Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1943/2023 28.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 İddiaçı Eduardoviçin, onun nümayəndəsi eyni zamanda vəkili Vəkil1, Cavabdeh nümayəndəsi eyni zamanda vəkili Vəkil2, X1 iştirakları ilə, İddiaçı Eduardoviçin Cavabdeh qarşı “aliment ödəməkdən azad edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, e- 2(004)-5777/2022 nömrəli qətnaməsindən İddiaçı Eduardoviç tərəfindən verilmiş apelyasiya şikayətinə 28 mart 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2468/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında 3 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixli akt qeydi ilə bağlanmış nikah pozulmuş, yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X13 Andreyeviçin, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 analarının yanında qalması, onların yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Eduardoviçdən hər ay hər uşağa görə 1000 manat sabit pul məbləğində aliment tutularaq, Cavabdeh xeyrinə ödənilməsi, alimentin tutulma müddətinin xx.xx.2019-cu il tarixdən hesablanması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 14189/2019 nömrəli qətnaməsi ilə İddiaçı Eduardoviç tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2468/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsinin alimentin tutulma vaxtına dair hissədə dəyişdirilməsi, alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə kassasiya qaydasında dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin olunaraq xx.xx.2009-cu il təvəllüdlü X13 Andreyeviçin atasının yanında saxlanılması qət edilmişdir. Həmin qətnamə apellaysiya qaydasında dəyişdirilmədən saxlanılmışdır. Həmçinin İddiaçı Eduardoviç Cavabdeh qarşı “alimentin azaldılması” və Cavabdeh İddiaçı Eduardoviçə qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiaları məhkəmə qərarlarına əsasən rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı Eduardoviç Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X5 və ya xx.xx.2014-cü il təvəllüdlü X6 saxlanılması üçün aliment ödənilməsindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 2468/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, onunla Cavabdeh arasında 3 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixli akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X13 Andreyeviçin, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014cü il təvəllüdlü X6 analarının yanında qalmaları, ondan uşaqların onların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 1000 manat olmaqla, cəmi 3000 manat sabit pul məbləğində alimentin tutularaq, Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)- 14189/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2468/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi alimentin tutulma vaxtına dair hissədə dəyişdirilmiş, alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmış, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-2535/2020 saylı, xx.xx.2020-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14189/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sadalanan qətnamələrin qəbul edilməsinə baxmayaraq, xx.xx.2009-cu il təvəllüdlü X13 Andreyeviç anası ilə getməkdən imtina etmiş və bu günə qədər atasının yanında qalır və onun bütün ehtiyaclarını artıq 3 ildir ki, yalnız atası qarşılayır. Halbuki, cavabdeh rəsmi olaraq 2 yerdə işləyir və 2000 manatdan artıq əmək haqqı alır. Hətta Yasamal Rayon Məhkəməsinin artıq qanuni qüvvəyə minmiş 2(004)-353/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X13 Andreyeviçin atasının yanında saxlanılması qət edilmişdir. Şərh edilənlərdən də göründüyü kimi, 2 uşağın saxlanması üçün hər uşağa görə 1000 manat, ümumilikdə hər ay 2000 (iki min) manat məbləğində aliment ödəyir. Cavabdeh isə öz oğlunun saxlanılmasında maddi cəhətdən iştirak etmir. Halbuki, buna kifayət qədər maddi imkanı vardır. Məhkəmə tərəfindən nikah pozulan zaman aliment məbləği müəyyən edildikdən sonra, tərəflərin ailə vəziyətində dəyişiklik baş vermiş, xx.xx.2009-cu il təvəllüdlü X2 yanında saxlanmışdır. Hal-hazırda uşağın 13 yaşının olmasını və digər uşaqlara münasibətdə onun saxlanması üçün daha çox vəsait tələb edilməsini nəzərə alaraq, hesab edir ki, digər 2 uşaqdan birinə görə aliment ödənilməsindən azad edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, e-2(004)- 5777/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2468/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş aliment usaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin edir. Həmçinin, İddiaçı Eduardoviç onun alimentin azaldılması barədə xahişini təmin etməyən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4331/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlayan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-998/2022 nömrəli qətnaməsinin qanuni qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixindən sonra maddi vəziyyətinin pisləşməsini, ailə və maddi vəziyyətinin bu alimenti ödəməyə imkan vermədiyini təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməmiş, eyni zamanda, məhkəmə baxışı zamanı məhkəməyə də təqdim edə bilməmişdir. Belə olan halda isə məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassız və qanunsuz olduğundan, həmçinin, yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X6 əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, iddiaçının aliment öhdəliyindən azad edilməsinə dair iddia tələbi rədd edilməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3.1, 18.1, 27.2-ci; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə və xx.xx.1989-cu ildə qəbul edilmiş “Uşaq hüquqları haqqında” BMT-nin konvensiyasının 27-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarına, Ailə Məcəlləsinin 76.2, 78.2-ci və 112.1 maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianın mahiyyətini və iddia tələbinin əsaslarını düzgün anlamamış, iddiaçının belə bir tələb irəli sürməsini onun maddi vəziyyəti ilə əlaqələndirmişdir. Halbuki, iddia ərizəsində 1 uşağın atada, digər iki uşağın anada, yəni cavabdehdə qaldığı, atanın iki uşağa görə 2000 manat aliment ödədiyi ananın isə ümumiyyətlə atada olan uşaqla maraqlanmadığı və onun saxlanılmasında maddi cəhətdən iştirak etmədiyi göstərilmişdir. Şərh edilənlərdən də aydın olduğu kimi hazırki iddia tələblərinin əsasları tam başqadır və iddiaçının maddi vəziyyəti ilə bağlı deyildir. Məhkəmə tərəfindən nikah pozulan zaman aliment məbləği müəyyən edildikdən sonra, tərəflərin ailə vəziyyətində dəyişiklik baş vermiş, 21 iyun 2009cu il təvəllüdlü X13 Andreyeviç iddiaçının yanında saxlanmışdır. Hal-hazırda uşağın 13 yaşının olmasını və digər uşaqlara münasibətdə onun saxlanması üçün daha çox vəsait tələb edilməsini, cavabdehin də oğlunu maddi cəhətdən saxlamaq öhdəliyinin olmasını nəzərə alaraq, hesab edirik ki, iddiaçı digər 2 uşaqdan birinə görə aliment ödənilməsindən azad edilməlidir. Bundan başqa məhkəmə yalnız iddiaçının maddi vəziyyətini araşdırmışdır. Halbuki, iddiaçının maddi vəziyyətinin hazırki iddia ilə hər hansı bir əlaqəsi mövcud deyildir. Cavabdehin iddiaçının yanında qalan oğlunun saxlanılmasında maddi cəhətdən iştirak etməməsini cavabdehin özünün nümayəndə və vəkilinin etiraf etməsinə baxmayaraq, məhkəmə bu hala toxunmamış və araşdırmamışdır. Proses iştirakçılarının izahatı Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Eduardoviç apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, qarşı tərəfin qeyd etdiyi kimi xarici ölkələrdə şirkətləri yoxdur, yeganə iş yeri Bakı şəhərindədir və 2000 manat əmək haqqı alır eləcə də başqa gəlirləri yoxdur. Bundan başqa Böyük Britaniyada il ərzində cəmi 6 dəfə olmuş və orada çalışdığı şirkət hazırda fəaliyyətini dayandırıb. Göründüyü kimi qarşı tərəfin yazdığı məlumatlar absurddur, bu məlumatlarla bağlı da heç bir təsdiqləyici sənəd təqdim edə bilməmişlər. Bununla yanaşı qeyd edilməlidir ki, cavabdeh iki yerdə işləməklə yüksək əmək haqqı alır, lakin onun yanında qalan oğlu ilə maraqlanmır, hər hansı maddi yardım etmir. Hesab edir ki, apellyasiya şikayəti təmin edilməklə qətnamə ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Eduardoviçin nümayəndəsi eyni zamanda vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi eyni zamanda vəkili Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq, izahatında əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən aliment müəyyən edilən zaman iddiaçının əvvəlki məhkəmə çəkişmələrində verdiyi izahatı əsas götürülmüşdür, belə ki, iddiaçı məhkəmə iclasılarında bildirdirirdi ki, yüksək gəliri var, uşaqlara daha yaxşı baxa bilər, uşaqlara ayda 9000 – 10000 manat pul xərcləyir. Həmçinin qeyd etmişdir ki, cavabdeh onun verdiyi imkanları uşaqlara verə bilməz. Bundan başqa iddiaçının alimentin azaldılması tələbi ilə bağlı iddiaları olmuş, lakin iddia tələbləri rədd edilmişdir. Çünki alimentin azaldılmasına heç bir əsas yoxdur. Həmçinin iddiaçı Böyük Britaniya və Rusiya Federasiyasının vətəndaşı olan sahibkardır. Dubay şəhərində neft məhsullarının satışı ilə məşğuldur, bir çox yerlərdə mülkləri də var. Məhkəmə araşdırması zamanı da qeyd edilənlər öz təsdiqini tapmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyası: 17 (İİ). Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34 (İV). Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsi: 55.1 Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşınaçatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1 Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu:
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. Valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya baxışının hədləri
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda qətnamə tam yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, hazırkı apellyasiya baxışında yoxlanılan iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin ödənilməsindən azad edilməsindən ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. İddiaçı qeyd edir ki, xx.xx.2009-cu il təvəllüdlü X2 yanında saxlanmışdır. Hal-hazırda uşağın 13 yaşının olmasını və digər uşaqlara münasibətdə onun saxlanması üçün daha çox vəsait tələb edilməsini nəzərə alaraq, hesab edir ki, digər 2 uşaqdan birinə görə aliment ödənilməsindən azad edilməlidir. Lakin iddiaçı maddi vəziyyətinin pisləşməsini, ailə və maddi vəziyyətinin bu alimenti ödəməyə imkan vermədiyini təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməmiş, eyni zamanda, məhkəmə baxışı zamanı məhkəməyə də təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2009-cu il təvəllüdlü X13 Andreyeviçin iddiaçının yanında saxlanılması onun maddi vəziyyətində dəyişiklik olması anlamına gəlmir, belə ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində sadaladığı hallar onun uşaqlarının artan tələbatının ödənilməməsinə əsas ola bilməz. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də iki qız övladının artan tələbatlarını təmin etməlidir. Belə ki, iddiaçı fəaliyyət qabiliyyətlidir, işləyə bilir və bir ata kimi övladlarının qayğısına qalmaq, onları zəruri vəsaitlə təmin etmək və onların təminatını əvvəlki kimi yüksək saxlamaq və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirmək iddiaçının vəzifəsidir. İddiaçı özünün də məhkəmə kollegiyasının iclasında verdiyi izahatında qeyd etdiyi kimi bütün uşaqlarının tərbiyəsində və onların layiqli həyat sürərək böyümələrində hərtərəfli iştirak etmək, onlara maddi cəhətdən kömək göstərmək onun borcudur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddia tələbi əsassız və qanunsuz olduğundan, həmçinin, yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X6 əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, iddiaçının aliment öhdəliyindən azad edilməsinə dair iddia tələbi rədd edilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla öz təsdiqini tapmamışdır və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı qərar qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorların özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q ət e t d i :
İddiaçı Eduardoviç tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, e-2(004)- 5777/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Xumar Mərdanova Hakimlər imzalar: Elnur Həsənov Sabit Bəhrəmzadə
Əsli ilə düzdür. Hakim: Xumar Mərdanova