Məhkəmə qərarları › İş №2(103)-1868/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1868/2024

20.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1868/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X13 qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi-vəkili X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1749/23 saylı, 11 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Məmmədova (İsayeva) İqlimə Oruc qızı ilə birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü Nuray və xx.xx.2016-cı il təvəllüdlü Zəhra adlı, digər Cavabdeh1 ilə nikahından xx.xx.2019-cu il təvəllüdlü Akif və xx.xx.2022-ci il təvəllüdlü Tamerlan adlı uşaqları anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(075)- 2192/2017 saylı qətnaməsi ilə iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx.xx.2015ci il tarixli, 221 nömrəli nikah pozulmuş, uşaqların analarının yanında saxlanılması və iddiaçıdan aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi məbləğində alimentin alınaraq birinci cavabdehə verilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 591/2023 saylı qətnaməsi ilə xx.xx.2022-ci il tarixdən başlayaraq birgə nikahdan olan uşaqlarının saxlanılması üçün iddiaçıdan hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi həcmində alimentin tutularaq ikini cavabdehə verilməsi qət edilmişdir. Hazırda iddiaçı hər iki cavabdehə münasibətdə tutulmalı olan aliment miqdarının 1/4 hissə qədər azaldılmasını tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üzərinə müvafiq məhkəmə qətnamələri ilə qoyulmuş aliment həcminin hər iki cavabdehə münasibətdə azaldılaraq ayrı-ayrılıqda birinci cavabdehin xeyrinə birgə nikahdan dünyaya gəlmiş qızları xx.xx.2012-ci il təvəllüdlü Nurayın və xx.xx.2016-cı il təvəllüdlü Zəhranın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aylıq qazancının və gəlirlərinin 1/4 hissəsi həcmində və ikinci cavabdehin xeyrinə birgə nikahdan dünyaya gəlmiş oğulları xx.xx.2019-cu il təvəllüdlü Akifin və xx.xx.2022-ci il təvəllüdlü Tamerlanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aylıq qazancının və gəlirlərinin 1/4 hissəsi həcmində tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda faktiki olaraq 4 uşağın saxlanması üçün aylıq qazancının 2/3 hissəsi, yəni 66,66 faizi miqdarında, təxminən hər iki cavabdehə ayrı-ayrılıqda 1600 – 2000 manat olmaqla, ümumilikdə 3200-4000 manat aliment ödəyir. Üzərində həddindən artıq çox yüksək miqdarda aliment yükü yaranır və eyni zamanda icbari ödəmələrdən sonra onun əmək haqqı çox az məbləğ təşkil edir. Çox çətin və çıxılmaz vəziyyətdədir. Qeyd olunan hal, yəni hər iki nikahdan olan 4 uşağa görə alimentlərin ümumi məbləğinin aylıq qazancının 2/3 hissəsində tutulması yaşamaq hüququnu da pozur və onu maddi cəhətdən həddindən artıq pis vəziyyətə salır. Uşaqlar onun ödədiyi aliment sayəsində özəl məktəb-liseylərə və özəl bağçalara gedirlər. Birinci cavabdeh hal-hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük Tarifləri və X7 şöbəsinin böyük inspektoru vəzifəsində işləyir və təxminən onun qədər 4300 – 5000 manata yaxın aylıq qazancı var. İkinci cavabdeh hal-hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məxsus Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda həkim hematoloq vəzifəsində işləyir və onda olan məlumata görə 1000 manat əmək haqqı alır. Digər tərəfdən uşaqların saxlanılması vəzifəsi yalnız bir valideynin üzərinə qoyula bilməz. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1749/23 saylı, 11 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 15 avqust 2017-ci il tarixli, 2(075)-2192/2017 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/8 hissəsi miqdarında aliment tutularaq Cavabdeh2 ödənilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 2(005)- 591/2023 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarının dəyişdirilərək xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/8 hissəsi miqdarında aliment tutularaq Cavabdeh1 ödənilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1749/23 saylı, 09 iyun 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1749/23 saylı, 11 aprel 2023-cü il tarixli qətnaməsində yol verilmiş yalnışlıqların düzəldilməsi, qət etdi hissəsinin 2-ci abzasının 2-ci cümləsi “xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı hər ay hər uşaq üçün qazancının (başqa gəlirlərinin) 1/8 hissəsi miqdarında aliment tutularaq Cavabdeh2 ödənilsin” kimi, 3-cü absazın 2-ci cümləsi “xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı hər ay hər uşaq üçün qazancının (başqa gəlirlərinin) 1/8 hissəsi miqdarında aliment tutularaq Cavabdeh1 ödənilsin” kimi oxunması, texniki yalnışlıq nəticəsində qət etdi hissəsində qeyd olunmamış “alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın” sözləri əlavə edilməsi qərara alınmışdır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, məhkəmə aktları ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçının aylıq qazancının 1/3 hissəsində aliment tutulmuş və göründüyü kimi iddiaçı hazırda dörd uşağa görə ayrılıqda aylıq qazancının 2/3 hissəsi miqdarında aliment ödəyir. Yaranmış vəziyyət Ailə Məcəlləsinin 76-cı maddəsinin tələblərinə uyğun deyil. Qeyd olunan normanın tələbinə görə iddiaçıdan aliment şəklində 4 uşaq üçün tutulan alimentin miqdarı onun aylıq qazancının yarısını təşkil etməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 75.1, 76, 78.1, 112-ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilməsini və iddianın həmin hissədə rədd olunmasını xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilməsini və iddianın həmin hissədə rədd olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə, övladlarının əvvəlki təminat səviyyələrinin maksimal həddə saxlanmasını heçə sayaraq, onların özəl məktəbdə oxuduqlarını, iddiaçı tərəfindən ödənilən alimentin onların yalnız təhsil xərclərini qarşıladığını, yeməkləri, geyimləri, istirahətləri, əlavə məşğuliyyətləri kimi bütün tələbatlarının ananın üzərində olduğunu, evinin olmamasını, hazırda qardaşına məxsus evdə qaldığını, qardaşının isə yaxın zamanda xeyir işinin olacağı səbəbindən iki uşağı ilə birlikdə kirayə çıxmalı olduğunu, alimentin miqdarı azalacağı təqdirdə uşaqların təhsil aldığı məktəbləri dəyişməli olacaqlarını və bütün bunların uşaqların psixoloji gərginlik keçirmələrinə səbəb olacağını nəzərə almamışdır. İddiaçının isə əmək haqqından vergilər tutulduqdan sonra hesablanmış olan alimentin əmək haqqından çıxıldığı zaman hər iki nikahdan olan uşaqlara ödədiyi aliment qədər özünə qalan dolanacaq xərcləri (təxmini 1300 manat və daha çox edir) qaldığını nəzərə almadan, məhkəmə Ailə Məcəlləsinin 76-cı maddəsini qanuna zidd təfsir etmişdir. Hətta yay tətilində uşaqların İngiltərəyə məktəblə birlikdə getməsi zərurəti yaranmışdır ki, iddiaçı alimentin azaldılmasına razılıq verilməsi qarşılığında, notariusda icazə vərəqəsi imzalayacağını bildirmişdir. Nəticədə isə onunla bağlı hazırda Mediasiya təşkilatına müraciət edilmiş, Şəki Rayon Məhkəməsinə iddia təqdim ediləcəkdir. Bir sözlə, iddiaçının yeganə məqsədi prinsipial şəkildə alimentin azaldılmasına nail olmaqdır. Həmçinin, Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 218.3-cü maddəsinin tələblərini pozaraq qətnamənin “qət etdi” hissəsində iddia tələbindən kənara çıxmaqla, iddia tələbi birinci cavabdeh ilə olan nikahdan uşaqlar üçün 1/4 hissədə, ikinci cavabdeh ilə olan nikahdan uşaqlar üçün 1/4 hissədə aliment tutulması olduğu halda birinci cavabdeh ilə olan nikahdan uşaqlar üçün 1/8 hissədə, ikinci cavabdeh ilə olan nikahdan uşaqlar üçün 1/8 hissədə alimentin tutulmasını qət etmişdir. Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, hal-hazırda analıq məzuniyyətində olduğundan işləməməsi, valideynlərinin himayəsində valideynlərinə məxsus evdə qardaşının ailəsi ilə birgə yaşamağı, özünə məxsus mənzilinin olmaması, zaman keçdikcə kirayəyə çıxmasının labüd olacağı, uşaqlarının bütün maddi və mənəvi tələbatlarının üzərində olduğu (eləcə uşağın birinin özəl bağça xərci 500 manat təşkil edir), alimentin azaldılmasının indiki bahalıq və inflyasiya şəraitində uşaqlarının maddi tələbatlarının azalmasına əhəmiyyətli dərəcədə səbəb olacağı, əvvəlki təminat səviyyələrinin aşağı düşəcəyi və digər hallar məhkəmə tərəfindən araşdırılmamışdır. İddiaçı apellyasiya şikayətlərinə etiraz edərək göstərmişdir ki, birinci nikahından olan övladları üçün ödədiyi aliment birinci cavabdehin adına açılmış hesabda yığılır, istifadə edilmir. Buna səbəb isə birinci cavabdehin orta aylıq 4800 manat əmək haqqı almasıdır. Vəzifə maaşına əlavələr artdıqca ödədiyi alimentin məbləği də avtomatik artır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4681/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə Ailə Məcəlləsinin 76.1.3-cü maddəsində nəzərdə tutulmuş qayda tətbiq oluna bilməz. Bu qayda o halda tətbiq oluna bilərdi ki, iddiaçının yalnız bir ailəsi olsun və yalnız bir nikahdan olan 3 və daha çox uşağın saxlanması üçün ondan aliment tələb edilsin. Hazırkı işdən göründüyü kimi, iddiaçı iki dəfə evli olmuş, hər evlilikdən iki uşağı olmuşdur və hazırda həmin uşaqlar üçün ayrılıqda, ayrı-ayrı məhkəmə qətnamələri ilə təyin olunmuş alimentlərin miqdarı mübahisələndirilir. Məhkəmə qeyd etmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.3-cü maddəsi ilə əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən alimentlərin tutulması məbləği 70 faizdən çox ola bilməz. İddiaçının isə əmək haqqından tutulan alimentlərin ümumi məbləği özünün də qeyd etdiyi kimi hər iki nikahdan olan 4 uşağa görə cəmi 66,66 faiz təşkil edir. Göründüyü kimi, məhkəmə qətnamələri ilə iddiaçıdan qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi həcmində aliment tutulması onun əmək haqqının 70 faizini keçmir. Apellyasiya instansiyası məhkəməsi onu da nəzərə almışdır ki, həmin tələbin təmin olunması son nəticədə uşaqların əvvəlki təminat səviyyəsinin azalmasına gətirib çıxarır. Məhkəmə iş üzrə gəldiyi nəticəni Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1, 78.1 və 112-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.3-cü maddələrinə, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016- cı il tarixli Qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 saylı qərarına istinadla əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti və əlavə ərizələr verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4341/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4681/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsi uşaqların sayından asılı olaraq onlar üçün valideynlərdən məhkəmə qaydasında hər ay tutulan alimentin miqdarını (qazancın və (və ya) başqa gəlirlərin hissəsi kimi) müəyyən edir. Məcəllənin 76.2-ci maddəsi nəzərdə tutur ki, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. İstinad olunan maddənin məzmununda xeyrinə aliment tutulan uşaqların bir nikahdan doğulmuş olması barədə hər hansı göstəriş müəyyən edilməmişdir. Belə bir yanaşma, maddənin məqsədlərindən də irəli gəlmir. Əksinə apellyasiya instansiyası məhkəməsinin də öz qətnaməsinin “Tətbiq edilən hüquq” bölməsində istinad etdiyi “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, Ailə Məcəlləsinin 76-cı maddənin tətbiqi zamanı məhkəmələr tərəflərin maddi vəziyyətinin araşdırarkən, digər diqqətəlayiq hallarla yanaşı, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair kimi məsələlərə də diqqət yetirməlidir. Göründüyü kimi Ailə Məcəlləsinin 76.1-ci maddəsinə müvafiq olaraq aliment təyin edildikdə, yaxud həmin maddəyə əsasən təyin edilmiş alimentin miqdarının Ailə Məcəllənin 112.1-ci maddəsinə əsasən dəyişdirilməsi barədə məsələlərə baxıldıqda işin digər diqqətəlayiq halları ilə yanaşı, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyi kimi məsələlər də məhkəmə tərəfindən nəzərə alınmalı olan hallar sırasındadır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Ailə Məcəlləsinin 76.1.3-cü maddəsini düzgün təfsir etməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd olunması barədə mövqeyini, həmçinin “İcra haqqında” Qanunun mübahisəyə tətbiq edilməli olmayan 65.3-cü maddəsi ilə əsaslandırmışdır. İcra məmuru tərəfindən icra icraatı üzrə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsi qaydalarını tənzimləyən həmin maddə alimentlərin tutulması zamanı əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləğinin yuxarı həddini belə gəlirlərin 70 faizi ilə məhdudlaşdırır. Nəzərə alınmalıdır ki, “İcra haqqında” Qanunun məqsədi Azərbaycan Respublikası məhkəmələrinin, digər məhkəmələrin və orqanların qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən etməkdən ibarətdir. Alimentin təyin edilməsi və onun dəyişdirilməsi zamanı alimentin miqdarının müəyyən edilməsinin hüquqi əsası kimi həmin Qanunun müddəaları deyil, ailə qanunvericiliyi çıxış edir. Eyni zamanda məhkəmələr tərəfindən alimentin miqdarı müəyyən edilərkən ölkə üzrə müvafiq illər üzrə yaşayış minimumu da nəzərə alındığı üçün bir çox hallarda sabit pul məbləğində təyin edilmiş alimentin (alimentlərin) miqdarı borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə mütənasib olmaya (onların yarısından artıq da ola) bilər. Apellyasiya instansiya məhkəməsində hazırki icraat Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi-vəkili X6 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: 17 (İİ). Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34 (İV). Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsi: 75.1. valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. 76.2. Bu Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1. valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu:

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

19. Valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.

“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8- 2/2016 saylı qərarı

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətlərinin dəlilləri əsasında yoxlayaraq qeyd edir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Hazırki iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının azaldılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun üçün ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. İşin araşdırılan hallarından görünür ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(075)-2192/2017 saylı qətnaməsinə əsasən İddiaçı ilə cavabdeh İsayeva (Məmmədova) İqlimə Oruc qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 221 nömrəli nikah pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş uşaqları - xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X10 anası İsayeva (Məmmədova) İqlimə Oruc qızının yanında saxlanılmış, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi məbləğində aliment alınaraq cavabdeh İsayeva (Məmmədova) İqlimə Oruc qızına verilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 591/2023 saylı qətnaməsindən görünür ki, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2019cu il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay onun qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi həcmində aliment tutularaq Cavabdeh1 verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1000-240/02-30/031 saylı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdən Dövlət Gömrük Komitəsinin əməkdaşıdır və dövlət qulluğunun xüsusi növündə xidmət edir. Hal-hazırda Dövlət Gömrük Komitəsinin Hüquqi Təminat İdarəsi Gömrük orqanlarının qanunvericilik təminatı şöbəsinin baş inspektoru vəzifəsində çalışır və onun orta aylıq gəliri 4854 (dörd min səkkiz yüz əlli dörd) manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktları ilə xx.xx.2012-ci il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X10, xx.xx.2019-cu il təvəllüdlü X12 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçının aylıq qazancının 1/3 hisəsində aliment tutulmuş və göründüyü kimi iddiaçı hazırda dörd uşağa görə ayrılıqda aylıq qazancının 1/3 hisəsi miqdarında aliment ödəyir. Məhkəmə kollegiyası hesab edir ki, yaranmış vəziyyətin Ailə Məcəlləsinin 76-cı maddəsinin tələblərinə uyğun olmamasına dair birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Belə ki, qanunvericiliyə əsasən qeyd olunan normanın tələbinə görə iddiaçıdan aliment şəklində 4 uşaq üçün tutulan alimentin miqdarı onun aylıq qazancının yarısını təşkil etməlidir. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçının aylıq qazancı 4854 manat təşkil edir. Himayəsində olan 4 uşağa görə ondan tutulacaq məbləğ aylıq qazancının yarısını, yəni 2427 manat hissəsini təşkil etməlidir. Bu məbləğ 4 uşağa münasibətdə hesablandıqda isə hər uşağa 606,75 manat, yəni iddiaçının ümumi gəlirinin 1/8 hissəsini təşkil edir. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehlərin iş yerləri mövcud olmaqla kifayət qədər aylıq yüksək gəlirlərə malikdirlər. Həmçinin kollegiyanın qənaətinə görə hazırda hər uşaq üçün cavabdehdən tutulan 606,75 manat məbləğ 2023-cü il üçün nəzərdə tutulan uşaqlar üçün yaşayış minimumunun demək olar ki, 3 qatını təşkil etməsi işin mühüm və diqqətəlayiq halıdır Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edirki, Ailə Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin məzmununda xeyrinə aliment tutulan uşaqların bir nikahdan doğulmuş olması barədə hər hansı göstəriş müəyyən edilməmişdir. Belə bir yanaşma, maddənin məqsədlərindən də irəli gəlmir. Əksinə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, Ailə Məcəlləsinin 76-cı maddənin tətbiqi zamanı məhkəmələr tərəflərin maddi vəziyyətinin araşdırarkən, digər diqqətəlayiq hallarla yanaşı, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair kimi məsələlərə də diqqət yetirməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8- 2/2016 saylı qərarında isə qeyd edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır (bənd 8.3 və 8.7). Göründüyü kimi Ailə Məcəlləsinin 76.1-ci maddəsinə müvafiq olaraq aliment təyin edildikdə, yaxud həmin maddəyə əsasən təyin edilmiş alimentin miqdarının Ailə Məcəllənin 112.1-ci maddəsinə əsasən dəyişdirilməsi barədə məsələlərə baxıldıqda işin digər diqqətəlayiq halları ilə yanaşı, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyi kimi məsələlər də məhkəmə tərəfindən nəzərə alınmalı olan hallar sırasındadır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin bu halını, eləcə də işin digər faktiki müəyyən hallarını nəzərə alınmaqla, mübahisəni tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayətləri təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorların ödədiyi dövlət rüsumu onların özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1749/23 saylı, 11 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar