Məhkəmə qərarları › İş №2(103)-1898/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1898/2023

12.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1898/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: birgə yaşayış müddətində aliment borcunun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı birgə yaşayış müddətində aliment məbləğinin silinməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2(009)-2336/22 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 12 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə Bakı nikah evinin qeydiyyat şöbəsində rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X9 dünyaya gəlmişdir. 2014-cü ildə münasibətləri korlandığından Cavabdeh (Muradəliyeva) nikahın pozulmasına dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmiş, sonradan barışdıqları üçün Cavabdeh iddiadan imtina etmiş, Səbail rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadı ilə icraata xitam verilmişdir. 2015-ci ildə münasibətləri yenidən korlandığından o, nikahın pozulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşağın saxlanılması üçün 108 manat alimentin tutulması qət edilmişdir. 2016-cı ildə cavabdehlə barışmışlar və xx.xx.2016-cı il tarixdə Səbail rayon Qeydiyyat şöbəsində təkrar nikaha daxil olmuşlar. İkinci nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X10 dünyaya gəlmişdir. 2019-cu ildə münasibətləri korlandığından Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikahları təkrarən pozulmuş, birgə nikah dövründə doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər uşağa 160 manat alimentin, xx.xx.2017-ci il təvəllüdlü X6 3 yaşına çatana kimi (yəni xx.xx.2020ci il tarixədək) saxlanılması üçün hər ay 50 manat olmaqla, cəmi 370 manat alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Onun tərəfindən 2020-ci ilin aprel ayında daxil olmaqla cavabdehin “Amrahbank”da olan bank hesabına ödənilmək yolu ilə aliment miqdarı tam olaraq ödənilmişdir. 2020-ci ilin may ayında onlar təkrarən barışmışlar, 2016- 2017-ci illər ərzində bir yerdə tikdikləri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3cü massiv, 1000-ci sahədə yerləşən evdə birgə yaşamağa başlamışlar, faktiki nikah münasibətlərini davam etdirmişlər. 2022-ci ilin avqust ayının 13-də yenidən münasibətləri korlandığından mübahisələri düşmüş, o, yaşadıqları evi tərk etmişdir. 2020-ci ilin may ayından 2022-ci ilin avqust ayına kimi onlar birgə yaşadıqları dövrdə ailənin bütün maddi ehtiyaclarını o, ödəmişdir. Həmin dövrdə,yəni 2022-ci ilin fevral ayına kimi o, «X12» MMCdə (Lays, Pinar və sair malların satışı üzrə) bölmə müdiri işləyirdi, aylıq gəliri 700 manat civarında olmuşdur. Ondan sonra da yəni hazırda "xxxx" MMC-də işləyir və 500 manat əmək haqqı alır. Qazancını son qəpiyinə kimi ailəsinə vermişdir. 2019-cu ildə aliment məsələsinin icrası Səbail rayon İcra şöbəsinin icra məmuru Tural Aşurovun icraatına verilmiş, 2020-ci ilin aprel ayından sonra icra məmuru vasitəsi ilə aliment ödəməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı birgə yaşayış müddətində aliment məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, icra məmuruna cavabdeh bildirmişdir ki, onlar danışmışlar, Natiq ailənin ehtiyaclarını ödəyir, alimentin tutulması barədə qətnamə icra olunur. Bu səbəbdən 2 il icra məmuru alimentlə bağlı heç bir hərəkət etməmişdir. Hazırda cavabdeh icra şöbəsinə müraciət edərək birgə yaşadıqları dövrə görə alimentin ondan tutulmasını istəyir. İcra şöbəsində də bildirmişdir ki, guya onlar birgə yaşamamışlar, o, evə gəlib getmişdir. O, qeyd etdiyi dövrdə rəsmi nikaha daxil olmasalar da faktiki nikah münasibətlərində olmuşlar, bir evdə yaşamışlar, həmin dövrdə ailənin və uşaqların bütün ehtiyaclarını ödəmişdir, evə lazım olan əşyaları, uşaqların geyim və əşyalarını o, almışdır. 2020-ci ilin may ayından 2022-ci ilin avqust ayına kimi onların faktiki nikah münasibətlərində olmaları şahidlər, birgə olduqları cavabdehin onun və qohumlarının toy, nişan, ad günü məclislərində, istirahətə getdikləri rayonlarda, yerlərdə çəkdikləri şəkillər, evdə uşaqların və onların çəkdikləri video və şəkillər, aralarında olan vatsap, sms, telefon danışıqları, anten dairələri və sair hallar ilə sübut edə bilər. 2022-ci il avqust ayında birgə yaşadıqları evdən, yəni Badamdar qəsəbəsi, 3-cü massiv, 1000-ci sahədə yerləşən evdən çıxdıqlan sonra şəxsi əşyaları evdə qalmışdır. Belə ki, avqustun 13-də münaqişə zamanı o, evdən çıxmışdır ki, hirsi soyusun və bir neçə saatdan sonra evə qayıdanda cavabdeh evin açarlarını dəyişmiş, onu evə buraxmamışdır. Bundan sonra o, hər dəfə evə yaxınlaşanda cavabdeh ondan polisə şikayət etmişdir. Bu səbəbdən o, özünə məxsus olan əşyaları evdən götürə bilməmişdir. Ona məxsus əşyaları cavabdeh hələ də səbəbsiz yerə qaytarmır.

4. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 dekabr 2022-ci il tarixli, 2(009)-2336/22 qətnaməsi ilə (hakim Abdullayev Şahin ) iddia tələbi təmin edilmiş, İddiaçı Səbail rayon Məhkəməsinin 2(009)-663/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh xeyrinə tutulması müəyyən edilmiş alimentin (hər uşaq üçün 160 manat, cəmi 320 manat) 2020-ci ilin may ayından 2022-ci ilin avqust ayının 13-nə kimi olan müddətə ödənilməmiş və yaranmış (hesablanmış) aliment borcu silinməsi qət edlmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayətində göstərilmişdir ki, Bakı şəhər Səbail rayonməhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Birinci instansiya Məhkəməsi yalnız formal mülahizələrə əsaslanmışdır. Məhkəmədə cavabdehin alimentin icra edilməsi ilə bağlı etirafı sübuta yetirilməmişdir. Belə ki, icra məmurunun guya cavabdeh tərəfindən aliment barədə razılığa gəlindiyinin bildirilməsi heç bir rəsmi sənəddə öz əksini tapmamışdır. Cavabdeh həmin müddətin böyük hissəsində iddiaçının heç bir işi olmadığını və heç bir yerdə işləmədiyini qeyd etsə də məhkəmə buna əhəmiyyət verməmişdir. Bundan başqa qeyri müəyyən və epizodikyazışmaları əsas götürən məhkəmə faktiki olaraq xərclərin kim tərəfindən ödənildiyi barədə araşdırma aparmamışdır. İddiaçının faktiki olaraq cavabdehin atası tərəfindən tikilmiş evdə yaşamağını, mütəmadi olaraq cavabdehdən xərclik üçün pul almasını, mübahisəli dövrdə uzun müddət heç bir yerdə işləməməsini məhkəmə görməzdən agəlmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

8. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək qeyd etdi ki, boşandıqdan sonra 2020-ci ildə iddiaçı uşaqları görmək üçün evə gəlib gedib, evdə qalıb, lakin onunla münasibətlər uşaqlara görə yumşalıb, ailə kimi barışmamışılar. İddiaçı tərəfindən heç bir təminat olmayıb. Həmin dövrlərdə müxtəlif yerlərə istirahət kimi gəzməyə getsələr də, hər hansı mərasimlərdə birgə istirahət etsələr də, bu ailəyə baxmaq deyil. Ona bir kişi olaraq həmin dövrdə evə ehtiyac olan lazım olan ərzaq və sair demişdir və o da almışdır. Lakin həmin bazarlığın edilməsi üçün pulları o vermişdir. Həmin dövrdə alimenti ödəməsə də, münasibətlər yumşaldığı üçün alimentlə bağlı icra məmuruna müraciət etməmişdir. Polis orqanlarında iddiaçı ilə barışıb bir yerdə yaşamasını göstərməmiş, ifadə düzgün yazılmamışdır. Apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatından bildirmişdir ki, tərəflər arasında rəsmi nikah pozulduqdan sonra birlikdə yaşasalar da, iddiaçı evin və uşaqların maddi məsrəflərinin qarşılanmasında iştirak etməmişdir. İddiaçı bir müddət hətta işsiz olub. Evə alınan ərzaqların pulunu da cavabdeh vermişdir.

10. Məhkəmə iclasında İddiaçı qeyd etmişdir ki, cavabdehlə 2020-ci ilin mauy ayından barışdıqdan sonra onunla birlikdə yaşamışlar. Evin ehtiyaclarını qarşılamış. Hər gün cavabdeh tərəfindən ona evə lazım olan ehiyaclar telefonla yazılmış, o da alıb gətirmişdir. Onun əşyaları da həmin evdədir. Bütün toy, nişan, ad günü mərasimlərinə birlikdə getmişlər, əlavə etdiyi şəkillərdən göründüyü kimi mehriban şəkildə həmin dövrdə müxtəif vaxtlarda bir çox yerlərə ailəvi istirahətə getmişlər. Dediklərini təsdiq edən həmin dövrdə xeyli video formatda ola görüntülərdə mövcuddur. Hətta buna görə də icra məmuru tərəfindən də həmin dövr ərzində hər hansı bir icra hərəkəti həyata keçirilməmişdir. Cavabdehdə onda şiayətçi olmamışdır. Həmçinin qeyd etmişdir ki, 2020-ci ilin avqust ayına kimi “X12” MMC-də işləmişdir, oradan çıxdıqdan sonra 5-6 ay kimi rişsiz qalsa da, həmin müddətdə taxı fəaliyyəti ilə məşğul olmuşdur. 2021-ci ilin fevral ayından isə yenidən işə düzəlmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi

11. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

15. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 2(009)-663/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən X3 ilə İddiaçı arasında 37 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X6 anası X2 yanında saxlanılması, xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər biri üçün 160 manat sabit pul məbləğində aliment X4 tutularaq X2 xeyrinə ödənilməsi qət edilmişdir.

21. İş materiallarda olan Bakı şəhəri Səbail rayon icra şöbəsinin icra məmuru Tural Aşurovun məhkəməyə ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubuna əsasən xx.xx.2019cu il tarixli 2(009)-663/2019 saylı icra sənədinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər biri üçün 160 manat, habelə Elnur Rüstəmlinin 3 yaşa çatanadək hər ay 50 manat olmaqla, cəmi 370 manat məbləğində aliment tutularaq Cavabdeh verilməlidir. Borclu İddiaçı 2020-ci ilin may ayından 2022-ci ilin sentyabr ayınadək olan aliment borcu 8960 manat, bu günə olan aliment borcu isə 9950 manat təşkil edir.

22. İddiaçı tərəfindən təqdim olunmuş fotoşəkillərdən, video görüntülərdən, aralarında olan yazışmalardan, eləcə də cavabdeh tərəfin verdiyi izahatlarından görünür ki, boşanmadan sonra tərəflər qeyd edilən dövrdə birgə yaşamağa davam etmişlər. İddiaçı ilə cavabdeh arasında olan nikah rəsmi qaydada məhkəmə qətnaməsi ilə pozulduqdan bir müddət sonra, yəni 2020-ci ilin may ayından 2022-ci ilin avqust ayınadək olan müddət ərzində iddiaçı ilə cavabdeh birgə yaşayaraq münasibətlərini davam etdirmişlər. İddiaçı həmin müddət ərzində ailənin maddi təminatını ödənilməsində iştirak etmiş, həmin müddət ərzində cavabdeh tərəfindən məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin borclu tərəfindən ödənilməməsi ilə bağlı icra qurumuna hər hansı müraciət edilməmişdir. Bunu məhkəmə kollegiyasının iclasında cavabdeh özü də etiraf etmişdir. Bunun səbəbi kimi, yalnız uşaqların yanında olduğunu, münasibətlərinin yaxşı olması səbəbindən ehtiyac duymadığını bildirmişdir. Halbuki, hər hansı evin ehtiyaclarının və uşaqların saxlanılmasında iştirak etmədiyi halda belə bir müraciətin olmamasını kollegiya yalnız münasibətlərin yumşalması ilə əlaqələndirilməsini inandırıcı hesab etmir. Ayrıca iş materiallarına əlavə edilmiş həmin dövrü əhatə edən elektron daşıyıcıda olan video görüntülərdə də, iddiaçı ilə cavabdehin normal ailə münasibətlərində yaşaması davranışları ilə də təsdiqini tapır. Yəni, cavabdeh tərəfindən inkar edilsə də, tərəflərin iddia tələbində qeyd edilən dövrdə birgə yaşamaqla təsərüfat aparmaları təsdiqini tapır. Eyni zamanda həmin dövrdə xərclənmiş pulların cavabdeh tərəfindən iddiaçıya verilməsi qeyd edilsə də, bu halda hər hansı bir sübutla təsdiqini tapmamışdır. 23.Kollegiya qeyd edir ki, alimentin tutulmasında məqsəd uşaqları ilə birlikdə yaşayan valideynin uşaqlar saxlanılmasında iştirakının olduğu kimi uşaqları birlikdə yaşamayan digər valideynin də onların saxlanılmasında iştirak etməsini təmin etməkdir. Hazırki halda iddiaçının sözü gedən dövrdə uşaqları və cavabdehlə birlikdə yaşamaqla ailənin saxlanılmasında iştirak etməsi onun yenidən həmin dövr üçün alimenti ödəməsini istisna edir. Sözsüz ki, maddi imkanları yaxşı olduğu halda uşaqların təminatının yüksək saxlanılmasının təmin edilməsio hər iki valideynin borcudur. Lakin nikahları pozulmayan birgə təsərrüfat aparan ailədə ailənin xərclərin iştirak edən valideynin həmin dövr üçün uşaqların saxlanılmasına görə əlavə xərcə cəlb edilmədiyi kimi hazırki iş üzrə də iddiaçı həmin dövr üçün yenidən bu əsasla pulun ödənilməsinə məruz qalmamaladır. Yəni, nikahlarının rəsmi qayda pozulmuş olması (aliment təyin edilməklə), nə tərəfləri həmin dövrdə birgə yaşamaqla (hansıki yaşamışlar və ailənin saxlanılmasında iddiaçının iştirakı istisna edilmir) təsərrüfat aparmaq hüququndan məhrum etməmişdir, nə də bu hal iddiaçıdan eyni dövr üçün aliment ödənilməsini özündə ehtiva etmir. 24.Kollegiya hesab edir ki, məhkəmə qətnaməsinə əsasən nikahın pozulmaqla aliment müəyyən edildikdən sonra tərəflərin faktiki olaraq ailə münasibətlərinin bərpa olunması və iddia tələbində qeyd edilən dövrdə onların birgə yaşamaları məhkəmədə sübut olunduğundan və həmin müddət ərzində iddiaçının övladının saxlanılması üçün öhdəliklərini yerinə yetirməməsi cavabdeh tərəfindən sübut olunmadığından tərəflərin birgə yaşadıqları müddət üçün yığılmış aliment borcundan iddiaçının azad edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. Buna görə apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz.

25. Beləliklə kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2(009)- 2336/22 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar