Məhkəmə qərarları › İş №2(103)-1878/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1878/2023

03.02.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1878/2023 03.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4011/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, Müəyyən etdi: Nərimanov Rayon Məhkəməsinin 2(005)-4011/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (3-cü şəxs qismində AR ƏƏSMN yanında DƏMX cəlb edilməklə) boşdayanmaya görə vəzifə maaşının 2/3 hissəsinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" ASC tərəfindən elektron qaydada apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 363.3-cü maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki iş materiallarından görünür ki, cavabdeh tərəfindən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd və ya qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət əlavə edilməmiş və hətta şikayətdə xüsusilə qeyd edilmişdir ki, iddiaçı tərəfindən irəli sürülən tələb əməyin ödənilməsi ilə bağlı olduğundan cavabdeh şikayətin verilməsi üçün nəzərdə tutulan dövlət rüsumu ödəməkdən azaddır. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 9.1.1-ci maddəsinə görə əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin qeyd olunan müddəasından da göründüyü kimi əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə yalnız iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin norma məhz əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif olan işçi mənafeyinin qorunmasına yönəlmişdir və qeyd olunan müddəanın (9.1.1-ci maddəsinin) hüquqi şəxs olan cavabdehə şamil olunması qanunvericiliyin tələblərinə uyğun deyildir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya hesab edir ki, apellyasiya şikayətinə qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunu ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli, qətnamədən verilən apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 357, 363, 366, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4011/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Günay Axundova Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar