Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1905/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair 2(006)-1395/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 4400 manat sığorta ödənişinin alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri Suraxanı rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək N saylı hərbi hissədə motoatıcı taborunun motoatıcı bölüyünün komandiri vəzifəsində hərbi xidmət keçmişdir. İddiaçı hərbi xidmət zamanı, yəni soyuq hava şəraitində poliqonda bərk soyuqlamışdır. Nəticədə iddiaçı başının sağ tərəfinin soyuqdəymədən haymorit ilə xəstələnmişdir. Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 1422 saylı qərarına əsasən iddiaçıya “Sağ tərəfli haymorit. Sağ tərəfi irinli otit diaqnozu” təyin edilmişdir. Həmin qərara əsasən xəstəlik hərbi xidmət dövrdə alınmışdır. Sözügedən qərar qəbul edildikdən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2019-cu il tarixli arayışına əsasən iddiaçıya 3 dərəcəli əlillik dərəcəsi təyin olunmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda qüvvədə olan “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Resplikasının Qanunu xx.xx.1997-ci il tarixdə qəbul edilmiş, həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanı qəbul edilmiş və həmin Qanun xx.xx.1997-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunda müəyyən edilmiş sığorta ödənişinin Qanun qüvvəyə minənə kimi hərbi qulluqda olmuş hərbiçilərə şamil edilməsi və Qanunun normalarının geriyə qüvvəsi olması barəsində heç bir şərt yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-ci il tarixli qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 16-cı bəndinə əsasən bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. Bu sığorta məbləğinin ödənilməsi qaydası və şərtləri müəyyən olunmamış məhkəmə qətnaməsi ilə sığorta məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh kimi Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulması əsassızdır. İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək hərbi xidmətdə olmuşdur və 3 il sonra, yəni xx.xx.2019-cu ildə əlillik dərəcəsi almışdır. Apellyasiya baxışı zamanı iddiaçı şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü qrup müharibə əlilidir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli məktuba əsasən, İddiaçıxx xxxxxx 2016-cı il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur və bu hadisədən 3 ildən artıq müddət keçdikdən sonra, yəni xx xxx 2019-cu il tarixdə əlillik dərəcəsi almışdır. Ona görə də əlillik dərəcəsi alması ilə əlaqrədar Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri mümkündür. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü və 5-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Azərbaycan Respublikasının xx.xx.1997-ci il, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 151-ci maddəsinə müvafiq olaraq, hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 1991-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə Heyətinin bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılmış və Respublikada icbari sığortalamanın bütün növlərini həyata keçirmək həmin Şirkətə həvalə edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Kollegiya, cavabdehin qeyd edilən mövqeyini əsaslı saymır, ona görə ki, iddiaçı hərbi xidmət keçdiyi dövrdə xəsarət almış və hərbi xidmətdən tərxis olunduğu xx.xx.2016-cı il tarixdən 3 il 3 aya yaxın müddət keçdikdən sonra xx.xx.2019-cu il tarixdə ona həmin xəsarətin əsası olaraq üçüncü qrup əlillik dərəcəsi təyin edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda həmin Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin İİİ qrup əlilliyə görə - 40 faizi miqdarında sığorta ödənişi verilməlidir. Buna görə cavabdeh tərəfindən iddiaçıya qeyd edilən məbləğdə sığorta ödənişinin verilməsindən imtina etməsi qanuni və əsaslı sayıla bilməz. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, şəxsin hərbi qulluqda olma, hərbi xidmət zamanı həlak olma (ölmə), itkin düşmə, xəsarət və əlillik qrupu alma, həmçinin yararsız kimi tərxis olunma tarixləri sığorta hadisəsinin baş vermə faktını inkar etmir və bu, sığorta ödənişinin ödənilməsindən imtina üçün müstəqil əsas ola bilməz. Əks təqdirdə, bu hal hərbi xidmət zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur. Qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)- 1395/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1905/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1905/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver