Məhkəmə qərarları › İş №2(103)-1877/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1877/2024

02.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1877/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X7 cavabdehlər "xxxx" QSC-yə və Cavabdeh2 MMC-yə qarşı iş üzrə (Açar sözlər: “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X7 cavabdehlər "xxxx" QSC-yə və Cavabdeh2 MMC-yə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3623/2023 saylı qətnaməsindən iddiaçı X12 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı X12 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış “Turizm xidmətlərinin göstərilməsi haqqında” 46367 saylı müqavilə çərçivəsində həmin cəmiyyətin (tur şirkətinin) vasitəçiliyi ilə iddiaçı xx.xx.2023-cü il tarixdə uçuş, xx.xx.2023-cü il tarixdə dönüş olmaqla Bakı-Bodrum reysi üzrə “X24” QSC-dən (avia şirkətindən) online qaydada dəyərini (hər biletin dəyəri 1.364 manat olmaqla ümumilikdə 5.457 mana) ödəməklə 4 ədəd ikitərəfli aviabilet almışdır. İddiaçının kiçik oğlu, xx.xx.2014-cü il təvəllüdlü Royal Almazov (Roial Almazovi) ümumvətəndaş pasportu xx.xx.2023-cü il tarixədək etibarlı olmuşdur. Uçuş günü iddiaçının kiçik oğlunun ümumvətəndaş pasportunun etibarlılıq müddətinin (xx.xx.2023-cü il tarixədək etibarlı olmuşdur) bitməsinə 90 gündən az müddət qalması əsası ilə uşaq təyyarəyə buraxılmamışdır. İddiaçı digər oğlu və əri ilə səfərə həyata keçirmiş, kiçik oğlu isə evinə geri qayıtmışdır. İddiaçı və onun ailə üzvləri, o cümlədən oğlu X14 Respublikasının vətəndaşıdır və sonuncuya verilmiş Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinə əsasən onun bu icazəsinin müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı X12 cavabdehlər "xxxx" QSC-yə və Cavabdeh2 MMC-yə (iddiaçı tərəfindən sonradan cəlb edilmişdir) qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1.380 manat maddi, 5.000 manat mənəvi zərərin və 75 manat dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o və onun ailə üzvləri Gürcüstan Respublikası vətəndaşıdır və yaşamaq icazəsi ilə uzun müddətdir ki, Azərbaycan Respublikasında yaşayırlar. O, ailəsi ilə birlikdə hər il olduğu kimi yanvar ayının 21-də 3.210 ABŞ dollara (5.457 manata) Bodrum paketi almışdır. Həmin paketə 4 nəfərlik ödəniş üçün 5.457 manat yəni hər bir nəfərə 1.364 manat olmaqla, ümumilikdə 5.457 manat ödəniş etmişdir. Ailəvi olaraq istirahət etmək, habelə yoldaşının və oğlunun yay aylarına təsadüf edən ad gününü qeyd etmək məqsədi ilə bu tarixləri seçmişdirlər. Tur paketin gediş tarixi xx.xx.2023-cü il, dönüşü isə xx.xx.2023-cü il idi. Tur paketini "xxxx" şirkətindən almışdır. O bileti alanda həmin şirkətə X23un pasportunun etibarlıq müddətinin sentyabr ayının 30-u tarixində bitməsi barədə məlumat vermiş, lakin tur şirkəti bunun hər hansı probleminin olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə, saat 06:30 radələrində Heydər Əliev adına Hava Limanında cavabdehin əməkdaşlarına yaxınlaşdıqda ona gözlənilməz halda oğlu X15 Respublikasına keçidinə və uçuşuna icazəsinin olmaması barədə məlumat verilmişdir. Bunun səbəbləri ilə maraqlandıqda uşağın pasportunun etibarlıq müddətinin sentyabr ayının 30-u tarixində bitməsi bildirilmişdir. O bileti 7 ay öncə aldığını və bu məlumatın ona indi yox, ən azı 1 həftə əvvəl verildiyi halda uşağın passportunun dəyişdirə biləcəyini qeyd etməsinə baxmayaraq, cavabdehin əməkdaşları köməklik edə bilməyəcəklərini söyləmişdilər. Uşaq həmin vaxt stress keçirib ağlamağa başlamışdır. Gedişin əsas məqsədi hər il olduğu kimi yoldaşı Nuri Almazovun və oğlu Dövran Almazovun ad günlərinin keçirilməsi olmuşdur. Həm bu, həm də oğlunun stress yaşamaması səbəbindən onlar uçuşu ləğv etdirməmiş və uçmaq qərarını vermişdilər. Oğlu Röyalı isə ağlaya-ağlaya evə göndərmişdilər. O və ailə üzvləri cavabdehin əməkdaşlarına inanaraq stress keçirə-keçirə uçmuşlar, lakin Türkiyə Respublikasında sənədlərə baxılan zaman onlardan Röyal Almazovun harada olduğunu sorumuşdular. O, isə stress keçirəkeçirə cavab vermişdir ki, "Uşağın pasportunun etibarlıq müddəti sentyabrın 30-u bitdiyinə görə onu Türkiyə Respublikasına buraxmadılar”. Onlar isə uşağın pasportunun vaxtının 60 gün üzərində olması səbəbindən cərimə ödəməklə keçə bilməsinin mümkünlüyü barədə məlumat vermişlər və uşağın dərhal göndərildiyi halda onun Türkiyə Respublikasına buraxılmasının mümkün olduğunu söyləmişdilər. Amma səyahət şənbə-bazar günlərinə düşməsi və uşağın azyaşlı olması səbəbindən etibarnamə verə bilməmişlər və uşaq onların yanına gələ bilməmişdir. O uşağının uçuşa icazəsi ola-ola cavabdehin əməkdaşlarının bu uçuşun mümkünsüz olması barədə ona məlumat verməsi ilə bağlı orada da çox stress keçirmişdir. O və ailə üzvləri istirahət etmək əvəzinə böyük stress keçirmişdilər. X23 isə hələ də böyük stress içindədir.

4. Cavabdeh Azərbaycan Hava Yolları” QSC iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, “X18" şirkəti tərəfindən təqdim edilən siyahılara əsasən "xxxx" QSC və "X19" MMC arasında qüvvədə olan "Mövsümi reyslərdə blok yerlərin ayrılmasına dair" xx.xx.2023-cü il tarixli, 205-GM/15 nömrəli müqavilə çərçivəsində xx.xx.2023-cü il tarixdə iddiaçıya (o cümlədən iddiaçının övladı Almazov Roiala) Sukr-Bodrum marşrutu üzrə xx.xx.2023-cü il tarixli, J2 23 nömrəli və Bodrum-Bakı marşrutu üzrə xx.xx.2023-cü il tarixli, J2 24 nömrəli reyslərə aviabiletlər yazılmışdır. İddiaçının təqdim etdiyi sənədlərə əsasən qeyd edilən uçuşlara biletlər iddiaçı tərəfindən əldə edilmiş tur-paket çərçivəsində digər sənədlərin rəsmiləşdirilməsi "xxxx" şirkəti tərəfindən həyata keçirilmişdir. Təqdim edilmiş sərnişin siyahıları üzrə aviabiletlərin rəsmiləşdirilməsi cədvəl üzrə reysin yola düşməsindən bir gün əvvəl həyata keçirilib və bu proses "X19" MMC şirkətinin reys üçün əldə etdiyi sərnişin yerləri bloku üzrə həyata keçirilən faktiki satış üzrə daşımanın rəsmiləşdirilməsi xarakteri daşımışdır. xx.xx.2023-cü il tarixdə Bakı-Bodrum marşrutu üzrə J2 23 nömrəli reysə qeydiyyat zamanı Gürcüstan Respublikası vətəndaşı sərnişin Almazov Roiala məxsus xarici pasportun etibarlılıq müddətinin xx.xx.2023-cü il tarixdə bitəcəyi, yəni sərnişinin Türkiyə Respublikasındakı təyinat hava limanına nəzərdə tutulan gəliş tarixindən pasportun etibarlılıq müddətinin 75 gün qaldığı müəyyən olunmuşdur. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini, həmçinin dövlət sərhədinin keçmə qaydasını tənzimləyən Türkiyə Respublikasının qanunvericiliyini və aviadaşıyıcılara sərnişinlərin səyahət üçün lazımi qaydada olmayan sənədlərlə daşınmasının qarşısının alınmasını göstərən mülki aviasiya sahəsində beynəlxalq konvensiyaların normalarını nəzərə alaraq, Gürcüstan Respublikasının vətəndaşı sərnişin Almazov Roial Bakı-Bodrum marşrutu üzrə J2 23 nömrəli reysə buraxılmamışdır. Bundan başqa, Gürcüstan Respublikasının vətəndaşı sərnişin Almazov Roialın xx.xx.2023-cü il tarıxdə, yəni uçuş tarixindən 5 gün əvvəl Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilən icazənin vaxtı bitmişdir ki, bu da Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən olunan müvafıq normaların kobud şəkildə pozulmasıdır. Gürcüstan Respublikasının vətəndaşı Almazov Roial Azərbaycan Respublikasının ərazisini tərk edə biləcəyi halda belə (hüquqpozmanın rəsmiləşdirilməsi və müvafiq cərimənin ödənilməsindən sonra) mövcud daşıma sənədinin vaxtı bitdiyindən və Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün qüvvədə olan icazəsi olmadığından, Gürcüstan Respublikası vətəndaşının pasportunun etibarlıliq müddəti isə Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 36-cı maddəsinin tələblərinə uyğun olmadığından, Azərbaycan Respublikasının ərazisinə qayıda bilməyəcəkdi.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3623/2023 saylı qətnaməsi ilə iddiaçı X7 cavabdehlər "xxxx" QSC-yə və Cavabdeh2 MMC-yə qarşı "vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası rədd edilmişdir. (hakim X8)

6. Məhkəmə iddianı rədd edərkən qeyd etmişdir ki, zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, ona dəymiş zərərin cavabdehlərin təqsiri üzündən dəyməsini, ümumiyyətlə 1.380 manat məbləğində ziyanın vurulmasına dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Bundan əlavə iddiaçı maddi zərər kimi turpaketin qiymətini və sığortanın qiymətini əsas gətirsə də, bu iddianın təmin edilməsi üçün əsas hesab edilməməlidir. Belə ki, iddiaçı özü də iddia ərizəsində qeyd etmişdir ki, ilk dəfə biletlər alınarkən müvafiq tur operator şirkətinə müraciət edərək, oğlunun xarici passportunun müddətinin xx.xx.2023-cü il tarixdə bitməsini bildirmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı bu mübahisəli məqamı araşdırmalı, cavabdehin öhdəsinə buraxmamalı (cavabdehin bununla bağlı vəzifəsinin olmasını məhkəməyə təqdim edilməmişdir) idi. Lakin iddiaçı müddət məsələsinə biganə qalmış və sonda hava limanında oğlunun çıxışına məhdudiyyət qoyulmuşdur. Bu halda iddiaçının cavabdehlərdən maddi zərərin ödənilməsini tələb etməsi əsassız olmuşdur.

7. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandırsa da maddi ziyan hissəsi təmin edilmədiyindən və cavabdehlərin bu mübahisədə heç bir təqsiri müəyyən edilmədiyindən iddia mənəvi ziyan hissəsində də təmin edilə bilməz.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 9.3-cü, 21-ci, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 36.1.2-ci, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 4.1.3-cü maddəsinə, Türkiyə Respublikasının “Yabancılar ve X11”na, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 76.1-ci, 217.3-cü, 217.4-cü maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli, 7 nömrəli qərarına və bir sıra Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı X12 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəf də ziyan məbləğləri ilə bağlı xüsusən 1.380 manat maddi ziyanla bağlı məsələni mübahisələndirməmiş və həmin məbləğin ödənilməsini qəbul etmişdir. İşin faktiki hallarındanda görünür ki, cavabdeh "xxxx" QSC iddiaçının azyaşlı uşağını uçuşa buraxmamış və bunu qeyri-hüquqi şəkildə əsaslandırmışdır. Beləliklə ortada mülki hüquq pozuntusu, delikt yaranmış olur. Aviabiletin məzmununda pasport müddəti, səfər olunacaq ölkəyə gediş-gəliş müddətində pasportun etibarlılıq müddəti kimi məqamlar göstərilmir. İddiaçı bu kimi incə hüquqi və texniki məqamları bilmirdi və bilə bilməzdi. Cavabdeh də məhz pasportun etibarlılıq müddətinin 60 gündən az qalmasına görə iddiaçının uşağını uçuşa buraxmamışdır. Cavabdehin özünün rəsmi şəkildə təsdiq etdiyi və rəsmi internet portalında dərc etdiyi Qaydalarında da iddiaçının uçuşa buraxılmasından imtina edilməsinə heç bir hüquqi əsasın olmaması göz önündədir. Məhkəmə bu şərti də nəzərə almamışdır. İşin hallarından görünür ki, iddiaçı üzərinə düşən vəzifəni icra etmiş, özünə dəymiş zərəri sənədlərlə sübut etmişdir. Cavabdeh "xxxx" QSC isə iddiaçının uşağının uçuşa buraxılmamasını heç bir mötəbər dəlil və sübutla təsdiq edə bilməmiş, iş üzrə bir neçə beynəlxalq konvensiyanın ümumi müddəalarını sadəcə sadalamaqla qane olmuşdur. Məhkəmə isə ümumi müddəaları işin hallarına tətbiq etməmiş və işə aidliyini müəyyən etməmişdir. Məhkəmə cavabdehin etirazında bildirdiyi “Beynəlxalq Mülki Aviasiya X6”nın 5.9 bədninin və 9 saylı əlavəsinin etibarlı sənəd barədə tələblərini sadalamış, bunun işə aidiyyatını müəyyən etməmişdir. Türkiyə Respublikasının “Yabancılar və X11”nun 7-ci bəndinə də düzgün hüquqi qiymət verməmişdir. Belə ki, həmin qanunun izahı üzrə 3 quruma mütəxəssis göndərməsi üçün vəsatət verilmiş, bir qurum mütəxəssisini göndərmiş, digər qurumlardan isə yazılı mövqe və ya mütəxəssis cəlb edilməsini məhkəmə təmin etməmişdir. İşə cəlb edilən mütəxəssis isə izahatında və suallara verilən cavabda bildirmişdir ki, Türkiyə Respublikası ilə Gürcüstan Respublikası arasında 2011-ci ildən ölkəyə pasport olmadan, yalnız şəxsiyyət vəsiqəsi ilə girişə icazə verən beynəlxalq saziş imzalanmışdır. Yəni cavabdeh iddiaçının uşağının pasportu ilə deyil, hətta şəxsiyyət vəsiqəsi ilə də ölkədən buraxa bilərdi. Qətnaməyə nəzər saldıqda görünür ki, məhkəmə iddianın predmetini təşkil edən ən mühüm fakta, yəni iddiaçının Türkiyə son olma müddətinin xx.xx.2023 tarixindən etibarən yoxsa xx.xx.2023 tarixindən etibarən 90 gün və əlavə 60 gün qalmalı olmalı və bununla da pasportun etibarlılıq müddətinin hesablanmalı olmasını nəzərə almamışdır. Bununla bağlı verilən vəsatət də sona qədər icra edilməmişdir (məhkəmə yalnız məktub göndərməklə kifayətlənmiş, vəsatətdə göstərilən hüquqi mövqeyin dəqiqləşməsinə imkan verməmişdir).

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İştirak etdiyi məhkəmə iclasında iddiaçı X12 və onun nümayəndəsi və vəkili Vəkil tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin ediməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdirlər.

13. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. Cavabdeh2 MMCi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 842.2-ci maddəsinə əsasən sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır; 848-ci maddəsinə əsasən sərnişin bu Məcəllənin 846-cı maddəsinə əsasən pretenziyaları daşıyıcıya müqavilədə nəzərdə tutulan daşımanın qurtarmasından ən geci bir ay keçənədək verməlidir. Müddət keçdikdən sonra sərnişin pretenziyaları yalnız həmin müddəti öz təqsiri olmadan gözləyə bilmədiyi halda verə bilər; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1132-ci maddəsinə əsasən malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

17. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 36.1.2-ci maddəsinə əsasən viza verilməsi üçün pasport və ya digər sərhədkeçmə sənədi (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır) və onların əsas səhifələrinin surətləri tələb olunur.

18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarına əsasən “Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

20. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarının: 2-ci bəndinə əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir; 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir; 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər; 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur; 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

23. İddiaçının apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

25. Məhkəmə kollegiyası yuxarıda sadalanan və qanunvericiliyin istinad edilən aidiyyəti müddəalarına əsasən qeyd edir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyi də zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir.

26. Məhkəmə kollegiyası işin faktiki hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, iddiaçı ilə cavabdehlər arasında sərnişin daşıma sahəsində mülki hüquqi münasibətlərinin yaranması, iddiaçının ailə üzvləri ilə birlikdə xx.xx.2023-cü il tarixdə Bakı şəhərindən Türkiyənin Bodrum qəsəbəsinə uçuş və Bodrum qəsəbəsindən Bakı şəhərinə qayıdışla bağlı səyahət biletlərini alması məqsədi ilə "xxxx" MMC vasitəsilə “X24” avia şirkətindən online qaydada dəyərini (hər biletin dəyəri 1.364 manat olmaqla ümumilikdə 5.457 mana) ödəməklə 4 ədəd aviabilet alması, uçuş tarixində iddiaçının kiçik oğlu Röyal Almazovun təyyarəyə buraxılmaması, bunun səbəbi kimi iddiaçının oğlunun ümumvətəndaş pasportunun etibarlılıq müddətinin bitməsinə 90 gündən az müddət qalmasının göstərilməsi işin mübahisə olunmayan hallarıdır.

27. İddiaçının bu haldan məlumatsız olması, ümumvətəndaş pasportunun etibarlılıq müddətinin bitməsinə 90 gündən az qaldığı halda uçuşa buraxılmama halı barədə xəbərdar edilməməsi barədə dəlilləri əsassızdır. Belə ki, ən azı "xxxx" QSC-nin rəsmi internet səhifəsində (azal.az) bu istiqamətli və məzmunlu zəruri məlumlar öz əksini tapmışdır.

28. Digər tərəfdən hazırda mübahisə predmetini təşkil edən hal barədə məlumat əldə etmək birbaşa olaraq iddiaçının maraq dairəsinə daxil olan haldır. Belə ki, iddiaçı özü də iddia ərizəsində "xxxx" MMC-dən bilet alanda həmin cəmiyyətə X23un pasportunun etibarlıq müddətinin sentyabr ayının 30-u tarixində bitməsi barədə məlumat verdiyini bildirir. Hər bir halda, bu məsələyə diqqət yetirən və səfərin bu tarixdən təxminən iki ay əvvəl baş verməsini bilən və arzulayan iddiaçı müddətlərlə bağlı hər hansı çətinliyin yaranmasının mümkünlüyünü araşdırmalı idi. İddiaçı iddia ərizəsində həmin paketi hər il olduğu kimi, yanvar ayında aldığını göstərir ki, bu da onun ailə üzvləri ilə birlikdə ilk dəfə səyahət etmədiyini təsdiq edir. Lakin hazırda mübahisələndirdiyi vəziyyətdə əvvəllər belə bir çətinliklə üzləşmədiyini və qeyd edilən müddətlərə məhəl qoyulmadan səyahət etdiyini (ölkədən buraxıldığını) bildirmir.

29. Məhkəmə kollegiyası o halı da vurğulayır ki, iddiaçı ilə digər cavabdeh "xxxx" MMC arasında bağlanmış “Turizm xidmətlərinin göstərilməsi haqqında” 46367 saylı müqavilənin 3.5-ci və 3.8-ci (a bəndi) maddələrinə əsasən turistin gömrük və sərhəd nəzarətindən keçə bilməməsinə və ya turistin günahı üzündən səfərdən çıxarılmasına görə tur agentliyi heç bir məsuliyyət daşımır. İddiaçı həmin müqaviləni imzalamaqla onun şərtlərini bəyəndiyini, o cümlədən qeyd edilən müddəların doğurduğu hüquqi nəticələri qəbul etdiyini bəyan etmişdir.

30. Məhkəmə kollegiyası iş üçün əhəmiyyət kəsb edən digər bir məsələ kimi qeyd edir ki, iddiaçı uçuşu baş tutmayan oğlunu ölkədə qoyaraq digər ailə üzvləri ilə birlikdə təyinat nöqtəsinə getməklə həmin vaxt oğluna münasibətdə yaranmış hüquqi vəziyyətlə razılaşmış və onu qəbul etmiş və digər ailə üzvləri ilə birlikdə öz səyahətinə davam etmişdir.

31. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının kiçik oğlu Röyal Almazovun ümumvətəndaş pasportunun etibarlılıq müddətinin bitməsinə 90 gündən az müddət qalsa da, onun Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müddəti uçuş tarixindən 18 gün əvvəl artıq bitmişdir. Ona həmin icazənin verilməsini təsdiq edən vəsiqədən bu hal açıq və aydın şəkildə görünür. Bu hal onu göstərir ki, iddiaçının oğlu uçuşa buraxılsa idi belə, hər bir halda onun ölkə ərazisinə geri dönüşü zamanı problem yaşanmış olacaqdır. Eyni zamanda, bu hal onu təsdiq edir ki, iddiaçı ümumiyyətlə uşağın sənədlərini etibarlıq müddəti baxımından nəzərdən keçirməmişdir.

32. Bununla belə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, iddia tələbinin maddi zərərlə bağlı hissəsinə münasibətdə hesab edir ki, tərəflər arasında yaranmış münasibətlərin xarakterinə əsasən həmin zərərin cavabdehlərin təqsirli hərəkətləri, habelə öhəliyini lazımi qaydada icra edilməməsi və s. nəticəsində yaranması halını iddiaçı sübuta yetirə biməmişdir. Əksinə işin halları ilə mübahisələdirilən məsələnin birbaşa iddiaçı tərəfindən həll edilməli olan məsələ olduğu, baş vermiş hadisənin də birbaşa onun risk dairəsinə daxil olan öhdəlik olduğu müəyyən edilir. Belə olan halda isə, cavabdehlərin üzərinə nə öhdəliyin pozulmasına görə, nədə ki, hər hansı qanuna zidd hərəkətin icra edilməsinə görə (belə bir hal mövcud deyil) məsuliyyət qoyula bilməz. Hüquqi nəticə etibarı ilə iddiaçının iddia etdiyi məsələ üzrə Cavabdeh2 MMC iddiaçı qarşısında hər hansı öhdəlik götürməmiş, cavabdeh "xxxx" QSC-nin əməkdaşları isə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq öz xidməti vəzifələrini yerinə yetirmişdilər.

33. Məhkəmə kollegiyası iddianın mənəvi zərərlə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçıya cavabdehlər tərəfindən hər hansı maddi zərərin vurulması halı öz təsdiqini tapmamış, nəticə etibarı ilə iddia bu hissədə əsassızdır. İddia üzrə mənəvi zərər tələbi də maddi zərər tələbinə münasibətdə törəmə tələbdir və onun təmin edilibedilməməsi bilavasitə maddi zərərlə bağlı tələbin təmin edilib-edilməməsindən asılıdır. Qeyd edilənlər də öz növbəsində iddia tələbinin mənəvi zərərlə bağlı hissədə də rədd edilməsini şərtləndirir. Digər tərəfdən 30-cu bənddə göstərilənlər nəzərə alındığı halda, mənəvi zərərin nədə ifadə olunduğu aydın olmur. İddiaçı uşağın sənədlərinin etibarlılıq müddətini diqqət mərkəzində saxlamalı olmasına və bununla bağlı tədbir görmək üçün kifayət qədər vaxta malik olmasına baxmayaraq, hər hansı tədbir görməyən və nəticə etibarı ilə uşağı hava limanından geri qaytararaq, öz səyahətlərinə davam edən valideynlərin, xüsusilə də iddiaçının bu hərəkətlərinin uşağa mənəvi sarsıntı yaşatması və onun stress keçirməsinə səbəb olub-olmaması məsələsinə də aydınlıq gətirə bilməmişdir.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd edir ki, qanunvericilikdə mülki mühakimə icraatında məhkəmənin sübut toplamaq vəzifəsi təsbit olunmamışdır. Başqa sözlə, iddia ilə bağlı iddiaçı özü sübutlar təqdim edərək, iddiasının əsaslığını sübut etməyə çalışmalıdır. Bu səbəbdən apellyasiya şikayətinin həmin dəlilləri də əsassız olmaqla təmin edilə bilməz.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı X7 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3623/2023 saylı qətnaməsi iddiaçı X7 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı X10 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar