Məhkəmə qərarları › İş №2(103)-1947/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1947/2020

11.03.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1947/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Günel Lətif qızı Nəbiyevanın katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8098/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “cehiz və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8098/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 4 ədəd silikon yastıq, 3 ədəd slikon yorğan, taxt çarpayı üçün qalın örtük, 2 ədəd nazik örtük, 6 ədəd yataq dəsti, 1 ədəd çarpayı üçün döşək, gecə lampası, çarpayı üçün nazik örtük, divan örtüyü, 3 ədəd meduza konfet qabı və güldan, 1 ədəd yaşıl güldan, 1 ədəd çəhrayı bogema qab-qacaq dəsti, 1 ədəd yaşıl bogema, 6 ədəd xrustal bakal, 6 ədəd bogema bakal, 2 ədəd iri xrustal meyvə qabı, 2 ədəd konfet qabı, 2 mərtəbəli tort qabı, madonna qab-qacaq dəsti, çay qab-qacaq dəsti, mavi rəngli yemək dəsti, 2 ədəd kiçik qaşıq-çəngəl dəsti, 1 ədəd böyük çamadan çəngəl-qaşıq dəsti, 1 çamadan bıçaq dəsti, 2 ədəd çaydan, 1 ədəd çaydan və çaynik dəsti, 2 ədəd çaynik, 1 ədəd mikser, 1 ədəd elektrikli termos, 1 ədəd tozsoran, 1 ədəd ütü və ütüaltlığı, 2 ədəd divar saatı, 12 ədəd fincan və nəlbəki dəsti, 6 ədəd tort boşqab, qazan dəsti, 6 ədəd tava, kartof-soğan qabı, qonaq və yataq otağı üçün mebel dəsti, qonaq otağı üçün çilçıraq, yataq otağı üçün çilçıraq, yataq örtüyü, 1 ədəd paltaryuyan, 1 ədəd soyuducu, bəzək üçün 3 ədəd iri qab, qədimi madonna qab-qacaq dəsti, qonaq otağı üçün pərdə və korniz, yataq otağı üçün pərdə və korniz, mavi rəngli serviz, qonaq otağı üçün xalça, yataq otağı üçün xalça, yataq otağı üçün 2 ədəd kiçik xalça, əyyarı 750 olan bir ədəd brilliant qaşlı qolbaq, bir ədəd üzük, bir cüt sırğa, bir boyunbağından ibarət qızıl dəstinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin hərtərəfli və obyektiv araşdırılmaqla iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehin yaşadığı evdən çıxdıqdan sonra, nikaha daxil olarkən ona hədiyyə olunan qızıl-zinət əşyalarını götürməsinin öz təsdiqini tapmaması qətnamədə qeyd edilmişdir. Lakin, iddiaçının yaşadığı evdən çıxdıqda qızıl zinət əşyalarını götürməməsinə dair iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə etdi. İddiaçı isə apelyasiya şikayətinə etiraz etdi. Əlavə olaraq bildirdi ki, iddia tələbində qeyd olunan cehiz əşyalarını götürmüşdür. Övladının anadan olması ilə əlaqədar əməliyyat üçün pul vəsaitini əvvəlcədən toplamış, bu məqsədlə qızıl zinət əşyaları satılmamışdır. Odur ki, ümumi dəyəri 3600 manat olan boyunbağı, qolbağı, sırğa və üzükdən ibarət qızıl dəstinin ona verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi “əyarı 750 olan bir ədəd brilliant qaşlı qolbaq, bir ədəd üzük, bir cüt sırğa, bir boyunbağından ibarət qızıl dəstinin verilməsi” hissəsində dəyişdirlməli, ümumi dəyəri 3600 manat olan yuxarıda qeyd olunan qızıl dəstinin özü olmadıqda dəyəri Cavabdeh alınaraq İddiaçı verilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının qızıl zinət əşyalarına aid hissədə yoxlanılması təşkil edir. Belə ki, cavabdeh apelyasiya şikayətində cehiz əşyalarının qaytarılmasına etiraz etmədiyini qeyd etmiş, iddiaçı isə məhkəmə kollegiyasının iclasında artıq iddia ərizəsində tələb etdiyi cehiz əşyalarını götürdüyünü bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya hədiyyə edilmiş qızıl zinət əşyalarının cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Yalnız həmin şərtlərin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. İşin birinci instansiya məhkəməsi tərəfindən araşdırlımış hallarından müəyyən olunur ki, məhkəmə iclasında iddiaçının tərəfindən şahid qismində dindirilmiş iddiaçının bibisi X6 və iddiaçının atası X3, eləcə də cavabdehin anası X4 ifadələrindən müəyyən olunur ki, iddiaçı cavabdeh ilə nikaha daxil olarkən ona, Moskva univermağından ümumi dəyəri 3600 manat olan əyarı 750 olan bir ədəd brilliant qaşlı qolbaq, bir ədəd üzük, bir cüt sırğa, bir boyunbağından ibarət qızıl dəsti alınmış, tərəflər arasında ailə münasibətləri pozulduqdan sonrakı müddətdə iddiaçı həmin qızıl əşyalarını götürməmişdir. Cavabdehin anası oğlu Cavabdeh qeyd olunan qızılları 2000 manata satması və əldə olunan vəsaiti uşağının xəstəxana xərclərinə sərf olunması barədə ona məlumat verdiyini qeyd etmişdir. Bundan əlavə, cavabdehin özü də qeyd olunan qızılları iddiaçının xəbəri olmadan 2017-ci ilin sentyabr ayında 2000 manata satdığını, 1500 manat hissəsini uşağınını doğuşu ilə bağlı xəstəxanaya ödədiyini, qalan 500 manat hissəsini isə xırda xərclərə sərf etdiyini etiraf etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı P.A.Ata-ye-vanın nikaha daxil olarkən ona hədiyyə olunan iddia ərizəsində göstərdiyi əyarı 750 olan brilliant qaşlı qolbaq, üzük, bir cüt sırğa, boyunbağından ibarət qızıl dəstini Cavabdeh yaşadığı mənzildən çıxdıqdan sonra götürməməsi öz təsdiqini tapmışdır. Hazırkı işdə isə bu şərtlərin mövcudluğu təsdiq olunmuş, cavabdeh isə qeyd olunan qızılları məhz nikah dövründə satması və satışdan əldə etdiyi pul vəsaitini ailənin ümumi mənafeyi üçün iddiaçıya əvvəlcədən məlumat verməklə satmasını təsdiq edən mötəbər sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Apelyator şikayətində qeyd etmişdir ki, iddiaçının yaşadığı evdən çıxdıqda qızıl zinət əşyalarının götürməməsinə dair iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin özü birinci məhkəmə instansiyasının məhkəmə baxışı iclasında qeyd olunan qızılları iddiaçının məlumatı olmadan satdığını etiraf etdiyi halda, iddiaçının mənzildən getdiyi vaxt iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının özü ilə aparması inandırıcı deyil və göstərilən hallar dolayısı ilə təsdiq edir ki, həmin qızıl-zinət əşyaları cavabdehin qanunsuz sahibliyindədir. Nəzərə alınmalıdır ki, MPM-in 106.3-cü maddəsinə müvafiq olaraq tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Bu baxımdan baxılan iş üzrə iddiaçı qızıl-zinət əşyalarının cavabdehdə olduğunu sübut etmə yükündən azaddır. Cavabdehin istinad olunan izahatı birinci instansiya məhkəməsinin qətnaməsində də öz əksini tapmış, cavabdeh tərəfindən məhkəmə iclas protokollarına qeydlər verməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi zinət əşyalarının geri qaytarılmasına münasibətdə qanuni və əsaslı qənaətə gəlsə də, həmin əşyaların mövcud olmadığı halda, dəyərini müəyyən etməməkdə düzgün nəticəyə gəlməmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə uyğun olaraq qətnamənin nəticə hissəsində iddiaçıya verilməli olan əmlakların qətnamə icra olunan vaxt mövcud olmadığı halda onların dəyərinin ödənilməsi də göstərilməlidir. Əmlakların dəyəri isə iddia ərizəsinə uyğun müəyyən edilməlidir. Çünki cavabdeh əmlakların dəyərini mübahisələndirməmiş, məhkəmə kollegiyasına bununla bağlı əlavə sübutlar, o cümlədən təkrar qiymətləndirmə barədə vəsatət təqdim etməmişdir. Odur ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi “əyarı 750 olan bir ədəd brilliant qaşlı qolbaq, bir ədəd üzük, bir cüt sırğa, bir boyunbağından ibarət qızıl dəstinin verilməsi” hissəsində dəyişdirilməli, ümumi dəyəri 3600 manat olan yuxarıda qeyd olunan qızıl dəstinin özü olmadıqda dəyəri Cavabdeh alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8098/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi “əyarı 750 olan bir ədəd brilliant qaşlı qolbaq, bir ədəd üzük, bir cüt sırğa, bir boyunbağından ibarət qızıl dəstinin verilməsi” hissəsində dəyişdirilsin. Ümumi 3600 manat dəyərində əyarı 750 olan bir ədəd brilliant qaşlı qolbaq, bir ədəd üzük, bir cüt sırğa, bir boyunbağından ibarət qızıl dəstinin özü olmadıqda dəyəri Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar