Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1999/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26.10.2021-ci il tarixli qətnaməsindən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Zığ yolunda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əsassız olaraq cavabdehlər Cavabdeh1 ödənilmiş 537,50 manat, Cavabdeh2 ödənilmiş 700 manat, Cavabdeh3 ödənilmiş 1480 manat pulun hər bir cavabdehdən ona ödənilən məbləğdə və bu ərizənin verilməsi ilə bağlı 30,40 dövlət rüsumunun isə cavabdehlərdən müştərək qaydada İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26.10.2021-ci il tarixli qətnaməsi ilə (hakim L.Rəhimli, iş № 2(011)-6201/21) iddia təmin olunmamışdır. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 15.02.2017-ci il tarixdə saat 18:45 radələrində Türkiyə Respublikasının vətəndaşı X5 idarə etdiyi ** XK *** dövlət qeydiyyat nişanlı “Nissan X Trail” markalı avtomaşınla Xətai rayonu, Zığ yolu ilə üzü Naximov küçəsinə doğru hərəkət istiqaməti üzrə soldan ikinci hərəkət zolağı ilə (beton qatdan sağa doğru ikinci hərəkət zolağı) hərəkətdə olarkən “SOCAR" yanacaq doldurma məntəqəsinin qarşısında asfalt örtüyün üzərində olan zolaqlı piyada zolağından yolu eni boyu keçmək istəyən piyadaya yol verməsi üçün ani vaxtda avtomaşını saxlamış, həmin vaxt arxadan eyni istiqamət üzrə hərəkətdə olan Cavabdeh2 idarə etdiyi ** KF *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E240” markalı, Cavabdeh3 idarə etdiyi ** XS *** dövlət dövlət qeydiyyat nişanlı “Mercedes Benz 190” markalı və X2 idarə etdiyi ** UF *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomaşınlar bir-biriləri ilə toqquşmaqla zəncirvarı yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı xəsarət alan olmasa da, avtomaşınlar əzilməklə maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə sürücü Cavabdeh3 və sürücü X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkib əlamətləri yaranmışdır. 04.04.2017-ci il tarixli, 037111 nömrəli sığorta aktı ilə Cavabdeh1 baş vermiş hadisədə “Mercedes Benz” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təqsiri olduğundan 50%, yəni 537,50 manat sığorta ödənişi, 04.04.2017-ci il tarixli, 037070 nömrəli sığorta aktı ilə Cavabdeh2 baş vermiş hadisədə “Mercedes Benz” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təqsiri olduğundan 50%, yəni 700 manat, 05.04.2017-ci il tarixli, 037159 nömrəli sığorta aktı ilə Cavabdeh3 baş vermiş hadisədə "Mercedes Benz” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təqsiri olduğundan avtomobilin qabaq hissəsinə dəymiş 1190 manat məbləğində zərərin 50%-i, yəni 595 manat, həmin avtomobilin arxa hissəsinə dəymiş 885 manat məbləğində zərərin 100%-i, cəmdə 1480 manat sığorta ödənişi ödənilmişdir. 26.07.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda sürücü Cavabdeh2 hərəkətlərində “Yol Hərəkəti” haqqında Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 3- cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu qeyd edilmişdir. Sonuncu Qərardan göründüyü kimi hadisədə avtomobilini İddiaçı Sığorta Şirkəti ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalamış sürücü X2 təqsiri yoxdur. Təqsiri olmayan sürücü X2 digər avtomobil sahiblərinə qarşı mülki məsuliyyəti ola bilməz. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh2 baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ödənilən sığorta ödənişinin sığorta müqaviləsi mövcud olduğu üçün həyata keçirildiyinə, onun təqsirinin müəyyən edilmədiyinə əsaslanaraq yazılı etiraz təqdim etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar 2017-ci ildə qəbul edilsə də, rəsmi qaydada 2021-ci il tarixdə iddiaçıya daxil olmuşdur. İddiaçı üçün əsassız varlanma obyektini qaytarmaq üzrə hüququnun pozulduğunun məlum olduğu vaxt 2017-ci ildən deyil, 2021-ci ildən hesab edilməlidir. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 26.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən görünür ki, 15.02.2017-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Mercedes Benz” minik markalı ** KF *** dövlət qeydiyyat nişanlı avtomobilə 1400 manat, “Mercedes Benz” minik markalı ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilə 2075 manat, “Nissan” minik markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomobilə 1075 manat məbləğində zərər dəymişdir. Xətai Rayon Polis İdarəsinin 27.02.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə “Hyundai Elentra” markalı ** UF *** dövlət nömrə nişanlı avtomaşının sürücüsü X2 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Xətai Rayon Polis İdarəsinin 02.06.2017-ci il tarixli və 26.07.2017-ci il tarixli qərarları ilə cinayət işinin başlanması rədd edilmişdir. Baxılan iş üzrə iddiaçı cavabdehlərdən tələb etdiyi sığorta ödənişinin geri qaytarılmasını sığortalı X2 hadisədə təqsiri olmaması və bu səbəbdən mülki məsuliyyət daşımaması ilə əsaslandırmışdır. İddia tələbinin hüquqi əsası kimi mülki qanunvericiliyin əsassız varlanmanı tənzimləyən normaları çıxış edir. Mülki Məcəlləyə müvafiq olaraq əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1). İddiaçının bildirdiyinə görə cavabdehlər heç bir qanuni əsas olmadan onun əmlakı hesabına əsassız varlanmışlar və hal-hazırda əldə etdiklərini ona qaytarmaqdan imtina edirlər. Lakin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1095-ci maddəsinə müvafiq olaraq əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir (maddə 1095). İddiaçı 26.07.2017-ci il tarixdən hüquqlarının pozulduğunu bilmiş, lakin hazırkı iddia ərizəsi ilə məhkəməyə 4 ildən sonra 26.07.2021-ci il tarixdə, yəni əsassız varlanma obyektinin qaytarılması tələblərini tənzimləyən 2 illik müddəti ötürməklə müraciət etmişdir. Bu isə o deməkdir ki, iddiaçı məhkəməyə tələb etdiyi pulu qaytarmaq hüququ müddətin keçməsinə görə qüvvədən düşdükdən sonra müraciət etmişdir. Beləliklə, iddia əsassız olduğundan (iddianın təmin olunması qanunla mümkün olmadığından) iş üzrə əlavə araşdırma aparılmadan, o cümlədən cavabdehlərin dəlilləri və işdə olan sübutlar tədqiq edilmədən iddiaçının pul tələbini rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və ilk növbədə qeyd edir ki, iddia tələbinin əsası kimi istinad olunan halları sübut etmək vəzifəsi sübutetmə yükünə görə məhz iddiaçının özünün üzərinə düşür. İddiaçı isə bununla bağlı, yəni sığortalının sığorta hadisəsində təqsirinin olmamasının ona 26.07.2017-ci il tarixdən daha sonra məlum olmasına dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Sığorta Şirkəti ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 26.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1999/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1999/2022
06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver