 9 saylı Mediasyia təşkilatında bağladığı Barışıq sazişinin 1.2 və 1.3-cü bəndlərinin ləğv edilməsinə (qüvvədən düşmüş hesab edilməsinə), cavabdehlə birgə nigahdan dünyaya gəlmiş övladları xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X5 cavabdehdən alınaraq yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün onun himayəsinə verilməsini iddia etmişdir. Cavabdeh isə iddiaya etiraz etmiş və əsası kimi özü və uşaqlarının dəfələrlə iddiaçı tərəfindən şiddətə məruz qalmalarını göstərmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən, uşaqların valideynlərindən hansının yanında qalacağının müəyyən edilməsi məqsədilə mülki iş rəy verilməsi üçün Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmişdir. Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyində, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X9, xx.xx.2020-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X5 anası X3 yanında qalmasının məqsədəuyğun hesab etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, nəzərə alınmalıdır ki, cavabdehin müraciətləri əsasında xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Səbail rayon İcra Hakimiyyəti başçısının aparatı “Məişət zorakılığı haqqında iş üzrə” qərara əsasən ona 30 günlük mühafizə orderi də verilmişdir (i.v.110-111). Bu hal da cavabdeh və uşaqlarının dəfələrlə iddiaçı tərəfindən şiddətə məruz qalmalarını birbaşa təsdiq edir. Məhkəmə kollegiyası həmçinin tərəflərin təqdim etdiyi şəkillərə də qiymət verərək orada uşaqların üzərində şiddət və zorakılıq əlamətlərinin olmasının müşahidə edilməsini qeyd edir və ilk növbədə hesab edir ki, tərəflər ayrılıqda təqdim etdikləri şəkillərdə olan uşaqlardakı zorakılıq əlamətlərində bir-birilərini günahlandırsalar də, bu hallar qətiyyən yol verilməzdir. Kollegiyanın qənaətinə görə tərəflər arasında ailə məişət zəminində mübahisənin olması onların özlərinə aid olmaqla uşaqların bu mübahisələrə qatılması da arzuedilən deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və tərəflərin birgə nikahından olan uşaqların yaşayış yerinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə qanunvericiliyinin yuxarıda sadalanan normaları baxımından kollegiya hesab edir ki, bu cür mübahisələr ilk növbədə uşaqların hüquq və mənafelərinə uyğun həll edilməli, azyaşlı uşaqlar valideynlər arasında yaranmış mübahisə və ədavətin qurbanına çevrilməməlidir. Bu baxımdan uşaqların hansı valideynə verilməsi məsələsinə baxılarkən onların hansı valideynlə qalmasının gələcək inkişafına, tərbiyəsinə necə təsir göstərəcəyi, onların uşaqlara münasibəti, eləcə də uşaqların yaşı və valideynə şəxsi bağlılığı nəzərə alınmalıdır. Qanunun mənasına görə, bu cür mübahisələrin həlli zamanı ciddi əsaslandırılmış səbəblər mövcud olmadan uşaqların anasından ayrılmasına yol verilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə görə uşaqların tərbiyəsi və təhsili ilə bağlı bütün məsələlər valideynlərin birgə razılığı ilə həll edilir. Bu, valideynlərin uşaqları ilə bağlı hüquq və vəzifələrinin bərabərliyi prinsipindən irəli gəlir. Bu məsələlər uşaqların mənafeləri nəzərə alınmaqla həll edilir. Bundan başqa, valideynlər ayrı yaşadıqda, uşaqların kiminlə yaşaması onların razılaşması ilə həll edilir. Belə razılaşma olmadıqda isə mübahisəni onlardan birinin tələbi ilə məhkəmə həll edir. Uşaqların yaşayış yeri məsələsini məhkəmə həm valideynlərin nikahda olduqları vaxtda, həm də nikah pozularkən və ya nikah pozulduqdan sonra həll edə bilər. Uşaqların valideynlərdən hansının yanında qalması məsələsini həll edərkən, məhkəmə ilk növbədə valideynlərin hüquq və vəzifələrinin bərəbərliyini gözləməli və uşaqların üstün mənafelərindən və istəklərindən çıxış etməlidir. Digər tərəfdən, qanunverciliyə görə məhkəmə, uşaqların valideynlərdən hansının yanında qalması barədə qərar qəbul edərkən, uşaqların ataya, anaya, qardaşlarına, bacılarına bağlılığını; uşaqların yaşını; valideynlərin mənəvi, şəxsi, əxlaqi keyfiyyətlərini; habelə ata və ya ana ilə uşaqların qarşılıqlı münasibətlərini; uşağın tərbiyyəsi və inkişafı üçün şərait yaradılması imkanlarını (valideynlərin fəaliyyət növünü; iş rejimini; maddi və ailə vəziyyətlərini; valideynlərin sağlamlıq durumunu); habelə valideynləri yaşayış və iş yeri üzrə xarakterizə edən başqa halları nəzərə almalıdırlar. Birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyində, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X9, xx.xx.2020-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X5 anası Cavabdeh yanında qalmasının məqsədəuyğun hesab etmişdir. Rəydə eyni zamanda qeyd edilmişdir ki, Cavabdeh övladlarının atalarının yanında olduqları zaman qarşılarında nalayiq hərəkətlərə yol verməklə uşaqların psixologiyasına mənfi təsir edildiyini, uşaqların dəfələrlə döyüldüyünü, onlara tibbi iynə sancıldığını, özünün barmaqlarının sındırıldığını bildirərək, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133-cü maddəsi ilə hüquq mühafizə orqanları tərəfindən istintaqa cəlb olunduğunu əlavə etmişdir. Göründüyü kimi tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X9, xx.xx.2020-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X5 anası Cavabdeh himayəsində saxlanılması uşaqların mənafeləri baxımından daha məqsədəuyğun olması müəyyən edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, uşaqların yaşı hazırda onların ana qayğısına ən çox ehtiyacı olan dövrlərindəndir, həmçinin cavabdehin uşaqların tərbiyəsi ilə yaxından maraqlanmaması, habelə uşaqların inkişafına və tərbiyəsinə mənfi təsir göstərməsi yaxud göstərə bilməsi ehtimalı məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Hazırki durumda uşaqların anadan alınıb atasına verilməsinə hər hansı əsaslar mövcud deyildir. Bununla da tərəflərin xx.xx.2023-cü il tarixdə Bakı 9 saylı Mediasiya təşkilatında bağladığı Barışıq sazişinin 1.2 və 1.3-cü bəndlərinin ləğv edilməsinə və birgə nikahdan anadan olan uşaqların cavabdehdən alınıb iddiaçıya verilməsinə hazırda heç bir əsas yoxdur. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, hazırkı mübahisəyə baxılarkən ilk növbədə BMT Baş Məclisinin xx.xx.1959-cu il tarixli, 1386 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Bəyannamənin 6-cı prinsipi nəzərə alınmalı, iş üzrə tərəflərin dəlilləri və işin müəyyən edilmiş halları məhz bu prinsip baxımından qiymətləndirilməlidir. Həmin prinsipə görə azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür: ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsidir. Hazırki işin hallarından uşaqların ananın himayəsində saxlanılması məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə ana doğma olan azyaşlı uşaqlarını öz himayəsinə almaq istəyir, ananın bu istəyinin həqiqiliyi şəksizdir. Azyaşlı uşaqların ananın himayəsinə verilməsinə mane olan hər-hansı hal (ananın sağlamlıq durumu, pis vərdişlərinin olması, keçici xəstəliyin daşıyıcısı olması, uşaqlara münasibətdə pis rəftarı və sair) mövcud deyildir. İddiaçı Barışıq sazişinin 1.2 və 1.3- cü bəndlərinin ləğv edilməli olmasının əsası kimi cavabdehin uşaqlara qarşı aqressiv davranışları, onlara fiziki şiddət göstərməsi, birgə nigah dövründə qazanılmış əmlakları ələ keçirmək üçün onlardan bir sipər kimi istifadə etməyə çalışması və sair bu kimi hallar onun azyaşlı uşaqlarının cavabdehin himayəsinə verilməsi ilə bağlı gəldikləri razılığın bir səhv olduğu qənaətini yaratması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, tələbdə cavabdehlə xx.xx.2023-cü il tarixdə Bakı 9 saylı Mediasiya təşkilatında bağladığı Barışıq sazişinin 1.2 və 1.3-cü bəndlərinin ləğv edilməsini (qüvvədən düşmüş hesab edilməsini) göstərsə də, məhkəmə kollegiyası həm cavabdehin uşaqlara qaşı aqressiv davranışları, onlara fiziki şiddət göstərməyi, birgə nigah dövründə qazanılmış əmlakları ələ keçirmək üçün onlardan bir sipər kimi istifadə etməyə çalışması və sair bu kimi hallar həm öz təsdiqini tapmadığı üçün, həm də iddiaçının Barışıq sazişinin qanuniliyini məhkəmə qaydasında mübahisələndirməsinə dair iddiasının əsassız olmasını təsdiq edən qanuni qüvvəsini almış məhkəmə aktları mövcud olduğundan tələbinin bu hissəsi üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və eyni zamanda hesab edir ki, tərəflərin xx.xx.2023-cü il tarixdə Bakı 9 saylı Mediasiya təşkilatında bağladığı Barışıq sazişinin 1.2 və 1.3-cü bəndlərinin ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz və hazırkı iş üzrə cavabdehə münasibətdə sadalanan müstəsna halların hər-hansı birinin mövcudluğunun müəyyən edilmədiyi, eləcə də uşaqların ana nəvazişinə və qayğısına ehtiyacının olması, uşaqların normal inkişafı baxımından yolverilməzliyini, uşaqların azyaşlı olduğundan onların ana qayğısına, nəvazişinə ehtiyacları olmasını, eyni zamanda uşaqların hər üçünün bir valideyn yanında qalması onların inkişafına müsbət təsir göstərəcəyini nəzərə almaqla tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X9, xx.xx.2020-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X5 anadan alınıb atasına verilməsinə hər hansı əsaslar mövcud deyildir. Digər tərəfdən apelyator şikayətində uşaqların surroqat anadan doğulduqlarını, iddiaçının - həkimlərin rəyinə görə cavabdehin heç vaxt ana ola bilməməsini, bu səbəbdən onun azyaşlı uşaqları ilə cavabdehin heç bir bioloji bağının olmamasını vurğulasa da, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin uşaqların bioloji anaları olmaması müəyyən edildiyi halda belə iddia tələbi təmin edilə bilməz, Belə ki, əvvəla uşaqlar doğulduqları vaxtdan Cavabdeh himayəsində olmuşlar və hazırki vaxta qədər uşaqlarla Cavabdeh arasında olan bağlılıq eləcə də uşaqların sonuncudan alınaraq iddiaçının himayəsinə verilməsi üçün əsaslar olmamışdır. Bu baxımından məhkəmə genetik ekspertizası təyin edilməsinə zərurət yox idi. Həmçinin birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinin əsassız olması eləcə də ziddiyyətli olması müəyyən edilməmişdir. Bundan əlavə, iş materiallarında olan göstərilən rəyi şübhə altına alan əsaslar da müəyyən edilməmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətində göstərilənlər iddia tələbində əks edilməmişdir. Apellyator tələbində barışıq sazişinin imzalanmasından sonra cavabdehin ümumi övladları Raula, Ruada və Suada qaşı aqressiv davranışları, onlara fiziki şiddət göstərməyi, birgə nigah dövründə qazanılmış əmlakları ələ keçirmək üçün onlardan bir sipər kimi istifadə etməyə çalışması və sair bu kimi hallar onda azyaşlı uşaqların cavabdehin himayəsinə verilməsi ilə bağlı gəldikləri razılığın bir səhv olduğu qənaətini yaratmasını qeyd etsə də, apellyasiya şikayətində bu hallara deyil, digər əsasla yeni tələblərə istinad etmişdir. Buna görə şikayətin bu dəlilləri mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin ləğvi üçün əsas olmadığından şikayət üzrə verilmiş ekspertiza ilə bağlı vəsatət də əsassız sayılmışdır. Bundan başqa iddiaçı tərəfin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə gəlincə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasları barədə bildirişlər kağız daşıyıcıda, eləcə də sms formasında iddiaçı tərəfə göndərilmişdir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, iddiaçı tərəf məhkəmə iclaslarında iştirak etmişdir. Bu əsasdan kollegiya məhkəmə araşdırmasının tərəflərin çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla öz təsdiqini tapmamışdır. Birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2002/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə