Məhkəmə qərarları › İş №2(103)-1929/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1929/2024

29.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1929/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: baba və nənədən aliment tutulması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X7 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ilə X2 Federasiyasında rəsmi nikaha daxil olmuş, 2020-ci ilədək Rusiya Federasiyasının Kaluqa şəhərində yaşamış, nikahlarından xx.xx.2011-ci il tarixdə Safura, xx.xx.2012-ci il tarixdə Ağaşirin, xx.xx.2014-cü il tarixdə Balaşirin adını verdikləri uşaqları dünyaya gəlmiş, 2020-ci ildə ailə münasibətləri pozulmuş, Brillant Vahidova uşaqları ilə birlikdə Azərbaycan Respublikasına qayıtmışdır.

2. X18 Rusiya Federasiyasında, İddiaçı və azyaşlı uşaqları isə Azərbaycan Respublikasında yaşayırlar. İddiaçı və uşaqlar Rusiya Federasiyasının vətəndaşlarıdırlar.

3. Abdullayeva X17 Eyyubov adına 273 nömrəli tam orta məktəbin Vİ sinfində, X11 V sinfində, X9 isə İİ sinfində oxuyurlar.

4. Cavabdeh1 Vüqar Abdullayevin atası, Cavabdeh2 isə onun anasıdır.

5. İddiaçı X8 qarşı “aliment ödənilməsi” tələbi Kaluqa vilayətinin Kaluqa məhkəmə rayonunun 12-ci məhkəmə sahəsinin xx.xx.2021-ci il tarixli əmri ilə təmin olunmuş, xx.xx.2022-ci il tarixli icra sənədi icra edilməsi üçün X5 iş yerinə - "xxxx" MMCyə göndərilmişdir.

6. Kaluqa şəhər Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, “....şikayəti əsasında araşdırma aparılmış, ...araşdırma zamanı müəyyən edilmişdir ki, Kaluqa vilayəti üzrə Rusiya Federal Məhkəmə İcraçıları Xidməti yanında Kaluqa şəhərinin Leninskiy rayonu üzrə məhkəmə nəzarətçiləri-icraçıları şöbəsində borclu X3 alimentin tutulmasına dair 2-2127/2021 saylı Məhkəmə əmri əsasında xx.xx.2022-ci il tarixində icra icraatı başlanmışdır. Həmin icraat çərçivəsində borclunun aylıq qazanc və gəlirlərinin alimentin tutulması məqsədilə xx.xx.2022-ci il tarixli icra sənədinin surəti icra edilməsi üçün borclunun iş yeri üzrə "xxxx" MMC-yə göndərilmişdir. Həmçinin araşdırma zamanı Kaluqa şəhərinin Leninsikiy rayonu üzrə Məhkəmə İcraçıları Şobəsinin vəzifəli şəxsləri tərəfindən qanunvericiliyin tələblərinin pozularaq, borclunun iş yeri üzrə aylıq qazanc və digər gəlirlərindən icra sənədi üzrə aliment məbləğinin vaxtlı-vaxtında tutulmasının və köçürülməsinin təmin edilmədiyi müəyyən edilmişdir. Bu pozuntuların aradan qaldırılmasına dair Kaluqa vilayəti üzrə Rusiya Federal Məhkəmə İcraçıları Xidmətinin rəhbərliyinə təqdimat göndərilmişdir. Bu yoxlamanın nəticələri barədə qanunla müəyyən edilmiş müddətdə Sizə əlavə məlumat veriləcəkdir. Qeyd edilmiş qərarla razılaşmadığınız halda, ondan yuxarı prokurluq və (vəya) məhkəmə instansiyalarına şikayət etmək hüququnuz var”.

7. xx.xx.1947-ci il təvəllüdlü Cavabdeh1 543,81 manat, xx.xx.1952-ci il təvəllüdlü Cavabdeh2 327.22 manat məbləğində pensiya alırlar.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

8. İddiaçı (iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü Cavabdeh2 Vüqar qızının, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehlərdən müştərək qaydada ayda hər uşağa 220 manat olmaqla 660 manat sabit pul məbləğində alimentin və mediasiya xidmətinə görə ödənilmiş 50 manat xidmət haqqının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə Rusiya Federasiyasında rəsmi ailə qurmuş, onunla 2020-ci ilədək Rusiya Federasiyasının Kaluqa şəhərində yaşamış, ailə münasibətlərindən xx.xx.2011-ci il tarixdə Safura, xx.xx.2012-ci il tarixdə Ağaşirin, xx.xx.2014-cü il tarixdə Balaşirin adlı uşaqları dünyaya göz açmışdır. Sonradan cavabdehlə ailə münasibətləri sonuncunun spirtli içkilərə qurşanması, ailənin minimum xərclərini təmin etməməsi, bütün qazancının spirtli içkilərə sərf etməsi səbəbindən pozulmuş, ailələri faktiki olaraq dağılmış və o, buna görə 2020-ci ildə Azərbaycan Respublikasına qayıtmalı olmuşdur. Azərbaycana gələrkən cavabdeh ona və uşaqlarına məxsus bütün sənədlərini, qızıl-zinət əşyalarını əlindən alaraq onu Bakı şəhərinə yola salmışdır. Hal-hazırda Qardağ rayonu, Ələt qəsəbəsi, M,Ə.Sabir küçəsi, ev 6 ünvanında yerləşən valideynlərinə məxsus evdə yaşayır. Uşaqlarının bütün xərcləri valideynlərinin və qardaşının maddi hesabına təmin edilir, uşaqlarının atası uşaqların saxlanmasında ona heç bir maddi köməklik göstərmir. Buna görə də alimentin tutulmasına dair cavabdehə qarşı Rusiya Federasiyasının Kaluqa şəhərində iddia tələbi qaldırmış və Kaluqa vilayətinin Kaluqa Məhkəmə Rayonunun 12-ci məhkəmə sahəsinin 2-2127/2021 saylı xx.xx.2021-ci il tarixli məhkəmə əmri ilə aliment tələbi təmin edilmişdir. İcra məmuru tərəfindən qeyd olunan məhkəmə əmri borclunun iş yerinə göndərilmiş, bir müddət cavabdehin əmək haqqından alimentin tutulması təmin edilsə də, borclu sonradan qəsdən işdən çıxmış və buna görə də alimentin ödənilməsi dayandırılmışdır. Artıq 1 ilə yaxındır ki, alimenti ala bilmir. Məhkəmə qərarının icra olunmaması ilə əlaqədar Rusiya Federasiyasının Prokurorluq orqanlarına şikayət etsə də, hazıradək müsbət nəticəsi olmamış, nəticə etibarilə alimentini ala bilməmişdir. Hazırda özünün və uşaqlarının maddi durumu çox ağır vəziyyətdədir, heç yerdə işləmir, ona yardım göstərən anası isə ağır yataq xəstəsidir, artıq o da ona yardım göstərə bilmir və 3 uşaq ilə pis durumda qalmışdır. Həmçinin nəvələri ilə istədikləri vaxt ünsiyyətdə olmalarına baxmayaraq cavabdehlər uşaqların nənəsi və babası olaraq onların saxlanılmalarında ona yardım etmirlər. Baxmayaraq ki, onların hər ikisi ayrı-ayrılıqda yüksək məbləğdə pensiya alırlar. Buna görə də hazırki iddia tələbi ilə cavabdehlərə qarşı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə mediasiya yolu ilə mülki-ailə mübahisəsinin həllinə çalışsa da, cavabdehlər mediasiya sessiyasına qatılmaqdan boyun qaçıraraq qəsdən gəlməmişlər.

10. Məhkəmə iclasında iştirak edən cavabdehlər iddianı qəbul etmədiklərini bildirmiş, qeyd etmişlər ki, yaşlı adamlardırlar, xəstədirlər, pensiya ilə dolanırlar. İddiaçı uşaqların atasından aliment tələb etsin.

11. Birinci instansiya məhkəməsinin 27 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

12. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdehlərdən aliment tutulması üçün 2 əsas şərt var. 1. yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilməməsi. 2. baba və nənənin aliment ödəmək üçün zəruri vəsaitə malik olması. Hazırki iş materiallarından müəyyən olunur ki, iddiaçı uşaqların saxlanması üçün aliment tələbi ilə bağlı Kaluqa şəhərində məhkəməyə müraciət etmiş və məhkəmə qərarı ilə X3 onun xeyrinə aliment tutulmuş, həmin qərar icraya yönəldilmişdir. X1 aliment ödəməkdən boyun qaçırması halı nənə və babadan aliment tələb edilməsi üçün əsas olmamalıdır. Çünki, icra tədbirləri nəticəsində X5 alimenti yenidən əvvəlki kimi ödəməsi istisna edilmir. Başqa sözlə, X10 aliment ödəmək iqtdarındadır, iş materiallarından və proses iştirakçılarının izahatlarından müəyyən edilir ki, həmin şəxs azadlıqdan məhrum edilməmiş və ya gəlir əldə etmək qabiliyyətindən məhrum olmamışdır, sadəcə olaraq alimenti ödəməkdən boyun qaçırır. Bu hal isə icra məmurlarının tədbirləri nəticəsində aradan qaldırıla bilər. Eyni zamanda, hazırkı mübahisə üzrə cavabdehlər olan nənə və babanın zəruri vəsaitə malik olmasına dair rəsmi və təsdiqedici sənəd məhkəməyə təqdim edilməmişdir. Əksinə, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlarla təsdiq edilir ki, cavabdehlər heç bir yerdə işləmirlər, Cavabdeh1 76 yaşı var və o, 543,81 manat, Cavabdeh2 isə 72 yaşı var və o, 327.22 manat məbləğində pensiya alır. Belə olan halda cavabdehlərin etirazlarında göstərdikləri dəlillər real və ağlabatan olduğundan, iddia əsassız hesab edilməli və rədd edilməlidir.

13. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Ailə Məcəlləsinin 89cu, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə istinad etmişdir.

14. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayəti verilərək onun ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılması xahiş edilmiş, şikayət iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, sübutlara düzgün qiymət vermədiyi, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığı, işin hallarına uyğun gəlməyən qərar çıxardığı irəli sürülmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

16. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, Cavabdeh1 aldıqları pensiyanın özlərinə ancaq çatdığını qeyd etməklə şikayətin əsassız olduğunu bildirmiş, digər cavabdeh isə məhkəməyə gəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

17. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

18. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

19. Maddə 78.1 və 78.2. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

20. Maddə 89. Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir.

“Uşaq hüquqları haqqında” Qanun

21. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanun

22. Maddə 1. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

26. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

34. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

35. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

36. İddiaçının iddia tələbi, uşaqlarının saxlanılması üçün onların babanənəsindən aliment tutulması barədədir; bu tələbin qanuni əsasını isə Ailə Məcəlləsinin 89-cu maddəsi təşkil edir (§ 20).

37. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, həmin maddi hüquq normasının tətbiqi üçün 2 dispozitiv şərt eyni anda mövcud olmalıdır: 1. yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilməməlidirlər. 2. baba və nənə aliment ödəmək üçün zəruri vəsaitə malik olmalıdırlar.

38. Məhkəmə haqlı olaraq vurğulamışdır ki, Vüqar Abdullayevdən iddiaçının xeyrinə aliment tutulması ilə bağlı qüvvədə olan məhkəmə qərarı vardır və həmin qərar icraya yönəldilmişdir, icra tədbirləri nəticəsində onun alimenti yenidən əvvəlki kimi ödəməsi istisna edilmir. X10 aliment ödəmək iqtdarındadır, azadlıqdan məhrum edilməmiş və ya gəlir əldə etmək qabiliyyətindən məhrum olmamışdır, sadəcə olaraq alimenti ödəməkdən boyun qaçırır. Bu hal isə icra məmurlarının tədbirləri nəticəsində aradan qaldırıla bilər. Eyni zamanda, cavabdehlərin zəruri vəsaitə malik olmasına dair rəsmi və təsdiqedici sənəd məhkəməyə təqdim edilməmişdir.

39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7028/2023 saylı iş üzrə 27 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada təqdim olunduqdan sonra 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar