Məhkəmə qərarları › İş №2(103)-1982/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1982/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1982/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı «əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi, həmin zərurətlərdən irəli gələn hüquqi nəticələr qanunsuz olduğundan etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-3912/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı «əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi, həmin zərurətlərdən irəli gələn hüquqi nəticələr qanunsuz olduğundan etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 3912/2020 saylı qərardadı ilə (hakim Solmaz Ədilova) mülki işin icraatına xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət birinci instansiya məhkəməsi tərəfindən təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: İddiaçı şikayəti – qərardadın əsassız olması, prosessual hüquq normalarının pozulması və s. kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə proses iştirakçılarına rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən tərəflərinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il, 2(007)-219/2020 qətnaməsinə əsasən cavabdeh X2 mülkiyyətində olan, ipoteka qoyulmuş Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 3 saylı evin 39 saylı mənzilin açıq hərracdan ilkin satış qiyməti 62000 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi və hazırki iddia tələbindən görünür ki, iddiaçı hazırda ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 3 saylı evin 39 saylı mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı «xxxx» MMC-nin rəyini mübahisələndirilir. Göründüyü kimi, ipoteka predmeti olan mənzilin qiymətləndirilməsinə dair mütəxəssis rəyi əvvəlki məhkəmə icraatı zamanı sübut kimi məhkəmə tərəifndən əldə olunmuş və ona yekun məhkəmə qərarı ilə hüquqi qiymət verilmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. Belə olan halda isə iddiaçının həmin sübutu ayrıca müstəqil qaydada məhkəmədə mübahisələndirməsi mümkün deyildir. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsində haqlı olmuşdur. Şərh olunanlara əsasən və MPM-in 261-264, 357-358, 366, 395, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı «əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi, həmin zərurətlərdən irəli gələn hüquqi nəticələr qanunsuz olduğundan etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-3912/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-3912/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar