Məhkəmə qərarları › İş №2(103)-197/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-197/2023

13.06.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-197/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əmək haqqı tələbinə ilə bağlı mülki iş üzrə (açar sözlər: əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmək haqqı tələbinə ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, e-2(005)-3772/2021 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq İşin halları

1. ******* nömrəli əmək kitabçasından, KTT00793 nömrəli əmək müqaviləsindən, 25 may 2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında bildirişdən müəyyən olunur ki, İddiaçı 29 noyabr 2019-cu il tarixli, 803 nömrəli əmr əsasında Cavabdeh MMCyə direktor müavini (maliyyə məsələləri üzrə) vəzifəsinə işə qəbul edilmiş, əmək nüqaviləsinə 31 may 2021-ci il tarixli, 71 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən 31 may 2021-ci il tarixdə xitam verilmişdir.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsi tərəfindən 12 iyul 2021-ci il tarixdə verilmiş müraciətə cavab məktubundan müəyyən edilir ki, 29 noyabr 2019-cu il tarixli müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən 31 may 2021ci il tarixdə xitam verildiyi, son haqq-hesabın isə ödənilmədiyi müəyyən edilmiş, bu səbəbdən Cavabdeh MMC-nin direktoru A.Məmmədov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 12 iyul 2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 9891 manat ödənilməmiş əmək haqqı borcunun alınıb iddiaçıya ödənilməsi, əmək müqaviləsinə xitam verilən günə qədər istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın cavabdehdən alınıb iddiaçıya ödənilməsi, əmək haqqını ödəmədiyi üçün hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödəniş gününə qədər hesablanmaqla cavabdehdən alınıb iddiaçıya ödənilməsi, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat haqqın cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli əmək müqviləsinə əsasən, iddiaçı MMC-yə direktor müavini (maliyyə məsələləri üzrə) vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinə əsasən iddiaçının əmək haqqının aylıq vergilər və digər ödənişlər də daxil 2810 manat müəyyən edilmişdir. 2020-ci ilin dekabr ayının sonuna kimi iddiaçının maaş kartına 2500 manat əmək haqqı köçürülürmüşdür. İcbari tibbi sığorta haqqı ödənişinin tətbiqi ilə əlaqədar 2021-ci il yanvar ayından etibarən maaş kartına köçürülən əmək haqqı 2472,75 təşkil etmişdir. Cavabdehin ümimi şöbəsinin baş mütəxəssisi iddiaçıya 25 may 2021-ci il tarixli, əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş təqdim edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli əmək müqaviləsinin müddətinin 29 may 2021-ci il tarixdə bitdiyini, müqavilənin müddətinin uzadılmasının nəzərdə tutulmadığını, buna görə də iddiaçının son iş gününün 31 may 2021-ci il tarixi hesab ediləcəyini bildirmişdir. Beləliklə MMC-nin direktorunun 31 may 2021-ci il tarixli, 71 nömrəli əmri ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən 31 may 2021-ci il tarixdən xitam verilməsi, iddiaçıya 29 noyabr 2019-cu il tarixdən 31 may 2021-ci il tarixədək olan iş dövrü üçün istifadə etmədiyi əsas əmək məzuniyyətlərinə görə pul əvəzinin ödənilməsi qərara alınmışdır. Lakin cavabdeh nə son haqq hesab, məzuniyyət pullarını, nə də 4 aylıq (fevral-may 2021-ci il üçün) 2472,75x4ay=9891 manat əmək haqqını iddiaçıya ödəməmişdir. Dəfələrlə cavabdehə müraciət etsə də, hər gün iddiaçıya əmək haqqını ödəməyi vəd versələr də ödəməkdən yayınmışlar. Bununla bağlı iddiaçı əmək müfəttişliyinə də şikayət etmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda cavabdeh MMC-nin iddiaçıya 9891 manat ödənilməmiş əmək haqqı borcu, 3639,43 manat ödənilməmiş məzuniyyət haqqı borcu və 07 iyul 2021 -ci il tarixədək əmək haqqını və məzuniyyət haqqını ödəmədiyi üçün hər gecikdirilmiş gün üçün əmək haqqının və məzuniyyət haqqının bir faizi məbləğində 9319,32 manat ödənc borcu vardır.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, e- 2(005)-3772/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2021-ci ilin fevral-may ayları üçün ödənilməmiş əmək haqqı, əmək müqaviləsinə xitam verilən günə qədər istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya və əmək müqaviləsinə xitam verilən günə qədər istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya, əmək haqqını ödəmədiyi üçün hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc ödəniş gününə gədər hesablanıb Cavabdeh MMC-dən alınıb İddiaçı ödənilməsi, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat haqqın Cavabdeh MMC-dən alınıb İddiaçı ödənilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının cavabdeh hüquqi şəxsdə işləməsi və vəzifədən azad olunarkən ona əmək haqqının və son haqq hesabın ödənilməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddia qismən təmin edilməlidir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-2, 7, 83.2, 172.1, 172.4, 172.5, maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, ləğv olunaraq iddianın rədd edilməsini xahiş etmişdir.

9. Şikayətin dəlillərinə görə, iddiaçı MMC-nin maliyyə məsələləri üzrə direktor vəzifəsində çalışdığı üçün əmək haqqının və məzuniyyətlərin vaxtında verilməsinə görə məsul şəxsdir. Ona görə ona əmək haqqının gecikdirilməsinə görə faiz və istifadə etmədiyi məzuniyyətlərə görə kompensasiya ödənilməməlidir. Cavabdehlərin nümayəndəsi birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclaslarından xəbərsiz olmuş, məhkəmə işə onların iştirakı olmadan baxmışdır. Bununla da qanunvericiliyin tələbi olan ədalət mühakiməsinin çəkişmə prinsipi pozulmuşdur. Məhkəmə onların izahatlarını qətnamədə qeyd etməyib, əmək haqqının gecikdirilməsində iddiaçının birbaşa roluna hüquqi qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığın bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 68.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması; Maddə 83.

1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir;

2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; Maddə 140.

1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir;

4. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir;

5. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir; Maddə 175. 1.Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir;

6. İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Qeyd: Bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir; Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayətləri ilə qətnamənin ləğv edilərək iddianın rədd edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

17. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı 29 noyabr 2019-cu il tarixli əmək müqaviləsi ilə cavabdeh MMC-də maliyyə məsələləri üzrə direktor müavini vəzifəsinə işə qəbul olunmuş, əmək müqaviləsinə 31 may 2021-ci il tarixdə xitam verilmişdir.

18. İddiaçı hazırda işlədiyi müddətdə ödənilməmiş əmək haqqı borcunu, əmək müqaviləsinə xitam verilən günə qədər istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanı, əmək haqqını ödəmədiyi üçün hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənci tələb edir.

19. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq, qeyd etmişdir ki, iddiaçı MMC-nin maliyyə məsələləri üzrə direktor vəzifəsində çalışdığı üçün əmək haqqının və məzuniyyətlərin vaxtında verilməsinə görə məsul şəxsdir. Ona görə ona əmək haqqının gecikdirilməsinə görə faiz və istifadə etmədiyi məzuniyyətlərə görə kompensasiya ödənilməməlidir.

20. Qeyd olunan xüsusatların araşdırılması məqsədi ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 may 2022-ci il tarixli, 2(103)-3520/2022 nömrəli qərardadı ilə, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2023-cü il tarixli, 9/195 nömrəli ekspertizanın aparılmasından imtina haqqında məlumatı ilə ekspertizanın aparılmasından imtina edilmiş, səbəb olaraq İddiaçı Cavabdeh MMC-də tələb olunan dövrlərdə hesablanmalı olan və faktiki halda hesablanıb ödənilmiş əmək haqqı barədə məlumat (tam açıqlanması ilə), şəxsi uçot vərəqəsi, hesablanmış və ödənilmiş son haqq hesab barədə məlumat (tam açıqlanması ilə), hesablanmış əlavə əmək haqqı barədə əmrdən çıxarış, şəxsi uçot vərəqəsi, məzuniyyətin hesablanması barədə məlumat və bu haqda əmrin təqdim edilməməsi göstərilmişdir.

21. Yəni, iş üzrə ekspertiza təyin edilsə də cavabdeh ekspertizanın aparılması üçün zəruri olan sənədləri təqdim etməmişdir. MPM-in 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

22. Göründüyü kimi, cavabdeh öz dəlillərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

23. Bundan əlavə, cavabdeh özü şikayətində əmək haqqının və məzuniyyətlərin vaxtında verilməsinə məsuliyyətin birbaşa iddiaçının özündə olduğunu qeyd etmiş və iddia tələbində göstərilən faktların mövcudluğunu inkar etməmişdir.

24. Bundan başqa, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən 29 noyabr 2019-cu il tarixli müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən 31 may 2021ci il tarixdə xitam verildiyi, son haqq-hesabın isə ödənilmədiyi müəyyən edildiyinə görə Cavabdeh MMC-nin direktoru A.Məmmədov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 12 iyul 2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib olunması da onu təsdiq edir ki, iddiaçıya son haqqhesabın isə ödənilməmişdir.

25. Cavabdeh şikayətində həmçinin, məhkəmə iclaslarından xəbərsiz olmaları və işə onların iştirakı olmadan baxılması barədə dəlil irəli sürsə də işdən görünür ki, cavabdeh məhkəmə iclasları barədə məlumatlandırılmış, nümayəndəsi X5 oğlu iş üzrə sonuncu məhkəmə iclasında iştirak etmiş, qətnamə onun iştirakı ilə elan edilmişdir.

26. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

27. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, e-2(005)- 3772/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, e-2(005)- 3772/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar