Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1957/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X2 ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-3263/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra, cavabdeh) qarşı «vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, dəymiş mənəvi zərərə görə Cavabdeh ASCdən 2000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus ünvan 1 ünvana (abonent kodu - **********000) su təchizatının verilməsi xx.xx.2019-cu il tarixdə dayandırılmış və bu günə qədər bərpa edilməmişdir. xx.xx.2019-cu il tarixdə özünü Zaur adı ilə təqdim edən Binəqədi rayon sukanal idarəsinin işçisi iddiaçının 84 manat borcu olduğunu və borcun ödənilməyəcəyi təqdirdə su təchizatının dayandırılacağını iddiaçıya bildirmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə Binəqədi rayon su kanal idarəsinə yaxınlaşaraq abonent kartı vərəqəsini götürmüşdür. Vərəqədə iddiaçıya xx.xx.2019-cu il tarixdə əlavə sərfiyyat hesablanmışdır. Lakin bunun səbəbi barədə iddiaçıya hər hansı bir məlumat verilməmişdir. İddiaçının xx.xx.2019-cu il tarixədək hər hansı bir borcu olmamışdır. Lakin göstərilənlərdən fərqli olaraq Yasamal Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qətnamələri vardır. Hazırda xx.xx.2020-ci il tarixdə iddiaçının mənzilinə sayğac quraşdırılmış və suyun verilməsi bərpa edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)- 3263/2020 saylı qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddia təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçıya mənəvi zərər əsasən suyun uzun zaman verilməməsi, məhkəmə qərardadının icra olunmaması ilə bağlı olmuşdur. İcra məmuru Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının icra olunması, yəni suyun verilməsinin bərpa olunması səbəbində icra icraatına xitam versə də, reallıqda suyun verilməsi sonradan bərpa olunmuşdur. O, icra məmurunun qərarından narazı qalsa da, onu mübahisələndirməmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya mənəvi ziyan dəymişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, digər nümayəndələrin birinci instansiya məhkəməsində verdikləri izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına görə - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddiası təmin edilmiş, 84 manat borcun silinməsi qət olunmuş, həmin iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddianın təmini tədbiri kimi İddiaçı məxsus ünvan 2 ünvana suyun verilməsi bərpa edilmişdir. İcra sənədi icra edildiyinə görə icra məmurunun qərarı ilə xx.xx.2019-cu il tarixdə icraata xitam verilmişdir. Cavabdeh ASC-nin əməkdaşları xx.xx.2016-cı il tarixdə smart tipli sayğac quraşdırılması üçün iddiaçının ünvana getmiş, lakin iddiaçı sayğacı quraşdırmağa imkan verməmişdir. İddiaçı suyun kəsildiyini iddia etsə də, hazırkı vaxta kimi, digər xətlərdən gələn sudan sərbəst şəkildə istifadə etmişdir. Məhkəmənin təklifindən sonra xx.xx.2020-ci il tarixdə nəhayət iddiaçının mənzilinə sayğac quraşdırılmış və iddiaçıya təhvil verilmişdir. Bundan sonra iddiaçı işlətdiyi suyun pulunu sayğacın göstəricisinə uyğun olaraq ödəməlidir. Cavabdeh ASC tərəfindən iddiaçıya qarşı hər hansı bir qanunsuz hərəkət edilməmiş və ona mənəvi zərər vurulmamışdır. Məhkəmə kollegiyası iddianın təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarının 2-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların X4”nın müddəaları və X8 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenumun mövqeyinə görə - mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntılara məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmiş və mənəvi ziyan vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, yəni iddiaçı öz sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı istər iddia ərizəsində, istərsə də apellyasiya şikayətində cavabdehin təqsirli hərəkətləri nəticəsində uzun müddət susuz qalmasını göstərsə də, işdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli iddianın təmini tədbiri barədə qərardadı ilə iddiaçıya məxsus ünvana suyun verilməsi bərpa edilmiş, məhkəmə qərardadı qısa müddət ərzində icra olunmuş və icra sənədi icra edildiyinə görə icra məmurunun xx.xx.2019-cu il tarixli qərarı iəl icraata xitam verilmişdir. İddiaçının nümayəndəsi məhkəmə qərardadından sonra uzun müddət ərzində suyun verilməsinin bərpa olunmamasını, bu səbəbdən də iddiaçıya mənəvi ziyan vurulmasını, icra məmurunun icraata xitam verilməsi barədə qərarında göstərilənlərin həqiqətə uyğun olmamasını göstərsə də, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, icra məmurunun qərarını mübahisələndirməmişdir. Göründüyü kimi, iddiaçı cavabdehə qarşı hazırki tələbini əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda iddiaçı tərəfin izahatı da iddianın əsaslı sayılması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-3263/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-3263/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-1957/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1957/2021
23.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver