Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1932/2025 10.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Hərbi Prokurorluğu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı mülki iş (Açar sözlər: «mənəvi zərər») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4567/2024 saylı, 17 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1-1(093)-73/2023 saylı hökmü bkz hazırki iş üzrə iddiaçı X2 da zərər çəkmiş şəxs qismində tanındığı cinayət işi üzrə təqsirləndirilən şəxslər barəsində ittiham hökmw çıxarılmışdır.
2. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 11(103)-16/2024 saylı qərarı bkz apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1-1(093)-73/2023 saylı hökmü dəyişdirilmiş, təqsirləndirilən şəxslərdən X6 CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair müddəalar hökmdən xaric edilmiş, təqsirləndirilən şəxslərə təyin edilmiş cəzalar endirilmiş, hökm qalan hissələrdə dəyişiklik edilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı X1 Nazirliyinə qarşı vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərə görə 500.000 manat məbləğində kompensasiyanın dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiada göstərilib ki, xx xxxxxxx 1987-ci il tarixdə Füzuli rayonunda doğulmuşdur. 2006-2007-ci illərdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi tərəfindən çağırılmaqla müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində gizir hazırlığı kursunu bitirmiş, könüllü bağlaşma əsasında müddətdən artıq həqiqi hərbi xidmətini davam etdirmişdir. 2016-cı ilin aprel döyüşlərində iştirak etmiş, eyni zamanda könüllü olaraq Vətən Müharibəsində iştirak üçün müraciət etmiş, səfərbərliklə döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti 07 may 2017-ci il tarixdə birgə bəyanatla çıxış edərək Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrinə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə zidd olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürmüşlər. Sonradan mətbuatda və sosial şəbəkələrdə çoxsaylı hərbi qulluqçuların və onların ailə üzvlərinin şərti olaraq «Tərtər işi» adlandırılan və yuxarıda qeyd edilən bəyanatda nəzərdə tutulmuş cinayət işlərinin gedişində ağır işgəncələrə, qeyri-insani rəftara, qanunsuz və əsassız dindirmələrə və digər qanunsuz əməllərə məruz qalması ilə bağlı şikayətləri yayılmağa başlamış, müxtəlif hüquq-mühafizə orqanlarına və dövlət qurumlarına ərizələr ünvanlanmış, ictimai etirazlar təşkil olunmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Nazirliyi 18 dekabr 2021-ci il tarixdə birgə məlumatla çıxış etmişlər. Həmin məlumatda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində yol verilmiş qanunazidd əməllərlə bağlı icraat təzələnmişdir. Bununla da şərti olaraq «Tərtər işi» adlandırılan hadisələrin yenidən araşdırılmasına başlanılmışdır. Aparılmış istintaq hərəkətləri nəticəsində çoxsaylı hərbi qulluqçular, həmçinin o, zərərçəkmiş şəxs qismində tanınmış, cinayət işləri baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-73/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə müəyyən edilmişdir ki, X8 xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin birinci müavini-qərargah rəisi vəzifəsində general-mayor rütbəsində işləyərkən hərbi qulluqçu kimi vəzifəli şəxs olaraq yaradılmış mütəşəkkil dəstəyə yuxarı komandanlıq tərəfindən cəlb olunaraq dəstənin üzvləri və qeyriləri ilə mütəşəkkil dəstədə birləşib Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli, 887 saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət» Nizamnaməsinə əsasən öz borcunu dərindən dərk etmək, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmazcasına riayət etmək, Azərbaycan dövlətinin işinə və mənafeyinə uyğun sayıq, namuslu və sədaqətli olmaq və bunun uğrunda mübarizədə öz qüvvələrini əsirgəməmək, öz xidməti vəzifələrini vicdanla yerinə yetirmək, nalayiq hərəkətlər etməmək və yoldaşlarını belə hərəkətlərdən çəkindirmək kimi funksiyaları və digər bu kimi vəzifələri, həmçinin dövlətə xəyanət faktları üzrə ilkin təhqiqat apararaq sərancamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olmaqla Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş, «Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti araşdırmaların və cinayət əlamətləri olan hadisələr üzrə təhqiqatın aparılması Qaydaları»nın, xx.xx.2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hüquqi iş üzrə Təlimat»ın və digər rəhbəredici sənədlərin tələblərinə əsasən, yuxarı komandanlıq tərəfindən ilkin təhqiqat aparmaqla bağlı şifahi şəkildə ona həvalə olunmuş, prosessual şəxs kimi Cinayət-Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli bildikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edərkən heç bir halda onlara qarşı fiziki və psixi zor tətbiq etmək səlahiyyətlərinin olmamasına baxmayaraq, 06 may 2017-ci il tarixdə fiziki və psixi zor tətbiq edilərək işgəncə verilməklə sorğu-sual edilməsi üçün Beyləqan rayonu Daşburun qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin əvvəllər haupvaxta kimi, həmin vaxt isə əşya anbarı kimi istifadə edilən köhnə tikilisinə gətirilmiş N nömrəli hərbi hissənin 1-ci taborun, 3-cü bölüyün 2-ci tağım 3-cü manqanın əsgəri X4 barəsində düşmənlə əməkdaşlıq şübhəsi faktı itə bağlı ilkin təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda X2 əllərini və gözlərini bağlamaqla onda psixoloji qorxu yaratmaqdan ötrü əxlaq və mənəviyyat normalarına zidd formada lüt soyundurub onun düşmənlə əməkdaşlıq etməsinə əsaslı şübhələr olmadığı halda ondan düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri və digər məlumatlar verməsini tələb edərək Müseyib Tanrıverdiyevdən düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqəsinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər edərək vəzifəli şəxs kimi silah tətbiq olunmaqla Müseyib Tanrıverdiyevin hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan təkrarən qulluq səlahiyyətlərini aşmış, həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni onun və yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla onu «düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu» kimi «vətən xaini» adı ilə ləkələməklə ağır nəticələrə səbəb olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-16/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilmiş, hökm digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, ona sonuncu həqiqi hərbi xidmətdə olarkən hərbi qulluqçu və prosessual şəxs kimi Cinayət-Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli bildikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edən vəzifəli şəxslər tərəfindən ona qarşı təqsirli olaraq hüquqazidd hərəkətləri nəticəsində birbaşa zərər vurulmuşdur. O, işgəncələrə, qeyri-insani rəftara məruz qalması nəticəsində mənəvi zərər çəkmiş, özü və ailəsi stress, sarsıntı keçirmişlər. O, ehtiyata buraxılandan sonra yaşadığı kəndin sakinləri, qonşuları onu «Vətən xaini» hesab edərək ona nifrətlə baxmışlar, buna görə evdən çıxa bilməmişdir. Hərbi xidmət zamanı hərbi qulluqçuların gözü qarşısında «Vətən xaini» adlandırılaraq döyüldüyünə görə də onda ciddi və bərpaolunmaz mənəvi sarsıntı yaratmış, iztirablar çəkməsinə səbəb olmuşdur. Onun dövlətə xəyanət adı altında qanunsuz əməllərə məruz qalması təkcə özünə deyil, ailə üzvlərinə də iztirablar yaşatmışdır. Ailəsinin günlərlə ondan xəbəri olmamış, yaşadığı rayonda və kənddə qonşular və qohumlar arasında onunla bağlı söz-söhbətlər yayılmış, bütün bunlar ona və ailə üzvlərinə mənəvi iztirab, qeyri-müəyyənlik, narahatlıq hissləri yaşatmışdır. Odur ki, ona vurulmuş mənəvi zərəri 500.000 manat məbləğində qiymətləndirir və həmin məbləğ ona ödənilməlidir. Ona qarşı qanunazidd hərəkətlərin törədilməsi nəticəsində zərərin vurulması, zərərlə qanunsuz hərəkətlər arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi Bakı Hərbi Məhkəməsinin istinad edilən hökmü ilə təsdiq olunur.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4567/2024 saylı, 17 dekabr 2024cü il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia tələbinin qismən təmin edilərək vurulmuş mənəvi zərərə görə 8.500 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına iddiaçı X3 ödənilməsi; iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, yuxarıda qeyd olunan hökmdə hər bir təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham, o cümlədən, iddiaçıya qarşı törədilmiş cinayət əməli epizodu müfəssəl şəkildə göstərilmişdir. Belə ki, hökmə əsasən müəyyən olunmuşdur ki, zərərçəkmiş şəxs qismində tanınmış X4 17 gün müddətində işgəncəyə, fiziki ağrılara məruz qalmışdır. Məhkəmə hazırki mülki iş üzrə yekun aktın həcminin həddindən artıq çox olmaması məqsədi ilə həmin aktların (birinci və apellyasiya məhkəmələrinin qərarları və s.) bir-bir sadalanmasına zərurət görmür. Məhkəmə, iddiaçının ona qarşı törədilən cinayət əməlləri nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ona vurulmuş mənəvi ziyana görə ədalətli həddə, yəni 8.500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə bütün diqqətəlayiq məqamları, iddiaçının əsassız yerə törətmədiyi əməllərdə təqsirləndirilərək, azadlığının əlindən alındığını, ailəsindən, rahatlığından məhrum olduğunu, 17 gün ərizində işgəncə görərək mənəvi iztirab çəkməsini, eləcə də işgəncəyə məruz qalmış şəxslərin mənəvi ziyan tələbinə dair iddiası üzrə yuxarı instansiya məhkəmələrində formalaşmış mövqeyə müvafiq olaraq iddiaçının işgəncə gördüyü günlərin sayı nəzərə alınmaqla (hər gün 500 manat olmaqla, 17 gün x 500 manat) mənəvi ziyanın həcmini 8.500 manat müəyyən edilməsini ədalətli hesab edir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsi xahiş edilib və şikayət bununla əsaslandırılmışdır ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələ ilə bağlı konkret qanunverciliyə söykənməmişdir. Mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Qanunsuz həyata keçirilmiş təhqiqat, habelə istintaq fəaliyyəti ilə bağlı zərərçəkmiş şəxslərə vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf müvafiq hüquq-mühafizə orqanıdır. Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Qanunla müəyyən edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi hər il üçün Qanunla təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquqmühafizə orqanları və s.) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Hazırda yuxarı instansiya məhkəmələri tərəfindən formalaşdırılmış məhkəmə təcrübəsinə görə, baxılan işlərin hallarına uyğun olaraq təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində 1 ay azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödənilən mənəvi zərərin miqdarı təqribən 1.000 manat, (“Tərtər işləri” üzrə isə bəzi hallarda 1.500 manat) müəyyən edilir. Hazırkı işin hallarına əsasən X4 azadlıqdan məhrum etmə yerlərində cəza çəkməmiş, yalnız 17 gün müddətində təhqiqata cəlb edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən dəymiş zərərin məbləği 17 gün üçün 8.500 manat məbləğində müəyyən edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2018-ci il 10 iyul tarixli “Bogdanov və Vasilevski Rusiyaya qarşı” Qərarında ərizəçinin 472 gün qanunsuz olaraq həbsdə saxlanılması ilə əlaqədar ona dəymiş mənəvi zərərə görə 5.000 avro (1 gün üçün təxminən 10 avro) məbləğində pulun kompensasiya qismində ərizəçiyə ödənilməsi nəzərdə tutulmuşdur. Avropa məhkəməsinin qərarında vurğulanmışdır ki, mənəvi zərərin dəqiq məbləğinin qiymətləndirilməsində yerli səviyyədə verilən pul kompensasiyasının sözügedən ölkənin sosial faktorlarının, habelə ərizəçinin həbsdə saxlanma müddəti kimi işin faktiki elementlərinin nəzərə alınması ilə qiymətləndirilməlidir. Bu baxımından mübahisələndirilən qətnamədə müəyyən edilmiş kompensasiya məbləği şişirdilmiş və absurd olmaqla yanaşı, beynəlxalq məhkəmələrin analoji işlər üzrə qəbul etdiyi qərarlarla ziddiyət təşkil edir. Qeyd olunanları nəzərə alaraq bildirirlər ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş kompensasiya yuxarı instansiya məhkəmələrinin, habelə Avropa məhkəməsinin mövqeyinə əsasən formalaşmış məhkəmə təcrübəsinə uyğun olmamaqla yanaşı, məntiqi baxımdan da əsaslı deyildir. Belə ki, iddiaçı barəsində azadlıqdan məhrum etmə cəzası və ya hər hansı həbs qətimkan tədbiri tətbiq olunmadığı halda onun üçün müəyyən edilən kompensasiya qeyd edilən cinayət-hüquqi xarakterli tədbirlərə məruz qalmış və beləliklə iddiaçıdan daha ağır mənəvi zərər çəkmiş şəxslərin kompensasiyasından daha artıqdır. Burada nəzərə alınmalıdır ki, yuxarıda qeyd olunan hüquq-mühafizə orqanlarının qanunsuz fəaliyyəti nəticəsində azadlıqdan məhrum olunmuş şəxslərə dəymiş zərərlə bağlı kompensasiya məbləğləri zərərçəkmiş şəxslərin məruz qaldığı fiziki və mənəvi məhrumiyyətlər, habelə zərərin xarakteri və ağırlıq dərəcəsi nəzərə alınmaqla müəyyənləşdirilmişdir və hazırda müvafiq iddia tələblərinə dair işlərdə məhkəmələr tərəfindən tətbiq olunmaqdadır. Həmçinin diqqətdən qaçırılmamalıdır ki, həmin məbləğlər müəyyən edilərkən zərərin vurulma müddəti (1 aya görə) nəzərə alınmışdır. Belə olan halda şəxsə daha qısa müddətdə zərər vurulduğu indiki iş üzrə zərərin kompensasiyasının bu baxımdan adekvat olmasına diqqət edilməlidir. Bununla yanaşı, hazırkı qətnamə ilə müəyyənləşdirilmiş kompensasiya məbləği oxşar tipli işlər üzrə artıq kompensasiya ödənilmiş şəxslər tərəfindən yeni iddiaların irəli sürülməsinə, beləliklə dövlət büdcəsi üzərində yeni əsassız öhdəliklərin yaranmasına gətirib çıxaracaqdır. Göstərilən halları və pozuntuları nəzərə alaraq, təmin edilmiş kompensasiya məbləği ilə bağlı etirazlarını bildirir və qeyd olunan əsaslar nəzərə alınmaqla qətnamənin ləğv edilməsini zəruri hesab edirlər.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı X4, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, eləcə də müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin və 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
10. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi:
Maddə 56.0.2 və 56.0.3. Bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.
11. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunu:
Maddə 7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi üçün əsas ola bilməz.
14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
16. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
18. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından iddianı təmin etdiyi hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
19. Əvvəla, iddiaçının Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinə əsasən hazırkı iddia üzrə məhkəməyə müraciət etməkdə subyektiv hüquqları olmuş və Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi isə iddianın sonuncuya qarşı yönəldilməsi kimi qiymətləndirilə bilməz. Çünki qeyd olunan maddədə də vurulmuş zərərin əvəzini Azərbaycan Respublikasının ödəməsi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin tələblərinə görə Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir və bu hallarda onun səlahiyyətlərini hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Lakin iddiaçı ilə qeyd olunan orqanların və onların vəzifəli şəxslərinin arasında hazırkı iddanın irəli sürülməsinə əsas olmuş münasibətlər mülki hüquq münasibətləri olmamış və hazırkı iddiada da mülki hüquq münasibətləri nəticəsində yaranmamışdır. Bu baxımdan həmin orqanlar və onların vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində göstərdikləri fəaliyyətə, hərəkət və hərəkətsizliyə görə cavabdehlik daşıya bilməzlər. Qanunvericilik bu hallara görə mülki hüquqi məsuliyyət daşımalı olan şəxsi, yəni Azərbaycan Respublikasını konkret olaraq nəzərdə tutmuşdur. Buna görə də, Maliyyə Nazirliyi digər dövlət orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərinə görə deyil, bu iddia üzrə Azərbaycan Respublikasını təmsil edən şəxs olaraq cavabdeh kimi qeyd olunmuş və bu da heç bir halda qanunvericiliyin tələblərinə zidd hesab edilə bilməz.
20. Birinci instansiya məhkəməsinin qətnaməsində Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmalarına gətirib çıxaran qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verildiyi göstərilməmişdir. Yuxarıda qeyd olunduğu kimi, məhkəmə iddianı Maliyyə Nazirliyinə münasibətdə deyil, Azərbaycan Respublikasına münasibətdə qismən təmin etmiş, Maliyyə Nazirliyi isə dövləti təmsil etmiş və bu da qanunvericiliyin tələblərinin pozulması demək deyildir. Başqa sözlə Maliyyə Nazirliyi iş üzrə delikt törədən şəxs kimi dəyərləndirilməmişdir. Ona görə də cinayət təqibinə bəraətverici əsaslarla xitam verilmiş şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansısa şəxs tərəfindən ödənilməli olması məsələsini hazırda araşıdırılmasına da ehtiyac yoxdur və Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi heç bir halda köhnə (vaxtı keçmiş) məhkəmə praktikası kimi qiymətləndirilə bilməz.
21. Birinci instansiya məhkəməsi hazırkı işə baxarkən Mülki Məcəllənin 1114.3-cü maddəsinin tələblərini istəsə belə nəzərə ala bilməzdi. Çünki həmin maddədə göstərilən orqanların hansısa vəzifəli şəxsinin vurduğu zərər üzrə təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilməmiş, eləcə də hazırkı iş üzrə Azərbaycan Respublikası hansısa şəxsə reqres qaydada tələb irəli sürməmişdir. Bununla yanaşı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddiaçıya ödənilməsi qət edilən vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən etmək vəzifəsi də yoxdur. Ona görə də, iddiaçıya ödənilən vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə hansısa bir izah verilməsi də mümkünsüzdür. Bu halları isə tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipinin, maddi hüquq normalarının pozulması kimi qəbul etmək olmaz.
22. İddiaçıya hökmlə müəyyən edilən formada işgəncə verilməsi ona mənəvi zərər vurmaya bilməzdi. Çünki təhqiqat orqanının qanunsuz hərəkətləri nəticəsində, yəni işgəncə verilməklə qanunsuz azadlıqdan məhrum edilməsinə görə bu məhrumiyyətlər ən azından ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirmişdir. İddiaçının bununla bağlı məhkəməyə əlavə sübut təqdim etməsinə də ehtiyac olmamışdır. Çünki ən mötəbər sübut ona təqsiri olmadığı halda işgəncə verilməklə qanunsuz azadlıqdan məhrum edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olmasıdır. Ona görə də, mənəvi ziyanla bağlı iddianın qismən təmin edilməsi qətiyyən əsassız və qanunsuz hesab edilə bilməzdi. Əlbəttə ki, mənəvi zərərlə bağlı tələb edilən məbləğdə ağlabatan olmalıdır. Lakin mənəvi zərərin həmin məbləğdə təmin olunması qətiyyən o demək deyil ki, iddiaçıya məhz həmin məbləğ həcmində mənəvi zərər dəymişdir. Belə ki, mənəvi zərərin əvəzi pul formasında ödənilsə də, nəinki təmin edilən məbləğ, heç tələb edilən məbləğ də ola bilər ki, iddiaçıya dəymiş mənəvi sarsıntının fəsadlarını aradan qaldırmasın. Lakin hazırkı iş üzrə dövlətin adından çıxarılan qətnamə ilə iddia qismən təmin olunsa belə iddiaçının hüquqlarının pozulduğu bu qətnamə ilə açıqaşkar təsdiq edilmiş olur.
23. Mənəvi zərər üçün 8500 manat kompensasiya müəyyən edilməsinin formalaşdırılmış məhkəmə təcrübəsinə uyğun olmaması barədə dəlillər də əsassız hesab edilir. Belə ki, iddiaçının azadlıqdan məhrum etmə yerində cəza çəkməməsi, yalnız 17 gün təhqiqata cəlb edilməsi və zərərin məbləğinin 17 gün üçün 8500 manat müəyyən edilməsinin şişirdilmiş və absurd olması və beynəlxalq məhkəmələin analoji işlər üzrə qəbul etdiyi qərarlara zidd olması barədə dəlillər açıq-aşkar əsassız hesab edilir. Çünki iddiaçı sadəcə qətimkan tədbiri yaxud azadlıqdan məhrum etmə cəzasına görə qanunsuz azadlıqdan məhrum edilməmişdir. Onu 17 gün ərzində lüt soyundurub ləyaqətinə toxunmaqla onda psixoloji qorxu yaradaraq aşkarcasına alçaltmaqla “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” qanunsuz azadlıqdan məhrum edilib və uzun müddət bu işgəncələrin və təqiblərin təsiri altında qalmışdır. Burada işgəncənin müddəti kompensasiyanın məbləğinin çox olması baxımından heç bir əhəmiyyət kəsb edə bilməz. Çünki kompensasiyanın məbləği işgəncənin və mənəvi sarsıntı və iztirabların xarakteri nəzərə alınmaqla müəyyən edilmişdir. Ona görə də şikayət xatirinə olsa da bu cür dəlillərdən istifadə edilməsi özü normal hüquqi yanaşma hesab edilmir.
24. "Büdcə sistemi haqqında" Qanunda Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti, xərc maddələrinin isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmaması hazırki iddianın təmin edilən hissəsinin rədd edilməsi üçün əsas ola bilməzdi. Qeyd olunduğu kimi, bu qətnamənin icrası hansısa büdcə təşkilatına deyil, məhz dövlət büdcəsinə həvalə olunmuşdur. Qətnamədə maliyyə mənbəyinin xüsusi olaraq göstərilməməsi onun mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi demək deyildir. Çünki maliyyə mənbəyi elə dövlət büdcəsidir və qətnamənin dövlət büdcəsindəki hansı maliyyə mənbəyi hesabına icra olunacağını dövlət özü müəyyən etməlidir. Çünki hazırki iddia üzrə dövlətin iddiaçı qarşısında zərərvurmadan irəli gələn öhdəliyi yaranmışdır. Ona görə də bu qətnamənin dövlət büdcəsi hesabına icra olunması hansısa büdcə təşkilatının Maliyyə Nazirliyinin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyini yaratmır və buna görə də xəzinədarlığın əsas prinsipləri pozula bilməz. Vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi mübahisə doğurmaması üçün Maliyyə Nazirliyi səlahiyyətləri daxilində bu məsələləri aidiyyəti dövlət orqanları ilə müzakirə edib həll etməlidir.
25. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4567/2024 saylı, 17 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4567/2024 saylı, 17 dekabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.