Məhkəmə qərarları › İş №2(103)-1972/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1972/2024

27.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1972/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 yanvar 2024-cü il tarixli qərardaddan cavabdehin nümayəndə (vəkil) vasitəsilə verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin cavabdehə qarşı irəli sürdüyü iddiaya dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehdən 23.466 manat məbləğində pul vəsaitinin və 119 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı MMC-yə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə qətnamədən apellyasiya şikayəti və eyni zamanda “qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmişdir. “Qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla ərizənin təmin edilməməsini qərara almışdır. Cavabdeh həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 135.6-cı maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Cavabdeh bildirir ki, o, qeydiyyatda olduğu ünvanda deyil, başqa ünvanda yaşayır. O, qətnamə barədə icra mərhələsində məlumat almışdır. Daha əvvəl mübahisə polis tərəfindən araşdırılmış və cavabdeh iddiaçıya 16.000 manat borcunun olduğunu təsdiq etmişdir, ona görə də qətnamə üzrə borcunun da 16.000 manat olduğunu güman edərək icra məmurunun tələbi ilə borcundan 1.500 manat pulu qarşı tərəfə ödəmişdir. Həmin ödənişin icra qeydi əsasında olduğunu güman etmiş və icra sənədinin həmin qətnamə olduğunu bilməmişdir. Daha sonra Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə barəsində inzibati tənbeh tədbiri görüldükdən sonra qətnamə üzrə borcunun 23.000 manat olduğunu bilmiş və sözügedən qətnamənin əldə olunması ilə bağlı aidiyyəti üzrə müraciət etmiş, qətnaməni rəsmi qaydada əldə etdikdən sonra mülki prosessual qanunvericilikdə müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermişdir. Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən cavabdehin qətnamədən vermiş olduğu apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardadda apellyasiya şikayətinin geri qaytarılması üçün əsaslar arasında prosessual müddətin ötürülməsi və buraxılmış müddətin bərpası ilə bağlı vəsatətin verilməməsi, habelə zəruri dövlət rüsumunun ödənilməməsi göstərilmişdir. Məhkəmə qərardadında qeyd olunan dövlət rüsumunun ödənilməsi ilə bağlı çatışmazlıq aradan qaldırılmışdır. Həmçinin yuxarıda qeyd olunan səbəblərdən prosessual müddətin buraxılmasının üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. İş materiallarından görünür ki, Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin surəti xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə cavabdehin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana göndərilmişdir. Həmçinin bütün məhkəmə iclasları barədə cavabdehə sms-bildirişlər göndərilmiş, onun faktiki yaşayış yeri barədə məhkəməyə məlumat vermək üçün kifayət qədər imkanı olmuşdur. İş materiallarına, habelə müddətin bərpası barədə ərizəyə isə cavabdehin başqa ünvanda yaşamasını təsdiq edən hər hansı sənəd əlavə edilməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə, yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. MPM-in 146-cı maddəsinə görə, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Bundan əlavə, qətnamə üzrə verilmiş icra vərəqəsi ilə bağlı icra işinin materiallarından görünür ki, cavabdeh həmin qətnamə barədə məlumatlı olmuş, hətta həmin qətnamə üzrə ödəniş etmiş və qətnaməni icra etmədiyinə görə inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. 15369 nömrəli, xx.xx.2023-cü il tarixli “Ödəniş qəbzindən” görünür ki, Cavabdeh tərəfindən həmin tarixdə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə 1.500 manat ödəniş həyata keçirilmişdir. Cavabdehin həmin ödənişi həyata keçirərkən məhz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasını həyata keçirməsindən məlumatsız olması barədə dəlili əsaslı hesab edilə bilməz. Çünki borclu kimi onun icra işinin materialları ilə tanış olmaq hüququ vardır. Ödənişi hansı icra sənədi əsasında həyata keçirməsi barədə cavabdeh bilməli idi. Bundan başqa, cavabdeh 1.500 manatı həmin qətnamə üzrə deyil, başqa icra sənədi üzrə etdiyini qeyd etsə də, qəbzdə ödənişin təyinatı kimi məhz həmin qətnamənin məlumatları qeyd olunmuşdur. Bundan əlavə, borclunun məhkəmə qərarları əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi, onun qətnamənin icrasından yayındığını təsdiq edir. Qaradağ Rayon Məhkəməsinin 3(002)-2385/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, bir neçə icra sənədini, o cümlədən Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə verilmiş icra sənədini icra etmədiyinə görə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun 500 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2521/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Qaradağ Rayon Məhkəməsinin 3(002)-2385/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə, Məhkəmə tərəfindən müəyyən edilir ki, qətnamənin surətinin rəsmi qaydada xx.xx.2023-cü il tarixdə göndərilməsinə, cavabdehin sözügedən qətnamə üzrə verilmiş icra vərəqəsindən xəbərdar olmasına, hətta həmin qətnamə üzrə ödəniş etməsinə və qətnaməni icra etmədiyinə görə inzibati qaydada məsuliyyətə cəlb edilməsinə baxmayaraq, onun apellyasiya şikayəti 7 aydan çox müddət keçdikdən sonra 2024-cü ilin yanvar ayında Rayon Məhkəməsinə daxil olmuşdur. Cavabdeh müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Həmçinin cavabdehin üzrlü səbəblər barədə dəlilləri də əsaslı deyildir və iş materialları ilə təkzib olunur. Məhkəmə qeyd edir ki, prosessual hüquqlardan sui-istifadə yolverilməz olduğundan, cavabdehin qətnamənin surətini təkrarən əldə etməsi apellyasiya şikayəti vermə müddətinin yenidən hesablanmasına əsas ola bilməz. Beləliklə, prosessual müddətin ötürülməsinin məhz üzürlü səbəbdən baş verməsi apellyasiya icraatı zamanı müəyyən edilmədi. MPM-in 47.1-ci maddəsinə gğrə, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. MPM-in 133.1-ci maddəsinin tələbinə görə isə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab etdiyi halda buraxılmış müddəti bərpa edir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni qüvvəyə minməsindən uzun müddət keçdikdən sonra onun yenidən mübahisələndirilməsinə şərait yaradılması hüquqi müəyyənlik prinsipinə də ziddir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı, tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2003-cü il tarixli qərarında isə qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.N.İsmayılzadənin şikayəti üzrə” qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında da vurğulanır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyriməhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq, onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Qeyd olunanlara əsasən müddətin bərpasına dair ərizəni əsassız hesab edərək təmin etməməklə Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə də, göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardad qanuni və əsaslıdır. Həmin qərardaddan cavabdehin verdiyi şikayət əsassızdır – formal mülahizə xarakteri daşıyır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 397, 398, 402-ci maddələrinin tələblərindən çıxış edən Məhkəmə QƏRARA ALDİ: Cavabdeh nümayəndə (vəkil) vasitəsi ilə verdiyi şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 yanvar 2024-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar