Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1948/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair üzrə mülki iş dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(006)-4615/2022 saylı qətnaməsindən İddiaçı və cavabdeh Azərişıq" ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə 01 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC-nin X17 Təchizatı və Satışı İdarəsinin Lənkəran X4 şəhər şəbəkə sahəsində usta vəzifəsində işləyən X2 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına, o cümlədən ağır nəticələrin baş verməsinə - X3 ölümünə səbəb olmuşdur. Lənkəran rayon məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 1(049)- 478/2021 nömrəli hökmünə əsasən təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikasının CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinib ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işinin materialalrına əlavə edilmiş “məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsin 19 iyul 2021-ci il tarixli, 21 nömrəli rəyindən görünür ki, X3 bədəni üzərində (elektrik vurğusu nişanəsindən başqa) sağ dirsək oynağı, sağ əl, sağ kürəküstü, döş qəfəsi nahiyələrində İİ- İİİ dərəcəli elektrik vurmadan yaranmış yanıq yaraları aşkar edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC-dən onun xeyrinə 50.000 (əlli min) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, qeyd olunan xəsarətlər ölümündən əvvəl və ya ölüm anında elektrik vurma nəticəsində yaranmış yüksək hərarətin (alov) təsirindən törənmişlər, aşkar edilmiş xəsarətlər yüksək gərginlikli elektrik cərəyanına toxunmasından dərhal sonra çox qısa müddət ərzində baş vermiş və qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə yüksək gərginli elektrik cərəyanına toxunması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. X3 ölümü zorakıdır, ölüm elektrik vurmadan baş vermişdir, bu fikri meyitin üzərində sağ əlin İİ barmağı nahiyəsində elektrik vurğusu nişanəsinin olması, daxili üzvlərin doluqanlığı, göz qapaqlarının selikli qişalarının və ağciyərlərin visseral plevralarının altına nöqtəvari qansızma, ürək boşluqlarında və iri damarların mənfəzində duru qanınolması ilə təsdiq edilir. X3 ölümü ilkin meyit əlamətlərinə görə meyitin məhkəmə-tibbi müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Cinayət işinin materialalrına əlavə edilmiş əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 17 avqust 2021-ci il tarixli, 10/3760 nömrəli rəyindən görünür ki, Lənkəran şəhəri, K,Kazımov küçəsi, 75/1 və 75/2 nömrəli binaların həyətində yerləşən X17 Təchizatı və Satışı İdarəsinin X5 balansında olan qapalı paylayıcıçeviricinin qapısının qıfılla bağlı vəziyyətdə saxlanılmaması hadisənin baş verməsinin səbəbi olmuşdur. Cinayət işindən görünür ki, hadisə "xxxx" ASC-nin X17 Təchizatı və Satışı İdarəsinin Lənkəran X4 şəhər şəbəkə sahəsində usta işləyən əməkdaşının təqsiri ucbatından baş vermişdir. Məhkumun cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində anasının ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan mənəvi sarsıntılar, streslər, iztirablar, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Anası Lənkəran şəhər Mənzil-təsərrüfat idarəsində sosial işçi kimi süpürgəçi işləmişdir. O bizimlə birgə yaşamaqla həm özünü, həm də ailəni dolandırırdı. Çünki o, həmin vaxtlarda özünə uyğun iş tapa bilmədiyindən işləmirdi. Anası ailənin yeganə qazanc gətirən şəxsi idi. Onlar anasının aldığı əmək haqqı ilə dolanırdılar. Uşaq atadan deyil, Anadan yetim qalır. O, əziz anasını itirmişdir, bu itkinisöz ilə ifadə etmək çətindir, çünki bunlar daha duyğusal hisslərdir. Bu baxımdan mərhum anasının ölümü nəticəsində keçirdiyi stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq ona, dəymiş mənəvi zərər cavabdeh X18 Cəmiyyətindən alınaraq ona ödənilməlidir.
4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 noyabr 2022-ci il tarixli, 2(006)-4615/2022 saylı qətnaməsi ilə (hakim Cəfərov Səməd) iddia qismən təmin edilmiş, vurulmuş mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddi tələbinin tam təmin edilməsini xahiş etmişdir.
6. Həmçinin cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi mənəvi zərər qismində 10.000 manat təmin edərkən sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərər qismində müəyyən edilən 10.000 manat onun anasını itirən zaman onun keçirdiyi sarsıntı və izdirabının dərəcəsinə uyğun olmayaraq, onun pozulan mənəvi tarazlığının bərpa edilməsinə kifayətli deyildir.
8. Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətində qeyd edilmişdir ki, mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və izdirabın müəyyən dərəcədə yumşaldılmasına, bir növ pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmişdir. Lakin qanunvericilikdə mənəvi zərərin qiymət meyarı nəzərdə tutulmadığından məhkəmə mənəvi zərər müəyyən edərkən ilk növbədə hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət, həmçinin zərərvuran şəxsin bilavasitə və ya işçisinin vurduğu zərərə görə məsuliyyət daşıması hallarını nəzərə almalıdır. Qeyd olunanlara əsasən iddiaçıya vurulmuş mənəvi ziyanın dəyərini 10.000 manat məbləğində müəyyən etməklə məhkəmə kompensasiyanın həcmini kifayət qədər əsaslandırmamışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək öz apellyasiya şikayətlərini müdafiə etdi, iddiaçının apellyasiya şikayətini təmin edilməməsini xahiş etdi.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, qarşılıqlı iddia üzrə iddiaçı iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsizərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
15. Maddə 1099. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrasızamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir
16. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən,atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
17. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqazidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
18. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Hazırkı iş üzrə qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, cavabdeh “Azərişıq" ASC-nin apellyasiya şikayəti əsassız sayılaraq təmin edilməməlidir.
27. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli Qərarlarına əsasən mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Vurulmuş mənəvizərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır.
28. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarına əsasən, əmək və ya mülki hüquqi müqavilələr üzrə əmək (xidməti) vəzifələrinin icrası ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Mülki Məcəllənin 1099-cu maddəsinə uyğun olaraq mülki hüquq məsuliyyəti daşıyır. Zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəbli-nəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir. Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır. İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Həmçinin işçi tərəfindən əmək vəzifələrinin iş vaxtından sonra icra edilməsi halında dəymiş zərərə görə də hüquqi (fiziki) şəxs işəgötürən olaraq məsuliyyət daşıyır
30. Göstərilənlərlə yanaşı kollegiya hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.
31. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir».
32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X6rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.
33. Məhkəmə kollegiyası hesab edir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsirlilik dərəcəsi müəyyən edilməlidir.
34. İşin materiallarında olan xx.xx.2021-ci il tarixli, 1(049)-478/2021 saylı hökmün surətindən görünür ki, "xxxx" ASC-nin Cənub RETSİ-nin Lənkəran X4 şəhər şəbəkə sahəsində usta vəzifəsində işləyən X8 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.
35. İşin materiallarında olan xx.xx.2021-ci il tarixli, 1(049)-478/2021 saylı hökmün və ya məhkəmənin digər yekun qərarının icrası barədə göstərişin surətindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(049)-478/2021 nömrəli hökmünün surəti icra edilməsi üçün Lənkəran rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir.
36. İşin materillarında olan Lənkəran rayon Nikah evi tərəfindən xx.xx.1991-ci il tarixdə verilmiş XVİ-ЖГ seriyalı, 373145 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ana qrafasında X12 qeyd edilmişdir.
37. İşin materillarında olan Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 198487 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2021-ci il tarixdə ölmüşdür.
38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində haqlı olaraq iddiaçıya vurulmuş mənəvi zərərə görə pulun ödənilməsi müəyyən edilsə də, ödənilməli olan kompensasiyanın məbləği hissəsi ədalətli deyildir. Bu baxımdan da kollegiya hesab edir ki, İddiaçı sarsıntı və izdirabın müəyyən dərəcədə yumşaldılması, bir növ pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün vurulmuş mənəvi zərərə görə 30.000 (otuz min) manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməlidir.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(006)- 4615/2022 saylı qətnaməsi dəyişdirilsin. Vurulmuş mənəvi zərərə görə 30.000 (otuz min) manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.