Məhkəmə qərarları › İş №2(103)-1963/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1963/2021

19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1963/2021 19.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və Babayeva Elnarə Mirzəli qızının Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin həyata keçirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4376/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı1, İddiaçı2 və Babayeva Elnarə Mirzəli qızı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sığorta Şirkəti ASC-dən 52098 manat məbləğində pul vəsaitinin iddiaçılar İddiaçı1, İddiaçı2 və Babayeva Elnarə Mirzəli qızının xeyrinə müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixində Lənkəran rayonu ərizəsində 7 saylı X12 MMC-yə məxsus zavodda mülki-hüquqi müqavilə ilə geodeziya üzrə xətti fəhlə vəzifəsində işləyən X14 istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ölmüşdür, xx.xx.2019-cu il tarixində qeyd olunan bədbəxt hadisə Lənkəran rayon Prokurorluğu tərəfindən araşdırılaraq cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir, AR Əmək Məcəlləsinin 217-ci maddəsinin 3-cü hissəsinə əsasən bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilmiş və onun bir nüsxəsi zərərçəkən işçinin yaxın qohumuna təqdim edilmişdir, 7 saylı X6 Cavabdeh Sığorta Şirkəti ASC arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, QAL-0021807 saylı icbari həyat sığorta müqaviləsinin PR-01 saylı prolanqasiyasına 3 saylı əlavəyə əsasən mülki hüquqi müqavilə əsasında işləyən X8 həyatı 52098 manat məbləğində sığortalanmışdır, lakin baş vermiş hadisə ilə bağlı Cavabdeh Sığorta Şirkəti ASC İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikası Qanunun yalnız 2.0.10-cu maddəsinə istinad edərək əsaslandırılmamış sığorta ödənişinin verilməsindən imtina haqqında bildiriş göndərmişdir, sığorta ödənişin ödənilməsi üçün iki hal nəzərdə tutulmuşdur, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş akt dedikdə İZ aktı başa düşülür, istehsalatda baş verən bədbəxt hadisə nəticəsində tərtib olunmuş İZ aktında hər hansı çatışmazlıq və ya yanlışlığın olduğu halda bu barədə məsuliyyəti yalnız müəssisə daşıyır, hər hansı dövlət nəzarət orqanı daşımır, X14 həmin müəssisədə əmək müqaviləsi ilə deyil, mülki hüquqi müqavilə ilə işləyir, dövri olaraq işə gedir və xidməti funksiyalarını yerinə yetirirdi, X14 barəsində Lənkəran rayon Prokurorluğunun apardığı araşdırmada onun bədbəxt hadisə nəticəsində ölməsi faktı müəyyən olunmuşdur və bu İZ formalı aktın tərtib olunması üçün kifayət edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4376/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən sığorta ödənişi kimi 52098 (əlli iki min doxsan səkkiz) manat 34 (otuz dörd) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğdə pulun tutularaq İddiaçı1, İddiaçı2 və Babayeva Elnarə Mirzəli qızına bərabər şəkildə ödənilməsi qət edilmişdir (sədrlik edən: Şəhriyar Əliyev). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4376/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 7 saylı X10 MMC tərəfindən “Cavabdeh" Sığorta Şirkəti ASC-yə məktubla müraciət edilərək X8 xx.xx.2019 il tarixdə əmək vəzifəsinin icrası zamanı xəsarət alaraq vəfat etdiyi bildirilmişdir. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən sığorta ödənişinin verilməsi (və ya bundan imtina) üçün hadisənin araşdırılması ilə bağlı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinə qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş istehsalatda bədbəxt hadisə barədə Təhqiqat işinin surətinin təqdim olunması üçün müraciət olunmuşdur. Dövlət Əmək Müfəttişliyi Xidməti xx.xx.2019 il tarixli məktub ilə cavab olaraq bildirmişdir ki, Əmək Məcəlləsinin 6-cı maddəsinin “d” bəndinə əsasən podrat, tapşırıq, komisyon, müəllliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslər bu Məcəllə şamil edilmədiyindən baş vermiş hadisə Xidmət tərəfindən tədqiq edilməmişdir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında AR Qanununa əsasən sığorta ödənişinin həyata keçirilməsinin mümkün olmadığı rəsmi qaydada bildirilmişdir. Belə ki, həmin Qanunun 10.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi istehsalatda bədhəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədhəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı əsasında müəyyən olunur. Bundan sonra iddiaçılar İddiaçı1 Oli oğlu, Babayeva Elnarə Mirzəli qızı və İddiaçı2 tərəfindən Xətai Rayon Məhkəməsinə müraciət edilmiş əsaslandırılmamış qeyri-müəyyən məbləğin Şirkətdən tutularaq, iddiaçılara ödənilməsi xahiş edilmişdir. Xətai Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixdə işi yekunlaşdıraraq, “Cavabdeh" Sığorta Şirkəti ASC-nə qarşı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə aşağıdakı prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 150-ci maddəsinə əsasən iddia ərizəsinə əlavə olunan sənədlərdən biri də dövlət rüsumunun ödənilməsi haqqında sənəddir. Həmin Məcəllənin 152.1.5-ci maddəsində isə göstərilir ki, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılmalıdır. Bu səbəbdən də Babayeva Elnarə Mirzəli qızı və İddiaçı2 iddia ərizələrinin məhkəmənin hazırlıq iclasında geri qaytanlmalı olduğu halda, məhkəmə prosessual hüquq pozuntusuna yol verərək iddia ərizələrini geri qaytarmamışdır. 2(011)-4376/2020 saylı mülki iş üzrə isə iddia ərizəsində iddiaçılarıdan birinin adı X3 göstərilsə də təqdim olunmuş xx.xx.2019 il tarixli Arayışda isə Babayeva Elnarə Mirzəli qızı kimi göstərilmişdir. Təqdim edilmiş sənədlə, iddia ərizəsində göstərilmiş şəxsin adı başqa-başqa adlar olmağına baxmayaraq məhkəmə baxışı yekunlaşdıqdan sonra çıxışlar üçün təxirə salınmış xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçıların şəxsiyyətini təsdiq edən sənədlər işə əlavə edilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Zeynallı apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətlərinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya qismən təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli, QAL-0021807 saylı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsindən icbari sığorta müqaviləsindən görünür ki, müqavilənin 1-ci bəndinə əsasən, sığortalının Qanunun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan və bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində onunla bağlanmış əmək müqaviləsi əsasında ixtisaslaşdırılmış tikinti işləri fəaliyyətinə cəlb edilmiş fiziki şəxslərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələri və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı Qanunun 18-ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyini götürmüşdür. Həmin müqavilədən görünür ki, müqavilənin 2-ci bəndinə əsasən, sığortalı bu müqavilənin xeyrinə bağlandığı və müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan cədvəldə sığorta olunanlar qismində göstərilən hüquqi şəxslə qanunvericiliyə uyğun olaraq bağlanılmış əmək müqaviləsi əsasında əmək funksiyasını yerinə yetirən qulluqçular və fəhlələr istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta edilir. Həmin müqavilədən görünür ki, müqavilənin 3.2.3-cü bəndinə əsasən, sığortaolunanın himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və əmək qabiliyyətindən asılı olmayaraq işləməyən valideynlərdən biri, arvadı (əri) və ya digər ailə üzvü sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda faydalanan şəxs kimi tanınır. Həmin Müqavilədən görünür ki, müqavilənin 7-ci bəndinə əsasən, sığortalının sığorta olunanla bağlamış olduğu əmək müqaviləsinə yaxud mülki-hüquqi müqaviləyə xitam verildiyi halda, həmin sığorta olunana münasibətdə müqaviləyə xitam verilir. Həmin Müqavilədən görünür ki, müqavilənin 6.3-cü bəndinə əsasən, müqavilə üzrə verilən təminat həm Azərbaycan Respublikasının ərazisində, həm də ondan kənarda sığorta olunanın əmək müqaviləsi və ya mülki hüquqi müqavilə üzrə işləri, xidmətləri yerinə yetirməsi ilə əlaqədar baş verən bədbəxt hadisə və ya yaranan peşə xəstəlikləri hallarına şamil edilir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, QAL-0021807 saylı icbari həyat sığorta müqaviləsinin PR-01 saylı prolanqasiyasına 3 saylı əlavədən görünür ki, həmin müqaviləyə əlavə sığortaçı və sığortalı tərəfindən müvafiq qaydada imzalanmışdır, sığorta olunanların siyahısına 1 saylı cədvələ əsasən 38 nəfər işə daxil olunur, daxil olunan şəxslər üzrə ödənməli olan ümumi sığorta haqqı 572.21 manat təşkil edir, həmin cədvəlin 19-cu sırasında sığorta olunanların adında X14, onun sığorta oluna kimi vəzifəsi xətti fəhlə, sığorta məbləği 52098,34 manat, sığorta təminatına daxil olma tarixi xx.xx.2019-cu il barədə qeydiyyat aparılmışdır. İş materiallarında olan XM2019/025 saylı, xx.xx.2018-ci il tarixli xidməti müqaviləsindən görünür ki, icraçı X1 7 saylı “X10” MMC-nin sifarişi əsasında xətti fəhlə (geodeziya) xidmətlərini həyata keçirir. İş materiallarında olan İstehsalatda baş vermiş bədbəxt hadisə haqqınd 1 saylı İZ formalı aktdan görünür ki, xx.xx.2019-cu il tarixdə 7 saylı “X10” MMC-yə məxsus zavodda mülki-hüquqi (xidməti) müqavilə üzrə xətti fəhlə (Geodeziya) işləyən xx.xx.1994-cü il təvəllüdlü X2 rayonu, Yuxarı Nüvədi kəndində yol kənarında doğranmış daş materiallarının həcminin hesablanması üzrə əmək funksiyalarını yerinə yetirən zaman, əlindəki ölçü alətinin (jalon) yuxarı hissəsinin elektrik naqillərinə toxunduğu üçün elektrik cərəyanı vurması nəticəsində, yəni istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ölmüşdür. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Vəkil ünvanlanan xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin “d” bəndinə əsasən podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülkihüquq müqavilə üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllə şamil edilmədiyindən V.Ş.Babazadə ilə baş vermiş hadisə Dövlət Əmək Müfəttişliyi Xİdməti tərəfindən tədqiq edilməmişdir. İş materiallarında olan ********* saylı Qərardan görünür ki, X8 elektrik cərəyanı vuraraq ölməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsi ilə başlamış ********* saylı cinayət işinin icraatına cinayət hadisəsi olmadığından xitam verilmişdir. İş materiallarında olan Cavabdeh Sığorta Şirkəti tərəfindən Vəkil ünvanlanan xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, baş vermiş hadisə üzrə Cavabdeh Sığorta Şirkəti ASC-nin öhdəliyi yaranmadığından sığorta ödənişinin verilməsindən imtina edilmişdir. İş materiallarında olan 7 saylı “X10” MMC-yə məxsus zavodda mülki-hüquqi müqavilə ilə geodeziya üzrə xətti fəhlə vəzifəsində işləyən X8 ölməsi ilə nəticələnən bədbəxt hadisənin araşdırma aktından görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Lənkəran rayonu, Yuxarı Nüvədi kənd sakini X14 7 saylı “X10” MMC-yə məxsus zavodda xidməti müqaviləsi əsasında əmək funksiyalarını yerinə yetirməklə geodeziya fəhləsi vəzifəsində işləmiş, xx.xx.2019-cu il tarixdə Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində əmək funksiyalarını yerinə yetirərkən istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ölmüşdür. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 6(049)- 16/2020 saylı Qərarından görünür ki, xx.xx.2019-cu il tarixində Lənkəran rayonu ərazisində X14 istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ölmüş, faktla bağlı Lənkəran rayon prokurorluğunda ibtidai araşdırma aparılmış və xx.xx.2019-cu il tarixində ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir, 7 saylı “X7” MMC-yə məxsus zavodda mülki-hüquqi müqavilə ilə geodeziya üzrə xətti fəhlə vəzifəsində işləyən X14 xx.xx.2019-cu il tarixində Lənkəran rayonu, Yuxarı Nüvədi kənd ərazisində istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ölmüşdür, bununla bağlı Lənkəran rayon prokurorluğu tərəfindən aparılan cinayət təqibinə AR CPM-in 39.1.1-ci maddəsinə əsasən bəraətverici əsaslarla xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibb Ekpertiza və X19-Təcrübi və Tədris Birliyinin 8 nömrəli ekspert rəyinin surətindən görünür ki, mərhum V.İddiaçı1 müayinəsi zamanı daxili orqanların doluqanlığı, baş beyinin ödemi, ağ ciyərdə atelektaz və emfizema ocaqları, miokardda təktək xırda ocaqlı qansızmalar, göz qapaqlarının selikli qişalarının və ağ ciyərlərin visseral plevralar altına nöqtəvari qansızma, ürək boşluqlarında və iri damarların mənfəzində duru qanın olması aşkar edilmiş, bunlar nəzərə alınaraq mərhum V.İddiaçı1 ölümünə səbəb qərarda göstərildiyi kimi elektrik cərəyanının bədənə ümumi təsiri nəticəsində baş verməsi rəyinə gəlinmişdir. İş materiallarında olan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Səpnəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 520 saylı, xx.xx.2020-ci il tarixli Arayışdan görünür ki, İddiaçı1, həyat yoldaşı Babayeva Elnarə Mirzəli qızı, gəlini İddiaçı2 və nəvəsi Babayev Əli Vüsal oğlu ilə birlikdə Yuxarı Nüvədi kəndində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Səpnəkəran kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli, 527 saylı arayışdan görünür ki, İddiaçı1 və Babayeva X9 rayonunun Yuxarı Nüvədi kəndində yaşayır, həmin ünvanda qeydiyyatdadır və heç bir yerdə işləmirlər. İş materiallarında olan 342925 saylı, xx.xx.2019-cu il tarixli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, X21 xx.xx.2019-cu il tarixdə Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində doğulmuşdur, atası X15, anası İddiaçı2dır. İş materiallarında olan 442445 nömrəli, xx.xx.1994-cü il tarixli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, X14 xx.xx.1994-cü il tarixdə Lənkəran şəhərində doğulmuşdur, atası İddiaçı1, anası İddiaçı3dır. Hüquqi dəyərləndirmə: Kollegiya tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, X14 ilə 7 saylı “X10” MMC arasında xx.xx.2018-ci il tarixdə xidməti müqavilə bağlanmışdır, həmin müqavilə əsasında V.Babazadə sifarişçi təşkilatda xətti fəhlə (geodeziya) xidmtələrini həyata keçirmişdir, xx.xx.2017-ci il tarixində sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC və sığortaçı 7 saylı “X10” MMC arasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsindən icbari sığorta müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tartixli sığortaçı ilə sığortalı arasında imzalanmış Sığorta Müqaviləsinə 3 saylı Əlavəyə əsasən X14 xx.xx.2019-cu il tarixdə sığortaolunanların siyahısına əlavə edilmişdir, o, xx.xx.2019-cu il tarixdə Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində müqavilə üzrə xidməti funksiyalarını yerinə yetirərərkən baş vermiş bədbəxt hadisə nəticəsində ölmüşdür, həmin hadisə sifarişçi hüquqi şəxs tərəfindən tərtib edilmiş İZ formasında 1 saylı Akt ilə İstehsalatda baş vermiş bədbəxt hadisə kimi qiymətləndirilmişdir. V.Ş.Babazadənin ölməsi faktına görə başladılmış cinayət işinə cinayət hadisəsi olmadığından xitam verilmiş, iddiaçılar tərəfindən sığorta ödənişinin edilməsi barədə sığortaçıya müraciət edilmişdir. Sığorta ödənişinin verilməsindən sığortaçı tərəfindən imtina olunmuş, imtinanın səbəbi kimi İZ formalı X20 tərəfindən tərtib edilməməsi göstərilmişdir. V.Babazadənin sığorta ilə təmin edilmiş sığorta məbləği 52098,34 manat təşkil edir. İddiaçı1 sığorta olunanın atası, Babayeva Elnarə Mirzəli qızı anası, İddiaçı2 isə ailə üzvü olmaqla sığortaolunanın azyaşlı uşağının anasıdır. Sığortaolunanın övladı X21 istehsalatda baş vermiş bədbəxt hadisədən sonra, yəni xx.xx.2019-cu il tarixdə doğulmuşdur, uşaq hazırda ananın himayəsindədir. Belə olan halda kollegiya iddiaçıların hər birinin faydalanan şəxs kimi subyektiv hüquqa malik olması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Birinci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, iddiaçılar İddiaçı1 və E.Babayeva əmək qabiliyyətindən aslı olmayaraq sığortaolunanın valideynləri, digər İddiaçı2 isə sığortaolunanın ölümündən sonra doğulmuş uşağın qanuni nümayəndəsi və digər ailə üzvü olmaqla, müqavilə şərtlərinə və qanunvericiliyə əsasən sığorta ödənişini almaq hüququna malik olan faydalanan şəxslər kateqoriyasına aiddir və həmin şəxslər hazırkı iddia tələbi üzrə subyektiv hüquqa malikdirlər. Kollegiya birinci instansiya məhkəməsinin bu münasibətinə apellyasiya şikayətinin dəlilləri ilə birgə qiymət verərək hesab edir ki, mərhum X8 atası İddiaçı1 və anası Babayeva Elnarə Mirzəli qızı sığorta ödənişini almaq hüququna malik deyillər. Belə ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 5.1.2-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda aşağıdakı şəxslər faydalanan şəxs sayılırlar: 5.1.2.1. sığorta olunanın himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 5.1.2.2. sığorta olunanın ölümündən sonra doğulmuş uşağı; 5.1.2.3. sığorta olunanın himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və əmək qabiliyyətindən asılı olmayaraq işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü; 5.1.2.4. sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər. 5.2. Bu Qanunun 5.1.2.1-ci və 5.1.2.4-cü maddələrinin məqsədləri üçün əmək qabiliyyəti olmayan və əmək qabiliyyətini itirmiş şəxs dedikdə, aşağıdakılar başa düşülür: 5.2.1. 18 yaşına çatmamış uşaqlar; 5.2.2. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladlar, lakin ən çoxu 23 yaşına çatanadək; 5.2.3. ata, ana, ər, arvad, övlad “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələrinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud əlilliyi olan şəxsdirsə; Qeyd olunan maddənin məzmunundan görünür ki, mərhumun valideynləri pensiya yaşına çatmadığına və əlilliyi olmadığına görə faydalanan şəxslərə aid edilmirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil faydalanan şəxs qismində mərhumun valideynlərinin olmaması ilə razılaşdığını bildirmiş, mərhumun həyat yoldaşı və ölümündən sonra doğulmuş uşağına faydalanan şəxslər kimi sığorta ödənişi edilməsini xahiş etmişdir. Eyni zamanda, həmin maddənin məzmunundan aydın olur ki, sığorta olunanın ölümündən sonra doğulmuş uşağı faydalanan şəxs hesab edildiyindən sığorta ödənişi sığorta olunanın arvadı ilə yanaşı, həm də onun oğlu X16 ödənilməlidir. Lakin, birinci instansiya məhkəməsi mərhumun oğlu X4 ödənişinin ödənilməsini müəyyən etməmiş, həm Qanunun tələbləri, həm də xx.xx.2017-ci il tarixli, QAL-0021807 saylı müqavilənin şərtləri pozulmuşdur. İZ aktının sübut növü kimi qəbul edilməməsi və baş vermiş hadisənin bədbəxt hadisə hesab edilməməsi ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, sığorta hadisəsi istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş aktla müəyyən olunur, hazırkı Akt qanunvericiliklə müəyyən edilmiş formaya uyğundur və onun tərtib edilməsi üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarı tələb olunmur. Tərtib edilmiş İZ aktı hazırkı iddia tələbi üzrə mübahisə obyektini təşkil etmir. Dövlət rüsümunun iddiaçılar tərəfindən birinci instansiya məhkəməsinə ödənilməməsi ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, İddiaçı1 30 AZN məbləğində dövlət rüsumunu xx.xx.2020-ci il tarixində ödəmiş və qəbz (i.v. 24) iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh Sığorta Şirkəti ASC-nin apellyasiya şikayəti təmin edilməli, hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4376/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi sığorta olunanın valideynləri İddiaçı1 və Babayeva Elnarə Mirzəli qızına sığorta ödənişinin ödənilməsi hissəsində ləğv edilərək, sığorta ödənişinin sığorta olunanın ölümündən sonra doğulmuş uşağı X16 11.355.47 manat və həyat yoldaşı İddiaçı2 14.752.59 manat olmaqla, cəmi 26.108.06 manat məbləğində ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh Sığorta Şirkəti ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4376/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. İddia qismən təmin edilsin. Sığorta ödənişi kimi sığorta olunanın oğlu X16 11.355.47 (on bir min üç yüz əlli beş manat, qırx yeddi qəpik) manat və arvadı İddiaçı2 14.752.59 (on dörd min yeddi yüz əlli iki manat, əlli doqquz qəpik) manat olmaqla, cəmi 26.108.06 (iyirmi altı min yüz səkkiz manat altı qəpik) manat məbləğdə pul Cavabdeh Sığorta Şirkəti ASC-dən tutulsun. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4376/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar