Məhkəmə qərarları › İş №2(103)-1896/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1896/2023

03.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1896/2023 03.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, uşağın saxlanması üçün iddiaçıdan (atadan) cavabdehin (ananın) xeyrinə tutulmalı olan, xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilədək hesablanmış 17.500 manat aliment borcu silinsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, həmin borc silinsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının vəkili Vəkil isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçıdan (borcludan) cavabdehin (tələbkarın) xeyrinə uşağa görə xx.xx.2016-cı ildən başlayaraq hər ay 300 manat aliment tutulmalıdır. Bu barədə məhkəmə tərəfindən xx.xx.2017-ci il tarixli qətnamə qəbul olunub və icra sənədi verilib. Cavabdeh (tələbkar) xx.xx.2017-ci ildə ərizə ilə icra məmuruna müraciət edərək aliment tələbindən imtina etdiyi bildirib və icra sənədi üzrə icraata xitam verilməsini xahiş edib. İcra məmuru cavabdehin (tələbkarın) həmin ərizəsində əsaslanaraq xx.xx.2017-ci il tarixli qərarı ilə icra sənədinin məhkəməyə qaytarılmasını qərara alıb. 5 ildən sonra cavabdeh (tələbkar) icra sənədinin yenidən icraya yönəldilməsini tələb edib və icra sənədi icraya yönəldilib. İcra məmuru xx.xx.2022-ci il tarixli qərarla icra sənədi üzrə icraata başlayıb, icra məmurunun başqa qərarı – xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən edilib ki, xx.xx.2016-cı ildən xx.xx.2022-ci ilədək olan dövrdə ümumilikdə 1.400 manat aliment ödənilib, həmin dövr üçün 17.500 manat aliment borcu mövcuddur. Aliment borcu icra sənədinin (qaytarılmış icra sənədinin) məhkəmədə olduğu dövrü əhatə edir. Bu müddətdə cavabdeh (tələbkar) icra məmrunun qərarından (icra sənədinin məhkəməyə qaytarılması barədə qərarından) şikayət verməyib, aliment ödənilməsini isə ümumiyyətlə hər hansı formada tələb etməyib. Bu isə onun təsdiq edir ki, icra sənədinin məhkəməyə qaytarılması və ötən müddətdə məhkəmədı qalması tələbkarın iradəsinə uyğun olub. Ailə Məcəlləsinin 107.2-ci maddəsinə görə, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Ona görə də birinci instansiya məhkəməsi icra məmuru tərəfindən müəyyən edilmiş 17.500 manat aliment borcunun silinməsini qət etməklə düzgün nəticəyə gəlib. Beləliklə, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar