Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1851/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qərardadından iddiaçılar İddiaçı3, İddiaçı1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1 Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0.06 ha torpaq sahəsinin bazar dəyəri 222000 manat, həmin torpaq sahəsinin üzərində hörülmüş hasarın inşasına xərclənmiş 18000 manat və həmin sahənin satınalma qiymətinə 20 faiz əlavə haqq kimi 44400 manat, cəmi 284400 manat pulun cavabdehdən tutularaq İddiaçı3 ödənilməsi; Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0.06 ha torpaq sahəsinin bazar dəyəri 219000 manat, həmin torpaq sahəsinin üzərində hörülmüş hasarın inşasına xərclənmiş 18000 manat və həmin sahənin satınalma qiymətinə 20 faiz əlavə haqq kimi 43800 manat, cəmi 280800 manat pulun cavabdehdən tutularaq İddiaçı2 ödənilməsi; Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0.06 ha torpaq sahəsinin bazar dəyəri 218777 manat, həmin torpaq sahəsinin üzərində hörülmüş hasarın inşasına xərclənmiş 18000 manat və həmin sahənin satınalma qiymətinə 20 faiz əlavə haqq kimi 43755,4 manat, cəmi 280532,4 manat pulun cavabdehdən tutularaq İddiaçı1 ödənilməsi və 1236 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçılara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Yasamal Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakim T.Xəlilova, iş № 2(004)-5569/2022) iş üzrə icraata xitam verilmişdir. İddiaçılar şikayət verərək qərardadın ləğv olunmasını və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, 21 dekabr 2022-ci il tarixli məhkəmə baxış iclasında şəxsən hakimin özü tərəfindən iş üzrə icraata xitam verilməsi məsələsi müzakirəyə çıxarılmışdır. İddiaçılardan yalnız İddiaçı1 münasibətdə yekun qərar olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-730/2018 saylı 30 oktyabr 2018-ci il tarixli iş üzrə icraata xitam verilməsinə dair qərardadı mövcuddur. Həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5569/2022 saylı, 30 dekabr 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, Yasamal Rayon Məhkəməsinin arxivində saxlanılan mülki iş, yəni 2(004)-46/2018 saylı mülki işdən görünür ki, məhkəmənin həmin iş üzrə qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli qərardadı ilə İddiaçı3 Cavabdeh ASC-yə qarşı eyni əsaslarla və eyni tələb barədə iddiasından imtina ərizəsinə əsasən mülki iş üzrə icraata xitam verilmişdir. 2(004)-46/2018 saylı xx.xx.2018-ci il tarixli qərardaddan məlumatları yoxdur. Ümumiyyətlə İddiaçı3 qeyd olunan mülki iş barədə heç bir məlumatı olmamışdır. 2(004)- 46/2018 saylı mülki iş üzrə saxtakarlığa yol verilib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli qərardadını rəsmi qaydada əldə etdikdən sonra həmin qərardaddan qanunla müəyyən edilmiş qaydada şikayət veriləcək. Əgər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin2(004)-5569/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilməsə İddiaçı3 məhkəməyə müraciət etmək hüququ məhdudlaşacaq. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı3 və İddiaçı1 şikayətləri təmin edilməmiş, qərardad onlara münasibətdə dəyişdirilmədən saxlanılmış və onların şikayətləri baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin qərardadla İddiaçı2 şikayəti təmin olunmuş, məhkəmənin 21 dekabr 2022-ci il tarixli qərardadı ona aid hissədə ləğv edilmiş və həmin hissədə işin icraatı təzələnmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı iddiaçılar İddiaçı3 və İddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iş üzrə icraata qeyd olunan hissədə xitam verilməsi ilə bağlı mövqeyi əsaslı olmuşdur. Şikayətçilərin göstərdiyi hallar mübahisələndirilən qərardadın onlara aid hissədə ləğvi üçün əsas ola bilməz. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-730/2018 saylı, 30 oktyabr 2018-ci il tarixli qərardadından görünür ki, İddiaçı1 eyni iddia tələbi ilə məhkəmədə iddia qaldırmış, apellyasiya instansiya məhkəməsində işə baxılarkən iddia tələblərindən imtina etmiş, iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-46/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə isə İddiaçı3 eyni iddiasına dair iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, iddiaçılar İddiaçı3 və İddiaçı1 əvvəllər eyni əsaslarla, eyni predmet barəsində, eyni cavabdehə qarşı qaldırmış olduqları iddialarından imtina etmiş və artıq qüvvəyə minmiş məhkəmə aktları ilə həmin işlərin icraatına xitam verilmişdir. Mülki prosessual qanunvericiliyə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir (MPM-in 261.0.2-ci maddəsi). İddiaçıların nümayəndəsi apellyasiya instansiyası məhkəməsinə göndərdiyi vəsatətdə göstərir ki, onlar hazırda hazırkı iş üzrə icraata xitam verilməsi üçün əsas olmuş Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadından şikayət vermişlər və həmin şikayət təmin olunacağı təqdirdə İddiaçı3 eyni tələblə məhkəməyə müraciət etmək hüququ məhdudlaşacaqdır. Məhkəmə kollegiyası vəsatəti əsassız sayır və qeyd edir ki, xx.xx.2018-ci il tarixli qərardaddan verilmiş şikayətin təmin olunacağı və həmin iş üzrə məhkəmə baxışının davam edəcəyi təqdirdə hazırkı iş ona hər hansı maneə yaratmayacaqdır. Məhkəmə kollegiyası Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli qərardadlarının hazırda qüvvədə olduğunu nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin şəxslərə münasibətdə iş üzrə icraata xitam verməklə qanuni və əsaslı nəticəyə gəlmiş, prosessual hüquq normasını düzgün tətbiq etmişdir. Şikayətin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıqaşkar əsassızdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə, həmin Məhkəmənin bir sıra qərarlarında təsbit olunmuş hüquqi müəyyənlik prinsipinə də uyğun sayır. Avropa İnsan Hüquqları Məhkəməsi “X1 Partiyası və başqaları Rusiyaya qarşı” işi üzrə 11 yanvar 2007-ci il tarixli qərarında xatırladır ki, “hüquqi müəyyənlik tələbi res judicata prinsipinə, yəni qərarların qətiliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Bu prinsip onu vurğulayır ki, heç bir tərəf sadəcə iş üzrə yeni məhkəmə iclasının keçirilməsi və iş üzrə yeni qərar çıxarılması məqsədi ilə qəti və məcburi qərara yenidən baxılması üçün müraciət edə bilməz. Məhkəmə qərarlarına yenidən baxmaq üzrə yuxarı məhkəmələrin səlahiyyəti işə yenidən baxılması məqsədi ilə yox, yalnız məhkəmə səhvlərini, ədalət mühakiməsinin düzgün aparılmamasının nəticələrini düzəltmək məqsədi ilə həyata keçirilməlidir. Məsələyə münasibətdə iki nöqteyi-nəzərin mümkünlüyü isə işə yenidən baxılması üçün əsas deyil. Bu prinsipdən istisnalara yalnız o halda yol verilə bilər ki, istisnanın zəruriliyi işin mühüm və inkarolunmaz hallarından irəli gəlsin. Avropa İnsan Hüquqları Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Həmin Məhkəmənin başqa bir qərarında isə qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (İnsan hüquqları üzrə Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» 24 iyul 2003-cü il tarixli işi). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayətlər təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 21 dekabr 2022-ci il tarixli qərardadı iddiaçılar İddiaçı3 və İddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1851/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1851/2023
15.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver