Məhkəmə qərarları › İş №2(103)-1931/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1931/2022

23.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1931/2022 23.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskindən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Məmmədov Yunis Məhəmməd oğlunun, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6171/2021 saylı 24 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alimentin azaldılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində az yaşlı uşağın olmasını, özünün rayonda kirayədə yaşamasını, müəyyən banglara kredit borcunun olmasını və “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu nəzərə alaraq uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmiş alimentin iki hissəyə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2743/2009 saylı 02.12.2009-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə aralarında olan nikahın pozulması, birgə nikahdan doğulmuş 20.11.2005-ci il təvəllüdlü Mehdiyev Elçin Nəriman oğlunun saxlanılması üçün ondan hər ay sabit pul məbləğində 70 manat alimentin tutulması qət edilmişdir. Bu günə kimi vaxtı-vaxtında həmin alimenti ödəmişdir. Lakin, Cavabdeh1 yenidən Xətai Rayon Məhkəməsinə müraciət edərək alimentin artırılması iddiasında olmuş, məhkəmə işin hallarını dəqiqləşdirməmiş, bir sıra qanun pozuntusuna yol verərək, əsassız olaraq iddiaçının xeyrinə, onun maddi prossesual hüquqlarını pozaraq, iki dəfə məhkəmə bildirişinin məhkəmə günü ona çatmasını nəzərə almadan, hər ikisində də teleqramlarla müraciət etməsi nəzərə alınmadan və qarşılıqlı İddia ərizəsi ilə müraciət etməsinə baxmayaraq, izahatını dinləmədən qazancının və ya başqa gəlirinin dörddə bir hissəsi məbləğində aliment tutularaq Cavabdeh1 verilməsi barədə 27.10.2020-ci il tarixli 2(011)-5337/2020 saylı yeni qətnamə qəbul etmişdir. Boşandıqdan sonra yenidən ailə qurmuşdur və 14.06.2018-ci il təvəllüdlü Mehdiyev Ramal Nəriman oğlu adlı övladı dünyaya gəlmişdir. Xətai Rayon Məhkəməsinin qətnaməsini əsas tutaraq indiki həyat yoldaşı Cavabdeh2 da məhkəməyə müraciət edərək ondan 14.06.2018-ci il təvəllüdlü Mehdiyev Ramal Nəriman oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulmasını xahiş etmiş və məhkəmə 08.05.2021-cil il tarixli 2(011)- 3968/2021 saylı qətnaməsi ilə iddianı təmin edərək hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulmasını qət etmişdir. Hər iki iddianın təmin olunması maddi prossesual hüquqlarını pozduğu üçün məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, hazırda “Azəriqaz” İstehsalat Birliyi ilə aralarında bağlanmış 22.09.2020-ci il tarixli, 13 saylı əmək müqaviləsinə əsasən Lənkəran Regional Qaz İstismarı İdarəsinə bir il müddətinə işə təyin olunmuşdur. Yeni işi ilə əlaqədar olaraq bütün gün rayonda olmaq məcburiyyətindədir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6171/2021 saylı 24 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, iddia tələbinin təmin edilmədiyindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və məhkəmə qətnamələrinə müvafiq olaraq müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, bərabər payda iki uşağın saxlanması üçün onun aylıq gəlirindən hər bir uşaq üçün 16.5% olmaqla, cəmi aylıq gəlirimin 1/3 hissəsi həcmində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinə uyöun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Məmmədov Yunis Məhəmməd oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirdi ki, cavabdeh ilə hazırda boşanmamışlar, lakin faktiki olaraq ayrı yaşayırlar. Apellyasiya şikayəti üzrə məhkəmə kollegiyasından ədalətli qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6171/2021 saylı 24 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materillarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 27.10.2020-ci il tarixli 2(011)-5337/2020 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı aliment tələbinə dair iddiası təmin edilərək 20.11.2005ci il təvəllüdlü Mehdiyev Elçin Nəriman oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 08.05.2021-cil il tarixli 2(011)-3968/2021 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı aliment tələbinə dair iddiası təmin edilərək 14.06.2018ci il təvəllüdlü Mehdiyev Ramal Nəriman oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İddia ərizəsinə əlavə olunmuş, “Azəriqaz” İstehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış 22.09.2020-ci il tarixli, 13 saylı əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Lənkəran Regional Qaz İstismarı İdarəsinin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin 15-ci dərəcəli rəisi vəzifəsinə işə qəbul edilmişdir. Onun aylıq əmək haqqısı 1612 manat təşkil edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə və 12.11.1989-cu ildə qəbul edilmiş “Uşaq hüquqları haqqında” BMT-nin konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə işin faktiki hallarına və qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən haqlı olaraq hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alimentin azaldılması tələbinə dair” iddiası təmin edilməməlidir. Apellyasiya şikayətinin dəlilərlinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunan dəlillər qanuni və əsaslı məhkəmə qətnaməsin ləğvi üçün əsas ola bilməz. Belə ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 27.10.2020-ci il tarixli 2(011)- 5337/2020 saylı və 08.05.2021-cil il tarixli 2(011)-3968/2021 saylı qətnamələri ilə təyin edilmiş aliment usaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin edir. Ona görə də iddiaçı məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra maddi vəziyyətinin pisləşməsini, ailə və maddi vəziyyətinin bu alimenti ödəməyə imkan vermədiyini təsdiq edən sübutlar təqdim etmədiyindən və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq apellyasiya şikayəti təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayəti yuxarıda qeyd edilənlərə əsasən təmin edilə və şikayətdə göstərilən hallar həmin qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hər ay hər uşaq üçün 170 manat məbləğində müəyyən edilmiş alimentin iki hissəyə bölünməsi ilə bağlı tələb irəli sürmüş və hazırda da tələbi təmin edilmədiyində apellyasiya şikayəti verərək qətnaməni mübahisələndirmişdir. Hazırki halda iddiaçının tələbi 5000 manatdan az (12x170=2040 manat) olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6171/2021 saylı 24 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6171/2021 saylı 24 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar