Məhkəmə qərarları › İş №2(103)-1916/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1916/2022

09.02.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1916/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli 2(009)- 102/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 dekabr 2017-ci il tarixli, 3M-675 reyestr nömrəli İcarə müqaviləsinin ləğv edilməsi, İcarə müqaviləsinə əsasən müəyyən edilmiş 150000 manat məbləğində kompensasiyanın, təmir-tikinti işlərinin aparılmasına, mebellərin quraşdırılmasına və digər təmir və yaxşılaşdırma işlərinin həyata keçirilməsinə çəkilən 250000 manat məbləğində xərclərin, əldən çıxmış faydaya görə 60000 manat məbləğində pulun, 20000 manat məbləğində mənəvi zərəriun, toplamda 480000 manat məbləğində pulun cavabdeh X1 tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı eləcə də iddianın təmini tədbiri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 48 saylı evin 4-cü mərtəbəsində yerləşən, 19, 20, 21, 22 saylı mənzillərdən ibarət icarə əmlakına maneəsiz daxil olmağı və istifadə etməyi cavabdeh X3 və 3-cü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, onunla (“icarəçi”) iddiaçı X4 (“icarəyə verən”) arasında 27 dekabr 2017-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində 3M-675 nömrəli icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin şərtlərinə əsasən icarəyə verən bununla ünvan 1 ünvanında yerləşən binanın 4-cü mərtəbəsində 380 kv.m. sahədən (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasən 155 kv.m) ibarət 19, 20, 21, 22 saylı mənzilləri icarəçiyə icarəyə verməyi, icarəçi isə həmin əmlakın icarəyə götürməyi və icarə haqqı ilə müəyyən olunmuş icarə haqqını İcarəyə verənə ödəməyi öhdəsinə götürür. İcarə müqaviləsinə əsasən icarəyə verən icarəyə verilmiş əmlakı icarəçiyə 1 yanvar 2017-ci il tarixindən başlayaraq 1 yanvar 2022-ci il tarixinədək 5 il müddətinə icarəyə verir. Müqavilə 2017-ci ilin dekabr ayının 27-də bağlansa da, müqavilədə texniki olaraq müqavilənin 2017-ci ilin 1 yanvar tarixindən başlayaraq qüvvəyə mindiyi göstərilir. Halbuki müqavilənin qüvvəyə minmə tarixi 2018-ci ilin 1 yanvar tarixindən hesablanmalıdır. O, müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmiş, icarə haqqını vaxtlıvaxtında ödəmişdir və heç bir borcu yoxdur. Lakin bununla belə icarə müqaviləsinin müddətinin 01 yanvar 2022-ci il tarixədək davam etməsinə baxmayaraq, icarəyə verən X4 tərəfindən heç bir qanuni əsas olmadan müqavilənin hələ də qüvvədə olduğu bir vaxtda 2021-ci ilin may ayında qanunsuz və əsassız olaraq icarə əmlakından çıxarılmışdır. Belə ki, 2021-ci ilin may ayının 28-də, axşam saat 23:00 radələrində, 10 nəfərə yaxın adam icarə əmlakına hücüm çəkmiş, içəridə olan müştəriləri və işçiləri də qovaraq qovaraq əmlakı dağıdıb tamamilə yararsız vəziyyətə salmış, kameraları sökərək hard disklərini çıxarmışlar. Bu zaman həmin adamlar içində Laləzar Əliyeva olmamışdır. Eyni zamanda bundan sonra onlar tərəfindən icarə əmlakının qapılarının açarları da dəyişilmişdir və yalnız bundan sonra onun artıq həmin əmlakdan istifadə etməyi mümkün olmamışdır. İndiyə qədər də o, qeyd edilən icarə əmlakında işləmir, bütün işləri dayanmışdır. Əmlak isə istifadəsiz olaraq qalmışdır. Hesab edir ki, cavabdeh tərəfindən bununla bağlı məhkəmə qaydasında icarə müqaviləsinin ləğvini tələb edərək, icarə əmlakından onun çıxarılması ilə bağlı heç bir iddia irəli sürmədən müqavilənin qüvvədə olduğu bir vaxtda və müqavilə üzrə öhdəliklərini də tam və vaxtlıvaxtında yerinə yetirməyinə baxmayaraq, icarə əmlakından çıxarılmağı tamamilə qanunsuz və əsassızdır. Buna görə də hesab edir ki, mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək Azərbaycan Respublikası MPM-nin 157-160-cı maddələrinə əsasən ünvan 1 ünvanın 4-cü mərtəbəsində mənzil 19, 20, 21, 22 ünvanında yerləşən icarə əmlakına maneəsiz daxil olmağı və istifadə etməyi cavabdeh X3 və 3-cü şəxslərə qadağan edilməlidir. Belə ki, qanunun mənasına görə iddianın təmini tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən icarə müqaviləsinin məhkəmə qaydasında ləğvinin tələb olunmadan qanunsuz və əsassız olaraq icarədarın fəaliyyətinin dayandırılması, icarə əmlakından çıxarılması mövcud olmayan tələbin faktiki təmin olunması nəticəsini yaratmaqla, tərəflər arasında əlavə məhkəmə mübahisələrinin yaranmasına gətirib çıxara bilər. Belə bir nəticə isə ədalət mühakiməsinin məqsədləri baxımından arzuolunan deyildir. Eyni zamanda hesab edirik ki, hətta cavabdeh icarə müqaviləsinin ləğvini və ya icarədarın icarə obyektindən çıxarılmasını tələb etsə idi belə, görülməsini istədiyi təmin tədbiri, iddiasının təmin edilməsi halında qətnamənin icrasını təmin etmək məqsədinə, eləcə də onun icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına deyil, faktiki ciaraa olaraq iddia tələbinin təmin edilməsi demək olardı. Ona görə də, mülki iş üzrə mübahisənin gələcəkdə ədalətli həlli və çıxarılacaq qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüzlüyünü, o cümlədən mövcud olan əmlakın özgəninkiləşdirilməsinin qarşısının alınması üçün mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 48 saylı evin 4-cü mərtəbəsində yerləşən, 19, 20, 21, 22 saylı mənzillərdən ibarət icarə əmlakına maneəsiz daxil olmağı və istifadə etməyi cavabdeh X3 və 3-cü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 17.09.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, mübahisəyə mahiyyəti üzrə baxılıb qurtarana kimi Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 48 saylı evin 4-cü mərtəbəsində yerləşən, 19, 20, 21, 22 saylı mənzillərdən ibarət icarə əmlakına maneəsiz daxil olmaq və istifadə etmək cavabdeh X3 və 3-cü şəxslərə qadağan edilməsi qərara alınmışdır. Qərardaddan cavabdeh X2 verdiyi şikayət Səbail Rayon Məhkəməsinin 23.09.2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15.10.2021-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməyərək, Səbail Rayon Məhkəməsinin 2(009)-2473/2021 saylı, 17.09.2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Daha sonra qərardaddan maraqlı şəxs X5 verdiyi şikayət Səbail Rayon Məhkəməsinin 04.11.2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24.11.2021-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək, Səbail Rayon Məhkəməsinin 17.09.2021-ci il tarixli qərardadının ləğv edilməsi, maraqlı şəxs X5 verdiyi şikayətə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bundan sonra Səbail Rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli qərardadı ilə iddiaçının iddianın təmini tədbiri haqqında ərizəsinin təmin edilməməsi, məhkəmənin 17.09.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 48 saylı evin 4-cü mərtəbəsində yerləşən, 19, 20, 21, 22 saylı mənzillərdən istifadəyə qoyulmuş qadağanın götürülməsi qərara alınmışdır. Daha sonra qərardan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini, iddianın təmin tədbiri barədə ərizəsinin təmin edilməsini xahiş etmiş, şikayətini müvəqqəti təminat tədbiri barədə ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Məhkəmənin 10 yanvar 2022-ci il tarixli qərardadı ilə, şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq, qərardad ləğv edilməklə iş iddianın təmini tədbirləri barədə ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər (maddə 157.1). müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir (maddə 157.2). Cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə müvəqqəti təminat tədbirləri görülə bilər (maddə 158.1.1-158.1.3). Avropa Məhkəməsinin Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında müəyyən edilmişdir ki, mülkiyyət hüququnun qanuni məhdudlaşdırılmasında proporsionallıq prinsipinin tələblərinə uyğun olaraq fərdin üzərinə qanunun məqsədlərindən kənar olan artıq yük düşməməlidir (§ 71). Məhkəmənin digər iş üzrə qəbul edilmiş qərarında göstərilmişdir ki, mülkiyyət hüququna müdaxilə fərdlə ictimai maraqlar arasında “ədalətli balans” əsasında olmalıdır (Depalle Fransaya qarşı iş üzrə 29 mart 2010-cu il tarixli qərar, § 83). Əvvəla Kollegiya qeyd edir ki, iddianın təmini tədbirləri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bununla belə, müvəqqəti təminat tədbirlərinin görülməsi üçün məhkəməyə ilkin zəruri sübutların təqdim edilməsinə və ilkin əsaslandırılmasına, habelə bununla bağlı dəlillərin təqdim edilməsinə ehtiyac vardır. Məhz bu məqamda müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhz buna görədir ki, qanunverici hətta iş üzrə cavabdehlərə qarşı verilsə belə, hər bir halda müvəqqəti təminat tədbirinə dair ərizələrin təmin ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Əksinə, yuxarıda göstərilənləri nəzərə almaqla qanunverici, müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizələrin təmin edilməsini MPM-in 157.1-ci maddəsində “bilər” ifadəsini işlətməklə məhkəmənin səlahiyyətinə verir. Beləliklə, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsi ilə əlaqədar hər hansı əsaslandırma aparılmadan və ilkin sübut təqdim edilmədən verilən ərizələrin təmin edilməsi mümkün deyildir. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddianın təmini tədbirləri barədə ərizəsində qeyri-müəyyənlik vardır. Belə ki, iddiaçı iddianın təmini tədbirləri barədə ərizəsində icarə əmlakına maneəsiz daxil olmağı və istifadə etməyi cavabdeh X3 və 3-cü şəxslərə qadağan edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı öz iddia ərizəsində göstəmişdir ki, cavabdeh onu icarə əmlakından çıxarmış və hazırda o, həmin əmlakdan istifadə edə bilmir. Göründüyü kimi iddiaçı icarə əmlakından istifadə etməyinə cavabdeh mane yaratdığını bildirdiyi üçün onun özününmü həmin əmlaka maneəsiz daxil olması və ya cavabdehin həmin əmlaka manesiz daxil olmasını xahiş etdiyi dəqiq müəyyən olunmur. Həmçinin, öz mülkiyyətində olan əmlaka maneəsiz daxil olmasını cavabdehə qadağan edilməsi də başa düşülən deyildir. Bundan başqa iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11546/2021 saylı, 24.11. 2021-ci il tarixli qərardadında təminat tədbirlərinin təmin edilməsinin maraqlı şəxs X6 hüquqlarına toxunub-toxunmaması, onun şikayətinin dəlillərinə qiymət verilməsi göstəriş kimi qoyulmuşdur. Bununla belə birinci instansiya məhkəməsi 05.01.2022-ci il tarixli qərardadı ilə iş üzrə iddianı təmin tədbiri haqqında ərizəni təmin etməyərkən apellyasiya instansiyası məhkəməsinin göstərişlərinə əməl etməmiş və qəbul etdiyi qərardadı əsaslandırmamaqla 17.09.2022-ci il tarixli qərardadın maraqlı şəxs X6 hüquqlarına toxunub-toxunmaması, onun şikayətinin dəlillərinə qiymət verilməsi müəyyən olunmur. Halbuki, Mülki Prosessual Məcəllənin 399-cu maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmini tədbirləri barədə ərizədə olan yuxarıda qeyd edilən qeyri-müəyyənliyi araşdırmalı, bu məsələyə aydınlıq gətirildikdən sonra müvafiq olaraq təminat tədbirlərinin təmin edilməsinin maraqlı şəxs X6 hüquqlarına toxunub-toxunmaması məsələsini araşdırmalı və əsaslandırılmış məhkəmə aktının qəbulu üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-102/2022 saylı, 05 yanvar 2022-ci il tarixli qərardadı ləğv olunsun və iş iddianın təmini tədbirləri barədə ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar