Məhkəmə qərarları › İş №2(103)-1956/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1956/2023

06.03.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1956/2023 06.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bank Olmayan Kredit X2 Cəmiyyətinə və üçüncü şəxs Bakı şəhəri 14 saylı Notariat ofisinə qarşı "ipoteka müqaviləsinin ləğv edilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: ipoteka müqaviləsinin ləğvi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdeh2 Bank Olmayan Kredit X2 Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bank Olmayan Kredit X2 Cəmiyyətinə və üçüncü şəxs Bakı şəhəri 14 saylı Notariat ofisinə qarşı "ipoteka müqaviləsinin ləğv edilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 1711/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh2 BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 dekabr 2018-ci il tarixli 2018/00441-01 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə 30000 manat kredit verilmişdir.

2. 04 dekabr 2018-ci il tarixli 2018/00441-01İP saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 dekabr 2018-ci il tarixli 2018/00441-01 nömrəli kredit müqaviləsinin təminatı olaraq İddiaçı məxsus olan Abşeron rayonu Mehdiabad qəsəbəsində olan 0.0286 ha torpaq sahəsini və üzərində yerləşən 193.1 kv.m. ümumi sahəsindən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.

3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-104/2021 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək iddiaçı Cavabdeh2 BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, Cavabdeh1 26929.17 manat əsas borc, 16884.83 manat faiz borcu, 500 manat cərimə, cəmi 44314 (qırx dörd min üç yüz on dörd) manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 15 (on beş) manat məbləğində pul vəsaiti tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsində olan 0.0286 ha torpaq sahəsi və üzərində yerləşən 193.1 kv.m. ümumi sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin evin 115.000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı Cavabdeh2 BOKT Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 44314 (qırx dörd min üç yüz on dörd) manat məbləğində borc və dövlət rüsumuna görə 15 (on beş) manat məbləğində pul vəsaiti ödənilməsi qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6412/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021- ci il tarixli 2(003)-104/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-628/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6412/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı və Cavabdeh1 qarşı pretenziya məktubu ilə müraciət edərək, xx.xx.2018-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinin ləğv edilməsi və ipoteka predmetinin yüklülükdən azad edilməsinə köməklik göstərilməsini xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bank Olmayan Kredit X2 Cəmiyyəti arasında xx.xx.2018-ci il tarixdə bağlanılmış ipoteka müqaviləsinin ləğv edilməsi və ipoteka predmetinin yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 25 aprel 2000-ci ildə nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikah dövründə ailə münasibətləri normal olmuş, son dövrlər cavabdehin maddi vəziyyətində problemlər yaranmış, bununla bağlı müxtəlif şəxslərdən borc götürmüş, habelə Cavabdeh2 BOKT ASC-dən xx.xx.2018-ci il tarixli 2018/00441-01 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə qaytarmaq şərtilə illik 36 faiz dərəcəsi ilə 30.000 manat məbləğində kredit götürmüşdür. Hansı ki, bank sistemində bu faizlə heç bir vaxt kredit verilmir, verilsə belə, bu faizlə hər hansı sahibkarlıq fəaliyyətinin göstərilməsi və ya qazanc əldə edilməsi qeyrimümkündür. Cavabdehlər əlbir olub onu aldadaraq, mülkiyyətində olmaqla, Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən, ümumi dəyəri hazırda 250000 manat olan 0,0286 ha torpaq sahəsi və üzərindəki 193,1 kv.m sahədən ibarət yaşayış evimi 110000 manat qiymətləndirməklə xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü etmişlər. Halbuki, həyat yoldaşı ona cəmi 3000 manat kredit götürmək barədə məlumat vermiş, hətta Bankın əməkdaşları da ona kreditin məbləğinin 3000 manat olmasını demişdilər. İddiaçı hesab edirdi ki, həyat yoldaşı 3000 manatı qısa müddətdə bağlayar, olmasa belə o, evin əmlakını satmaqla həmin borcu bağlayar. Sonradan həyat yoldaşının ona qarşı münasibətinin soyuduğunu müəyyən etdi. Məlum oldu ki, cavabdeh krediti məqsədli şəkildə götürmüşdür və Bankla əlbir olub evini əlindən almaq istəyirlər. Belə ki, təxminən 25 gün əvvəl Cavabdeh1 ondan gizli saxladığı sənədləri gizlətdiyi yerdən təsadüfən tapdı. Kredit müqaviləsi və digər sənədləri görəndə dəhşətə gəldi. Belə ki, Cəmşid Bankdan 3000 manat əvəzində 30000 manat kredit görürüb. Müqavilənin 1.5-ci bəndinə görə kreditdən istifadəyə görə verilmiş məbləğin illik 36 faiz, müqavilə üzrə illik faiz dərəcəsi isə 45,66% təşkil edir. Bu azmış kimi, müqavilənin 1.9-cu bəndinə görə borcalan borcverənə müqavilə məbləğinin 11 faizi həcmində birdəfəlik komissiyon haqq ödəyir. Bu məbləğ isə 3300 manat təşkil edir ki, bank faktiki ərimə 26700 manat kredit verib və ərimlə qabaqcadan əlbir olub 250000 manatlıq evimi 110000 manat qiymət qoymaqla, əlimdən almağı planlaşdırmışlar. Belə ki, süni surətdə borc yaratmaqla əvvəlcə 18, sonra isə 25 faiz olmaqla cəmi 40 faiz aşağı qiymətlə hərracdan bank evini əlindən almalı və onu bayıra atmalı imişlər. Çox təəsüflər olsun ki, o bu fitnə-fəsadı vaxtında bilməmiş və bu qanunsuzluqlardan vaxtında məlumatlı olmamış. Bundan başqa, cavabdehlər onu ipoteka müqaviləsini imzalamaq üçün Bakı şəhəri 14 saylı Notariat kontoruna apararkən, orada onu müqavilə ilə tanış etməmiş və ona ümumiyyətlə hansı sənədi imzalamağımı izah etməmişlər. Cəmi 1 dəqiqə ərzində üçünün də şəklini çəkməklə sənədləri bankın əməkdaşı və həyat yoldaşına vermiş, onu isə maşına əyləşdirmişlər. Bu halı notariat kontorunda quraşdırlmış kamera görüntüləri də təsdiq edər.

8. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1711/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bank Olmayan Kredit X2 Cəmiyyətinə və üçüncü şəxs Bakı şəhəri 14 saylı Notariat ofisinə qarşı "ipoteka müqaviləsinin ləğv edilməsi"nə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı öz sərbəst iradəsini ifadə etməklə ipoteka müqaviləsi bağlayaraq, özünə məxsus Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsində olan 0.0286 ha torpaq sahəsi və üzərində yerləşən 193.1 kv.m. ümumi sahəsindən ibarət fərdi yaşayış evini həyat yoldaşı Cavabdeh1 Cavabdeh2 BOKT Açıq Səhmdar Cəmiyyətinə olan kredit borcunun təminatı kimi ipoteka ilə yüklü etmişdir. İddiaçı kredit borcunun məbləğinə dair yanıldığını bildirsə də, onun bu dəlili ağlabatan olmamaqla yanaşı, öz dəlilini əsaslandıran hər hansı əsaslı və mötəbər sübut təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən də iddia tələbi öz təsdiqini tapmamışdır. Bundan əlavə, qeyd olunan normalardan göründüyü kimi, iddiaçının irəli sürdüyü dəlillər müqavilənin ləğv edilməsi əsası kimi qanunvericilikdə təsbit olunmamışdır. Məhkəmə hesab etmişdir ki, ipoteka müqaviləsinin ləğvi barədə iddia tələbi əsassız olduğundan iddia tələbi təmin edilməməlidir. İddianın ipoteka predmetinin yüklülükdən azad edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia həmin hissədə ipoteka müqaviləsinin ləğvi ilə birbaşa bağlı olduğundan, ipoteka müqaviləsi isə ləğv edilmədiyindən, təmin edilməməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 317.1, 337.1, 338, 339, 739.1, 739.2, 421, 422.1-ci maddəsinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 17, 38, 46-cı bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2., 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1711/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə tamamilə əsassız və qanunsuzdur ona görə ki, cavabdehlər əlbir olub iddiaçını aldadaraq, mülkiyyətində olmaqla, Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən, ümumi dəyəri hazırda 250000 manat olan 0,0286 ha torpaq sahəsi və üzərindəki 193,1 kv.m sahədən ibarət yaşayış evimi 110000 manat qiymətləndirməklə xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü etmişlər. Bundan başqa, cəmi verilən 25-26.000 manat kredit əvəzinə 250000 manatlıq daşınmaz əmlakı ələ keçirmək istəyirlər. Kredit müqaviləsinin 1.5-ci bəndinə görə kreditdən istifadəyə görə verilmiş məbləğin illik 36 faiz, müqavilə üzrə illik faiz dərəcəsi isə 45,66% təşkil edir. Bu azmış kimi, müqavilənin 1.9-cu bəndinə görə borcalan borcverənə müqavilə məbləğinin 11 faizi həcmində birdəfəlik komissiyon haqq ödəyir. Bu məbləğ isə 3300 manat təşkil edir ki, bank faktiki 26700 manat kredit verib və cavabdehlər qabaqcadan əlbir olub 250000 manatlıq evi 110000 manat qiymət qoymaqla, əlindən almağı planlaşdırmışlar. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin maddələrini ardıcıllıqla qətnamədə sadalasa da, iddia tələbi ilə əlaqəsini açıqlamamışdır. Bundan başqa, müqavilə şərtlərinin birtərəfli qaydada bankın xeyrinə tərtib edilməsi, habelə bankın əməkdaşları tərəfindən notariat ofisinə təsdiq edilmək üçün təqdim edilməsi, müqavilənin məzmununun xırda şriftlə çap edilməklə oxunmasının mümkünlüyü, bankın digər cavabdehə verdiyi kreditin qaytarılmasının mümkünsüzlüyü məhkəmə tərəfindən araşdırılmamış, yekunda isə iddiaçının mülkiyyət hüquqlarının əlindən qanunsuz alınmasına yönəlik addımlar atılmışdır. Bu qanunlarda deyilir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymasını tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İddiaçının mülkiyyətində olan fərdi yaşayış evi dəyər-dəyməzinə qiymətləndirilməklə bankın mülkiyyətinə keçirilməsi üçün sənədlər saxtalaşdırılmış, ipoteka müqaviləsinin şərtləri tərəflərə izah edilmədən imzalanmış və notariat ofisi tərəfindən təsdiq edilmiş, kredit təşkilatının mənafeyinə uyğun hərəkətlər edilməklə, mülkiyyətçinin mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda, yalnız cavabdeh Bankın nümayəndəsinin məhkəməyə təqdim etdiyi sübutları nəzərə almaqla kifayətlənib, tərəflərindən istinad edilən hallar araşdırılmayıb. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tələbinin əsaslılığı barədə sübut təqdim etsə də, məhkəmə tərəfindən nəzərə alınmamışdır. Ən əsas sübut isə, kredit müqaviləsi üzrə borcalanın borcverənə müqavilə məbləğinin 11 faizi həcmində birdəfəlik komissiyon haqq ödəməsi, kreditdən istifadəyə görə verilmiş məbləğin illik 36 faiz, müqavilə üzrə illik faiz dərəcəsi isə 45,66% təşkil etməsi, dəyəri azı 250000 manat olan ipoteka predmetinin 110000 manat qiymətləndirilməsi birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Halbuki, bu şərtlər daxilində Azərbaycan Respublikasında kredit verilməsi və həmin kreditin qaytarılmasının mümkünlüyü araşdırılmamışdır. Qətnamə çıxarıldıqda hakim tərəflərin təqdim etdikləri sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə mübahisələndirilən müqaviləni təsdiq edən notariat ofisini cavabdeh və ya üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etməmiş, həmin təşkilatın nümayəndəsini dinləməmiş və notariat ofisindən müvafiq sənədləri tələb etmədən birtərəfli qaydada iddianı rədd etməklə kifayətlənmişdir. Birinci instansiya məhkəməsi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyini və təqdim etdiyi bütün sübutları araşdırmamış, birtərəfli qaydada işə baxaraq qərəzli və ədalətsiz qətnamə qəbul etmişdir. Eləcə də, mübahisənin mahiyyəti üzrə düzgün araşdırılması ilə bağlı mübahisələndirilən müqaviləni təsdiq edən notariat ofisini cavabdeh və ya üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin bankın xeyrinə tərtib edilmiş müqavilə şərtləri daxilində bağlanılmış ipoteka müqaviləsi əsasında qaytarılması mümkün olmayan kredit şərtləri müqabilində ipotekaya qoyulması araşdırılmamış, eləcə də, mübahisələndirilən müqavilənin xırda şriftlərlə çap edilməklə tərəflərin oxumasına şərait yaradılmadan imzalanması araşdırılmamışdır. Birinci instansiya məhkəməsi iddianı rədd etməklə, Mülki Prosessual qanunverciliyin bütün tələblərini pozmuş, gəldiyi nəticə tamamilə əsassız və qanunsuz olmuşdur.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdeh2 Bank Olmayan Kredit X2 Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 tərəfindən məhkəməyə apellyasiya şikayətinə etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, mübahisə olunan ipoteka müqaviləsi 04 dekabr 2018-ci il tarixdə bağlanmışdır. İddiaçı ipoteka müqaviləsi bağlandığı vaxtdan 1 il ərzində onun etibarsızlığını mübahisələndirməmişdir. Göründüyü kimi, iddiaçı mübahisə predmeti olan ipoteka müqaviləsini hüquqlarını bildiyi və bilməli olduğu anda mübahisələndirməli idi. Odur ki, iddiaçı əqdin mübahisələndirilməsi üçün iddia müddətini ötürmüşdür. Göründüyü kimi, iddiaçının “ipoteka müqaviləsinin ləğv edilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsində məqsədi öz hüquqlarını müdafiə etmək deyil, prosessual hüquqlardan istifadə edərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına mane olmaqdır. İddiaçı kreditin məbləğindən məlumatsız olduğunu və cavabdehlərin əlbir olaraq onu aldatdığını iddia edir. Aşağıda qeyd edilənlərə əsasən hesab edilir ki, iddiaçının tələbi əsassızdır: iddiaçının kredit məbləğindən məlumatsız olması mümkünsüz idi. Belə ki, onun imzaladığı xx.xx.2018-ci il tarixli, 2018/00441-OİP saylı ipoteka müqaviləsinin 2.1.1-ci bəndində Cavabdeh1 götürdüyü kredit barədə bütün məlumatlar aydın şəkildə göstərilmişdir. Belə ki, kredit məbləğinin 30 000 (otuz min) manat təşkil etməsi həm rəqəmlə, həm də mötərizə içərisində yazılı şəkildə öz əksini tapıb. İddiaçı isə həmin müqaviləni imzalamışdır və müqavilənin həqiqiliyi notarial qaydada öz əksini tapmışdır. Bu da onu deməyə əsas verir ki, iddiaçı ipoteka müqaviləsinin bütün şərtləri ilə tanış idi. Həmçinin iddiaçı müqavilənin şərtləri ilə tanış olmadığını yalnız ümumi sözlərlə əsaslandırır, bu faktı təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilmir. İddiaçının iddiası müqavilənin etibarsız hesab edilməsi ilə bağlı olduğundan bu tələbə etibarsız əqdlər üzrə müddətləri tənzimləyən Mülki Məcəllənin 354.2-ci maddəsi tətbiq edilməlidir. Həmin maddəyə görə maraqlı şəxs əqdin etibarsız hesab edilməsinə əsas verən halları bildiyi və bilməli olduğu gündən 1 il ərzində əqdi mübahisə edə bilər. İpoteka müqaviləsi bağlanarkən iddiaçı müqaviləni hansı şərtlərlə imzaladığını bilirdi və bunu bilməyə borclu idi. Yəni müqavilənin şərtləri ona müqavilə bağlanan zaman – 04 dekabr 2018-ci il tarixində məlum olmuşdur. İddiaçı müqaviləni 1 il ərzində - 04 dekabr 2019-cu il ilədək mübahisələndirməli olduğu halda bunu etməmiş və nəticədə iddia müddətini ötürmüşdür. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı 2018/00441- 0İP saylı 04 dekabr 2018-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsini tələb etməsinə münasibətdə bildirilir ki, bu tələbi təmin etmək mümkün deyildir. Belə ki, sözügedən ipoteka müqaviləsinin 14.3-cü maddəsinin “d” bəndində qeyd edilmişdir ki, "Bu Müqaviləyə və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada ipoteka ilə yüklü edilmiş əmlak İpoteka saxlayanın mülkiyyətinə keçməklə ipoteka ilə təmin edilmiş öhdəlik və bu öhdəliklə bağlı İpoteka saxlayanın tələbləri tam həcmdə yerinə yetirildikdə Müqaviləyə xitam verilir”. Yuxarıda qeyd edilən maddənin tələblərindən göründüyü kimi, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tutma ipoteka predmetinə yönəldildikdə ipoteka müqaviləsinə xitam verilir. Mülki iş materiallarından da göründüyü kimi, Cavabdeh2 BOKT ASC-nin İddiaçı və Cavabdeh1 qarşı olan "pul tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair” mülki işə 3 məhkəmə instansiyasında baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-628/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə mülki iş başa çalmış, tutma ipoteka predmetinə yönəldilmişdir. Beləliklə, iddia tələbi təmin edilməyəcəyi təqdirdə belə, ipoteka predmetinin Cavabdeh2 BOKT ASC-nin balansına qəbul ediləcəyi vaxtdan etibarən mübahisələndirilən müqavilə ləğv ediləcəkdir. İpoteka predmetinin yüklülükdən azad edilməsi hissəsində isə qeyd edilir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 104/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi tam icra olunmayana qədər əmlak yüklülükdən azad edilə bilməz. Belə ki, qanuni hüquqi qüvvəyə minmiş 3 məhkəmə aktı ilə cəmi 35785.52 manat borcun ödənilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi müəyyən edilmişdir. Hələ ki, məhkəmə aktı icra prosesində olduğundan, tutmanın ipoteka predmetinə yönəldilməsi baş tutmamışdır. Bu səbəbdən də ipoteka predmetinin yüklülükdən azad edilməsi üçün qanuni əsas yoxdur. Hesab edilir ki, iddiaçı ipoteka predmetinin yüklülükdən azad edilməsini tələb etməklə həm də tutmanın ipoteka predmetinə yönəldilməsini mübahisələndirmiş olur. Halbuki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-104/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni hüquqi qüvvəyə mindiyindən preyudisial əhəmiyyət kəsb edir və tutmanın ipoteka predmetinə yönəldilməsi mübahisələndirilə bilməz. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarınin 16.1-ci bəndinə əsasən, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ’’Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qəraına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində milbahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Göründüvü kimi, artıq bir dəfə 04 dekabr 2018-ci il tarixli 2018/00441-0İP saylı ipoteka müqaviləsinə məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir. Bu səbəbdən də ikinci dəfə ipoteka müqaviləsi və onun doğurduğu hüquqi nəticələr mübahisələndirilə bilməz. Etirazda qeyd edilən dəlillərə əsaslanaraq bildirilir ki, müqavilənin ləğv edilməsi üçün heç bir əsas yoxdur.

Proses iştirakçılarının izahatı

14. Cavabdeh2 Bank Olmayan Kredit X2 Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı, cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçı, cavabdeh və üçüncü şəxsin nümayəndəsi üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

16. Mülki Məcəllənin 270.1-ci maddəsində qeyd edilir ki, girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

17. Mülki Məcəllənin 421.1-ci maddəsində qeyd edilir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

18. Həmin Məcəllənin 421.2-ci maddəsində qeyd edilir ki, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

19. Həmin Məcəllənin 422.1-ci maddəsində qeyd edilir ki, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (Maddə 422.2)

20. Mülki Məcəllənin 423.2-ci qeyd edilir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

21. “İpoteka haqqında” Qanunun 1.0.1-ci maddəsində qeyd edilir ki, ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; Qanunun 1.0.7-ci maddəsində qeyd edilir ki, ipoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir.

22. “İpoteka haqqında” Qanunun 4.1-ci maddəsində qeyd edilir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.

23. Qanunun 10.1-ci maddəsində qeyd edilir ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur.

24. Qanunun 10.2-ci maddəsində qeyd edilir ki, ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.

25. Qanunun 48.1-ci maddəsində qeyd edilir ki, ipotekaya aşağıdakı hallarda xitam verilir: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda.

Apellyasiya baxışının hədləri

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

30. Belə ki, hazırkı iddiasında Cavabdeh2 BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 dekabr 2018-ci il tarixli 2018/00441-01 nömrəli kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə Cavabdeh2 BOKT ASC arasında bağlanmış 04 dekabr 2018-ci il tarixli 2018/00441-01İP saylı ipoteka müqaviləsinin ləğv edilməsini və müqaviləyə əsasən ipoteka yüklü edilmiş ona məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsində olan 0.0286 ha torpaq sahəsini və üzərində yerləşən 193.1 kv.m. ümumi sahəsindən ibarət fərdi yaşayış evinin yüklülükdən azad edilməsini xahiş edir.

31. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı kredit borcunun məbləğinə dair yanıldığını bildirsə də, onun bu dəlili ağlabatan olmamaqla yanaşı, öz dəlilini əsaslandıran hər hansı əsaslı və mötəbər sübut təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən də iddia tələbi öz təsdiqini tapmamışdır. Bundan əlavə, qeyd olunan normalardan göründüyü kimi, iddiaçının irəli sürdüyü dəlillər müqavilənin ləğv edilməsi əsası kimi qanunvericilikdə təsbit olunmamışdır.

32. İddiaçının iddia tələbinin və apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, o Cavabdeh2 BOKT ASC ilə Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsi üzrə sonuncuya 3000 manat məbləğində kredit verildiyini hesab edərək ipoteka müqaviləsinə imza atmışdır. Digər tərəfdən kredit müqaviləsi yüksək faizlə verilmiş, həmçinin iddiaçıya məxsus 250000 manatlıq evi 110000 manat qiymətləndirilməklə onun əlindən alınır.

33. Məhkəmə kollegiyası iddiaçının dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından görünür ki, Cavabdeh1 tərəfindən əsas öhdəlik – kredit müqaviləsi icra edilmədiyi üçün Bank tərəfindən məhkəməyə müraciət edilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-104/2021 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək iddiaçı Cavabdeh2 BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, Cavabdeh1 26929.17 manat əsas borc, 16884.83 manat faiz borcu, 500 manat cərimə, cəmi 44314 (qırx dörd min üç yüz on dörd) manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 15 (on beş) manat məbləğində pul vəsaiti tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsində olan 0.0286 ha torpaq sahəsi və üzərində yerləşən 193.1 kv.m. ümumi sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin evin 115.000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı Cavabdeh2 BOKT Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 44314 (qırx dörd min üç yüz on dörd) manat məbləğində borc və dövlət rüsumuna görə 15 (on beş) manat məbləğində pul vəsaiti ödənilməsi qət edilmişdir.

34. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-104/2021 saylı qətnaməsi yalnız Cavabdeh1 tərəfindən mübahisələndirilməsi iş materialları ilə müəyyən edilir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6412/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-104/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-628/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6412/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

35. Göründüyü kimi, İddiaçı ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti ilə razı olmadığını qeyd etsə də, onun sözügedən qətnamədən apellyasiya şikayəti verdiyi iş materialları ilə müəyyən olunmur.

36. İddiaçının hazırkı tələbində yanılma nəticəsində ipoteka müqaviləsinin bağlandığını iddia edərək müqavilənin ləğvini və ona məxsus əmlakın ipoteka yüklülüyündən azad edilməsini xahiş etsə, iddia etdiyi hallarla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

38. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

39. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

40. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

41. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1711/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar