Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1964/2022 11.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Nərimanzadə Qətibə Nəriman qızının iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5833/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və X3 qarşı “20 may 2007-ci il tarixli 219 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Sabunşu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4 və X2 müvəqqəti istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ramana-450 evlik qəsəbəsində yerləşən 219 nömrəli 2 otaqlı mənzilə dair xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsinə və cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4 və X2 həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Qaçqınların və X8 izrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 20 may 2007-ci il tarixli 219 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Bakı şəhəri Sabunçu rayonunda məcburi köçkünlər üçün inşa edilmiş Ramana-450 evlik qəsəbədə 219 nömrəli 2 otaqlı mənzili ilə təmin edilmişdir. Məcburi köçkünlər üçün inşa edilmiş Ramana 450 evlik qəsəbəsinin Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 ailə üzvləri ilə birlikdə neçə illərdir ki, həmin mənzildə yaşamadığı və başqa bir dövlətdə yaşadığı müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, qeyd olunmuş ünvan üzrə istehlak olunan kommunal xidmətlərin sayğac göstəricilərinə əsasən (Azərişıq və Azərsu) cavabdeh kommunal xidmətlərdən həmin ünvanda istifadə etməmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9 və X6 onlara verilmiş Bakı şəhəri Sabunçu rayonunda məcburi öçkünlər üçün inşa edilmiş Ramana 450 evlik yaşayış qəsəbəsində yerləşən 219 nömrəli mənzilində yaşamadığı müəyyən edildiyindən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5833/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 dörd nəfər ailə üzvü ilə birlikdə müvəqqəti istifadəsinə verilmiş Sabunçu rayonunda məcburi köçkünlər üçün inşa edilmiş Ramana - 450 evlik qəsəbədə 219 nömrəli 2 otaqlı mənzilə dair xüsusi təyinatlı yaşayış sahəsinin 20 may 2007-ci il tarixli kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4 və X2 həmin mənzildən çıxarılmaları qət edilmişdir (sədrlik edən: Anar Rzayev).
4. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5833/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5833/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə razı deyil. Belə ki, 2018-ci ildə həyat yoldaşı Cavabdeh2 kəskin ürək catışmamazlığı diaqonozu ilə birlikdə oğlunun təkidi ilə ABŞ-a müalicəyə yollanıblar. Orada olarkən onunda halı piləşərək hospitala yerləşdirilmiş, bir neçə dəfə əməliyyat olunmuşdu. Sonrada dünyada baş verən pandemiya üzündən bütün aviareyslər qeyri müəyyən müddətə təxirə salındığı ücün məcburiyyət qarşısında orada qalası olmuşdu. Aviareyslər açılan kimi o, Türkiyə vasitəsilə Azərbaycana gəlmiş, həyat yoldaşı Cavabdeh2 isə yola tab gətirə bilməyəcəyi ücün həkimlər ona uzun yolculuqa çıxmasına mane oldular. Hətta onun və yoldaşının vizasının müddəti keçdiyinə görə AR ABŞ-da olan səfirliyi tərəfindən əlavə viza acılması ücün müraciət edilmişdir. Buna görə onlar bir müddət evdə qala bilməmişlər. Onlar mesxeti türkləridir, hələ 80-ci illərin sonlarında Özbəkistandan qovularaq Azərbaycana gəlmiş, Şuşada yerləşmişlər. Sonra oradan qaçqın düşmuşlər. Kirayə müqaviləsi ləğv edilərsə onsuzda qalacağı yer olmadığı ücün bu yaşlı vaxtlarında çöldə qalası olacaqlar.
6. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5488/2021 saylı, 22.06.2021-ci il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilməyərək, qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən: Qürbət Əsgərov).
7. Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)- 5488/2021 saylı, 22.06.2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(102)- 6120/2021 saylı, 06.12.2021-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5488/2021 saylı, 22.06.2021-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş yenidən apellyasiya baxışına qaytarılmışdır (sədrlik edən: Elşanə Vəliyeva). Tərəflərin izahatları:
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Q.Nərimanzadə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi.
10. Kollegiya iclasının vaxtı və yeri barədə iddiaçıya və digər cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslər kollegiya iclasında iştirak etməmiş və bununla bağlı məhkəməyə məlumat verməmişlər.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
12. Kollegiya işin hallarını apellyasiya şikayətlərinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi:
13. Bеlə ki, iş matеriallarında olan, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə Cavabdeh1 arasında bağlanmış 219 nömrəli, 20 may 2007-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, tərəflər arasında sosial kirayə müqaviləsi bağlanmış və cavabdehə onunla yaşayan 4 nəfər ailə üzvü ilə birlikdə Bakı şəhəri, Sabunşu rayonu, Ramana- 450 evlik yaşayış qəsəbəsi ünvanında yerləşən 219 nömrəli mənzil Cavabdeh1 kirayəyə verilmişdir.
14. İş matеriallarında olan, sərhədkeçmə haqqında məlumat servisindən görünür ki, Cavabdeh1 18.10.2018-ci ildə, X6 22.06.2018-ci il tarixdə, Cavabdeh2 13.06.2017-ci il tarixdə, X9 isə 13.11.2019-cu il tarixdə Azərbaycan Respüblikasını tərk edərək geri qayıtmamışlar.
15. Hüquqi dəyərləndirmə:
16. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
18. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.
19. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, kollegiya həmin göstərişlərlə razılaşaraq, onları nəzərə alır.
20. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri sayır:
21. 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir.
22. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
23. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə qaçqınların və məcburi köçkünlərin müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
24. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3.2-ci hissəsinə əsasən, məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi
25. Qaydasının 3.7-ci maddəsinə əsasən, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir.
26. Birinci instansiya məhkəməsi Cavabdeh1 onunla bağlanmış 219 nömrəli, 20 may 2007-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin şərtlərini pozduğundan, yəni onun və ailə üzvlərinin uzun müddətdir ki, digər yaşayış sahəsinə köçdüklərini nəzərə alıb həmin müqavilənin ləğv edilməsi nəticəsinə gəlmişdir.
27. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və iş materiallarına, yuxarıda sadalanan hüquq normalarının tələblərinə, apellyasiya şikayətinin dəlillərinə və Ali Məhkəmənin göstərişlərinə əsasən qeyd edir ki, mənzilin kirayəçisi Cavabdeh1 qızları D.İdrisova və Ş.İdrisovanın ailə quraraq daimi əsaslarla xarici ölkəyə köçmələri işin mübahisələndirilməyən halı olsa da, kirayəçinin və onun həyat yoldaşının daimi əsaslarla ABŞ-na köçməsi iş üzrə müyyən edilmir.
28. İddiaçı evdə 2020-ci ildə elektrik enerjisi və qazdan istifadə olmamasına dair sənədlər təqdim edərək cavabdehlərin həmin evdə yaşamadıqlarını bildirmişdir. Lakin kollegiya qeyd edir ki, həmin ildə dünyada baş vermiş pandemiya səbəbilə bütün xarici ölkələrə uçuşlara qadağalar tətbiq edilmişdir. Bu isə sübut edilməsi tələb edilməyən hal olduğundan kollegiya bu halın sübut edilməsi üçün hər hansı bir sübut təqdim edilməsinə zərurət görmür. Çünki Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
29. Cavabdeh apellyasiya şikayətində həyət yoldaşı Cavabdeh2 ilə birlikdə ABŞ-da yaşayan oğlunun yanına getdiyini və pandemiya ilə əlaqədar geri qayıda bilmədiklərini göstərmiş, həmçinin qeyd etmişdir ki, arvadı Cavabdeh2 kəskin ürək xəstəliyi ilə əlaqədar 2018-ci ildə birlikdə ABŞ-a müalicəyə getmiş, orada olarkən onun da halı pisləşərək hospitala yerləşdirilmiş, bir neçə dəfə əməliyyat olunmuş, sonradan pandemiya üzündən məcburiyyət qarşısında orada qalmalı olmuşdur.
30. Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, “...iddiaçı yalnız kommunal xidmətlərə görə 2020-ci ildə hər hansı borc yaranmamasına istinad edərək cavabdehlərin mənzildə faktiki yaşamadığı qənaətinə gəlmiş, həmin mənzildə cavabdehlərin əşyalarının olub-olmamasını, kirayəçinin həmin mənzilə ehtiyacının aradan qalxıbqalxmamasını araşdırmamışdır.”.
31. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişlərinə müvafiq araşdırma apararaq qeyd edir ki, cavabdeh izahatında hazırda həmin mənzildə yaşadığını, daha əvvəl ABŞ-a arvadının müalicəsi məqsədilə getdiyini, daha sonra özünün də səhhətində yaranmış problemlər səbəbindən orada əməliyyat olunmasını və pandemiya səbəbindən vaxtında Azərbaycana qayıda bilməməsini bildirdi.
32. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərə məcburi köçkün kimi mənzillə təmin edilməsi onların hərəkət azadlığının məhdudlaşdırılmasına gətirib çıxarmır. Həmin şəxslər istənilən səbəbdən xarici ölkəyə səfər edə bilərlər.
33. Kollegiya həmçinin iş materiallarında olan qəbzlərə əsasən qeyd edir ki, ********* saylı qəbzə əsasən, 03.08.2021-ci il tarixində suyun istehlak haqqı üçün 5 manat, ********* saylı qəbzə əsasən, 06.01.2021-ci il tarixində elektrik enerjisinin istehlak haqqı üçün 58.76 manat, ********* saylı qəbzə əsasən, 15.03.2021-ci il tarixində elektrik enerjisinin istehlak haqqı üçün 10.01 manat, ********* saylı qəbzə əsasən, 23.02.2021-ci il tarixində elektrik enerjisinin istehlak haqqı üçün 45.75 manat, ********* saylı qəbzə əsasən, 23.02.2021-ci il tarixində suyun istehlak haqqı üçün 17.35 manat, 15.03.2021-ci il tarixli qəbzə əsasən 11.70 manat, 16.01.2021-ci il tarixli qəbzə əsasən 2.60 manat, 03.08.2021-ci il tarixli qəbzə əsasən 2.85 manat, ********* saylı qəbzə əsasən, 07.03.2022-ci il tarixində elektrik enerjisinin istehlak haqqı üçün 15 manat, ********* saylı qəbzə əsasən, 14.03.2022-ci il tarixində telefon üçün abunə haqqı 2.85 manat ödəniş etmişdir.
34. Qeyd edilən kommunal ödənişlərə görə olan qəbzlərə əsasən kollegiya vurğulayır ki, 2021-2022-ci illər ərzində cavabdeh mübahisəli ünvanda yaşamış və kommunal xidmətlərə görə haqq ödəmişdir.
35. Bundan başqa, iddiaçı tərəfindən cavabdehlərin həqiqətən də mənzildə yaşamamasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmiş və iş materiallarında aşkar edilməmişdir.
36. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).
39. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən cavabdehlərin həqiqətən də onlara kirayə müqaviləsi əsasında verilmiş mənzildə yaşamaması iş materialları ilə öz təsdiqini tapmadığından və həmin halı sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddia tələbi rədd edilməlidir. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
41. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
42. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
43. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
44. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə:
45. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5833/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev