Məhkəmə qərarları › İş №2(103)-1885/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1885/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1885/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1955/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən BA seriyalı, 943407 saylı daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə əsasən 36111 manat sığorta məbləğinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən İddiaçı məxsus Sabirabad rayonu, Bazar daxilində yerləşən ərzaq mağazası "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən sığorta risklərindən, o cümlədən yanğından sığortalanmışdır. Bu barədə iddiaçıya cavabdeh tərəfindən daşınmaz əmlakın icbari sığortası haqqında BA seriyalı 943407 saylı, xx xxxxxx 2019-cu il tarixli şəhadətnamə verilmişdir. Sığorta müqaviləsi bir il müddətinə bağlanmışdır. Sığorta müqaviləsi ilə sığorta məbləği 36111 manat, şərtsiz azadolma məbləği 100 manat məbləğində müəyyən edilmişdir. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə - xx xxxx 2019-cu il tarixdə həmin daşınmaz əmlakda iddiaçının təqsiri olmadan yanğın baş vermiş, nəticədə həmin ərzaq mağazası, onun yanında yerləşən X1 məxsus “Çıraq” market və digər ticarət obyektləri yanğının təsirinə məruz qalmışdır. Sığorta məbləğinin alınması üçün iddiaçı ərizə ilə cavabdehə müraciət etmiş, lakin müraciətinə baxılmamışdır. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zərərçəkmiş Sahil Əliyeva dəymiş zərərin əvəzi qismində tərəflərindən ödənilmiş 31000 manat sığorta ödənişi məbləğinin və məhkəmə xərci olaraq ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı tutularaq xeyrilərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən X1 məxsus mağaza “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən "xxxx" ASC ilə S.Əliyev arasında bağlanmış daşınmaz əmlakın icbari sığortası müqaviləsinə əsasən sığortalanmışdır. Bu barədə S.Əliyeva BA seriyalı 902842 saylı sığorta şəhadətnaməsi verilmişdir. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni xx xxxx 2019-cu il tarixdə İddiaçı məxsus ərzaq mağazasında yanğın baş vermişdir. Nəticədə həmin ərzaq mağazasının yaxınlığında yerləşən X1 məxsus “Çıraq market” ərzaq mağazası da yanğına məruz qalmışdır. Yanğın hadisəsi nəticəsində sözü gedən obyektlərə maddi zərər dəymişdir. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli qərarından yanğının İddiaçı məxsus mağazadan baş verməsi öz təsdiqini tapmışdır. İddiaçı ona məxsus əmlakdan istismar qaydalarına düzgün riayət etməmiş, yüksək enerji tələb edən avadanlıqları buna uyğun olmayan elektrik xətlərinə qoşmuş, eləcə də ticarət mallarını və digər əşyaları elektrik yükləyicilərinə yaxın məsafədə yerləşdirmiş, bununla da onun bu hərəkətləri yanğın hadisəsinin baş verməsinə səbəb olmuşdur. İddiaçı məxsus əmlaka dair “İcbari Sığortalar haqqında” Qanunun tələblərinə uyğun olaraq daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari qaydada sığorta müqaviləsi mövcud olmadığından subroqasiya hüququ zərərvuran şəxsə qarşı yönəlməlidir. S.Əliyeva məxsus mağaza “xxxx” ASC-də daşınmaz əmlakın icbari sığortası üzrə təminat aldığından müqavilə ilə müəyyən edilmiş sığorta məbləği 3565/M/CFİ- 237/2019 saylı sığorta aktına və 005XOH********** saylı ödəniş tapşırığına əsasən X1 31000 manat “xxxx” ASC tərəfinədn sığorta ödənişi həyata keçirilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1955/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, “xxxx” ASC-dən 36111 (otuz altı min yüz on bir) manat məbləğində sığorta məbləğinin tutularaq İddiaçı ödənilməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı “xxxx” ASC-nin xeyrinə 31000 (otuz bir min) manat məbləğində sığorta ödənişi məbləğinin və 30 (otuz) manat dövlət rüsumunun tutulması, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində ləğv olunması və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qarşılıqlı iddianın təmin edilməsi hissəsində əsassız və qanunsuzdur. Məhkəmə sübutlara düzgün qiymət verməyib. İşdə olan Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli qərarındakı xx xxxxxxxx 2019-cu il tarixli 20042 saylı məhkəmə yanğın-texniki ekspertizasının rəyi ilə razılaşmayaraq gəldiyi nəticəni belə əsaslandırıb ki, ilkin iddia üzrə İddiaçı yanğının baş verməsinə qəsdən yönəldilmiş hərəkətləri müəyyən olunmasa da, yanğın ilk iddia üzrə iddiaçının ehtiyatsızlıqdan etdiyi hərəkətlər nəticəsində baş verib. Lakin məhkəmə həmin nəticəyə gəlməsini təsdiq edən mötəbər sübuta istinad etməyib, yalnız öz mülahizələrinə əsaslanıb. Məhkəmə əsassız və qanunsuz olaraq hesab edib ki, iddiaçının ehtiyatsızlığı qısa qapanma nəticəsində baş vermiş yanğın zamanı mağazanın elektrik şəbəkəsini mühafizə edən aparatların (elektrik avtomat açarlar və istilik qoruyucuları) keyfiyyətsiz olmasında və düzgün quraşdırılmamasındadır. İlk növbədə sual yaranır ki, ekspert rəyi ilə razılaşmayan məhkəmə nəyə görə yanğının səbəbini məhz ekspert rəyinə istinad edərək göstərib. Hətta məhkəmənin ehtiyatsızlığı əsaslandıran mövqeyi ekspert rəyinə istinad olunsa belə yanlışdır. Çünki rəydə yanğının səbəbi tək qısa qapanma deyil, birləşmə yerlərində keçirici müqavimətin artması artıq yüklənmə və s kimi göstərilib. Məhkəmə işin tam və hərtərəfli araşdırılmasına şərait yaratmayıb, mütəxəsis dəvət etməyib, ekspertiza keçirməyib, mütəxəsıs və ekspert səlahiyyətlərim öz üzərinə götürüb. Məhkəmə yanğının səbəbinin müəyyən olunması üçün sübut kimi təqdim olunmuş ekspert rəyi ilə razılaşmasa da yeni ekspertiza keçirməyib, mütəxəssis rəyi almayıb, yanğının səbəbini özü müəyyən edib və səhvən ilkin iddiaçının təqsirli olması nəticəsinə gəlib. Məhkəmə nəzərə almayıb ki, yanğın hadisəsinin mənbəyini, səbəbini, yanğın baş verərkən hansı normativ aktların pozulub- pozulmamasını, pozuntuya kimin, hansı həddə yol verməsim müəyyən etmək xüsusi bilik tələb etdiyi üçün ekspertin səlahiyyətlərinə aiddir. Konkret iş üzrə yanğın hadisəsinin səbəbini, mağazanın elektrik şəbəkəsini mühafizə edən aparatların (elektrik avtomat açarlar və istilik qoruyucuları) keyfiyyətsiz olub-olmamasını və düzgün quraşdırılıb-quraşdırılmamasını hadisə yerinə baxış keçirmiş, istintaq orqanı tərəfindən aparılmış araşdırma materialları ilə tanış olmuş xüsusi biliyə malik olan şəxs-ekspert müəyyən edə bilər. Subut kimi iş materiallarına əlavə olunub araşdırılmış ekspert rəyində isə hadisənin mənbəyi, səbəbi, normativ aktların pozulub-pozulmaması artıq müəyyənləşdirilib. Ekspert öz rəyində eyni zamanda mağazanın elektrik şəbəkəsini mühafizə edən aparatların (elektrik avtomat açarlar və istilik qoruyucuları) saz vəziyyətdə olduğunu, texniki cəhətdən düzgün quraşdırıldığını və elektrik təbiətli qəza (qısa qapanma, birləşmə yerlərində keçirici müqavimətin artması, artıq yüklənmə və s) halında elektrik şəbəkəsini mühafizə edən aparatların (elektrik avtomat açarlar və istilik qoruyucuları) hiss etməyərək avtomatik işə düşməməsınin mümkün olmasını göstərib. Heç bir normativ akt pozulmadığı üçün də istintaq orqanı tərəfindən də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39 1.1-ci maddəsinə istinad olunmaqla (cinayət hadisəsi olmadıqda) cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılıb. Lakin məhkəmə özünü ekspert kimi göstərərək mağazanın elektrik şəbəkəsini mühafizə edən aparatların (elektrik avtomat açarlar və istilik qoruyucuları) avtomatik işə düşməməsini onların keyfiyyətsiz olması və düzgün quraşdırılmaması ilə əlaqələndirib. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına heç bir üzürlü səbəb olmadan gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tərəflər məhkəmə kollegiyasının iclasına heç bir üzürlü səbəb olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin yalnız qarşılıqlı iddianın təmin edilməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni yalnız qarşılıqlı iddia üzrə cavabdeh mübahisələndirmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1955/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı qarşı subroqasiya qaydasında pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin xx xxxxxxxx 2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından müəyyən olunur ki, Azərbaycan Repuslikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli, 19316 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən İddiaçı və X1 məxsus qeyri yaşayış sahələrində baş vermiş yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən müvafiq olaraq 36619,90 manat və 37815,.70 manat olduğu müəyyən edilir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, Azərbaycan Repuslikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli 20042 saylı yanğın-texniki rəyi ilə razılaşmır. Belə ki, iddiaçının yanğının baş verməsinə qəsdən yönəldilmiş hərəkətləri müəyyən olmasa da, məhkəmə hesab edir ki, yanğın iddiaçının ehtiyatsızlıqdan etdiyi hərəkətlər nəticəsində baş vermişdir. Belə ki, iddiaçıya məxsus mağazada qısa qapanma nəticəsində yanğın baş verməsinə baxmayaraq mağazanın elektrik şəbəkəsini mühafizə edən aparatların (elektrik avtomat açarlar və istilik qoruyucuları) hiss etməyərək avtomatik işə düşməməsi həmin mühafizə edən aparatların keyfiyyətsiz olmasını və ya düzgün quraşdırılmamasını sübut edir. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin xx xxxxxxxx 2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, yoxlama zamanı izahatı alınmış “Beynəlxalq mühafizə” şirkətinin mühafizəçiləri X3 və X2 iddiaçıya məxsus mağazada yanğın baş verməsini aşkar etdikləri anadək mağazada elektirk enerjisinin verilişinin olduğunu və bu səbəbdən mağazanın çöl hissəsində yerləşən baş elektrik açarını söndürdüklərini bildirmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşırmaqla hesab edir ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın təmin edilməsi hissəsində iş üzrə gəldiyi nəticə əsassız olduğundan qətnamə həmin hissədə ləğv edilməli, qarşılqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) «əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “xxxx” ASC o halda hazırki iddia tələbi ilə çıxış edə bilərdi ki, sığortalı X1 məxsus mağazaya zərər dəyməsində İddiaçı təqsiri olsun. İş materiallarında olan Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin xx xxxxxxxx 2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardadn müəyyən olunur ki, Azərbaycan Repuslikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli 20042 saylı yanğın-texniki rəyinə əsasən yanğının mənbəyi ünvan 1 ünvanda yerləşən İddiaçı məxsus ərzaq mağazasının arxa hissəsində soyuducuların quraşdırıldığı sahədə yerləşmişdir. Yanğın, ünvan 1 ünvanda yerləşən İddiaçı məxsus ərzaq mağazasının arxa hissəsində soyuducuların quraşdırıldığı sahədə (yanğının mənbəyində) elektrik qurğularında (daxili elektrik xətlərində, soyuducularda, onlara çəkilmiş elektrik uzadıcılarında və s.) baş vermiş elektrik təbiətli qəza halının (qısa qapanmanın, birləşmə yerlərində keçirici maqavimətin artmasının, artıq yüklənmənin və s.) təsirindən yaxınlıqda yerləşən yanar materialların (izolyasiya örtüklərinin, plastik materialların, yanar ərzaq malların, taxta və s.) alışmasından baş vermişdir. Yanğın baş vermiş mağazanın elektrik qurğularında aparılmış yoxlama və sınaqlarla, hadisə ərəfəsində mağazanın daxili elektrik şəbəkəsinin qurğularının və elektrik avadanlıqlarının (soyuducuların, tənzimləyicinin və s.) texniki cəhətdən düzgün quraşdırıldığı və saz vəziyyətdə olduğunu, həmin qurğu və avadanlıqlarda yaranan elektrik təbiətli qəza halının (qısa qapanmanın, birləşdirici yerlərdə müqavimətin artması və s. nəticəsində əmələ gələn elektrik cərəyanının) şəbəkəni mühafizə edən aparatların (elektrik avtomat açarlar və istilik qoruyucuları) hiss etməyərək avtomatik işə düşməməsinin mümkün olmasını nəzərə aldıqda, baş vermiş hadisə ilə əlaqədar yanğın təhlükəsizlik qaydalarının tələblərinin pozulması müəyyən edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, sığortalı X1 məxsus mağazaya dəymiş ziyanda İddiaçı heç bir təqsiri müəyyən olunmadığından ona qarşı “xxxx” ASC iddia tələbi irəli sürməkdə haqlı olmamışdır. Ona görə də, qarşılıqı iddia tələbi əsassızdır və təmin edilmə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılqlı iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə həmin hissədə ləğv edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə qarşılqlı iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu qarşılqlı iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1955/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı qarşı subroqasiya qaydasında pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1955/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı qarşı subroqasiya qaydasında pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu qarşılqlı iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar