Məhkəmə qərarları › İş №2(103)-1884/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1884/2025

24.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1884/2025 24.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-101/2025 saylı, 13 yanvar 2025-ci il tarixli qərardadından İddiaçı şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün onun himayəsinə verilmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə vəsatətlə müraciət edərək, mülki işin aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırlmışdır ki, iddiaçı olaraq özü ünvan 1 ünvanı Hacıqabul rayonuna olduğundan, irəli sürdüyü tələbə Hacıqabul rayonunda baxılmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-471/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə iddiaçının mülki işin aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilməsinə dair vəsatəti təmin edilməmiş, mülki işə aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsində baxılması qərara alınmışdır. Həmin qərardad xx.xx.2024-cü il tarixində iddiaçının elektron kabinetinə yerləşdirilməklə, ona rəsmi qaydada çatdırılmışdır. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-471/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından xx.xx.2025-ci il tarixində elektron qaydada şikayət verməklə qərardadın ləğv edilməsini xahiş etmiş, həmçinin, prosessual müddətin buraxılmamış hesab edilməsinə dair ərizə vermişdir. Ərizədə göstərib ki, qəbul edilmiş qərardadı xx.xx.2025-ci il tarixində sistemdə görmüşdür. Həmin tarixədək sistemə daxil olmamışdır. Qərardadın poçt vasitəsilə rəsmi qaydada ünvana göndəriləcəyini hesab etmişdir. Ancaq deyilənə görə 10 gün müddət qərardadın sistemə yerləşdirildiyi tarixdən hesablanır. Lakin bu barədə onun məlumatı olmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-101/2025 saylı, 13 yanvar 2025-ci il tarixli (hakim İlkin Əliyev) qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-471/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilən şikayət geri qaytarılması qərara alınmışdır. Məhkəmə qənaətində göstərib ki, “Azemis” Elektron Məhkəmə sistemində müəyyən edilir ki, iddiaçının xx.xx.2022-ci ildən aktiv olan elektron kabineti vardır. Məhkəmə mübahisəsi dövründə bütün sənədlər (bildiriş və s.) həmin elektron kabinet vasitəsilə iddiaçıya və onun nümayəndəsi və vəkilinə çatdırılmışdır. Odur ki, iddiaçının hansı əsasla məhkəmə qərardadının ona poçt vasitəsilə göndəriləcəyini gözləməklə bağlı mövqeyi anlaşılan deyil. Digər tərəfdən iddiaçı qərardaddan şikayət verilməsi ilə bağlı müddətin ötürülməmiş hesab edilməli olduğu qənaətində olsa da, faktiki olaraq qərardaddan 10 gün ərzində şikayət verilmə müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq normasından göründüyü kimi məhkəmə sənədinin “elektron kabinet”-də yerləşdirilməsi onun rəsmi qaydada çatdırılması hesab edilir. Hazırki mübahisədə isə məhkəmə sənədi iddiaçının özünün elektron kabinetinə yerləşdirilməklə xx.xx.2024-cü il tarixdə rəsmi qaydada çatdırılmışdır. Bu səbəbdən də şikayət qanunla müəyyən edilmiş 10 gün müddət keçdikdən sonra verildiyindən aşağıdakı normaların tələbinə əsasən geri qaytarılmalıdır. Həmin qərardaddan İddiaçı oğlunun nümayəndəsi və vəkili X5 tərəfindən şikayət verilərək qərardadın ləğv edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, qəbul edilmiş qərardadı 12 yanvar 2025-ci il tarixində sistemdə görmüşdür. Həmin tarixədək sistemə daxil olmamışdır. O, qərardadın poçt vasitəsilə rəsmi qaydada ünvanına göndəriləcəyini hesab etmişdir. Ancaq deyilənə, görə 10 gün müddət sistemə yerləşdirildiyi vaxtdan hesablanır. Lakin bu barədə məlumatı olmamışdır. Məhkəmə tərəfindən elektron poçt, SMS və s. vasitəsilə çatdırılması sübuta yetirilə bilməmişdir. Məhkəmə yalnız istinad etmişdir ki, qətnamə elektron kabinetdə yerləşdirilmişdir. Lakin məhkəmə elektron poçt, SMS və s. vasitəsilə çatdırılmasını aydınlaşdırmamışdır. Halbuki qanunvericiliyin tələbinə əsasən elektron kabinetdə yerləşdirilməklə yanaşı elektron poçt, SMS və s. vasitəsilə də çatdırılmalıdır. Məhkəmə tərəfindən qeyd etdikləri ilə bağlı heç bir araşdırma aparılmadan əssasız olaraq qərardad qəbul edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-101/2025 saylı, 27 yanvar 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçı tərəf açıq-aşkar prosessual hüquqlarından sui istifadə edir. Əvvəla, hazırkı iddianın niyə məhz Hacıqabul Rayon Məhkəməsində baxılmalı olmasının qanuni əsasını göstərmir. Yalnız aralarındakı mübahisələrin həmin Məhkəmədə baxıldığını qeyd edir. Bu dəlil isə ərazi aidiyyəti qaydalarının pozulmasını düşünmək üçün əsas vermir. Mübahisələndirdiyi qərardadı xx.xx.2025-ci ildə elektron kabinetdə görməsi və həmin tarixədək sistemə daxil olmaması isə müddətin üzrlü səbəbdən ötürməsi anlamına gəlmir. Qərardadın poçt vasitəsilə ünvanına göndəriləcəyi barədə düşüncəsi də yanlış olmuşdur. Buna görə də, şikayət vermək üçün qanunla nəzərdə tutulan müddəti ötürdüyündən, müddətin bərpası üçün də ərizədə və şikayətdə göstərilən dəlillər əsas olmadığından şikayət təmin edilə bilməz. Çünki şikayət vermək üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. Bununla yanaşı, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.8-ci maddəsinə görə, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. Yuxarıdan sadalanan prosessual hüquq normalarından da göründüyü kimi elektron kabineti olan şəxslərə məhkəmə sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə çatdırılır və məhkəmə aktlarından şikayətin elektron kabinet vasitəsilə elektron sənəd formasına tərtib edilib, imzalanıb təqdim edilməsi Mülki Prosessual Məcəllənin imperativ tələbidir. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-101/2025 saylı, 13 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-101/2025 saylı, 13 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar