Məhkəmə qərarları › İş №2(103)-1883/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1883/2025

26.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1883/2025 26.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 2186/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Binəqədi rayon Məhkəməsinin 2(001)-12841/2015 saylı , xx.xx.2015-ci il tarxli icra sənədinə əsasən borclu İddiaçı icra sənədi üzrə 2016-cı ilin dekabr ayından 2024-cü ilin iyul aynadək 8 (səkkiz) il müddətində ödənilməmiş 96 aylıq 22.080 manat aliment məbləği birgə yaşanılmış 8 il müddətində evin və ailənin bütün xərclərinin saxlanılmasına və ailə üçün zəruri olan işlərə xərclədiyi vəsaitlə əvəzləşdirilməsi və İddiaçı həmin məbləği ödəməkdən azad edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 2186/2025 nömrəli qərardadı ilə iddia ərizəsinin icraata qəbulundən imtina edilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin № e-2(001)- 2186/2025 saylı, 31 yanvar 2025-ci il tarixli qərardadını aşağıda qeyd etdiklərinə görə qanuni hesab etmir. İlk növbədə bildirir ki, iddiaçı olaraq icra məmurunun aliment borcunun əsassız hesablamasından şikayət etməmişdir. Ona görə ki, icra məmuru qanunla ona verilmiş səlahiyyətlə borclunu aliment borcundan azad etmək səlahiyyəti yoxdur. Yəni bu “İcra haqqında” Qanunda belə bir səlahiyyət icra məmurlarına verilməyib. İcra məmuru aliment üzrə borcun müəyyən edilməsi ilə bağlı ona yazdığı bildirişdə olan məbləğ icra sənədində qeyd edilmiş sabit məbləğdə olan 8 illik ödənilməyən aliment məbləğidir. Yəni həmin hesablamadan hər hansı bir pozuntu və səhv hesablama yoxdur. Sadəcə olaraq həmin 8 illik müddətdə ailə ilə birlikdə yaşamağı, həmin illərin xərcinin ailəyə xərcləməyi və sonradan təlabkarın həmin səkkiz illik müddət ərzində ailəyə xərclədiyi pulu ondan istəməyini həmin dövr üçün aliment borcundan azad edilmə tələbi ilə məhkəməyə iddia irəli sürməyə məcbur etmişdir. İddia tələbinin əsasını Cavabdehla birgə yaşadığı 8 il müddətində yığılıb qalmış aliment borcunun əvəzləşdirilməsi və həmin alimenti ödəməkdən azad edilməyi barədədir. Ona görə də, icra məmurunun hərəkətlərindən mülki prosessual qaydada şikayət etməyin heç bir əsasının olmadığını hesab edir. İddia tələbini isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107-ci və 112-ci maddələri əsaslandırmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 2186/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-2186/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 106.5-ci maddəsinə əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı aliment məbləğinin azaldılması tələbi il məhkəməyə müraciət etsə də, faktiki olaraq, ailəsi ilə birlikdə yaşadığı dövrdə ailənin tələbatlarını təmin etməsinə baxmayaraq, icra məmuru tərəfindən aliment borcunun əsassız hesablanmasından narazıdır. Hansı ki, Binəqədi Rayon Məhkəməsinin 3(001)- 4790/2024 saylı xx.xx.2024-cü il tarixli qərarında borclu kimi aliment öhdəliyinin icrasından yayınmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Hazırki iş üzrə isə borclu aliment borcunun düzgün olaraq yarandığını qəbul edir və həmin borcun qeyd edilən üzrlü səbəbə görə yarandığına görə silinməsini arzu edir. Lakin hazırki iddianın əsası borclu uşağın tələbatının borcun hesablandığı müddət ərzində onun tərəfindən qarşılandığına əsaslanaraq borcun mövcudluğunu mübahisələndirir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.5-ci maddəsinə istinad etməklə, iddia ərizəsinin icraata qəbulundən imtina etmiş və iddiaçıya Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.5-ci maddəsinə əsasən icra məmurunun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət vermək hüququnun olmasını izah etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 2186/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 2186/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar