Məhkəmə qərarları › İş №2(103)-1941/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1941/2024

20.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1941/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X5 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-591/2024 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il təvəllüdlü X2, xx.xx.2022- ci il təvəllüldü X3 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər uşağa görə 235 manat olmaqla ümumilikdə 705 manat sabit pul məbləğində alimentin və xx.xx.2022-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün maddi cəhətdən kömək məqsədi ilə hər uşağa görə 110 manat, ümumilikdə 220 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin mülki iş üzrə Cavabdeh tərəfindən “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(004)- 591/2024 saylı qərardadı ilə Cavabdeh qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mülki iş üzrə xx.xx.2023-cü il tarixdə Cavabdeh iştirakı ilə məhkəmə hazırlıq iclası keçirilmişdir. Həmin iclasda Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək niyyətində olduğunu məhkəməyə bildirməmiş (əgər şifahi formada bildirilsəydi məhkəmə hazırlıq iclasının təxirə salınması məsələsi müzakirə olunardı), hətta mülki işin məhkəmə baxışına verilməsinə etiraz etməmişdir. Bu səbəbdən, xx.xx.2023-cü il tarixdə mülki iş məhkəmə baxışına verilmiş, 2 (iki) gün sonra isə, yəni xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Nəticə etibarilə, qarşılıqlı iddia ərizəsi məhkəmə hazırlıq mərhələsində deyil, məhkəmə baxış mərhələsində təqdim edilmişdir Eyni zamanda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(004)-591/2024 saylı qətnaməsi ilə xx.xx.2020-ci il təvəllüdlü X2, xx.xx.2022-ci il təvəllüldü X3 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay hər birinə münasibətdə 170 (yüz yetmiş) manat olmaqla, ümumilikdə 510 (beş yüz on) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(004)- 591/2024 saylı qərardadından cavabdehin nümayəndəsi-vəkili Vəkil2 tərəfindən şikayət verərək ləğv edilməsi və qarşılıqlı iddia ərizəsinin icraata götürülməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh iddia ərizəsini rəsmi qaydada almamışdır. Onun məhkəmə iclasında iştirak etməsi, qarşılıqlı iddia ərizəsini veribverməməsini bildirməməsi onun qarşılıqlı iddia verə bilməməsinə əsas ola bilməz və bu belə qiymətləndirilə bilməz. İddia ərizəsi cavabdehə rəsmi qaydada təqdim olunmalıdır. Prossesual müddət həmin vaxtdan başlayır. MPM-nin 154.1-ci maddəsində qeyd olunub ki, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Cavabdeh iddia ərizəsini rəsmi qaydada almadığından qanunla müəyyən olunmuş 20 gün müddəti ötürməmişdir. Hesab edir ki, cavabdeh iddia ərizəsini almadığı üçün həİə məhkəmə baxışında belə qarşılıqlı iddia ərizəsini vermək hüququna malikdir və ona görə də qərardad ləğv olunmalı və qarşılıqlı iddia ərizəsi icraata qəbul olunmalıdır. Bundan əlavə işdən görünür ki, məhkəmə xx.xx.2024-cü ildə qarşılıqlı iddia ərizəsini geri qaytarılması barədə qərardad qəbul etməklə yanaşı həmin tarixdə alimentin tutulması ilə bağlı qətnamə də qəbul etmişdir. xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərardaddan Cavabdeh 10 gün müddətində şikayət vermək hüququ var. Belə olan halda hakim məhkəmə iclasını başqa bir vaxta təxirə salmalı idi. Lakin hakim məhkəmə iclasını təxirə salmamış və dərhal qətnamə də qəbul etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-591/2024 saylı, 30 yanvar 2024cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Bu Məcəllənin 156.1-ci maddəsinə əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə qarşılıqlı iddia icraata qəbul edilir. Mülki Prosessual Məcəllənin sadalanan normalarından göründüyü kimi qarşılıqlı iddianın hüquqi təbiəti bu iddiaya ilkin iddianın baxıldığı yerin məhkəməsində və onunla birgə baxılmasını tələb edir. Qarşılıqlı iddia tələblərin məzmununa, mübahisəli hüquq münasibətinin xarakterinə, habelə işdə iştirak edən şəxslərin dairəsinə görə ilkin iddia ilə sıx əlaqədar olduğundan, qanunvericilikdə belə iddiaların ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilməsi müəyyən edilmişdir. Belə ki, qarşılıqlı iddia cavabdehin ilkin iddiasına qarşı tələb və müdafiə vasitəsinin təzahürüdür və hər iki iddia növü arasında bağlılıq və asılılıq mövcud olmaqla, qarşılıqlı tələblərin ödənilməsinə və ya aradan qaldırılmasına yönəlmişdir. İlkin və qarşılıqlı iddiaların birlikdə baxılması tərəflər arasındakı mübahisənin qısa müddətdə həll edilməsini, ziddiyyətli qərarların çıxarılmasının qarşısının alınmasını təmin edir. Bundan başqa, Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə müvafiq olaraq, cavabdeh, ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində qarşılıqlı iddia verməyə haqlıdır. Bu Məcəllənin 155.2-ci maddəsinə əsasən, Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir Hazırki mülki işin materiallarına əsasən müəyyən edilir ki, qarşılıqlı iddia tələbləri məzmununa, mübahisəli hüquq münasibətinin xarakterinə, habelə işdə iştirak edən şəxslərin dairəsinə görə ilkin iddia ilə əlaqəli olsa da, cavabdeh Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə zidd olaraq, ilkin iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddianı bu Məcəllənin 154.1-ci və 155.2-ci maddələrində nəzərdə tutulmuş müddət ərzində verməmişdir. Belə ki, mülki iş üzrə xx.xx.2023-cü il tarixdə Cavabdeh iştirakı ilə məhkəmə hazırlıq iclası keçirilmişdir. Həmin iclasda Cavabdeh mülki işin məhkəmə baxışına verilməsinə etiraz etməmişdir. Göründüyü kimi cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmək imkanına malik olmasına baxmayaraq qanunvericiliklə ona verilən bu hüququndan vaxtında istifadə etməmişdir. Buna baxmayaraq kollegiya birinci instansiya məhkəməsinin Mülki Prosessual Məcəllənin 172.1.1-ci maddəsinə əsasən hazırki (aliment tutulmasına dair) mülki işə 2 aydan gec olmayan müddətdə mahiyyəti üzrə baxıb qətnamə çıxarmalı olduğunu nəzərə alaraq qeyd etməyi zəruri sayır ki, cavabdeh irəli sürdüyü tələblə ümumi qaydada məhkəməyə müraciət etmək hüququna malikdir və bu hüquqdan istifadə etməklə mübahisəli məsələnin həllinə nail ola bilər. Beləliklə yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-591/2024 saylı 17 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar