Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1929/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı (X4 qəyyumu) Cavabdeh2 qarşı “alimentin tutulma formasının dəyişdirilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, xx.xx.2014-cü il təvəllüdlü uşaq X1 üçün məhkəmə qətnaməsi ilə uşağın atası X3 tutularaq uşağın anası Cavabdeh2 verilən alimentni tutulma forması (sabit pul miqdarında 154 manat) dəyişdirilərək aliment ataya verilən pensiyanın ¼ hissəsi miqdarında tutulsun. Uşağın atasının fəaliyyət qabiliyyəti olmadığına görə iddia ərizəsini onun adından qəyyumu (atası) İddiaçı verib. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv olunsun və iddia təmin olusun. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh2 isə apelyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə Ailə Məcəlləsinin 112.1-ci maddəsinin və Mülki-Prosessual Məcəllənin 233.4-cü maddəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, qətnamə ləğv edilməli, iddia qismən təmin olunmalı, alimentin tutulma forması (sabit forma) dəyişdirilərək aliment qazancın və başqa gəlirlərin 1/4 hissəsi kimi (nisbi formada) tutulmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Aliment 2 formada tutula bilər: 1) sabit formada - sabit pul məbləği kimi; 2) nisbi formada - qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi. Aliment indiyə kimi sabit formada tutulub. Belə ki, Nizami Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı 117 manat müəyyən edilib. Daha sonra Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq 154 manat müəyyən edilib. Hazırda isə alimentin nisbi formada tutulması üçün əsas mövcuddur. Belə ki, alimentin sabit formada tutulması müəyyən edildikdən sonra uşağın atası psixi pozuntuya görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilib. Bu barədə olan qətnamə Nəsimi Rayon Məhkəməsi tərəfindən 2(006)-3373/2018 nömrəli mülki iş üzrə xx.xx.2018-ci il tarixdə qəbul edilib. Nəsmi RİHB-nın xx.xx.2018-ci il tarixli sərəncamı ilə uşağın atasının, yəni fəaliyyət qabiliyyəti olmayan şəxsin üzərində qəyyum təyin edilib. Qəyyum onun öz atası İddiaçıdur. Göründüyü kimi, uşağın atası psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayılıb. Habelə 3 saylı TSEK-nın arayışından görünür ki, o, 2-ci dərəcə əlildir və əmək qabiliyyətsizdir. Hazırda uşağın atasının müstəqil gəlir mənbəyinin olması, mülkiyyətində gəlir gətirə biləcək daşınar və daşınmaz əşyaların olması barədə heç bir sübut yoxdur. O, “qazanc əldə etmək qabiliyyətinə malik olan, lakin buna təşəbbüs göstərməyən şəxs” hesab edilə bilməz, çünki fəaliyyət qabiliyyəti və əmək qabiliyyəti yoxdur. Belə vəziyyətdə alimentin sabit formada tutulması Ailə Məcələsinin 78-ci maddəsinin tələblərinə uyğun deyil. Sabit forma ən azı 3 məsələyə münasibətdə əsaslandırma tələb edir: 1) tərəflərin maddi vəziyyəti; 2) tərəflərin ailə vəziyyəti; 3) uşağın əvvəlki təminatının səviyyəsinin maksimal saxlanması. Yuxarıda qeyd edilənlər belə əsaslandırmanı mümkünsüz edir. Bundan fərqli olaraq nisbi forma belə əsaslandırma tələb etmir, mövcud olan və ya gələcəkdə ola biləcək qazancın və başqa gəlirlərin qanunda müəyyən edilmiş hissəsi kimi tutulur. İddia ərizəsində alimentin pensiyanın ¼ hissəsi kimi müəyyən edilməsi tələb olunub, lakin aliment qazancın və başqa gəlirlərin ¼ hissəsi kimi tutulmalıdır. Belə ki, Ailə Məcəlləsinin 76.1.1-ci maddəsi alimenti 1 uşağa görə qazancın və başqa gəlirlərin ¼ hissə kimi müəyyən edib. Bu zaman Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 98 nönrəli qərarı ilə təsdiq edilmiş “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin Növləri” əsas götürülməlidir. Hazırkı iddia alimentin tutulma formasının dəyişdirilməsi (sabitdən nisbi formaya dəyişdirilməsi) barədə olduğuna görə qiymətləndirilməyən iddia hesab olunur. Belə ki, alimentin miqdarının artırılması və ya azaldılması barədə iddialardan fərqli olaraq alimentin tutulma formasının nisbi formaya dəyişdirilməsi zamanı aliment qazancın və başqa gəlirin hissəsi kimi tutulur. Qazanc və başqa gəlir isə konkret məbləğdə ifadə olunmadığına görə iddia qiymətləndirilməyən iddia sayılır. Odur ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016 və xx.xx.2018-ci il tarixli qətnamələrinə əsasən sabit pul məbləğində tutulan alimentin tutulma forması dəyişdirilsin. xx.xx.2014-cü il təvəllüdlü uşaq X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay X4 qazancının və başqa gəlirlərinin 1/4 (dörddə bir hissəsi) miqdarında aliment tutularaq Cavabdeh2 verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1929/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1929/2021
12.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver