Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1871/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Quliyeva (Sadıqova) Sevinc Əlimərdan qızının cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı iş üzrə (Açar sözlər: cehiz əşyaların qaytarılması və pul) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi-vəkili Vəkil, Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, iddiaçı Quliyeva (Sadıqova) Sevinc Əlimərdan qızının Cavabdeh qarşı “cehiz əşyaların qaytarılması tələbinə dair” ilkin, Cavabdeh Quliyeva (Sadıqova) Sevinc Əlimərdan qızına qarşı “pul tələbinə dair” qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 2(006)-3643/2021 saylı qətnaməsindən Quliyeva (Sadıqova) Sevinc Əlimərdan qızı tərəfindən verilmiş apelyasiya şikayətinə 21 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli e-2(011)- 4205/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı ilk iddiası tam təmin edilərək, cavabdeh və iddiaçı arasında xx.xx.2017-ci il tarixdə 489 saylı akt qeydi rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü Nigar Sadıqova və xx.xx.2018-ci il təvəllüdlü Murad Sadıqovun anaları iddiaçının yanında saxlanılması, cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən hesablanmaqla hər ay, hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat və xx.xx.2018-ci il təvəllüdlü Murad Sadıqovun 3 yaşına çatanadək, yəni xx.xx.2021-ci il tarixədək xx.xx.2020-ci il tarixdən hesablanmaqla, hər ay 100 manat məbləğində sabit pul şəklində alimentin tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasının qismən təmin edilərək, cavabdehin uşaqları ilə hər həftənin bazar günü saat 12:00-dan saat 19:00-dək ünsiyyətdə olması qaydasının müəyyən olunması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
2. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 007İKUMAZN109868 saylı kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə illik 20 % olmaqla 10000 manat məbləğində kredit verilmişdir.
3. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 02/F-08/1703 saylı arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli 007İKUMAZN109868 saylı kredit müqaviləsinə əsasən 10000 manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd edilən kredit üzrə borc tam ödənilmiş və Cavabdeh 007İKUMAZN109868 saylı kredit üzrə borcu qalmamışdır.
4. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 02/xx-xx/2021 saylı arayışından görünür ki, X6 03 iyun 2006-cı ildə müqavilə əsasən Bakı şəhəri ünvan 1 ünvanda yerləşən mənzil ona verilmişdir. xx.xx.2019-cu ildə həmin müqaviləyə xitam verilərək MMC-yə geri qaytarılmış, həmin mənzil şirkət tərəfindən digər şəxsə satılmışdır.
5. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 02/xx-xx/2021 saylı arayışından görünür ki, X6 ilə 03 iyun 2006-cı il tarixində Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon S.S.Axundov küçəsi məhəllə 31/23 bina1 (Cənub korpus) blok 3 mənzil 813 ünvanda yerləşən mənzil üçün müqavilə bağlanmışdır. xx.xx.2019-cu il tarixində həmin mənzilin müqaviləsinə xitam verilərək X10 yeni müqavilə bağlanaraq ona satılmışdır.
6. X8 məhkəməyə ünvanladığı ərizədə qeyd etmişdir ki, 18 iyul 2019-cu il tarixdə Bakı şəhəri ünvan 1 ünvanda yerləşən mənzili X4 əşyaları ilə birlikdə almışdır. Mənzildə olan əşyalara görə 10.000 manat ödəniş etmişdir. Mənzildə olan əşyalar aşağıdakılardır: «Polo» yataq mebel dəsti (böyük şifoner, çarpayı, termo); Qonaq otağı mebeli (divan dəsti, 1 ədəd jurnal masası, 1 masa, 8 ədəd stul), 1 ədəd komod, 1 ədəd şkaf (tumba); Mətbəxdə divan dəsti (künc) və 1 ədəd masa, 4 ədəd stul; Mətbəx mebeli dəsti (6,5 kv.m avtomobil boyası ilə hazırlanmış); Yataq və qonaq otağında olan 2 ədəd «LG» markalı kondisioner (40 kv.m üçün); yataq otağında olan 1 ədəd 4 lampalıq çilçıraq; 1 ədəd dəhlizdə 4 lampalıq çilçıraq; 3 ədəd pərdələr (yataq, qonaq və mətbəxdə); 1 ədəd soyuducu 732 HQ GU LG (1,82 m hündürlükdə); 1 ədəd «LG» markalı paltaryuyan maşın; 1 ədəd Soba (duxovka) «Hotpoint Ariston FK 1041 POX/NAS (Luce)»; 1 ədəd (alman malı) Mikrodalğalı soba «Hotpoint Ariston MW HA 2022 X»; 1 ədəd havaçəkən «Eleyeus Troy 750 60 BLLED» (Ukrayna istehsalı); 1 ədəd qaz sobası «Hotpoint-Ariston LTF 11M116 EU»; 1 ədəd umıvalnik; 1 ədəd qab qurudan (suşilka); 1 ədəd mətbəxdə iki lampalı çilçıraq.
7. Apelyasiya baxışı zamanı iddiaçı tərəfdən təqdim edilmiş qaimələrdən görünür ki, «Polo» yataq mebel dəsti xx.xx.2016-cıil tarixdə 18300 manata, mətbəx mebeli dəsti xx.xx.2016-cı il tarixdə 5625 manata, Yataq və qonaq otağında olan 2 ədəd «LG» markalı kondisioner xx.xx.2016-cı il tarixdə 1040 manata, 3 ədəd pərdələr (yataq, qonaq və mətbəxdə) xx.xx.2016-cı il tarixdə 2274 manata, 1 ədəd soyuducu 732 HQ GU LG xx.xx.2016-cı il tarixdə 1390 manata, 1 ədəd «LG» markalı paltaryuyan maşın xx.xx.2016-cı il tarixdə 750 manata, 1 ədəd Soba (duxovka) «Hotpoint Ariston FK 1041 POX/NAS (Luce) xx.xx.2016-cı il tarixdə 682,5 ABŞ dollarına, 1 ədəd (alman malı) Mikrodalğalı soba «Hotpoint Ariston MW HA 2022 X» xx.xx.2016-cı il tarixdə 145,6 ABŞ dollarına, 1 ədəd havaçəkən «Eleyeus Troy 750 60 BLLED» (Ukrayna istehsalı) xx.xx.2016-cı il tarixdə 236,6 ABŞ dollarına, 1 ədəd qaz sobası «Hotpoint- Ariston LTF 11M116 EU» xx.xx.2016-cı il tarixdə 182 ABŞ dollarına, 1 ədəd qabyuyan HotpointAriston LTF 11M116 EU xx.xx.2016-cı il tarixdə 445,9 ABŞ dollarına alınmışdır.
8. Həmçinin müəyyən edilmişdir ki, tərəflər 2016-cı ilin sentyabr ayında toy edərək faktiki nikah münasibətlərinə girmiş, xx.xx.2017-ci il tarixdə isə nikahlarını rəsmiləşdirmişlər, birgə nikahlarından iki övladları doğulmuşdur, tərəflər ailə qurduqdan sonra Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon S.S.Axundov küçəsi 31/23, «Union Park» Yaşayış Kompleksi, 3-cü blok, 7-ci mərtəbə, mənzil 813 ünvana köçmüş, iddiaçının bütün cehizləri əşyaları həmin ünvanda yerləşdirilmişdir. Təxminən 2017-ci ilin iyul ayında tərəflər yaşamaq üçün Mərdəkan qəsəbəsindəki bağ evinə köçmüş, bu vaxt iddiaçı bir sıra cehiz əmlaklarını özü ilə aparmış, 2019-cu ildə 813 saylı mənzil içərisindəki əmlaklara, yəni mənzildə qalmış iddiaçıya məxsus cehiz əşyaları ilə birlikdə satılmışdır. Tərəflər bir müddət bağ evində yaşadıqdan sonra 2020-ci ildə ailə münasibətləri pisləşmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli e-2(011)-4205/2020 nömrəli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qaytarılmayan cehiz əşyalarının: - 7-ci mikrorayondakı mənzildə olan cehiz əşyaları -18300 manat dəyərində POLO Yataq mebeli (Böyük şifoner, termo) - 1 dəst, masa stullarla (8 ədəd) birlikdə (Türkiyə istehsalı), yumşaq mebel - divan dəsti, jurnal masası 1 ədəd (Türkiyə istehsalı), divan (uqlovoy Masa və 4 ədəd stullarla birlikdə) - 1 dəst; 5625 manat dəyərində mətbəx mebeli (6,5 kv.m avtomobil boyası ilə hazırlanmış) - 1 dəst; 1040 manat dəyərində qonaq və yataq otağında LG markalı kondisioner (40 kv.m) - 2 ədəd; 150 manat dəyərində yataq otağında çilçıraq 4 lampalıq- 1 ədəd; 150 manat dəyərində giriş koridorda çilçıraq 4 lampalıq - 1 ədəd; 2274 manat dəyərində mətbəxdə, qonaq və yataq otağında pərdələr - 1 dəst; 1390 manat dəyərində soyuducu 732 İHQGU LG (1.82 metr hündürlüyündə) - 1 ədəd; 1275 manat (750 ABŞ dolları) dəyərində yemək qızdıran, duxovka özü tənzimləyən Hotpoint-Ariston FK1041LP0X/HAS (Luce) - 1 ədəd; 272 manat (160 ABŞ dolları) dəyərində mikrovalnovka Hotpoint-Ariston MVVH L 2022 X (alman malı) - 1 ədəd; 442 manat (260 ABŞ dolları) dəyərində hava çəkən ELEYUS Troy 750 60 BL LED (Ukrayna istehsalı) - 1 ədəd; 340 manat (200 ABŞ dolları) dəyərində qaz sobası Hotpoint-Ariston PC 631 (BK)/HA-1 ədəd; 1050 manat dəyərində Qabyuyan HotpointAriston LTF 11M116 EU-1 ədəd; 60 manat dəyərində Umıvalnik - 1 ədəd; 750 manat dəyərində LG markalı paltaryuyan maşın - 1 ədəd; 50 manat dəyərində Suşilka (qab qurudan) - 1 ədəd; 100 manat dəyərində gecə lampaları 2 ədəd; 80 manat dəyərində mətbəxdə çilçıraq 2 lampalıq - 1 ədəd; 170 manat dəyərində yumşaq yumru oturacaq (Pufik) - 2 ədəd, cəmi: 33.518 manat dəyərində; - Mərdəkan qəsəbəsindəki bağ evində olan cehiz əşyaları - 670 manat dəyərində yemək servis dəsti - 84 parça hərəsindən 12 ədəd; 150 manat dəyərində elektrikli Samovar qara rəngdə - 1 ədəd; 750 manat dəyərində Bagema qab - 1 ədəd, rumkalar (çexiya malı) - 6 ədəd; 300 manat dəyərində Bagema Meyvə qabları - 2 ədəd; 300 manat dəyərində Bagema Güldan - 2 ədəd; 750 manat dəyərində Firuzəyi servis 1 ədəd qab, rumkalar - 6 ədəd; 850 manat dəyərində 1 ədəd Bagema çaydan 6 ədəd stəkanla padnosda (Sinqapur malı) – 1 dəst; 650 manat dəyərində kamodun qabağında Bagema qabları - 1 ədəd güldan və meyvə qabı - 2 ədəd; 150 manat dəyərində plov, sous, salat və kabab üçün boşqablar (gündəlik istifadə) hərəsindən - 12 ədəd; 50 manat dəyərində şirniyyat üçün xrustal vaz - 2 ədəd; 200 manat dəyərində xrustal qrafinka dəsti qrafinka - 1 ədəd, stəkan - 6 ədəd; 200 manat dəyərində xrustal mürəbbə qabları - 2 ədəd; 150 manat dəyərində xrustal Konfet qabları - 2 ədəd; 180 manat dəyərində tavalar (ayrı-ayrı ölçüdə) - 4 ədəd; 150 manat dəyərində xalat - 1 ədəd; 36 manat dəyərində gündəlik boşqablar hərəsindən 6 ədəd, cəmi - 18 ədəd; 30 manat dəyərində dolmalıq dərin boşqab - 6 ədəd; 50 manat dəyərində bulud böyüklü-kiçikli 3 növdə hərəsindən - 6 ədəd, cəmi - 18 ədəd; 36 manat dəyərində maskoralar - 12 ədəd; 24 manat dəyərində kiçik salat və limon üçün qablar - 6 ədəd; 40 manat dəyərində gündəlik istifadə üçün qrafinka – 1 ədəd, stəkanları ilə 12 ədəd; 36 manat dəyərində kasalar 2 ədəd; 20 manat dəyərində yağ, pendir və ləbləbi qabları hərəsindən 2 ədəd; 36 manat dəyərində xrustal rozetkalar 12 ədəd; 50 manat dəyərində xrustal armudu stəkan nəlbəkisi ilə 12 ədəd; 80 manat dəyərində şirə (sok) içmək üçün xrustal stəkan 12 ədəd; 20 manat dəyərində mürəbbə bişirmək üçün tas 2 ədəd; 9 manat dəyərində vedrə 12 litrlik 1 ədəd; 35 manat dəyərində dərin kiçik qablar dəsti - 1 dəst 6 ədəd; 10 manat dəyərində sarımsaq əzən, fındıq sındıran - 1 dəst 2 ədəd; 20 manat dəyərində ayrıca bıçaq dəsti 12 ədəd; 30 manat dəyərində çömçə və kəfkir dəsti hərəsindən 2 ədəd, 4 ədəd; 20 manat dəyərində aşsüzən plastmas 1 ədəd, dəmir 2 ədəd; 40 manat dəyərində tefal balıq çevirən 1 ədəd; 30 manat dəyərində dəm çayniki 2 ədəd; 48 manat dəyərində çaşkalar nəlbəki ilə 2 dəst 12 ədəd, cəmi 6.200 manat dəyərində, yəni adları göstərilən cehiz əşyalarının 39.718 manat ümumi dəyərinin (6.200+33.518) ödənilməsi, - onun və uşaqların doğum haqqında şəhadətnamələrinin, diplomunun və xarici pasportunun, disklərin qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Eyni zamanda Cavabdeh X3 qarşı qarşılıqlı iddia ərizəsi, daha sonra qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASCdən götürülmüş 10.000 manat pul vəsaitinin ailə münasibətləri pozulduqdan sonra ödənilməmiş qalan 7.480 manat hissəsinin 50 %-ni təşkil edən 3.740 manatın X2 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə arasında xx.xx.2017-ci il tarixdə nikah qeydə alınmış, birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X11 doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-4205/2020 saylı qətnaməsi ilə nikah pozulmuşdur. Ailə qurduqdan sonra onlar cavabdehə məxsus Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon S.S.Axundov küçəsi 31/23, «Union Park» Yaşayış Kompleksi, 3-cü blok, 7-ci mərtəbə, mənzil 813 ünvanına köçmüşlər. O, atasının vəsaiti hesabına alınmış bütün cehiz əmlakı da həmin ünvana yerləşdirilmişdir. Təxminən 1 il müddətində həmin mənzildə yaşadıqdan sonra onlar cavabdehin valideynlərinin yaşadıqları Mərdəkan qəsəbəsi Şahin İskəndərov ilə Ərəblinski küçəsinin kəsişməsində yerləşən ünvandakı bağ evinə köçmüşlər. Həmin vaxtdan uşaqları ilə birlikdə daimi bu ünvanda yaşamış, bu səbəbdən də cehiz əmlakının bir hissəsi həmin ünvana aparılmışdır. Eyni zamanda cehiz əmlakından 1 ədəd 32 LG markalı televizor cavabdehin Lənkəran rayonu Girdəni kəndində yerləşən evinə aparılmışdır. 2020-ci ilin iyun ayının sonunda xəstəliyi ilə bağlı müalicənin aparılması məqsədilə neçə gün müddətinə uşaqları ilə birlikdə valideynlərinin yaşadığı evə getmişdir. O, müvəqqəti olaraq, yəni yaşadığı evindən müalicə məqsədi üçün çıxdığına görə evdən bir çox fərdi istifadəsindəki əşyaları, hədiyyələri, zinət əşyalarını və uşaqlara məxsus əşyalarını özü ilə götürməmişdir. İyul ayının 11-də öz doğum gününün keçirilməsindən sonra cavabdeh valideynlərinin yaşadığı ünvana gələrək mübahisə yaratmış və atasına nalayiq sözlər demişdir. Həmin mübahisədən sonra nikahın pozulması qərarına gəlmiş və həmin vaxtdan cavabdehlə yaşadığı evə qayıtmamışdır. Hazırda valideynləri ilə birlikdə yaşayır. Dəfələrlə cehiz əmlakının qaytarılmasını cavabdeh tələb etsə də, cavabdeh həmin əşyaların qaytarılmasından imtina edir.
12. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, alınmış cehizlərin qiymətləri süni şəkildə yüksək göstərilməklə yanaşı, alınmış cehiz mebellərinin dəyəri birgə keçirilmiş toyda əldə edilmiş pul vəsaiti hesabına toydan sonra müştərək qaydada ödənilmişdir. Başqa sözlə, mebellərin dəyərinin çox hissəsini öz atası ödəmişdir. Atasına müqavilə əsasında məxsus olmuş 7-ci mikrorayondakı ümumi sahəsi 69 kv.m və yaşayış sahəsi 45 kv.m olan mənzildə bütün cehiz əmlaklar yerləşdirilmişdir. Sonralar atasının ağır xəstələnməsi səbəbindən onun müalicəsini təmin etmək məqsədilə atasına məxsus olan həmin mənzili, yəni cehiz əşyalarının yerləşdirildiyi mənzili atası satmaq məcburiyyətində qalmışdır. 2019-cu ilin may ayında 7-ci mikrorayonda yaşadıqları mənzili, həmin mənzildə olan mebellərlə birlikdə bir alıcıya satılmışdır. Mebellər mənzilin divar ölçülərinə uyğun yığıldığından, həmin mebelləri başqa sahələrə yerləşdirmək mümkünsüz olardı. Bu səbəbdən iddiaçının həmin vaxt razılığı əsasında evdə quraşdırılmış mebellərlə birlikdə ev yeni alıcıya təqdim edilmişdir. 2019-cu ilin may ayında toydakı pul vəsaiti hesabına əldə edilmiş mebellərin qiyməti olaraq, yəni mənzildəki əmlakların dəyəri olaraq 6500 manat evi alan şəxs tərəfindən ona ödənilmişdir. Həmin pul vəsaitini o, ailə və uşaqları üçün 2019-2020-ci illərdə birgə təsərüfatda xərcləmişlər. Mebellərin satılmasına birgə razılıqları olmuşdur. Müəyyən ailədaxili maddi çətinlikləri aradan qaldırmaq məqsədilə o, 22 noyabr 2019-cu il tarixdə "xxxx" ASC-dən 10.000 manat kredit götürərək ailə təsərrüfatına xərcləmişdir. Bankdan götürdüyü 10.000 manat pul vəsaiti və bu vəsaitin ailəyə xərclənməsindən Sevinc məlumatlı idi. Hal-hazırda həmin kredit məbləğini ödəyir. Kreditin son ödəniş tarixi xx.xx.2021-ci ildir.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 2(006)-3643/2021 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, İddiaçı məxsus 170 manat dəyərində 2 ədəd yumşaq yumru oturacaq (pufik), 670 manat dəyərində hərəsindən 12 ədəd olmaqla 84 parçadan ibarət yemək servis dəsti, 750 manat dəyərində 1 ədəd bagema qabı və 6 ədəd rumka (Çexiya malı), 300 manat dəyərində 2 ədəd bagema meyvə qabı, 300 manat dəyərində 2 ədəd bagema güldanı, 750 manat dəyərində firuzəyi servis (1 ədəd qab, 6 ədəd rumka), 850 manat dəyərində 1 ədəd bagema çaydan və 6 ədəd stəkanla podnosda (Sinqapur malı), 650 manat dəyərində komodun qabağında bagema qabları (1 ədəd güldan və 2 ədəd meyvə qabı), 150 manat dəyərində hərəsindən 12 ədəd olmaqla plov, sous, salat və kabab üçün boşqablar, 50 manat dəyərində 2 ədəd şirniyyat üçün xrustal vaz, 200 manat dəyərində xrustal qrafinka dəsti (1 ədəd qrafinka, 6 ədəd stəkan), 200 manat dəyərində 2 ədəd xrustal mürəbbə qabları, 150 manat dəyərində 2 ədəd xrustal konfet qabları, 150 manat dəyərində 1 ədəd xalat, 36 manat dəyərində hərəsindən 6 ədəd olmaqla, cəmi 18 ədəd gündəlik boşqablar, 30 manat dəyərində 6 ədəd dolmalıq dərin boşqab, 50 manat dəyərində hərəsindən 6 ədəd olmaqla, cəmi 18 ədəd 3 növdə böyüklükiçikli bulud, 36 manat dəyərində 12 ədəd maskura, 24 manat dəyərində 6 ədəd kiçik salat və limon üçün qablar, 40 manat dəyərində 1 ədəd gündəlik istifadə üçün qrafinka 12 ədəd stəkanları ilə, 36 manat dəyərində 12 ədəd kasa, 20 manat dəyərində hərəsindən 2 ədəd olmaqla yağ, pendir və ləbləbi qabları, 36 manat dəyərində 12 ədəd xrustal razetka, 50 manat dəyərində 12 ədəd xrustal armudu stəkan nəlbəkisi ilə, 80 manat dəyərində 12 şirə (sok) içmək üçün xrustal stəkan, 20 manat dəyərində 2 ədəd mürəbbə bişirmək üçün tas, 9 manat dəyərində 1 ədəd 12 litrlik vedrə, 35 manat dəyərində 6 ədəd dərin kiçik qablar naboru 1 dəst, 10 manat dəyərində 2 ədəd sarımsaq əzən, fındıq sındıran, 20 manat dəyərində 12 ədəd ayrıca bıçaq naboru, 30 manat dəyərində hərəsindən 2 ədəd olmaqla çömçə və kəfkir naboru, 20 manat dəyərində 1 ədəd plasmaz, 1 ədəd dəmir aşsüzən, 40 manat dəyərində 1 ədəd tefal balıq çevirən, 30 manat dəyərində 2 ədəd dəm çayniki, 48 manat dəyərində 12 ədəd çaşkalar nəlbəki ilə 2 dəst və ya onların dəyərinin ilkin iddia üzrə Cavabdeh alınaraq ilkin iddia üzrə İddiaçı qaytarılması, ilkin iddianın qalan hissədə rədd edilməsi, ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan 5 manatın ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməsi, qarşılıqlı iddianın təmin edilməsi, birgə nikah dövründə Cavabdeh ilə “X17” ASC arasında bağlanmış 22 noyabr 2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 3.740 manat pul vəsaitinin İddiaçı tutularaq Cavabdeh ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi qət edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin atası, mülkiyyətində olan mənzilini, özünün ağır xəstəliyi ilə əlaqədar mənzildə olan, mənzilin ölçülərinə uyğun yığılmış mebelin və s. əşyaları ilə birlikdə hazırki iş üzrə tərəflərin razılığı ilə satmışdır. Mənzil satılarkən mənzilin alıcısı evdə qalan bəzi əşyalara görə əlavə pul da ödəmiş, müəyyən əşyalar isə Mərdəkanda yerləşən bağ evinə aparılmış, tərəflər də yaşamaq üçün həmin evə köçmüşlər. Bağ evində xeyli müddət yaşadıqdan sonra münasibətləri pisləşdiyindən iddiaçının təşəbbüsü ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. İddiaçı mənzilin satılmasından xəbərinin olmamasını bildirsə də, məhkəmə onun bu izahatını inandırıcı saymır. Belə ki, iddiaçı iddia ərizəsində və izahatında təxminən 1 il müddətində Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon S.S.Axundov küçəsi məhəllə 31/23 bina1 (Cənub korpus) blok 3 mənzil 813 ünvanda yerləşən mənzildə yaşadıqdan sonra onların cavabdehin valideynlərinin yaşadıqları Mərdəkan qəsəbəsindəki bağ evinə köçmələrini, həmin vaxtdan uşaqları ilə birlikdə daimi bu ünvanda yaşamalarını, bu səbəbdən də cehiz əmlakının bir hissəsinin həmin ünvana aparılmasını göstərmişdir. İddiaçı bağ evinə daimi yaşamaq üçün köçərkən mənzilin alıcısı X8 ərizəsində sadalanan, onun mənzili alarkən dəyərini ödədiyi əmlakların bağ evinə aparılmamasını bildirmişdir.
15. Cavabdeh mənzildə olan mebellərin İddiaçı razılığı ilə 2019-cu ildə satılaraq əldə edilən vəsaiti ailə təsərrüfatına xərclənməsini, çoxsaylı ev əşyalarının xarab olduğundan oradaca atılmasını bildirsə də, məhkəmə hesab etmişdir ki, mənzilin alıcısının məhkəməyə təqdim etdiyi ərizəsində sadalanan əmlaklar istisna olmaqla ilk iddiaçının sonuncu ərizəsində sadalanan, ona məxsusluğu iddia edilən digər əmlakların mənzildən aparılması faktı təsdiq edilmişdir.
16. Məhkəmə qarşılıqlı iddia tələbləri ilə bağlı qeyd etmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, qarşılıqlı iddiaçı tərəfindən birgə nikah dövründə bankdan kredit götürülmüş, bu kredit də ailənin ümumi mənafeyi tələb edən məsələlərin həll edilməsinə xərclənmiş, kredit ilk iddia üzrə cavabdeh tərəfindən ödənilmiş və tərəflər arasında ailə münasibətləri faktiki olaraq (xx.xx.2020-ci il tarixdən) pozulduqdan sonra banka olan qalıq borcu 7.480 manat təşkil etmişdir.
17. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin 34.1, 36, 37.3, 41.2, Mülki Məcəllənin 225.2, 157.2, MPM-nin 77.1, 14.2, 217.3, 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
18. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apelyasiya şikayətində işin halları sadalanmaqla göstərilmişdir ki, məhkəmə faktiki sübutlara deyil, cavabdehin təqdim etdiyi formal mülahizələrə əsaslanmışdır. İş materiallarında olan sübutlardan görünür ki, o, 7-ci mikrorayonda olan mənzilə köçdükdən bir müddət sonra cavabdehin təkidi ilə Mərdəkandakı bağ evinə köçmüş və əşyaların az hissəsi - gündəlik istifadə üçün nəzərdə tutulanları bağ evinə aparılmışdır. Nikah dövründə və nikahdan sonra da məhkəmədə iddia qaldırılanadək 7-ci mikrorayondakı mənzilin satılmasından xəbəri olmamışdır. Cavabdeh məhkəmə baxışı zamanı götürülmüş kreditin nəyə xərcləndiyini əsaslandıra bilməmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
22. Cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
23. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır.
24. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir.
25. Maddə 33.1. Ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.
26. Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.
27. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəssiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
28. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir.
29. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
30. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
31. Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.
32. Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.
33. Maddə 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ərarvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
34. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir.
35. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
36. Maddə 225.2. Nnikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apelyasiya baxışının hədləri
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
42. Hazırki apelyasiya baxışının predmetini qətnamənin iddiaçının apelyasiya şikayətinə münasibətdə ilkin iddia tələbinin təmin edilməyən və qarşılıqlı iddia tələbinə aid hissədə yoxlanılması təşkil edir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir.
44. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili ərizə verərək, iddia tələbinə əsasən Mərdəkanda yerləşən cehiz əşyalarını götürdüklərini, bununla bağlı apelyasiya şikayətinin olmadığını, həmin əşyalarla bağlı birinci instansiya məhkəməsinin qərarı ilə razı olduqlarını və hər hansı mübahisə olmadığını bildirmişdir.
45. Göründüyü kimi Mərdəkanda yerləşən bağ evində olan əmlaklarla bağlı mübahisə mövcud deyildir.
46. İlkin iddia tələbinin sənədlərin (iddiaçının özünün və uşaqların doğum haqqında şəhadətnamələri, iddiaçının diplomunun və xarici pasportunun, disklərin) təqdim edilməsi hissəsində Kollegiya hesab edir ki, məhkəmə iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
47. Belə ki, tələb edilən sənədlərin cavabdehdə olmasını sübuta yetirmək yükü iddiaçının üzərinə düşür, lakin iddiaçı tərəfindən nə birinci instansiya məhkəməsində, nə də apelyasiya baxışı zamanı bu hissədə iddia tələbini təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir.
48. Bundan başqa iddiaçı 7-ci mikrorayondakı satılmış mənzildə olan cehiz əmlaklarının dəyərinin, yəni 33.518 manat məbləğində pulun ödənilməsini tələb etmişdir.
49. Tərəflərin birgə yaşadığı və mübahisələndirilən cehiz əşyalarının yerləşdiyi iddia olunan həmin mənzil xx.xx.2019-cu il tarixdə X8 adına özgəninkiləşdirilmiş, alıcı mənzili bəzi əşyaları ilə birlikdə almış, buna görə 10.000 manat əlavə ödəniş etmişdir.
50. Müəyyən edilmişdir ki, adıçəkilən mənzil, mənzilin ölçülərinə uyğun yığılmış mebel və s. avadanlıqlarla ilə birlikdə satılmışdır.
51. Məhkəmə bu hissədə iddia tələbini rədd edərkən belə qənaətə gəlmişdir ki, mənzilin və içərisindəki əşyaların satılmasından iddiaçının xəbərinin olmaması inandırıcı hesab edilmir, mənzil və əşyalar sonuncunun razılığı ilə satılmışdır.
52. Kollegiya hesab edir ki, məhkəmənin bu hissədə qənaəti yalnış olmuşdur.
53. Mübahisəli mənzilin əşyaları ilə birlikdə satılmasından iddiaçının xəbərinin olması işin hallarından müəyyən edilmir.
54. Göründüyü kimi tərəflər evləndikdən sonra həmin mənzilə köçmüş, təxminən 1 il yaşadıqdan sonra bağ evinə köçmüşlər.
55. Bağ evində yaşadıqları dövrdə mənzil və əşyalar satılmışdır.
56. Kollegiya belə nəticəyə gəlir ki, mənzil əşyalarla birlikdə satılarkən iddiaçının xəbəri olmamışdır, iddiaçıya məxsus əşyaların satılmasına iddiaçının razılığının olması sübuta yetirilməmişdir. Odur ki, mənzillə bərabər satılmış cehiz əmlakları iddiaçıya qaytarılmalıdır, lakin hazırda əmlaklar satıldığı üçün onların dəyəri iddiaçıya ödənilməlidir.
57. Həmin əmlakların X1 18 iyul 2019-cu il tarixə (aşınma nəzərə alınmaqla) qiymətinin müəyyən edilməsi məqsədi ilə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə qiymətləndirmə təyin edilmiş və qərardadın icrası "xxxx" MMC-yə həvalə edilmişdir.
58. "xxxx"-nin 15/0396 saylı xx.xx.2022-ci tarixli qiymətləndirmə hesabatına əsasən qiymətləndirməyə təqdim edilmiş 2016-cı ilin avqust-sentyabr aylarında alınmış mebel və ev əşyalarının satıldığı xx.xx.2019-cu il tarixinə (aşınma nəzərə alınmaqla) real bazar dəyəri 27384 manat müəyyən edilmişdir.
59. Daha sonra cavabdeh tərəfin vəsatəti əsasında iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
60. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 avqust 2022-ci il tarixli 9/3445 nömrəli ekspert rəyinə əsasən göstərilən əşyaların 2016-cı il – 2019-cu il tarixədək istifadədə olması nəzərə alınmaqla 2019-cu ilin iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 16480 manat müəyyən edilmişdir.
61. Kollegiya qeyd edir ki, "xxxx" MMC tərəfindən verilmiş mütəxxəsis rəyi daha mötəbər hesab edilir, belə ki, MMC tərəfindən illər üzrə aşınma nəzərə alınmaqla əsaslandırılmış rəy verilmişdir, Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyi isə ümumi ifadələrdən ibarət olmaqla kifayət qədər əsaslandırılmamışdır.
62. Odur ki, Kollegiya "xxxx" MMC tərəfindən müəyyən edilmiş məbləği əsas götürməklə, qeyd edilən məbləğin iddiaçıya ödənilməsi qənaətinə gəlir.
63. Kollegiya qeyd edir ki, iş materiallarında olan bəzi cehiz əşyalarının cavabdeh tərəfindən iddiaçıya və onun nümayəndələrinə təhvil verilməsi barədə xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, 2 ədəd gecə lampası iddiaçıya təhvil verilmişdir.
64. Odur ki, həmin iki ədəd gecə lampasının müəyyən edilmiş dəyəri olan 85 manat ümumi məbləğ 27384 manatdan çıxılmalı və 27299 manat (27384-85) iddiaçıya ödənilməlidir.
65. Qarşılıqlı iddia tələbinə aid hissədə məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən alınmış 10.000 manat kredit ailənin ümumi mənafeyi üçün sərf edilmişdir. Nəzərə alınmalıdır ki, ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarı ilə maddədə qeyd edilmiş ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir.
66. Qeyd olunanlara istinad edərək məhkəmə qarşılıqlı iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir.
67. Kollegiya bu hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşmır.
68. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, Ailə Məcəlləsinin 32 və 41-ci maddələri, habelə «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir. Nikah dövründə məhz ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əmələ gəlmiş öhdəliklərin ər-arvadın ümumi öhdəliklərini təşkil etməsi ilə bağlı ərin və ya arvadın əldə etdiyi kreditin məhz ailə ehtiyacları üçün sərf olunduğu müəyyən edildiyi halda həmin kredit üzrə öhdəlik ər-arvadın ümumi əmlakına daxil edilir. Ər-arvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərar). Hər birinin öhdəliyi üzrə isə tərəflər yalnız öz əmlakları ilə kreditor qarşısında fərdi məsuliyyət daşıyırlar.
69. Konstitusiya Məhkəməsi istinad olunan qərarında həmçinin qeyd etmişdir ki, ərarvadın nikah dövründə qazandıqları əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir, yəni ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə borclar ümumi əmlakın bölgüsü halında ər-arvad arasında onların mülkiyyət paylarına uyğun olaraq bölünür.
70. Göründüyü kimi, birgə nikah dövründə yaranmış öhdəlik ər-arvadın ümumi öhdəliyinə o vaxt aid edilə bilər ki, həmin öhdəliyin yaranmasına əsas verən müqavilə tərəfi olmuş ər (arvad) həmin krediti ailənin ehtiyacları üçün sərf etsin və bunu sübut etmək yükünü də məhz həmin tərəf daşıyır. Birgə nikah dövründə, tərəflərdən hansının adına rəsmiləşməsindən asılı olmayaraq, əvəzli əqd üzrə əldə edilmiş əmlakın ər-arvadın ümumi əmlakı hesab olunması (birgə vəsait hesabına alınması) prezumsiyası qüvvədə olduğu halda, əmələ gəlmiş öhdəliklər üzrə həmin öhdəliyin kimin təşəbbüsü ilə (kimin adına) yaranmasından asılı olaraq, məhz həmin tərəfin öhdəliyi olması prezumsiyası qüvvədə olur və hər iki halda bunun əksini sübut etmək yükü iddia edənin, yəni, birinci halda əmlakın birgə vəsait hesabına əldə olunmamasını, ikinci halda isə götürülmüş kreditin ailənin ümumi ehtiyaclarına sərf edilməsini iddia edənin üzərinə düşür. Bu isə o deməkdir ki, hazırki işdə cavabdeh götürdüyü kreditin ailənin ümumi ehtiyaclarına sərf olunduğunu sübut etməlidir.
71. Kollegiya hesab edir ki, işə rayon və apellyasiya icraatı qaydasında baxılarkən cavabdeh kredit vəsaitinin ailənin ümumi ehtiyaclarına sərf olunmasına dair hər hansı sübut təqdim etməmişdir.
72. Cavabdeh götürülən kreditin ailə üçün xərcləndiyini bildirərək, Şəki rayonuna səfər etdiklərini, uşağı dənizə apardığını və s. göstərmişdir.
73. Əvvəla Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən kredit noyabr ayında götürülmüş, məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, tərəflər Şəkiyə yay aylarında getmişlər.
74. Digər tərəfdən uşağın dənizə aparılması və ya Şəkiyə gəzməyə gedilməsi üçün kreditə götürülmüş 10000 manat məbləğində vəsaitin sərf edilməsi ağlabatan deyildir.
75. Cavabdeh kredit məbləğinin ailənin ümumi ehtiyaclarına sərf olunmasını iddia etdiyi halda bu halı sübuta yetirə bilməmiş, işin müəyyən edilmiş halları ilə isə bu təkzib edilmişdir.
76. Odur ki, Kollegiya hesab edir ki, qətnamə bu hissədə də ləğv edilməli və qarşılıqlı iddia tələbi rədd edilməlidir.
77. Beləliklə, apelyasiya şikayəti qismən əsaslı hesab edilməklə, qətnamə qismən ləğv edilməlidir.
78. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3643/2021 saylı iş üzrə 29 oktyabr 2021-ci il tarixli qətnaməsi ilkin iddia tələbinin Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon S.S.Axundov küçəsi məhəllə 31/23 bina 1 (Cənub korpus) blok 3 mənzil 813 ünvanında yerləşən satılmış mənzildə olan cehiz əmlaklarının dəyərinin ödənilməsinin təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə ilkin iddia qismən təmin edilsin. Satılmış həmin mənzildə olan cehiz əmlaklarının dəyəri - 27299 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı Quliyeva (Sadıqova) Sevinc Əlimərdan qızına ödənilsin. Qətnamə qarşılıqlı iddia tələbinə aid hissədə ləğv edilsin və Cavabdeh Quliyeva (Sadıqova) Sevinc Əlimərdan qızına qarşı “pul tələbinə dair” qarşılıqlı iddiası rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış tədqiqatın dəyərini təşkil edən 300 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN:**********; Hesab №AZ33İBAZ**********6792716216; Bank: "xxxx" ASC Yasamal filialı, kod 805562; VÖEN:**********; Müxbir hesab:AZ03NABZ********************; SWİFT BİK:İBAZAZ2X) ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.