Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1977/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Fuad Fikrət oğlu Babayevdan ibarət tərkibdə, Məmmədova Nərmin Nəzər qızının katibliyi, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə, Üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh ‘’AAS-ATE’’ X3 Məsuliyyətli Cəmiyyətinə qarşı “əmək haqqının və ödənişin gecikdirilməsinə görə kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(006)-4586/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «əmək haqqının və ödənişin gecikdirilməsinə görə kompensasiyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehin ödəmədiyi əmək haqqı ödənişləri üzrə ümumilikdə 12000 manat məbləğində olan borcun Cavabdeh BM MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi, Cavabdeh BM MMC tərəfindən ödənişin gecikdirilməsinə görə ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla əmək müqaviləsində nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün kompensasiya miqdarında vəsait cavabdehdən alınaraq iddiaçının xeyrinə pul kompensasiyasının ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci ilin noyabr ayından AWS şirkətində sürücü işləmiş, işə qəbul olunduğu gündən növbəli iş qrafikində çalışmışdır. İşlədiyi ərazi Səngəçal Terminalı olmuş, 2016-cı ildə isə şirkətin adı dəyişib Cavabdeh olmuşdur. 2016-cı ilə qədər maaş artaraq 1150 manat olmuş, lakin 2016-cı ildə Cavabdehyə keçdikdən sonra maaşı heç bir səbəb göstərmədən 1050 manat olmuşdur. Yəni, həmin qrafikdə işləmişdir, amma maaş 1050 manat olmuşdur. 2020-ci ilin mart ayının 26-sı pandemiya ilə əlaqədar onlara evə gəlmədən 28 gün 12 saatdan işləmək və iş ərazisində kampda qalacaqları bildirilmiş, artıq işlədiyi saatları və kampda qaldıqları üçün əlavə pul alacaqları bildirilmişdir. Aprelin 23-ü işdən çıxmış, may ayının 14-ü yenidən otelə gedəcəkləri bildirilmişdir (7 gün otel, 21 iş günü). İyunun 12-si iş ərazisindən çıxmış, iyunun 25-i yenidən otel 7 gün, 21 iş günü Səngəçal terminalında işləmişlər. İyulun 22-si terminaldan çıxmışlar. Hər dəfə narahat olmamaqları, artıq işlədiyi günlərin ödəniləcəyi deyilirdi. Yuxarıda göstərilən aylarda 1045 manat maaş almışdır. Axırıncı ayda etiraz etdikdən sonra 440 manat əlavə pul ödəmişlər və iddiaçıya bildirmişlər ki, Şirkətin baş direktoru onların əlavə iş saatlarına uyğun hesablanmış pulu ödəyə bilməyəcək. İyun ayının 31-i axşam saat 22.00-da kardlar şöbə müdiri Orxan Əmrahov oktyabrın 1-i iddiaçının işdən azad olunacağı bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4586/2021 saylı 18 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia təmin olunmamışdır. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi üçüncü şəxs qismində icraata cəlb olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini - iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddianın təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçının işlədiyi müddət ərzində almalı olduğu bütün ödənişlər həyata keçirilmiş, hər hansı borc qalmamışdır. Eyni zamanda iddiaçının şikayəti əsasında Əmək Müfəttişli araşdırma aparmış, iddiaçının iddia etdiyi istiqamətdə pozuntu müəyyən olunmamış, yalnız 135 manat mobil danışıq məbləğinin iddiaçıya geri ödənilməsinə dair məktub göndərilmiş, həmin məbləğdə iddiaçıya ödənilmişdir. Məhz bununla bağlı Əmək Müfəttişli tərəfindən tərəfindən cərimə olunmuşlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, izahatında göstərmişdir ki, iddiaçının müraciəti əsasında cavabdeh təşkilatda müvafiq araşdırma aparılmış, iddiaçının iddia etdiyi pozuntular aşkar olunmamış, əksinə iddiaçının əmək haqqı və digər ödənişlərinin düzgün həyata keçirilməsi müəyyən olunmuşdur. Yalnız, 135 manat mobil danışıq məbləğinin iddiaçıya geri ödənilməsinə dair məktub göndərilmiş, həmin məbləğ də cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Cavabdeh təşkilatın cərimə olunması da məhz 135 manatla bağlı olmuşdur. Hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi hallar həqiqətə uyğun deyildir, araşdırma zamanı tərəflərindən aşkar olunmamışdır. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan sübutlardan (əmək kitabçasının surəti, əmrlər və s) görünür ki, iddiaçı 16 noyabr 2011-ci il tarixdə «X4» şirkətinə sürücü vəzifəsinə işə qəbul edilmiş, 01 fevral 2016-cı il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «a» bəndinə əsasən öz xahişi ilə işdən azad edilmiş, 01 fevral 2016-cı il tarixli Cavabdeh BM MMC-yə sürücü vəzifəsində işə qəbul edilmiş, 13 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə (ştatların ixtisarı) əsasən işdən azad edilmişdir. İşdə olan hesablanmış və ödənilmiş əmək haqqı cədvəllərindən görünür ki,cavabdeh tərəfindən iddiaçıya 2017-2018-ci illərdə cəmi 30981,28 manat, 2019-2020-ci ilin sentyabr ayına kimi cəmi 23807,46 manat məbləğində pul vəsaiti ödənilmişdir. İşdə olan Cavabdeh BM MMC-nin 30 mart 2020-ci il tarixli, 001-20 saylı əmrin surətindən görünür ki, inzibati heyətin 31 mart 2020-ci il tarixdən etibarən distant (evdən) işləməsinin təmin edilməsi və bunun üçün müvafiq şəraitin yaradılması, Səngəçal Terminalı ərazisində işləyən işçi heyəti, əməliyyat şirkəti (BP Azərbaycan) tərəfindən tətbiq edilən qaydalara əsasən iş fəaliyyətinin davam etdirməsi, izolyasiya tədbirlərinə uyğun olaraq işçilər növbə müddəti ərzində Səngəçal Terminalı ərazisində yerləşən yaşayış massivində yerləşdirilməsi, əməliyyat şirkəti (BP Azərbaycan) tərəfindən tələb olunan bütün şəxsi və sosial izolyasiya qaydalarına əməl edilməsi, yaranmış fövqəladə hal ilə işçilərlə bağlanmış əmək müqavilələrinə uyğun olaraq orta aylıq iş qrafikinin və müvafiq olaraq əmək haqqlarının saxlanılması və nəzarət edilməsi məqsədilə verilmiş dövr üçün cəmlənmiş uçotun tətbiq edilməsi əmr edilmişdir. İşdə olan Cavabdeh BM MMC-nin 01.06.2020-ci il tarixli, 003-20 saylı əmrin surətindən görünür ki, Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Səngəçal Terminalı ərazisində BP Şirkət tərəfindən tətbiq edilən izolyasiya qaydalarına əsasən Cavabdeh BM MMC işçilərinin iş qrafikinə 27 mart 2020-ci il tarixdən etibarən bəzi dəyişikliklər edilməsinə ehtiyac yaranmışdır. İşçilər növbəyə başlanmazdan əvvəl şəxsi izolyasiya dövründə otel karantin şəraitində 3-7 gün qalmalı olduğunu nəzərə alaraq 27 mart 2020-ci il tarixdən etibarən işçilərin növbədən əvvəl olduqları otel karantini günləri üçün gündəlik norma əmək haqqının 50%-i həcmində əlavə ödənişin həyata keçirilməsi, karantin periodunda Səngəçal Terminalında işləyən həyət üzvlərindən, briqadirlərə 100 manat, sürücülərə 200 manat birdəfəlik ödənişlərin verilməsi əmr edilmişdir. İşdə olan Cavabdeh BM MMC tərəfindən iddiaçıya ünvanlanmış 30 iyul 2020-ci il tarixli məktubdan surətindən görünür ki, Cavabdeh BM MMC-nin fəaliyyəti ilə bağlı layihələrin icrası dayandırılmaq üzrədir. Bu səbəbdən Cəmiyyətdə işçilərin sayının və ya ştatlarının ixtisar ediləcəyi zəruriyyəti yaranmışdır. Qeyd edilən səbəbdən əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti ilə əlaqədar olaraq İddiaçı tutduğu sürücü vəzifəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada ixtisar edilməsi nəzərdə tutulur. "xxxx" BM MMC-nin işəgötürənin ilə bağlanmış əmək müqaviləsinə uyğun olaraq Cəmiyyətlə münasibətdə 10 ildən çox əmək stajına malik olduğu üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən bu xəbərdarlıq məktubunu aldığı (tanış olduğu) vaxtdan etibarən 9 təqvim həftəsi qabaqcadan çalışdığı Sürücü vakansiyasının ixtisar ediləcəyi barədə rəsmi xəbərdar edilir. 9 təqvim həftəsi xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla hər iş həftəsində 1 iş gün iş axtarmağa İddiaçı imkan yaradılır. Həmin məktubdan həmçinin görünür ki, İddiaçı məktubun əslini 12.08.2020-ci il tarixdə almışdır. İşdə olan Cavabdeh BM MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinə ünvanlanmış 10 sentyabr 2020-ci il tarixli arayışına əsasən İddiaçı avqust 2019-avqust 2020 dövr üzrə xalis əmək haqqı cəmi 15481 manat təşkil etmişdir. İşdə olan Cavabdeh BM MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinə ünvanlanmış 10 sentyabr 2020-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı hazırda 01 fevral 2016-cı il tarixli 003/16 nömrəli əmək müqaviləsi əsasında Cavabdeh Birgə Müəssisəsində sürücü peşəsində çalışır və onun əmək müqaviləsi «Əmək müqaviləsi bildirişi» altsisteminə daxil edilmişdir. Əmək müqaviləsi xalis əmək haqqı (vergi və sosial tutulmalar çıxılmaqla) üzərindən bağlanmışdır. İddiaçı əmək haqqı vəzifə maaşından, gecə saatlarına görə əmək haqqına əlavədən, mükafatlardan, son dövrlərdə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar mehmanxanada tibbi müayinə üçün yerləşdirilməklə bağlı əlavə ödənişdən ibarətdir ki, aylıq iş saatlarından (gecə və gündüz növbəsi) asılı olaraq onun xalis əmək haqqı dəyişə bilir. Təqdim edilən son 12 ayın əmək haqqı arayışından görünür ki, İddiaçı son dövrdə əmək haqqından gəlir vergisi və məcburi dövlət sosial sığorta haqları çıxıldıqdan sonra əmək haqqı 2019-cu ilin noyabr, sentyabr ayında və 2020-ci ilin aprel-iyul aylarında 1051 manat təşkil etmişdir. Digər aylardakı nisbətən 10-20 manat fərqlilik iş saatlarının az və çox olması ilə bağlı olmuşdur. İddiaçı 2017-2018-ci illərdə xalis əmək haqqının təhlili göstərmişdir ki, həmin illərdə əlavə gecə iş saatlarının çox olması, bayramlarla əlaqədar birdəfəlik mükafatların və ilin yekunlarına görə 13-cü əmək haqqı (bonus) hesablanması səbəblərindən orta aylıq əmək haqqının məbləği 1290,89 manat təşkil etmişdir. Həmçinin şikayət olunan dövr üçün faktiki işlənmiş iş saatlarına uyğun olaraq orta aylıq olmasına baxmayaraq müəssisə tərəfindən onun vəzifə tarif saaşını tam alması üçün əmək haqqına əlavələr edilmiş və o vəzifə tarif maaşını almışdır. Cavabdeh BM-də nəzərdə tutulan ştatların ixtisarı ilə əlaqədar İddiaçı bütün işçilərə olduğu kimi rəsmi xəbərdarlıq verilmişdir ki, onun müraciətində yalnız şifahi olaraq xəbərdarlıq alması əsassızdır. İddiaçı əmək müqaviləsinə ştatların ixtisarı ilə əlaqədar xitam veriləcəyi təqdirdə ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulan təminatlar son haqq-hesabında ödəniləcəkdir. Baxmayaraq ki, İddiaçı Cavabdeh BM-də 1 ildən 5 ilə qədər əmək stajına malikdir, müəssisə ona Əmək Məcəlləsində nəzərdə tutulmuş ən yüksək yəni 9 həftə müddətdə xəbərdarlıq etmiş və ən yüksək əmsalda yəni 2 mislində birdəfəlik müavinət verilməsini nəzərdə tutmuş və bu da öz növbəsində sözügedən xəbərdarlıq məktubunda elan olunmuşdur. İşdə olan 20 noyabr 2020-ci il tarixli, 89813020 (JV 01237) saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh BM MMC tərəfindən İddiaçı 135 manat mobil danışıq məbləği ödənilmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı, surəti X2 Xidmətinə ünvanlanmış 26 noyabr 2020-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh BM MMC-nin rəhbəri tərəfindən təqdim olunmuş sənədlərdən İddiaçı tutduğu sürücü vakansiyasının ixtisar ediləcəyi ilə bağlı 30 iyul 2020-ci il tarixli xəbərdarlıqla 12 avqust 2020-ci il tarixdə tanış olduğu və onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən 30 oktyabr 2020-ci il tarixdə xitam verildiyi məlum olmuşdur. Eyni zamanda təqdim olunmuş sənədlərdən əmək haqqının hesablanıb ödənilməsində qanunveriliciyin tələblərinin pozulması aşkar edilmişdir. Bu səbəbdən Cavabdeh BM MMC-nin direktoru V.E.Osmanov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə müvafiq olaraq, 06 noyabr 2020-ci il tarixli MN ******* nömrəli İnzibati Xətai haqqında Protokol tərtib edilmişdir. İddiaçı yaranmışd əmək haqqı borcunun ödənilməsi ilə bağlı Cavabdeh BM MMC-yə məktub göndərilmişdir. Razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququ vardır İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən, iddiaçı 16 noyabr 2011-ci il tarixdən «X5» Şirkətinin Azərbaycan filialında işləmiş, 01 fevral 2016-cı il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. 01 fevral 2016-cı il tarixdə iddiaçı Cavabdeh BM MMC-yə sürücü vəzifəsinə qəbul olunmuş, 13 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ştat ixtisarı ilə bağlı işdən azad olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 26 noyabr 2020-ci il tarixli məktubundan da göründüyü kimi, əmək haqqının ödənilməsində qanunverciliyin tələbləri pozulmuş və daha sonradan isə cavabdeh tərəfindən həmin pozuntu ilə bağlımüəyyən edilmiş 135 manat məbləğində pul iddiaçıya ödənilmişdir. İddiaçı əmək haqqının və ödənişin gecikdirilməsi ilə bağlı ərizəsində istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. ƏM-nin 154-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. ƏM-nin 99.1-cu maddəsinə əsasən iş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. ƏM-nin 165.1-cı maddəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: - əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; - əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. ƏM-nin 165.1-ci maddəsinə əsasən gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. Qeyd edilməlidir ki, işdə olan sübutlarla iddiaçının iddia ərizəsində göstərdiyi halların, yəni cavabdeh tərəfindən ona müvafiq pul vəsaitinin ödənilməli olması müəyyən edilmir. Eyni zamanda, işdən görünür ki, iddiaçının müraciəti əsasında ilkin olaraq Əmək Müfəttişliyi tərəfindən cavabdeh təşkilatda müəyyən araşdırma aparılmış, nəticədə Cavabdeh BM MMC-nin direktoru V.E.Osmanov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə müvafiq olaraq, 06 noyabr 2020-ci il tarixli MN ******* nömrəli İnzibati Xətai haqqında Protokol tərtib edilmişdir. Cavabdeh təşkilat birinci instansiya məhkəməsinə iddia ərizəsinə etiraz və ona əlavə olunmuş sənədləri göndərməklə, qeyd etmişdir ki, Əmək Müfəttişliyinin müvafiq protokolu tərtib etməsinə əsas yalnız bir hal üzrə, yəni iddiaçıdan şirkət daxili təyin edilmiş və işçilərə mobil danışıq limitinin tətbiq edilməsi səbəbindən verilmiş dövr üçün tutulan limitdən artıq istifadə edilmiş 135 manat mobil danışıq məbləğinin tutulması ilə bağlı olmuşdur ki, həmin məbləğ də Əmək Müfəttişliyinin məktubuna əsasən iddiaçıya qaytarılmışdır. Qeyd edilən halların tam və hərtərfli yoxlanılması üçün apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi üçüncü şəxs qismində icraata cəlb edilmiş, sonuncunun nümayəndəsi məhkəmə baxışı zamanı bildirmişdir ki, iddiaçının müraciəti əsasında cavabdeh təşkilatda müvafiq araşdırma aparılmış, iddiaçının iddia etdiyi pozuntular aşkar olunmamış, əksinə iddiaçının əmək haqqı və digər ödənişlərinin düzgün həyata keçirilməsi müəyyən olunmuşdur. Yalnız, iddiaçıdan tutulmuş 135 manat mobil danışıq məbləğinin iddiaçıya geri ödənilməsinə dair məktub göndərilmiş, həmin məbləğ də cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Cavabdeh təşkilatın cərimə olunması da məhz əsassız tutulmuş 135 manatla bağlı olmuşdur. Hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi hallar həqiqətə uyğun deyildir, araşdırma zamanı tərəflərindən aşkar olunmamışdır. Göründüyü kimi iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Eyni zamanda cavabdeh də iddiaçının bildirdiklərini təsdiq etmir, əksinə sübutlar (arayışlar və s.) təqdim edərək iddiaçıya bütün ödənişlərin həyata keçirilməsini, iddia olunan əlavə saatlara görə işləmədiyini bildirir. İddiaçı isə bunun əksini sübut edə biməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Qeyd edilənlərə əsasən Kollegiya, iddia tələbinin əsassız olduğunu nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkməsinin iddianı rədd olunması barədə gəldiyi qənaət qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə qətnamənin ləğvinə əsas ola bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh ‘’AAS-ATE’’ X3 Məsuliyyətli Cəmiyyətinə qarşı “əmək haqqının və ödənişin gecikdirilməsinə görə kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4586/2021 saylı 18 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4586/2021 saylı 18 noyabr 2021-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1977/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1977/2022
26.04.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver