Məhkəmə qərarları › İş №2(103)-1878/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1878/2022

01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1878/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin etibarnamə əsasında nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5568/2021 saylı, 30 sentyabr 2021ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 11.000 manat pulun tutularaq onaa ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, onun həyat yoldaşı X5 1994-cü ildən hərbi xidmətə çağrılmış və 2016-cı ilədək müxtəlif vəzifələrdə zabit kimi hərbi xidmət keçmişdir. Hərbi xidmət zamanı müxtəlif müddətlərdə Hərbi Hospitalda və rayon xəstəxanasında müalicə olub və əməliyyat olunmuşdur. Həkimlərin qərarı ilə Bədir Həsənov xidmətə yararsız hesab edilmiş və o, xidmətdən tərxis olunmuşdur. 21 may 2020-ci il tarixdə həyat yoldaşı X2 şok səbəbindən rəhmətə getmişdir. Ölümün səbəbi B.Həsənovun hərbi xidmət dövrü aldığı xəstəlilkə əlaqədar olmuşdur. Lakin həyat yoldaşı X3 ölümü ilə əlaqədar sığorta pulu ona verilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5568/2021 saylı, 30 sentyabr 2021ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi tələbinə dair” iddia ərizəsinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 5568/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsi qanunsuz və əsassız olduğuna görə, maddi və prosessual hüquq norması düzgün tətbiq edilmədən, həmçinin, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadan qəbul edildiyindən ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, X3 ölümü ilə əlaqədar sığorta pulu ona verilməmiş və pulun ona verilməməsini hüquqlarının pozulması kimi qiymətləndirir. “Hərbi qulluqçuların dövlət icbari sığortası” haqqında qanuna görə 11000 manat sığorta pulu verilməlidir. Məhkəmə həyat yoldaşı X6 əlili olmasını, hərbi xidmət zamanı aldığı xəsarətlə əlaqədar ayağının qanqren olmasını və bu səbəbdən vəfat etməsini, habelə 3 azyaşlı uşağının onun öhdəsində qalmasını, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini nəzərə almadan əsassız qətnamə qəbul etmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5568/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5568/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X7 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5568/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı həyat yoldaşı X3 hərbi xidmət vəzifəsinin icrası ilə əlaqədar olmayaraq, vəfat etmiş, onun ölümü hərbi xidmət vəzifəsinin icrası ilə bağlı deyil, buda “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununa əsasən sığorta hadisəsi sayılmır, iddiaçının “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən sığorta almaq hüququ yoxdur və gəldiyi nəticəni “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Şəmkir rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ № 105058 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə İddiaçı arasında 03 sentyabr 2004-cü il tarixdə Şəmkir rayon Yeni həyat kənd İnzibati Ərazi Vahidliyində nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2004-cü ilin sentyabr ayının 03 günündə 14 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Həsənova soyadı verilmişdir.(İ.vər. 7) İş materiallarında olan, Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 iyun 2020-ci il tarixli, AZ-İİ № 065194 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 21.05.2020-ci ildə septik şok səbəbindən Bakı şəhərində vəfat etmişdir.(İ.vər. 4) İş materiallarında olan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 19.05.2016-cı il tarixli arayışdan görünür ki, X5 ikinci qrup əlildir. Səbəb: Hərbi xidmət dövrü ilə əlaqədar əlillik.(İ.vər. 5) İş materiallarında olan, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi tərəfindən verilmiş 22.07.2021-ci il tarixli, 65 saylı arayışdan görünür ki, İddiaçı həyat yoldaşı 08.06.1976-cı il təvəllüdlü mərhum mayor X5 12.08.1993-cü il tarixdən 24.07.2015-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur.(İ.vər. 3) Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə - 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə - 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) - 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə - 80 faiz; - İİ qrup əlilliyə görə - 60 faiz; - İİİ qrup əlilliyə görə - 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 5 faiz. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 25.07.1997-ci il tarixli Fərmanının 2-ci maddəsinə əsasən həmin dövlət sığorta orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti həyata keçirir. Birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, İddiaçı mərhum əri X5 hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə ikinci qrup əlil olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, həyat yoldaşı X6 əlili olması, hərbi xidmət zamanı aldığı xəsarətlə əlaqədar ayağının qanqren olması və bu səbəbdən vəfat etməsi nəzərə alınaraq, Bədir Həsənovun ölümü ilə əlaqədar sığorta pulu ona verilməmiş və pulun ona verilməməsini hüquqlarının pozulması kimi qiymətləndirir. “Hərbi qulluqçuların dövlət icbari sığortası” haqqında qanuna görə 11000 manat sığorta pulu verilməlidir. Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin qeyd olunan dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X5 12.08.1993-cü il tarixdən 24.07.2015-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, sonuncu tarixdə xəstəliyi ilə əlaqədar Silahlı Qüvvələrdən ehtiyyata buraxılmış və 21.05.2020-ci ildə septik şok səbəbindən Bakı şəhərində vəfat etmişdir. Onun ölümü hərbi xidmət vəzifəsinin icrası ilə bağlı olmamışdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1ci maddəsinə əsasən hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. Həmin Qanunun 27.2-ci maddəsinə əsasən hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin vəfat etmələri (həlak olmaları), yaxud bədən xəsarəti (yara, travma, kontuziya) almaları, aşağıdakı hallar nəticəsində baş verdikdə hərbi xidmət vəzifələrinin icrası ilə bağlı sayılmır: - 27.2.1. bu Qanunun 27.1-ci maddəsində nəzərdə tutulan hallardan başqa, günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtı ərzində komandirin (rəisin) məlumatı olmadan və ya xidmət vaxtından sonra komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya digər göstərişin yerinə yetirilməsi ilə əlaqədar olmayan hallarda hərbi hissədən (xidmət yerindən) kənarda olması; - 27.2.2. sərxoş vəziyyətdə olması; - 27.2.3. inzibati xətanın və ya cinayətin törədilməsi. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının mərhum əri X5 hərbi xidmət vəzifəsinin icrası ilə əlaqədar olmayan hallarda vəfat etdiyindən, iddiaçının “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən sığorta almaq hüququ olmaması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, X3 ölümü hərbi xidmət vəzifəsinin icrası ilə bağlı deyil və buda “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununa əsasən sığorta hadisəsi hesab edilmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apelyasiya şikayətində göstərdikləri qətnamənin ləğv edilməsi üçün əsaslı hesab edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, İddiaçı apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5568/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə verilmiş apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5568/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar