Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1845/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, İddiaçı1, iddiaçıların nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh2 MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 ilə Cavabdeh2 firması arasında 11.3.1 nömrəli obyektə görə imzalanmış 31 may 2012-ci il tarixli 551 saylı və 15.2.102 nömrəli obyektə görə (07.02.2008) imzalanmış nömrəsiz və tarixsiz Müqavilələrin ləğv edilməsi, müqavilə üzrə və müqavilədən kənar xərclər üzrə ödənilmiş 68.720 manat pulun cavabdehlərdən müştərək qaydada İddiaçı2 xeyrinə tutulması, əldən çıxmış faydaya görə 120.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada İddiaçı2 xeyrinə tutulması, müqavilə üzrə və digər xərclər adı altında ödənilmiş 68.720 manat məbləğində pulun illik 5%-olan (10 il x 3.436) 34360,00 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada İddiaçı2 xeyrinə tutulması, işin aparılması ilə bağlı İddiaçı1 tərəfindən çəkilmiş xərclərə görə 50.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada İddiaçı1 xeyrinə tutulması, mənəvi ziyana görə 100000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada İddiaçı1 xeyrinə tutulması və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını, Cavabdeh1 əməlində cinayət tərkibinin əlamətləri olduğundan onun barəsində xüsusi qərardad çıxarılmaqla prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsini xahiş etmişlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Mirzəyev, iş № 2(007)-2216/18) iddia qismən təmin edilərək, Cavabdeh2 MMC ilə İddiaçı2 arasında bağlanmış 551 saylı, 31 may 2012-ci il tarixli və 07 fevral 2008-ci il tarixli müqavilələrin ləğv edilməsi və Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada 3000 manat məbləğində pulun iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması qət olunmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, qətnamənin qismən – iddianın təmin olunmamış hissəsində ləğv edilməsini və iddianın tam təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.02.2019-cu il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov-sədrlik edən və məruzəçi, X.Sarıyev və E.Şamayev, iş №2(103)-1803/19) iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10.06.2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.Nurməmmədov-sədrlik edən və məruzəçi, M.Əhmədova və Ə.Rüstəmov, iş № 2(102)-3931/21) iddiaçıların kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.02.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.03.2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski-sədrlik edən və məruzəçi, Z.Əliyev və R.Eyvazov, iş №2(103)- 370/20) apellyasiya şikayəti qismən təmin edilərək, Nizami Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək - müqavilə üzrə və müqavilədən kənar xərclər üçün ödənilmiş 68720 manat və əldən çıxmış faydaya görə 103787,50 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı2 verilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15.10.2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Xələfov-sədrlik edən və məruzəçi, G.Quliyev və V.Həsənov, iş № 2(102)- 4823/20) cavabdehin kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, iddiaçıların kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.05.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Şirinov-sədrlik edən və məruzəçi, A.İmanov, V.Sadıqov, iş №2(103)-2770/21) iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07.12.2021-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əhmədov-sədrlik edən və məruzəçi, İ.Şəfiyev və K.Bədəlov, iş № 2(102)-5063/21) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli qətnaməsi qismən - cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada müqavilə üzrə və müqavilədən kənar xərclər üçün ödənilmiş 68.720 manat pul tələbinin rədd edilməsi hissəsində ləğv olunmuş, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, qətnamə mübahisələndirilən qalan hissədə kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 (iddiaçıların ailə üzvü) Səbail RİH tərəfindən verilmiş 600 kv.m torpaq sahəsinin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh2 firmasının Qaradağ rayonu ərazisində inşa etdiyi “Binə” TM-dən 07 fevral 2008-ci il tarixdə İddiaçı2 adına 11 və 15-ci sıralarda yerləşən, sahələri müvafiq olaraq 50 kv.m. və 34 kv.m olan iki obyekt alınmışdır. Obyektlərin əldə edilməsi üçün tələb olunan bütün ödənişlər, hətta təmir pulu da əvvəlcədən, yəni yerlər hazır olmadan ödənilmişdir. Tərəflər arasında imzalanmış müqavilələr üzrə İddiaçı2 müqavilə öhdəliyini lazımi qaydada və vaxtında icra edərək müqavilə şərtlərinə, hətta müqavilədə göstərilməyən lakin cavabdehlər və onların səlahiyyətli nümayəndələri tərəfindən əlavə olunan şərtlərə əməl etmiş, lakin digər tərəf vicdanlılığın tələb etdiyi tərzdə davranmayaraq müqavilə öhdəliyini yerinə yetirməmiş, 10 ildən çox müddət keçməsinə baxmayaraq, obyektləri təhvil verməmişdir. Sonuncu dəfə 28 avqust 2014-cü il tarixdə (hər iki iddiaçı) məlum tələblərlə, firmanın rəhbəri, hazırki iş üzrə Cavabdeh1 yanında olanda sonuncu «sizə veriləsi nə yerim, nə də pulum yoxdur, gedib sübut edin ki, mənə pul vermisiniz” demişdir. 02 sentyabr 2014-cü il tarixdə yazılı müraciətlə etdiyi dələduzluq əməllərini ona xatırlatmaqla, müqavilələrə birtərəfli qaydada xitam verərək icrasının dayandırıldığı nəzərinə çatdırılmış, ondan müvafiq hərəkətlər etməsi və nəticəsi barədə rəsmi cavab göndərməsi xahiş olunmuş, lakin bu günə qədər heç bir addım atılmamışdır. 31 oktyabr 2014-cü il tarixdən başlayaraq bu barədə DİN-nə, Baş Prokurorluğa, eləcə də digər aidiyyəti dövlət orqanlarına edilmiş çoxsaylı şikayətlər də bir nəticə verməmiş, cavabdehin iqtisadi gücü, hüquq-mühafizə orqanlarında olan mövqeyi obyektiv və ədalətli araşdırmanın aparılmasını mümkünsüz etmiş, bütün araşdırmalar natamam aparılmış, Cavabdeh1 və bu işdə məsul olan digər şəxslərin izahatlarının alınması belə mümkün olmamış, nəticədə həmin araşdırma ilə bağlı mahiyyəti üzrə qərar qəbul edilməmişdir. Cavabdehlər obyektləri təhvil vermir və pulları da geri qaytarmır, bu əsasla hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 421, 423, 442, 443, 449-cu maddələrinə istinad etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar apellyasiya şikayətində qətnamənin qismən – iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişlər. Şikayət iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən protokollaşdırma və qətnamənin əsaslandırılması qanunvericiliyin tələblərinə uyğun aparılmamış, iddiaçı tərəfin qanuni və əsaslı vəsatətləri təmin edilməmişdir. Şahidin ifadəsi təhrif edilməklə yanlış formada əks etdirilmişdir. Cavabdehlər heç vaxt iddiaçılar tərəfindən aldığı obyektlərə görə pul ödənmədiyini iddia etməmiş və yaxud buna dair hər hansı sübut təqdim etməmişlər. Təhqiqat araşdırması zamanı MMC-nin direktoru iddiaçılar tərəfindən 13250 manat pul verildiyini bildirmiş, 68720 manat pulun əsassız olduğunu qeyd etmişdir. Mübahisəli obyektlərin iddiaçılara təhvil verildiyi müəyyən olunmur və həmin obyektlərə görə ödənilmiş vəsaitin cavabdehlərdə saxlanması üçün qanuni əsaslar mövcud olmamışdır. İddiaçılara satılmış obyektlərə görə pulun həmin obyektlərin əvvəlki sahiblərinə verilmsi cavabdehləri məsuliyyətdən azad etmir. Nəzərə almaq lazımdır ki, həmin obyektlərin əvvəlki sahibləri obyektlərin dəyərini ödəmiş, üstəlik obyektlərin İddiaçı2 adına rəsmiləşdirilməsi Cavabdeh1 razılığı ilə olmuş və bunun üçün əlavə pul ödənilmişdir. Təsisçinin razılığı və yeni müqavilələrin imzalanması cavabdehlər üçün obyektlərin iddiaçılara təhvil verilməsindən ibarət olan öhdəlik yaratmışdır. Ona görə də obyektlərin təhvil verilməməsi cavabdehləri iddiaçılara dəymiş ziyana görə cavabdehlik daşımaqdan azad etmir. İddianı 3000 manat məbləğində aid hissədə etiraf edən cavabdeh dolayısı ilə iddiaçının bütün tələblərini etiraf etmiş, xüsusilə də iddiaçılara satılmış obyektin onlara təhvil verilməməsi faktını təsdiq etmişdir. İddiaçı1, onun və eləcə də digər iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi (vəkili) F.Ələkbərzadə apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi sonuncu qərarında apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən - cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada müqavilə üzrə və müqavilədən kənar xərclər üçün ödənilmiş 68.720 manat pul tələbinin rədd olunan hissəsində ləğv etmiş, işi həmin hissədə yeni apellyasiya baxışına göndərmişdir. Ona görə hazırkı apellyasiya baxışının predmeti yalnız iddianın 68.720 manat pul tələbinin rədd edilən hissəsidir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi qismən - cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada müqavilə üzrə və müqavilədən kənar xərclər üçün ödənilmiş 68.720 manat pul tələbinin rədd edilən hissəsində ləğv olunmalı və həmin hissədə iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, İddiaçı2 ilə Cavabdeh2 MMC arasında 11.3.1 nömrəli obyektə görə imzalanmış 31 may 2012-ci il tarixli, 551 saylı və 15.2.102 nömrəli obyektə görə imzalanmış nömrəsiz və tarixsiz (07 fevral 2008-ci il) müqavilələrin şərtlərinə görə, icarə obyektini bu müqavilələrdə müəyyən olunmuş şərtlərlə və qaydada icarəçinin istifadəsinə və sahibliyinə vermək; icarə obyektini üçüncü şəxslərin hüquq və tələblərindən azad, istifadəyə tam yararlı vəziyyətdə icarəçiyə təhvil vermək; müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək bilavasitə icarəyə verənin vəzifəsi kimi nəzərdə tutulmuşdur. İddiaçılar müqavilə öhdəliklərinin cavabdehlər tərəfindən yerinə yetirilmədiyini əsas gətirərək hazırkı iş üzrə iddianı qaldırmışlar. Birinci instansiya məhkəməsi iddiaçıların X2 vasitəsilə Ticarət Mərkəzindəki 11-3-1 saylı obyekti 31 may 2012-ci ildə icarəyə götürdüyünü, həmin obyekt üçün Ticarət Mərkəzinə 3.000 manat (qapı və açar pulu) pul ödədiyini, lakin, iddiaçıların sözügedən obyekt üçün Qəmbər Həsənova 38.000 manat pul ödəmələrinin və həmin məbləğin bilavasitə cavabdehlərə çatdırılmasının mülki iş materialları ilə təsdiq olunmadığı qənaətinə gəlmiş və elə bu əsasla da iddianı qismən təmin etmiş, cavabdehlərdən müştərək qaydada 3000 manat məbləğində pulun iddiaçıların xeyrinə xeyrinə tutulmasını qət etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların şikayəti əsasında sonuncu dəfə işə baxarkən birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirilmədən saxlamış, cavabdehlər ticarət obyektlərinin istifadəyə verildiyini sübut etdiklərinə, həmçinin iddiaçılar müqavilədən kənar ödənişlər və xərclərin cavabdeh tərəfindən alındığını sübuta yetirə bilmədiklərinə görə həmin hissələrdə iddia tələbini qanunsuz və əsassız saymışdır. Ali Məhkəmənin Mülki Kollegiyası sonuncu qərarında apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq həmin qətnaməni cavabdehlərdən müştərək qaydada müqavilə üzrə və müqavilədən kənar xərclər üçün ödənilmiş 68.720 manat pul tələbinin rədd edilən hissəsində ləğv etmiş və işi yeni apellyasiya baxışına qaytarmışdır. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan göstərişlər əsasən aşağıdakılardan ibarətdir: - apellyasiya instansiyası məhkəməsi, qətnamənin nəticə hissəsində yanlışlığa yol verib. Belə ki, qətnamənin giriş, təsviri və əsaslandırıcı hissələrində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxdığı halda, qətnamənin nəticə hissəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanıldığını qeyd edib. - birinci instansiya məhkəməsinin qətnaməsi ilə tərəflər arasında bağlanmış icarə müqavilələri ləğv edildiyi və cavabdehlərdən iddiaçıların xeyrinə 3.000 manat pul tutulduğu halda, apellyasiya instansiyası məhkəməsi cavabdehlərin sözügedən icarə müqavilələri üzrə ticarət obyektlərini iddiaçıların istifadəsinə verdiklərini sübuta yetirdikləri üçün real zərərin onlardan tutulmasının qanunsuz və əsassız olduğunu qeyd etməklə açıq-aşkar ziddiyyətli nəticəyə gəlib və müqavilələrin ləğv edilməsinə bilavasitə cavabdehlərin onları əhəmiyyətli dərəcədə pozmasının əsas verməsini nəzərə almayıb. - Apellyasiya instansiyası məhkəməsi, sözügedən icarə müqavilələrinin məhz iddiaçıların tələbinə əsasən ləğv edilməsini nəzərə almayıb və tərəflər arasında bağlanmış icarə müqavilələrinin şərtlərini Mülki Məcəllənin 404.1, 404.2-ci maddələrin tələbləri baxımından düzgün təfsir etməyib - icarə müqavilələrinin şərtlərini təfsir edərkən, yalnız cavabdehlərin formal mülahizələrinə əsaslanıb və həmin icarə müqavilələri bağlananadək və ondan sonra tərəflərin iradə ifadələrinin həqiqi mənasını, o cümlədən bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almayıb. - işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını iş üzrə toplanmış digər sübutlarla, o cümlədən cavabdehlərin istintaq orqanında verdikləri izahatları ilə yanaşı yoxlayıb qiymətləndirmədən, iddiaçıların müqavilə üzrə və müqavilədən kənar xərclər üçün ödədiklərini iddia etdikləri 68.720 manat pul vəsaitinin tərkibini dəqiqləşdirmədən, “açar” və “qapı” pulu anlayışlarına aydınlıq gətirmədən, İddiaçı2 müqavilə üzrə cavabdehlərə yalnız 3.000 manat deyil, əlavə olaraq 06 dekabr 2007-c il tarixli kassa mədaxil orderinə əsasən 13.250 manat ödəniş etməsini və cavabdehlərin həmin məbləği etiraf etmələrini nəzərə almadan, “Binə” Ticarət Mərkəzində müqavilədən kənar qaydada ödənişlərin alınmasının hamıya məlum olan hal olmasına, iki ticarət obyektinə görə icarəçidən “açar”, “qapı” pulu adı altında bütövlükdə 3.000 manat pulun alınmasının açıq-aşkar inandırıcı, ağlabatan görünməməsinə əhəmiyyət vermədən, yalnız cavabdehlərin həqiqətdən uzaq mülahizələrinə əsaslanaraq, birinci instansiya məhkəməsinin qətnaməsini qeyd olunan hissədə də dəyişdirilmədən saxlamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda qeyd olunduğu kimi, hazırkı apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız cavabdehlərdən müştərək qaydada müqavilə üzrə və müqavilədən kənar xərclər üçün ödənilmiş 68.720 manat pul tələbinin rədd olunan hissəsi təşkil edir və bu baxımdan məhkəmə kollegiyası yalnız həmin hissədə qətnamənin əsaslı olub-olmadığını yoxlamaq səlahiyyətindədir. 68.720 manat pul tələbinin 3000 manat hissəsi birinci instansiya məhkəməsi tərəfindən təmin olunduğundan və qətnamə həmin hissədə apellyasiya qaydasında mübahisələndirilmədiyindən hazırkı apellyasiya baxışının predmetini 65720 manat pul tələbi təşkil edir. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini həmin hissədə qismən əsaslı sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421.2). Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 424.5). Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda ləğv edilə bilər. Əhəmiyyətli pozuntu dedikdə tərəflərdən birinin digər tərəfə vurduğu zərər nəticəsində onun müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması nəzərdə tutulur. Şərh olunan maddələrin vacib müddəalarından biri də ondan ibarətdir ki, Mülki Məcəllədə və ya tərəflərin razılaşmasında başqa qayda nəzərdə tutulmadığı halda tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Qanunun bu müddəası hər şeydən əvvəl müqavilə intizamını möhkəmlətməyə və tərəflərin müqavilə münasibətlərinə daxil olarkən məsuliyyət hisslərinin artırılmasına yönəlib. Lakin, nəzərə alınmalıdır ki, bu norma müqavilə tərəflərdən heç birinin təqsiri olmadan dəyişdirildikdə və ya ləğv edildikdə tətbiq olunur. Müqavilənin dəyişdirilməsinə və ya ləğvinə tərəflərdən birinin onu əhəmiyyətli dərəcədə pozması əsas vermişsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğvi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Yəni, Mülki Məcəllənin 675, 676.0.1, 700.1, 704.2-ci maddələrinə əsasən, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə vermədikdə; kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmadıqda və sair hallarda kirayəçi müqavilənin ləğv edilməsi ilə yanaşı, ona dəyən zərərin əvəzinin ödənilməsini də tələb edə bilər. Yuxarıda qeyd edilən normaların mənasından çıxış edərək Kollegiya qeyd edir ki, sözügedən icarə müqavilələri məhz iddiaçıların tələbinə əsasən ləğv edilə bilər. Tərəflər arasında sözügedən icarə müqavilələri bağlanarkən təbii ki, iddiaçıların məqsədi ticarətlə məşğul olub qazanc əldə etmək olub. Yaranmış vəziyyətdə iddiaçılar icarəyə götürdükləri obyektlərdən qazanc əldə edə bilməyiblər, həmçinin həmin obyektlərin icarəyə götürülməsi ilə bağlı qabaqcadan cavabdehlərə müqavilə üzrə və müqavilədən kənar ödədikləri vəsaitdən məhrum olublar. İş materialları ilə təsdiq olunur ki, icarə müqavilələri bilavasitə cavabdeh tərəfin onları əhəmiyyətli dərəcədə pozması nəticəsində ləğv olunub. Sözügedən müqavilələr üzrə ticarət obyektlərinin icarə obyektini bu Müqavilələrdə müəyyən olunmuş şərtlərlə və qaydada iddiaçıların istifadəsinə və sahibliyinə vermək, icarə obyektlərini üçüncü şəxslərin hüquq və tələblərindən azad, istifadəyə tam yararlı vəziyyətdə iddiaçılara təhvil vermək, müqavilə ilə üzərilərinə götürdükləri vəzifələri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək vəzifəsinin bilavasitə cavabdehlərin üzərinə düşür. Yəni, obyektləri iddiaçılara təhvil vermələrini ilk növbədə cavabdehlər sübuta yetirməlidir. Tərəflər arasında bağlanmış icarə müqavilələrinin 1.5-ci bəndin də göstərilir ki, icarə obyektlərinin “icarəçiyə” təhvil verilməsi hər iki tərəfin imzaladıqları təhvil-təslim aktına əsasən həyata keçirilir. Cavabdehlər icarə obyektlərini iddiaçılara təhvil verdiklərini göstərib iddiaya etiraz etsələr də, müqavilələrin şərtlərinə uyğun olaraq hər iki tərəfin imzaladıqları təhvil-təslim aktlarını nə birinci, nə də apellyasiya instansiyası məhkəmələrinə təqdim etməyiblər. Belə olan halda Kollegiya hesab edir ki, ticarət obyektlərinin təhvil-təslim verilməsi hər iki tərəfin imzaladıqları aktla təsdiq edilməli olduğundun, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, işin bu halı başqa sübutlarla, yəni cavabdehlərin formal mülahizələri ilə təsdiq oluna bilməz. Əksinə, iddiaçıların fərdi sahibkar kimi vergi ödəyicisi olmamaları, sığorta ödənişlərinə cəlb edilməmələri və sair işin halları cavabdehlərin etirazının əsassız olması nəticəsinə gəlməyə əsas verir. Bundan başqa, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin “Cinayət işin başlanmasının rədd edilməsi haqqında” 05 yanvar 2018-ci il tarixli qərarı ilə müəyyən olunur ki, İddiaçı1 cavabdehlər barədə verdiyi şikayət ərizəsi əsasında araşdırma aparılmış və toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Həmin araşdırma zamanı Cavabdeh1 izahatı alınmış və o, izahatında Cavabdeh2 MMC-nin təsisçisi olduğunu və Cəmiyyətin “Binə” Ticarət Mərkəzində yerləşən ticarət obyektlərini ayrı-ayrı şəxslərə icarəyə və istifadəyə verməklə fəaliyyət göstərdiyini, “Binə” Ticarət Mərkəzində yerləşən 11.3.1-nömrəli sahəsi 50 kvadrat metr olan ticarət obyektinin 2007-ci ildə Oqtay Əmrahova icarəyə verildiyini, 2008-ci ilin əvvəllərindən isə həmin obyektin İddiaçı2 istifadəsində olduğunu, sadəcə olaraq Ticarət Mərkəzində alış-veriş zəif olduğundan 15-ci sıradakı obyektlərin fəaliyyətsiz olduğunu bildirmişdir. Eyni zamanda, araşdırma zamanı X3 Cavabdeh1 izahatına oxşar izahat vermiş, əlavə olaraq 1996-cı ildən Cavabdeh2 MMC-nin direktoru vəzifəsində işlədiyini, həmçinin, 15.2.102-nömrəli sahəsi 34 kv.metr olan ticarət obyekti-anbarın da İddiaçı2 istifadəsində olduğunu, 06 dekabr 2007-ci il tarixli kassa mədaxil orderinə əsasən bu obyektlər üçün İddiaçı2 adından 13.250 manat pul ödənildiyini, dünyada baş verən iqtisadi böhranla əlaqədar olaraq “Binə” Ticarət Mərkəzində də alver zəiflədiyini, İddiaçı2 adına rəsmiləşdirilmiş obyektlərin fəaliyyətsiz qaldığını, İddiaçı1 bir neçə dəfə Cavabdeh2 MMC müraciət edərək pulunu geri tələb etdiyini, Cəmiyyət tərəfindən dəfələrlə ona icarə əsasında götürdüyü obyektlərin əvəzləmə qaydasında ticarət fəaliyyətində olan sıralardakı eyni ölçülü obyektlərlə dəyişdirilməsinin təklif olunduğunu, lakin sonuncunn bununla razılaşmadığını, Cəmiyyətə 13.250 manat ödəsə də, müraciətində heç bir əsası olmadan 68.720 manat pul tələb etdiyini, bu gün də İddiaçı1 eyni ölçülü başqa ticarət obyektlərinin təklif olunduğunu, sonuncunun bu təklifləri qəbul etmədiyini qeyd edib. Göründüyü kimi, cavabdehlər istintaq orqanında verdikləri izahatlarında da ticarət obyektlərini hər hansı aktla iddiaçılara təhvil verdiklərini təsdiq etməyiblər, əksinə izahatlarında ticarət obyektləri üçün 06 dekabr 2007-ci il tarixli kassa mədaxil orderinə əsasən İddiaçı2 adından 13.250 manat pul ödənildiyini etiraf ediblər. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı2 adından 13.250 manat pulun Cavabdeh2 MMC-yə ödənilməsi tam təsdiq olunduğundan həmin məbləğ sonuncudan tutulub İddiaçı2 ödənilməlidir. Belə ki, iddia ərizəsində 68.720 manat pul vəsaitinin İddiaçı2 xeyrinə tutulması xahiş olunmuşdur. İddiaçı apellyasiya baxışının predmeti olan hissədə tələbini əsaslandırarkən obyektə görə 38 000 manat pul vəsaitini həmin ticarət mərkəzində mağazaları olan Qənbər adlı şəxs vasitəsilə, 18 000 manatı isə Oktay adlı şəxs vasitəsilə cavabdehə ödədiyini bildirsə də, həmin şəxsləri şahid kimi təqdim etməmişdir. Cavabdehin nümayəndəsi isə adı çəkilən şəxslərdən hər hansı vəsait qəbul etmədiklərini bildirdi. Məhkəmə kollegiyası adı şəkilən şəxslərin şahid kimi dəvət olunması ilə bağlı iddiaçının hüquqlarını izah etsə də, iddiaçı şahidləri təqdim edə bilməyəcəyini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən hissədə pulun ödənilməsini təsdiq edən hər hansı rəsmi (yazılı) sənəd mövcud olmadığından sübut etmə yükü iddiaçının özünün üzərinə düşür. Lakin iddiaçı qeyd olunan hissədə tələbinin əsaslılığını təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, tələbin 13.250 manatlıq hissəsi cavabdeh tərəfindən etiraf olunduğundan iddiaçı həmin hissədə tələbinin əsaslılığını sübut etmə yükündən azaddır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddənin məzmunundan da göründüyü kimi prosessual qanunvericilik iddia tələblərinin hüdudlarının (həcminin) müəyyən edilməsini iddiaçının dispozitiv hüququ kimi nəzərdə tutmuşdur. Müqavilədənkənar “açar” və “qapı” pulu kimi ödənilmiş vəsaitin geri qaytarılmasına gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin əsasla cavabdehlərdən 3.000 manat pul tutulmuş və qətnamənin həmin hissəsi cavabdehlər tərəfindən apellyasiya qaydasında mübahisələndirilməmişdir. Ona görə də qətnamənin həmin hissədə əsaslılığı yoxlanılmadı. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə İddiaçı2 öz tələbinin əsası kimi istinad etdiyi halları mübahisələndirilən hissədə qismən sübuta yetirmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası işin müəyyən edilən faktiki hallarını və kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan göstərişlərin həmin hallara uyğun olduğunu nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, qətnamədə mübahisələndirilən hissə üzrə göstərilmiş nəticə işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normaları pozulduğundan qətnamə həmin hissədə ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır (MPM-nin 385.1.1 və 385.1.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi qismən cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada müqavilə üzrə və müqavilədən kənar xərclər üçün ödənilmiş 68.720 manat pul tələbinin rədd edilən hissəsində ləğv olunsun. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada müqavilə üzrə və müqavilədən kənar xərclər üçün ödənilmiş 13250 (on üç min iki yüz əlli) manat pul tutularaq İddiaçı2 verilsin. İddia mübahisələndirilən qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1845/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1845/2022
13.04.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver