Məhkəmə qərarları › İş №2(103)-1943/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1943/2020

13.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1943/2020 13.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment tutulması və əlavə xərclərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə nikahından xx.xx.2016-cı il tarixdə Nuray adını verdikləri qızlarının anadan olduğunu, cavabdehin nikahın pozulmasına dair iddia qaldırdığını, boşanmaya razı olmadığından aliment tələbi irəli sürmədiyini, lakin cavabdeh və onun valideynləri onu yaşadığı evdən çıxardıqlarından aliment istəmək məcburiyyətində qaldığını, heç bir yerdə işləmədiyini, uşağa allergik rinit diaqnozu qoyulduğunu, test müayinələri nəticəsində uşağın inkişafında, nitqində geriləmə müəyyən olunduğunu, uşağın müalicəsi ilə bağlı tibbi prosedurun aylıq qiymətinin 200 manat təşkil etdiyini, maddi gəlirləri olmadığından və işləmədiyindən bu ödənişləri ödəyə bilmədiyini, uşağın burun-boğazla bağlı problemi olduğundan qısa zaman ərzində əməliyyat edilməli olduğunu, əməliyyata isə ***-**** manat tələb edildiyini bildirmiş, buna görə də xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat alimentin, müalicəsi ilə bağlı xərclərə görə isə 140 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2016-cı il təvəllüdlü X3yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat alimentin, müalicə xərclərinin ödənilməsi üçün hər ay 50 manatın İddiaçı xeyrinə, dövlət rüsumuna görə 30 manatın dövlət nəfinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun əlavə xərcin tutulması hissəsində ləğv olunmasını xahiş etmiş, şikayətini, məhkəmənin işin hallarına düzgün hüquqi qiymət vermədiyi, maddi qazancının alimentdən əlavə 50 manat da ödəməsinə imkan vermədiyini nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri və vatı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən iddiaçı isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin “xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2016-cı il təvəllüdlü X3 müalicə xərclərinin ödənilməsi üçün Cavabdeh hər ay 50 manat İddiaçı xeyrinə tutulması” hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı ümumiyyətlə mübahisələndirməmiş, cavabdeh isə yalnız qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Qeyd olunan kontekstdə məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarında toplanmış sübutları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il tarixdə Nuray adını verdikləri uşaqları doğulmuş, 2019-cu ilin ortalarından etibarən münasibətləri pozulduğu üçün onlar ayrı-ayrılıqda yaşamağa başlamış, uşaq iddiaçının yanında qalmışdır. Birinci instansiya məhkəməsi uşağın xx.xx.2019-cu il tarixdən loqoped yanında terapiyaya başladığını, ona allergik renit diaqnozu qoyulduğunu və xx.xx.2019-cu il tarixli Lor-Endoskopik müayinənin nəticəsinə görə onda xroniki adenoit müşahidə olunduğunu vurğulamaqla cavabdehdən əlavə xərc qismində 50 manat pul vəsaitinin tutulmalı olduğu qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmə həmin qənaətə gələrkən maddi hüquq normasını düzgün tətbiq etməyərək yanlışlığa yol vermişdir. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı həmin tələbini Ailə Məcəlləsinin 81.1-ci maddəsinə istinad edərək irəli sürmüş, məhkəmə də həmin maddi hüquq normasına əsaslanmaqla bu tələbi qismən əsaslı hesab etmişdir. Ailə Məcəlləsinin 81-ci maddəsinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi, valideynlər əlavə xərclərin ödənilməsinə o halda cəlb edilə bilərlər ki, bu xərclər ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə və digər hallarla əlaqədar olsun. Başqa sözlə, valideynin əlavə xərclərin çəkilməsinə cəlb edilməsi üçün əsas, müstəsna halların – ağır xəstə və şikəst uşaqların, habelə əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların mövcudluğudur. İş materiallarından göründüyü kimi, tərəflərin birgə nikahlarından olan azyaşlı uşaqlarının ağır xəstə, yaxud şikəstliyinə dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Ağır xəstəliyi və ya şikəstliyi olmayan uşağın saxlanılması ilə bağlı əlavə xərclərdə iştiraka valideynlərin cəlb olunması isə onların hüquqi öhdəliyi kimi qanunla nəzərdə tutulmamışdır və valideynlər bu cür iştirakı könüllü icra edə bilərlər. Bu səbəblə məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasındakı mübahisənin həllində Ailə Məcəlləsinin 81-ci maddəsinin müddəaları tətbiq oluna bilməz və birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxaraq həmin tələblə bağlı tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5494/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi “xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2016-cı il təvəllüdlü X3 müalicə xərclərinin ödənilməsi üçün Cavabdeh hər ay 50 manat İddiaçı xeyrinə tutulması” hissəsində ləğv olunsun. İddiaçı iddia tələbi həmin hissədə də təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar