Məhkəmə qərarları › İş №2(103)-1875/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1875/2022

17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1875/2022 17.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.09.2011-ci il tarixdən 25.08.2016-cı il tarixinədək Azərbaycan Respulikasının Silahlı Qüvvələrində hərbi xidmət keçdiyini, hərbi xidmət vəzifələrinin icrası zamanı xəstələndiyini, 9 saylı şəhər poliklinikasının Həkim Məsləhət Komissiyası tərəfindən müayinə edildiyini və bu barədə göndərişin “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil olunduğunu, həkim komissiyasının verdiyi rəylə hərbi xidmət dövründə aldığı xəsarət nəticəsində onda hipertanik davranış pozuntusunun və kəskin ifadəli davranış pozuntusu formalaşdığının müəyyən edildiyini və Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ona 01.08.2019-cu il tarixdə 2-ci dərəcəli əlillik təyin olunduğunu, bundan sonra hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi məqsədilə Dövlət Sığorta Şirkətinə müraciət etdiyini, lakin Dövlət Sığorta Şirkətinin 11.09.2019-cu il tarixli məktubu ilə əlillik dərəcəsinin hərbi xidmətdən tərxis olunmasından 3 il müddət keçdikdən sonra təyin edilməsi əsas gətirilərək sığorta ödənişinin verilməsindən imtina edildiyini, halbuki əllilik dərəcəsinin təyin edilməsi məqsədilə Tibbi-Sosial Ekspert Komissiyasına 11.06.2019-cu il tarixdə müraciət etdiyini, lakin həmin qurumun dövlət səhiyyə müəssisəsi tərəfindən göndərişin natamam doldurulması əsası ilə, yəni onun təqsiri olmadan müraciətini təmin etmədiyini, 27.07.2019-cu il tarixdə yenidən Tibbi-Sosial Ekspert Komissiyasına müraciət ünvanladığını və 29.08.2019-cu il tarixdə əllik drəcəsini aldığını, beləliklə də 3 illik müddəti ötürmədiyini bildirmiş, buna görə də Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 manat sığorta ödənişinin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, iddiaçı 25.08.2016-cı il tarixdə hərbi xidmətdən tərxis olunsa da, “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş 3 il müraciət etmə müddətini ötürməklə 3 il 4 gün sonra ona əlillik təyin olunmuş, məhkəmə isə bu halı nəzərə almadan əsassız olaraq iddianı təmin etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini istəmiş, iddiaçı isə məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikаyət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, iddiaçı 12.09.2011-ci il tarixdən 19.08.2016-cı il tarixinədək Azərbaycan Respulikasının Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmət keçmiş, 19.08.2016-cı il tarixdə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-ci maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq hərbi xidmətdən istefaya buraxılmış, 25.08.2016-cı il tarixdə hərbi hissənin siyahısından çıxarılmış, Tibbi-Sosial Ekspert Komissiyasının 29.08.2019-cu il tarixli qərarı əsasında ona 2-ci qrup əlillik təyin olunmuşdur. İş materiallarından aydın olur ki, iddiaçının qeyd olunan hallara istinad etməklə ona sığorta ödənişinin verilməsi barədə cavabdeh təşkilata ünvanladığı müraciətə “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən xidmət vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda, o sığorta məbləğini almaq hüququna malikdir. Ərizənizdən göründüyü kimi Siz, 21 iyul 2016-cı il tarixdə hərbi xidmətdən tərxis olunmusunuz və bu hadisədən 3 il müddət keçdikdən sonra, yəni 29 avqust 2019-cu il tarixdə İİ qrup əlillik dərəcəsi almısınız. Ona görə də Sizə İİ qrup əlillik dərəcəsi almanız ilə əlaqədar Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri-mümkündür” məzmununda cavab verilmişdir. Birinci instansiya məhkəməsi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndinə istinad etməklə belə nəticəyə gəlmişdir ki, iddiaçı hərbi xidmətdə olduğu dövrdə xəstələnərək həqiqi hərbi xidmətə yararsız hesab edilməklə istefaya (ehtiyata) buraxıldığından və bununla bağlı 2-ci qrup əlillik dərəcəsi aldığından, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ona sığorta ödənişi ödənilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mülki hüquq baxımından sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Beləliklə, sığortaçının sığorta ödənişi vəzifəsinin yaranmasının hüquqi əsası həm icbari sığorta haqqında qanunvericilik müddəaları, həm də tərəflər arasında bağlanmış sığorta müqaviləsi çıxış edə bilər. “Hərbi qulluqçuların statusu haqqında” 25 dekabr 1991-ci il tarixli Qanuna görə hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər və bu sığortalamanın qaydası, şərtləri və sığorta ödənişlərinin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 1991-ci il tarixli Fərmanı ilə Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə Heyətinin bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılmış və respublikada icbari sığortalamanın bütün növlərini həyata keçirmək həmin Şirkətə həvalə edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun preambulasına əsasən bu Qanun hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və səhhətinin dövlət icbari şəxsi sığortası qaydalarını və şərtlərini müəyyən edir. Qanun müəyyən edir ki, hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır (Dövlət Sığorta Kommersiya Şirkəti) (maddə 3). Qanuna 20 oktyabr 2006-cı il tarixdə edilmiş dəyişikliklərə əsasən hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir (maddə 4). Sığorta olunan hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda ona İ qrup əlilliyə görə - sığorta məbləğinin 80 faizi; İİ qrup əlilliyə görə - 60 faizi; İİİ qrup əlilliyə görə - 40 faizi nisbətində sığorta ödənişi verilir (maddə 5, ç). Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası müvafiq icra hakimiyyəti orqanları (sığortalılar) (o cümlədən hərbi qulluqçulqar üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyi) üçün bu məqsədlə hər il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına aparılır (maddə 6). Qanunvericiliyin sığorta olunana xidmətdən buraxıldığı gündən üç il müddətində əlillik təyin olunması barədə tələbinə münasibətdə kollegiya nəzərə alır ki, həmin normanın məqsədlərinə görə sığorta hadisəsinin mövcud olması üçün sığorta olunan məhz hərbi xidməti ilə əlaqədar aldığı xəstəlik nəticəsində hərbi xidmətə yararsız hesab edilməklə istefaya (ehtiyata) buraxılmalı və onun əlilliyi ilə xidməti vəzifələrini yerinə yetirməsi arasında birbaşa səbəbli əlaqə mövcud olmalıdır. Kollegiya qeyd edir ki, əgər şəxs hərbi xidmət dövründə faktiki əlil olubsa, onun həmin əlilliyi təsdiq edən sənədi gec alması sığorta ödənişinin verilməsindən imtina üçün əsas ola bilməz. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı hərbi xidmət dövründə xəstələnmiş, xəstəliyi ilə bağlı hərbi xidmətə yararsız kimi ehtiyata buraxılmış, məhz həmin xəsəlik diaqnozu ilə ona 29.08.2019-cu ildə əlillik dərəcəsi verilmişdir. Beləliklə, baxılan iş üzrə iddiaçının məhz ona əlillik verilməsinə əsas olmuş xəsəliyə hərbi xidmət dövründə məruz qaldığı müəyyənləşdirildiyindən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş 3 illik müddət ona şamil edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-350/2021 saylı mülki iş üzrə qəbul etdiyi 04 iyun 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar