Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1876/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı, Cavabdeh «xxxx» ASC-nin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «məlumatların təqdim olunması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-1452/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il tarixdən 2020-ci il tarixə kimi icbari qaydada daşınmaz əmlak üzrə tərəfindən bağlanılan sığorta müqavilələrinin ümumi sayı (rəqəmlərlə) və bununla bağlı aldığı sığorta haqlarının (komisyon muzd) ümumi məbləği (rəqəmlərlə) haqqında məlumat verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla «xxxx» ASC şirkəti arasında xx.xx.2011-ci il tarixli sığorta vasitəçiliyi haqqında xidmət müqaviləsi, bu müqavilə uzrə 11 və 14.70 faiz komisyon mükafatların (haqların) verilməsi barədə əlavə bağlanılmışdır. Göstərilənləri nəzərə alaraq xx.xx.2011-ci il tarixindən icbari qaydada daşınmaz əmlak üzrə bağladığı sığorta müqavilələrinin siyahısı və bununla bağlı aldığı sığorta haqlarının məbləği, ona xx.xx.2011-ci il tarixindən ödənilmiş komisyon muzdun məbləği haqqında arayışın verilməsini sığorta şirkətindən dəfələrlə xahiş etmişdir. Lakin informasiya sahibi açıq informasiyanı onun etibarnamə və order üzrə vəkilinin sorğusuna baxmayaraq verməmiş, bununla da onun informasiya əldə etmək hüququnu məhdudlaşdırmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)- 1452/2020 saylı qətnaməsi ilə (hakim Günay Axundova) iddia təmin edilmiş, xx.xx.2011-ci il tarixdən 2020-ci il tarixə kimi icbari qaydada daşınmaz əmlak üzrə iddiaçı Əlİddiaçı tərəfindən bağlanılan sığorta müqavilələrinin ümumi sayı (rəqəmlərlə) və bununla bağlı aldığı sığorta haqlarının (komisyon muzd) ümumi məbləği (rəqəmlərlə) haqqında iddiaçıya cavabdeh «xxxx» ASC tərəfindən məlumat verilməsi qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddiaçının bağladığı sığorta müqavilələrin siyahısını və bununla bağlı sığorta haqqı məbləği barədə məlumat əldə etmək üçün müraciət etməsi, lakin tələb edilən məlumatların sığorta sirri təşkil etməsi səbəbindən verilməməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etmiş, şikayətdə göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstəmişdir ki, iddiaçı fərdi sahibkar, cavabdeh isə hüquqi şəxsdir. Onların fəaliyyəti sahibkarlıq fəaliyyəti ilə bağlı olmuşdur. Eyni zamanda, tərəflər arasında Bakı Kommersiya Məhkəməsində «pul tələbi» barədə iş olmuş, həmin məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi təmin olunmamış, iddiaçının apellyasiya şikayətinə əsasən hazırda Bakı Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasında işə baxılmaqdadır. İddiaçının hazırki iş üzrə tələb etdiyi məlumatlar məhz Bakı Kommersiya Məhkəməsində baxılmış tələb üzrə sübutların əldə olunmasına xidmət edir. Hər iki işdə münasibətlərin xarakteri oxşardır. Bu səbəbdən də məhkəmə aidiyyəti ilə bağlı məsələnin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxaraq, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz etmiş, iddia ərizəsində göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o fərdi sahibkar, cavabdeh isə hüquqi şəxsdir. Onların fəaliyyəti sahibkarlıq fəaliyyəti ilə bağlı olmuşdur. Hazırda onun cavabdehə qarşı analoji fəaliyyətdən irəli gələn kommersiya mübahisəsi vardır və işə baxılmaqdadır. Hazırki iddiada irəli sürdüyü tələb vasitəsilə o, müvafiq illər üzrə icbari qaydada daşınmaz əmlak üzrə tərəfindən bağlanılan sığorta müqavilələrinin ümumi sayı və bununla bağlı aldığı sığorta haqlarının ümumi məbləği barədə məlumatların ona təqdim olunmasını istəyir ki, həmin məlumatlardan sübut kimi istifadə edərək cavabdehə qarşı ona ödənilməyən pulları tələb etsin. Bakı Kommersiya Məhkəməsində baxılmış və hazırda apellyasiya qaydasında davam edən digər mübahisənin mahiyyəti də bu istiqamətdə ona ödənilməyən pulların ödənilməsi ilə bağlıdır. Bu səbəbdən də məhkəmə aidiyyəti ilə bağlı məsələnin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxaraq, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı, mülki iş aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Oxşar normalar həmçinin, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddələrində də nəzərdə tutulmuşlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə xx xxx 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi X2rşı iş üzrə xx xxxxxxxx 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Qeyd olunan daxili və beynəlxalq hüquq normalarının mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurizdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. Əgər işə baxan məhkəmə həmin mübahisəyə baxmaqda səlahiyyətli deyildirsə, onun tərəfindən iş üzrə mahiyyəti üzrə hər hansı araşdırmanın aparılması qanunvericiliyin tələblərinə zidd olardı. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hər bir iddia ərizəsini icraata qəbul edib, ona mahiyyəti üzrə baxarkən ilk növbədə həmin mübahisənin onun səlahiyyətinə aid olub-olmaması məsələsini yoxlamalıdır. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, iddiaçı xx xxxxxx 2011-ci il tarixdə ********** saylı VÖEN əsasında fərdi sahibkar kimi dövlət qeydiyyatına alınaraq, fəaliyyət göstərir (iddiaçının özü də bu halı təsdiq edir). MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-in 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli Qərarının 12 və 13-cü bəndlərində göstərilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. İşdən göründüyü kimi, iddiaçı fərdi sahibkar, cavabdeh isə hüquqi şəxsdir. Həmçinin tərəflərin izahatlarından, işdə olan sənədlərdən və mübahisənin xarakterindən müəyyən edilir ki, hazırki mübahisə məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmışdır. Eyni zamanda, işdə olan Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflər arasında analoji fəaliyyətdən irəli mübahisəyə baxılmışdır (tərəflərin bildirdiyinə görə qətnamə qanuni qüvvəsini almamış, apellyasiya şikayəti verilmişdir). Beləliklə, iddia tələbinin mahiyyətindən, həmçinin işin hallarından aydın olur ki, tərəflər arasında yaranmış mübahisə kommersiya xarakterlidir. Belə olan halda, birinci instansiya məhkəməsi prosessual hüquq normalarının tələblərini pozaraq, səlahiyyətinə aid olmayan işi icraata qəbul edərək, ona mahiyyəti üzrə baxmışdır. Halbuki, MPM-in 31-ci maddəsinin tələbinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. İş materiallarından görünür ki, cavabdehin hüquqi ünvanı Bakı şəhərinin inzibati ərazisində yerləşir. Bu səbəbdən də, məhkəmə kollegiyası hesab edir ki, işə kommersiya xarakterli mübahisə kimi məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Qeyd edilən qərarın 8-ci bəndinə əsasən - işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPMin 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi məhkəmə aidiyyəti (prosessual hüquq) qaydalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 26.1, 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «məlumatların təqdim olunması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-1452/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-1452/2020 saylı qətnaməsi ləğv edilsin, mülki iş məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür Sədrlik edən: Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-1876/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1876/2021
03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver