Məhkəmə qərarları › İş №2(103)-1922/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1922/2025

04.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1922/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X4 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “ödənilmiş alimentin qaytarılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1213/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 9.437,49 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1213/2025 saylı, xx.xx.2025-ci tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iddianın icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, cavabdehə qarşı “alimentdən azad edilmə və aliment borcunun silinməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 149/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentdən xx.xx.2018-ci il tarixindən azad olunması və həmin qətnamə əsasında xx.xx.2018-ci il tarixindən bu günədək hesablanılmış 4.442 manat məbləğində aliment borcunun silinməsini xahiş etmişdir. Məhkəmənin 2(010)-4704/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-149/2015 saylı qətnaməsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X1 üçün ödəməli olduğu alimentdən xx.xx.2018-ci il tarixdən azad edilmişdir. Həmin iş üzrə müəyyən edilmiş işin faktiki hallarından da göründüyü kimi, tərəfindən aliment ödənişləri həyata keçirilmiş və müraciəti əsasında da xx.xx.2018-ci il tarixdən aliment ödəmək öhdəliyindən azad edilmişdir. Hazırki iddia isə birbaşa mülki iddiadır və pul tələbidir. Buna görə də qanunvericilik tərəfindən mediasiyada iştirakın vacibliyi nəzərdə tutulmamışdır. Cavabdeh özü də bilir ki, ona 9.437,49 manat pul ödəməlidir. Lakin bilərəkdən pulun ödənişindən yayınır. Bu səbəbdən hesab edir ki, iddia üzrə pulun tutulması tələbi irəli sürüldüyündən tərəflərin mediasiya prosesində iştirakına hər hansı zərurət yoxdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli, e-2(010)- 1213/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 1213/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.4-1-ci maddəsinə əsasən iddia ərizəsində “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir; 150.1.7-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir; 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.2-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur; 28.1-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Məhkəmə kollegiyası iş materiallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, qanunun tələblərinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İddiaçının iddia üzrə cavabdehdən tələb etdiyi 9.437,49 manat məbləğində pul artıq ödənilmiş aliment məbləğidir. Başqa sözlə, hazırki mübahisə tərəflər arasında yaranmış ailə (aliment) münasibətlərindən irəli gəlir və bu sahəni tənzimləyən qanunvericiliyin tələbləri baxımdan həmin mübahisənin həlli üçün tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı məcburidir. Lakin iddiaçı bu tələbə riayət etməmişdir. Bu da həmin əsasla iddia ərizəsinin geri qaytarılmasını şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1213/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1213/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar