Məhkəmə qərarları › İş №2(103)-1892/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1892/2021

08.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1892/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İlk iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Vəkil2, Qarşılıqlı iddiaçı Cavabdeh1 və ilk iddia üzrə cavabdeh Möhsüni (Əliyeva) Rübabə Babaəli qızının nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilin yaxşılaşdırılmasına çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbinə dair ilk iddiası və Cavabdeh1 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 2(010)-68/2020 saylı qətnaməsindən Möhsüni (Əliyeva) Rübabə Babaəli qızı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi Nizami küçəsi dalan 1-də yerləşən 1 saylı evin yaxşılaşdırılmasına çəkilmiş xərclərin əvəzi kimi 40000 manat pulun və iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh İddiaçı1 doğulduğu vaxtdan, İddiaçı2 isə 1986-cı ildən hal-hazıra kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar. Həmin ev əvvəllər anası Cavabdeh1 mülkiyyətində olmuş, 28 dekabr 2005-ci il tarixdə Cavabdeh1 həmin evi oğlu İddiaçı1 bağışlamışdır. Cavabdeh1 iddiası əsasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 iyun 2010-cu il tarixli qətnaməsinə əsasən 28 dekabr 2005-ci il tarixli bağışlama müqaviləsi ləğv edilmiş və ev Cavabdeh1 mülkiyyətinə qaytarılmışdır. Daha sonra anası Cavabdeh1 onların həmin evdən çıxarılması barədə məhkəmədə iddia qaldırmış, uzun sürən məhkəmə çəkişmələrindən sonra Bakı Apellyasiya Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Həmin evdə yaşadıqları dövrdə birgə iddiaçılar orada köhnə tikiliyə əlavə olaraq iki otaq, mətbəx, dəhliz və vanna otağı tikmiş, təmir-tikinti işlərinə 40000 manat vəsait sərf etmişlər. Mənzildə aparılmış yaxşılaşdırmaları ayırmaq mümkün olmadığına görə onlar mənzilin yaxşılaşdırılmasına sərf olunmuş 40000 manat pul vəsaitini hal-hazırda həmin evdə yaşamağa qalmış cavabdehlərdən tələb edirlər. Cavabdeh1 ilk iddia ərizəsinə yazılı etiraz verərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini mərhum əri Babaəli Əliyevlə 1958-ci ildə tikmiş, sonradan həmin tikiliyə artırmalar etmişlər. Bundan əlavə, həmin evin həyətində 1978-ci ildə iki mərtəbəli başqa bir yaşayış evi tikdirmiş, oğlu İddiaçı1 hərbi xidmətdən qayıtdıqdan sonra 1986-cı ildə onu İddiaçı2 ilə evləndirərək həmin evə köçürmüşlər. Onlar 1986-cı ildən 2004-cü ilin sonlarında evlərini satanadək həmin evdə yaşamış, evlərini satdıqdan sonra bir neçə ay kirayə evdə yaşamış, oğlu Nərimanın və arvadı Mehribanın xahişi ilə onların qayıdıb müvəqqəti olaraq ona məxsus olan, 1956-cı ildə tikdirdiyi evdə yaşamağa icazə vermişdir. Bir müddət sonra oğlu Nəriman və arvadı Mehriban onun qılığına girib onu ömürlük saxlayacaqlarına, evin kommunal haqlarını ödəyəcəklərinə, onun qayğısına qalacaqlarına və birgəyaşayış qaydalarına riayət edəcəklərinə söz verib evi onlara bağışlamağı xahiş etmişlər. O, Nərimanın və Mehribanın aldadıcı vədlərinə inanaraq 28 dekabr 2005-ci il tarixdə notarial qaydada bağlanmış bağışlama müqaviləsinə əsasən evi oğlu İddiaçı1 bağışlamışdır. Bir müddət keçəndən sonra oğlu Nəriman və arvadı Mehriban onunla amansız rəftar etdiklərinə, onu döydüklərinə, evdə yaşamağa imkan vermədiklərinə görə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək bağışlama müqaviləsinin ləğvinə dair iddia qaldırmış, məhkəmənin 02 iyun 2010-cu il tarixli qətnaməsi ilə iddia təmin olunaraq bağışlama müqaviləsi ləğv olunmuşdur. Oğlu Nəriman və arvadı Mehriban ona qarşı zorakılıq göstərib təhqir etməyə davam etdiklərindən onların evdən çıxarılması barədə 2018-ci ildə məhkəmədə iddia qaldırmış, son nəticədə onun iddiası təmin olunmuşdur. Köhnə tikiliyə əlavə olaraq iki otaq, mətbəx, dəhliz və vanna otağı tikmələri və təmir-tikinti işlərinə 40000 manat vəsait sərf etmələri barədə ilk iddia əsassızdır. Həmin tikililər onun tərəfindən inşa edilmiş və xərc çəkilmişdir. Cavabdeh1 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ona vurduqları maddi zərərə görə 31200 manat məbləğində, mənəvi zərərə görə isə 50000 manat məbləbində pulun və qarşılıqlı iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, İddiaçı1 və İddiaçı2 2005-ci ildən başlayaraq 13 il ərzində onun evində yaşayıb evin iki otağını zəbt edərək ona maddi zərər vurmuş, habelə qanunsuz hərəkətləri ilə ona mənəvi zərər yetirmişlər. Belə ki, həmin evin iki otağını kirayə versəydi ayda 200 manat olmaqla 13 il ərzində 31200 manat gəlir əldə edə bilərdi. Bundan başqa, cavabdehlərin ona qarşı mənəviyyata zidd hərəkətləri ona mənəvi əzab və sarsıntı vermişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 2(010)- 68/2020 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi Nizami küçəsi dalan 1-də yerləşən 1 saylı evin yaxşılaşdırılmasına çəkilmiş 186610 manat məbləğində xərc və iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun alınaraq İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması qət edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir. Həmin qətnamədən Möhsüni (Əliyeva) Rübabə Babaəli qızı və Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ilk iddianın qismən təmin edilən hissəsində ləğv edilərək həmin hissədə iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə ilk iddianı təmin edərkən ilk iddiaçıların dəvət etdikləri bir neçə şahidin ziddiyyətli ifadələrinə əsaslanmış, həmin şahidlər isə evdə ayrı-ayrı təmir işlərinin aparılmasını təsdiq etmişlər. İlk iddiaçılar evin yaxşılaşdırılmasına nə qədər vəsait sərf etdikləri barədə məhkəməyə konkret heç bir sübut təqdim etməmişlər. Məhkəmə işə baxarkən maddi hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. İştirak etdikləri məhkəmə iclaslarında ilk iddiaçıların nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin olunmamasını, qarşılıqlı iddiaçı Cavabdeh1 və ilk iddia üzrə cavabdeh Möhsüni (Əliyeva) Rübabə Babaəli qızının nümayəndəsi Vəkil1 isə apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 2(010)-68/2020 saylı qətnaməsi ilk iddianın təmin edilməsinə dair hissədə ləğv edilməli və iddia həmin hissədə rədd edilməlidir. Mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri 31 saylı Dövlət notariat kontorunda bağlanmış 28 dekabr 2005-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi Nizami küçəsi döngə 1-də yerləşən 1 saylı evi İddiaçı1 bağışlamış, sonradan Cavabdeh1 iddiası əsasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 iyun 2010-cu il tarixli qətnaməsinə əsasən qeyd olunan bağışlama müqaviləsi ləğv edilərək əmlakın Cavabdeh1 mülkiyyətinə qaytarılması və bu evin Cavabdeh1 adına xüsusi mülkiyyət kimi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində hüquqi qeydiyyatdan keçirilməsi həmin idarəyə tapşırılmış, lakin həmin qətnamə ilə cavabdehlər İddiaçı1 və İddiaçı2 ünvan 1-dən çıxarılması hissəsində iddia tələbi təmin edilməmişdir. 2018-ci ildə Cavabdeh1 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı mülkiyyətində olan evdən istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılmaları barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia təmin edilmişdir. İşin mübahisəsiz halları ilə müəyyən edilmişdir ki, İddiaçı1 və İddiaçı2 2005-ci ildən məhkəmədə işə baxılan dövrə qədər ünvan 1 ünvanında yerləşən evdə yaşamışlar. Eyni zamanda 2006-2010-cu illərdə İddiaçı1 mülkiyyətində olan həmin evin vicdanlı sahibi olmuşdur. (1-ci cild i.v.175) Birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 25 sentyabr 2019-cu il tarixli 11513 saylı rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən tikiliyə əlavə olaraq iki otaq, mətbəx-dəhliz və vanna otağı mövcud olduğu və həmin ünvanda aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 18661 manat olduğu müəyyən olunmuşdur. Apellyasiya icraatı mərhələsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının 04 oktyabr 2021-ci il tarixli 10/3745 saylı rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən tikiliyə dair tərtib olunmuş texniki pasportda qeyd olunmuş məlumatlar müqayisə olunan zaman faktiki vəziyyətdə texniki pasportda öz əksini tapmayan giriş hissəsinin, iki yaşayış otağının, mətbəx otağının, dəhliz otağının və vanna otağının inşa olunduğu müəyyən olunmuşdur. İnşa olunmuş tikililərin hansı illər ərzində inşa edilməsinin müəyyən olunması ilə bağlı metodika olmadığına görə ekspert həmin suala cavab verə bilməmişdir. İlk iddiaçıların təşəbbüsü ilə məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 2004-2005-ci illərdə ünvan 1 ünvanında hamamxananı təmir etmiş, santexnik işlərini görmüşdür. Tikinti materialını İddiaçı2 ilə birlikdə almış, zəhmət haqqı kimi ona İddiaçı2 tərəfindən 2500 manat pul verilmişdir. (1-ci cild i.v.100) İlk iddiaçıların təşəbbüsü ilə məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında İddiaçı2 və İddiaçı1 dəvəti ilə suvaq və elektrik işləri görmüş, ona 300-400 manat zəhmət haqqı verilmişdir. (1-ci cild i.v.100) İlk iddiaçıların təşəbbüsü ilə məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında İddiaçı2 və xalası oğlu İddiaçı1 dəvəti ilə təmir işləri aparmış, hasar çəkmiş, iki evin arasını hörmüş, mala vurmuşdur. Ona 1950 ABŞ dolları məbləğində zəhmət haqqı verilmişdir. (1-ci cild i.v.101) Qarşılıqlı iddiaçı Cavabdeh1 təşəbbüsü ilə məhkəmədə şahid qismində dindirilmiş X1 ifadəsində 1955-ci ildən xalası Cavabdeh1 ilə üzbəüz evdə yaşadığını, xalasının həmin evdə usta işlətməsini, evinə maşınla daş gətirtməsini, ustalara pul verməsini gördüyünü, İddiaçı1 həmin ev üçün hansısa bir iş görməsinin şahidi olmadığını, Nərimanın hazır evə köçdüyünü bildirmişdir. (1-ci cild i.v.180) Qarşılıqlı iddiaçı Cavabdeh1 təşəbbüsü ilə məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində Cavabdeh1 tanıdığını, onun evində hörgü və santexnik işlərini gördüyünü, zəhmət haqqını mərhum Əhməd adlı şəxsdən aldığını, Mehriban və Nəriman adlı şəxsləri tanımadığını bildirmişdir. (1-ci cild i.v.181) İlk iddiaçının təşəbbüsü ilə dindirilmiş şahidlərin ifadələrinin təhlili göstərir ki, onlar ünvan 1 ünvanında əlavə tikililər kimi iki otaq, mətbəx, dəhliz və vanna otağının inşa olunmasını yox, hamamxananın təmiri, santexnik, suvaq və elektrik işlərinin görülməsini, hasar çəkilməsini təsdiq etmişlər. Qarşılıqlı iddiaçının təşəbbüsü ilə dindirilmiş şahidlər isə həmin evdə hörgü və santexnik işlərinin Cavabdeh1 tərəfindən görülməsinin şahidi olduqlarını bildirmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, ilk iddiaçının təşəbbüsü ilə dindirilmiş şahidlərin ifadələri ünvan 1 ünvanında İddiaçı2 və İddiaçı1 tərəfindən cari təmir işlərinin aparılmasını təsdiq edir. Şahidlərin ifadələri ilə ilk iddiaçıların evin təmirinə 40000 manat məbləğində pul sərf etmələri təsdiq olunmur. Şahidlərin ifadələrindən görünür ki, təmir işləri 2004-2005-ci illərdə aparılmışdır. Təmir işləri aparılandan sonra 15 ildən yuxarı müddətdə İddiaçı2 və İddiaçı1 həmin evdə yaşamış, evdən istifadə etmişlər. Ötən dövrdə təmirin köhnəlməsi təbiidir. Buna görə də kollegiya hesab edir ki, ilk iddiaçılar təmirində iştirak etdikləri evdə uzun müddət yaşadıqlarından, evin yaxşılaşdırılmasına sərf olunmuş pul vəsaitini qarşı tərəfdən tələb etməkdə haqlı olmamışlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi Nizami küçəsi dalan 1-də yerləşən 1 saylı evin yaxşılaşdırılmasına çəkilmiş xərcin əvəzi kimi 186610 manat pulun alınaraq İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması barədə düzgün nəticəyə gəlməmiş, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.3-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yenə həmin Məcəllənin 389-cu maddəsinə əsasən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Qarşılıqlı iddianın təmin olunmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh1 iddiası üzrə Suraxanı Rayon Məhkəməsinin 02 iyun 2010-cu il tarixli qətnaməsinə əsasən İddiaçı1 və İddiaçı2 ünvan 1-dən çıxarılması hissədə iddia tələbi təmin edilməmişdir. Onların həmin evdən çıxarılması barədə qətnamə yalnız 18 sentyabr 2019-cu il tarixdə qəbul olunmuşdur. Bundan əlavə, Cavabdeh1 həmin evin iki otağını kirayəyə verib 13 ildə 31200 manat məbləğində gəlir əldə edə biləcəyi, habelə İddiaçı1 və İddiaçı2 hərəkətləri nəticəsində mənəvi zərərə məruz qalması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də qətnamə mübahisələndirilən həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Möhsüni (Əliyeva) Rübabə Babaəli qızının və Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 2(010)- 68/2020 saylı qətnaməsi ilk iddianın təmin edilməsinə dair hissədə ləğv edilsin və həmin hissədə iddia rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İlk və qarşılıqlı iddialar verilərkən ödənilmiş dövlət rüsumları tərəflərə, apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu isə apellyatora aid edilsin. Məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 150 manat pul tərəflərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar