Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1978/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı tələbinə dair mülki iş üzrə (Açar sözlər: “alimentin məbləğinin azaldılması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X10 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Əliyev Valid Məzahir oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin azaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1189/2023 saylı, 3 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları
1. Tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-ci il X5 doğulmuşdur.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)- 1276/2019 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-1557/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilmiş, İddiaçı qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment və hər ay hər uşağa 50 manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4856/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)- 152/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “əlavə xərclərin tutulması” tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh İddiaçı Cavabdeh xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək hər ay hər uşağa görə 50 manat, cəmi 100 manat məbləğində pul tutulması qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1276/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı azaldılaraq, birinci nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-ci il X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1276/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh ona qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi təmin edilmiş və bu qətnamə ilə həmin məhkəmənin 2(010)-1557/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-ci il X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında, habelə hər ay hər uşağa görə 50 (əlli) manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Belə ki, tərəflər arasında nikah münasibətlərinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən, xx.xx.2018-ci il tarixdə xitam verilmişdir. O, xx.xx.2021-ci il tarixində 2-ci dəfə X6 ilə nikah bağlamış və həmin nikahdan xx.xx.2022-ci il tarixdə X7 anadan olmuşdur. Onun aylıq pul təminatı işğaldan azad edilmiş ərazilərdə tam ay xidmət etdikdə 1.794 manat təşkil edir və bu məbləğin də hər ay 2 uşağa görə 440 manatı aliment qismində ödənilə bilər. Məlum qətnamənin tələbinə görə isə keçən və əvvəlki aylarda onun aylıq pul təminatından 609 manat və əlavə olaraq 2 uşağa görə 100 (bir yüz) manat sabit pul məbləğində olmaqla, cəmi 709 (yeddi yüz doqquz) manat aliment şəklində pul tutulmuşdur. Bundan əlavə o yenidən nikaha daxil olmuş və yeni ailə həyatı qurması ilə bağlı onun gündəlik və aylıq zəruri xərclərinin artması ümumi ödənişlərin təmin edilməsində bilavasitə çətinlik yaradır. Buna görə də “təyin olunmuş aliment məbləğinin azaldılmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Cavabdeh tərəf iddiaya etiraz edərək bildirmişdir ki, hazırda iddia ərizəsində qeyd edilmiş xüsusatlar həqiqətə uyğun deyildir. İddia tamamilə cavabdehi ağır maddi duruma salmaq niyyətini güdür. Belə ki, birgə nikahdan doğulmuş hər iki uşaq uzun müddətdir ki, xəstəliklərdən əziyyət çəkirlər və müntəzəm olaraq müalicə alırlar. O, heç yerdə işləmir və atası əlavə maddi yardım etmədiyindən o, məcbur qalaraq uşaqların sağlamlığı ilə bağlı çəkiləcək xərclərin ödənilməsi barədə Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda cəmi 400 manat məbləğində uşaqların təminatının normal ödənilməsi yetərli deyildir. O, müəyyən olunmuş aliment məbləğindən başqa xəstə uşaqların saxlanmasında əlavə heç bir maddi yardım göstərmir və onların problemləri ilə maraqlanmır, onların qayğısına qalmır, ünsiyyət qurmur. Odur ki, həmin iddia əsassızdır və yalan üzərində qurulduğundan, rədd olunmasını xahiş etmişdir.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(010)- 1189/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, İddiaçı N nömrəli hərbi hissənin divizion komandirinin müavini vəzifəsində işləyir və onun aylıq əmək haqqının məbləği 933,65 manat və hər ay nəzərdə tutulmuş aliment ödənişi 411,22 manat, ildə bir dəfə olmaqla məzuniyyət pulu 615,95 manat təşkil edir. İddiaçı aylıq pul təminatı işğaldan azad edilən ərazilərdə tam ay xidmət etdiyi təqdirdə 1.794,07 manat təşkil edir. Tərəflər arasında mübahisə hər ay hər uşağa görə tutulan 50 manat, cəmi 100 manat sabit pul məbləğində alimentin azaldılması ilə bağlıdır. Lakin iş materiallarından görünür ki, İddiaçı aylıq əmək haqqının məbləği 933,65 manat təşkil edir və iki uşağa görə əmək haqqının 1/3 hissəsi 311,21 manat təşkil edir ki, bu da bir uşaq üçün müəyyən olunmuş yaşayış minimumundan aşağıdır. İddiaçı işğaldan azad edilən ərazilərdə ay ərzində tam olaraq və uzun müddət ərzində xidmət etməsi barədə heç bir sübut təqdim etməmişdir.
9. Həmçinin məhkəmə qeyd etmişdir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməlidir. Belə ki, valideynlər boşandıqdan sonra da uşağın əvvəlki təminatını saxlamalı və onun mümkün qədər maksimal dərəcədə saxlanılmasına çalışmalıdırlar. Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 220 manat olmasını nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia tələbi təmin oluna bilməz
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsi; Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəs; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 76, 78.1, 78.2 və 112.1-ci maddələri; zərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 aprel 2023-cü il, 2(010)-1189/2023 tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim sabit pul məbləğində alimentin ödənilməsi barədə qərarını qəbul edərkən AR Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbini pozmuşdur. Hakim onun maddi və ailə vəziyyəti barədə hazırki iddia ərizəsinə əlavə edilmiş sübutları nəzərə almadan sabit pul məbləğində aliment təyin etmişdir. Hakim hər iki nikahdan anadan olmuş uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması ilə bağlı hər hansı bir faktı və ya sübutu araşdırmamış , tərəfindən təqdim edilmiş sübutları nəzərə almadan şəxsi ambitsiyasına əsaslanaraq məlum qətnaməsini qəbul etmişdir. AR Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbi pozulmuşdur. Onun 2-ci dəfə nikaha daxil olmağı və həmin nikahdan uşagın anadan olması barədə sübutlar, habelə məlum sübutlar hazırki mülki mühahisənin həlli ilə bağlı sübut kimi qiymətləndirilməmişdir. Məlum qərarın “...tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa ...” tələbi pozulmuşdur. Məlum qərarda Konstitusiya Məhkəməsinin “ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir” hüquqi mövqeyi nəzərə alınmamışdır. Adıçəkilən Qərarın nəticə hissəsinin 2-ci bəndinə əsasən, “bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır” tələbi pozulmuşdur. Təqdim etdiyi sübutlar qərəzli və obyektiv araşdırılmamış, həmin sübutlar hazırki mülki mübahisənin həlli bağlı qiymətləndirilməyərək məlum qətnamən qəbul edilmişdir. Məhkəmə bu prosessual normaların tələblərini pozaraq, X6 ilə 2-ci dəfə nikaha daxil olmağı barədə 5 saylı Bakı “ASAN xidməti” mərkəzinin Qeydiyyat şöbəsinin təqdim etdiyi AZ-İİ seriyalı 457966 saylı xx.xx.2021-ci il tarixli nikah haqqında şəhadətnaməsi və bu nikahdan xx.xx.2022-ci il tarixdə X3 anadan olması barədə 3 saylı Bakı “ASAN xidməti” mərkəzinin Qeydiyyat şöbəsinin təqdim etdiyi AZ-İV seriyalı 803226 saylı xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnaməsini sübut kimi araşdırmamış, məlum mübahisənin həlli ilə bağlı istifadə etməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, hesabdan çıxarışdakı məbləğlər keçən il ərzində onun əmək haqqından tutulan məbləğlərdir. O, Şuşada, sonra isə Xocavənddə xidmət edirdi. Hazırda həmin ərazi sərhəd hesab edilmir. Hesabdan çıxarışda göstərilən məbləğlər maaşına əlavələrlə birgə tutulan məbləğlərdir. Hazırda onun 3 övladı vardır, ailə vəziyyəti dəyişmişdir. O, qanunla müəyyən edilən alimentdən çox verir. Bu il onun vəzifə maaşı 20 faiz qalxıbdır və onun əmək haqqından daha yuxarı məbləğ tutulur. Onun ailə vəziyyətində dəyişiklik olubdur, bir qızı dünyaya gəlibdir. O, 2021-ci ildə ailə qurmuşdur, qız övladı dünyaya gəldikdən sonra məhkəməyə müraciət etmişdir. Əlavə heç bir yerdə işləyə bilməz, əlavə gəlir yeri yoxdur. Cavabdeh 7 ildir işləmir, o hara getsə onu işlə təmin edə bilərlər. O, illərdir övladlarını görmür, uşaqları onunla düşmən kimi davranır, lakin o, alimenti ödəyir. Onun maaşı aylar üzrə dəyişir, ara-sıra ezam olur, həmin ərəfədə maaşı dəyişir, lakin xidməti yeri Xocavənddir. 2019-cu ildə orta aylıq maaşı 1.264 manat idi. 2021-ci ildə 1.794 manat idi. Yoldaşı da işləmir. Maaşı sabit deyil, o, işğaldan azad olunmuş ərazilərdə xidmət edən zaman maaşı daha yüksəkdir. Orta aylıq gəlir 1200-1300 manatdır, aylar üzrə onun maaşı dəyişir. Bakı Apellyasiya Məhkəməsinin sonuncu qətnaməsi ilə əlavə olaraq aylıq 100 manat pul tutulacaqdır. O, hazırda 100 manatın silinməsini istəyir. Alimentin azaldılmasını xahiş edir. O, yaşayış minimumun üstündə aliment ödəyir. 1.246 manat onun maaşıdır, son aylar üzrə təqdim etdiyi arayışdan da görünür ki, maaşı artmaqda davam edir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi X9 apellyasiya şikayətini əsassız hesab edərək bildirmişdir ki, qarşı tərəfin ödədiyi alimentin məbləği müddət keçdikcə daha da azalır. Uşaqların hal-hazırda müalicələri davam edir. Qarşı tərəf bu gün də uşaqları ilə maraqlanmır. Azərbayacn Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş arayışı təqdim etmiş və nəzərə alınmasını xahiş etmişdir. Qarşı tərəf uşaqlara köməklik etmir, uşağın bütün xərclərini o çəkir. Uşaqların maddi durumu yaxşı deyildir, onun yanında yaşayırlar.
Apellyasiya baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
19. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
20. 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin
21. 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq vəvəzifələrə malikdirlər.
22. 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
23. 73.1 və 73.2-ci maddələrinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onuntərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur.
24. 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.
25. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
26. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindəntərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
27. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
28. BMT-nın “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun:
29. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
30. 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.
31. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
32. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq vəvəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
33. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarına əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkənuşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
37. Tərəflər arasında mübahisə hər ay hər uşağa görə 50 manat, cəmi 100 manat sabit pul məbləğində tutulan alimentin azaldılması ilə bağlıdır. İddianın qanuni əsası kimi çıxış edən yuxarıda qeyd olunan normanın mənasından göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Lakin məhkəmə tərəfindən alimentin miqdarı yenidən müəyyən edilərkən uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalıdır və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir.
38. İş materiallarından göründüyü kimi hazırki işdə qeyd olunan halların mövcudluğu müəyyən edilmir. Belə ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması isə alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ikinci dəfə ailə qurması, yenidən uşağı olması onu əvvəlki nikah münasibətlərindən olan övladlarının getdikcə artan tələbatlarını ödəmək, əvvəlki təminat səviyyəsini yüksək saxlamaq vəzifəsindən azad etmir. Eləcə də, iddiaçının həmin uşağa görə məhkəmə qətnaməsinə əsasən aliment ödəməsi halı aşkar olunmamışdır.
39. İddiaçının aldığı əmək haqqında artımın müşahidə olması da, ödədiyi alimentin məbləğinin azadılması, yəni əlavə olaraq sabit pul məbləğində aliment ödəmək vəzifəsindən azad olunması üçün əsas deyildir. Belə ki, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyi və alimentin eyni qaydada davam etməsi uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığı, həmçinin tutulmaların miqdarının müəyyən edilməsinə təsir edən diqqətəlayiq digər hallar nəzərə alınsa aliment məbləğinin azaldılması üçün əsasların mövcud olmadığı müəyyən edilir.
40. Qeyd edilməlidir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-1276/2019 saylı qətnaməsi ilə alimentin məbləği müəyyən edilən zaman İddiaçı əmək haqqısı 714,21 manat, maddi yardımı 632 manat, məzuniyyət pulu 505 manat, birdəfəlik pul mükafatı tam həcmdə olduqda 1.264 manat təşkil edirdi. Bununla əlaqədar məhkəmə xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçıdan cavabdehin xeyrinə hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi və hər ay hər uşağa 50 manat sabit pul məbləğində aliment tutulması nəticəsinə gəlmişdir. N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçının hazırki pul təminatı 1.246,70 manat, məzuniyyət pulu 760 manat və maddi yardım 910 manat (ildə bir dəfə olmaqla) təşkil edir. İddiaçının bildirdiyinə görə onun aylıq pul təminatı işğaldan azad edilən ərazilərdə tam ay xidmət etdiyi təqdirdə yüksək olur.
41. Göründüyü kimi, İddiaçı aylıq əmək haqqının 1.246,70 manat məbləğində olması nəzərə alınsa belə iki uşağa görə əmək haqqının 1/3 hissəsi 415,33 manat, yəni hər uşaq üçün 207,67 manat təşkil edərdi ki, bu da cəmi 100 manat məbləğində sabit pul məbləğində alimentin azaldılacağı təqdirdə, hər bir uşaq üçün 2024-cü il üçün Dövlət tərəfindən müəyyən olunmuş yaşayış minimumundan aşağıdır.
42. Kollegiya həmçinin qeyd etməyi vacib sayır ki, uşaqların tələbatı təkcə ödənilən alimentdən ibarət deyildir. Ona görə də bir valideyndən müəyyən məbləğdə aliment tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Belə ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.
43. Bundan başqa məhkəmə kollegiyası vurğulayır ki, hazırki mübahisə iddiaçının istinad etdiyi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4856/2019 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsiniin məzmunundan asılı deyildir. Belə ki, həmin qətnamə ilə ödənilməsi müəyyən edilən məbləğ müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi ilə əlaqədardır. Bu qətnamənin məzmunu da aliment məbləğinin azaldılması barədə iddianın rədd edilməsini istisna etmir.
44. Beləliklə yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-1276/2019 saylı qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonrakı dövrdə iddiaçı və cavabdehin maddi və ailə vəziyyətlərində tutulan alimentin məbləğinə təsir edə biləcək hər hansı dəyişikliyin baş verməsi halı öz təsdiqini tapmamışdır. Əksinə məhkəmənin gəldiyi qənaətə görə iddiaçının istinad etdiyi dəlillər uşaqlarının təminat səviyyəsinin pisləşməsi üçün əsas ola bilməz.
45. Beləliklə, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
46. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
47. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan ((50+50)*12=1200) az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1189/2023 saylı, 3 aprel 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova