Məhkəmə qərarları › İş №2(103)-1999/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1999/2023

07.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1999/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qaraca oğluna qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1999/2023 (Açar sözlər: aliment) Bakı şəhəri 07 mart 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Eyvazov Rafael Əmir oğlu və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli e-2(002)-3045/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 07 mart 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh ilə İddiaçı arasında 17 sentyabr 2013-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində 915 saylı akt qeydi ilə nikah bağlanmışdır. Birgə nikahdan 01 dekabr 2012-ci il təvəllüdlü X3 və 19 sentyabr 2015-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Tərəflərin nikahları pozulmasa da, faktiki bir yerdə yaşamırlar.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 dekabr 2012-ci il təvəllüdlü X1 və 19 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər uşaq üçün hər ay 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin və 50 manat mediasiya xərcinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 01 dekabr 2012-ci il təvəllüdlü X1 və 19 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 08 iyun 2022-ci il tarixdən başlayaraq Cavabdeh hər uşaq üçün hər ay 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin və 50 manat mediasiya xərcinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el adəti ilə ailə quraraq, sonradan nikahlarını 17 sentyabr 2013-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsində 915 saylı akt qeydi ilə rəsmiləşdirmişlər. 01 dekabr 2012-ci il təvəllüdlü X3 və 19 sentyabr 2015-ci il təvəllüdlü X5 adlı iki yetkinlik yaşına çatmamış uşaqları var. Nikahlarının ilk dövrlərində münasibətləri yaxşı olsa da, müəyyən vaxt keçdikdən sonra münasibətləri pisləşməyə başlamışdır. Faktiki olaraq cavabdehlə birlikdə yaşamırlar. Faktiki ayrıldıqdan sonra cavabdeh övladlarının saxlanılmasında demək olar ki, bir valideyn kimi iştirak etməmişdir. Uşaqlarının saxlanılması üçün cavabdehlə aralarında razılıq yoxdur. Övladlarının saxlanılmasını cavabdehlə ayrıldıqdan sonra valideynlərinin köməkliyi ilə yerinə yetirmişdir. Cavabdeh tərəfindən onun təklifinə cavab verilməmişdir. Bundan sonra mediator təyin edilməsi ilə bağlı müraciət etmişdir. Cavabdeh mediatorun çağırışı ilə 05 oktyabr 2022-ci il tarixə təyin olunmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir və bu barədə mediator tərəfindən müvafiq arayış tərtib edilmişdir. Hesab edir ki, cavabdehin qazancı, gəliri qeyri-müntəzəm, dəyişkən olduğu üçün, habelə alimentin cavabdehin qazancından, gəlirindən müəyyən hissə kimi tututlması mümkün olmadığı, çətinlik törətdiyi və uşaqların marağı əhəmiyyətli dərəcədə pozulduğuna görə, aliment sabit pul məbləğində tutulmalıdır. Cavabdeh hər uşağına hər ay 193 manat pul ödəyə bilər.

5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli e-2(002)- 3045/2022 saylı qətnaməsi ilə (hakim Kamran Əsədov) iddianın qismən təmin edilməsi, 01 dekabr 2012-ci il təvəllüdlü X1 və 19 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması, qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməsi, Cavabdeh 56 manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilməsi, 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəllənin 75.1, 78.1, 99, 100.2-ci maddələri, «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, məhkəmə cavabdehin "xxxx" MMC-də işləyərək 1172,20 manat əmək haqqı almasını nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir.

11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

12. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

13. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

14. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

15. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.

16. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.

17. Maddə 18. 1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.

18. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Hazırki apelyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunmayan hissəsinin yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə alimentin məbləğinə aid hissədə dəyişdirilməlidir.

26. Belə ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”.

27. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, cavabdeh brahimov Mahmud Qaraca oğlu həmin şirkətdə sürücü işləməklə aylıq əmək haqqısı 1172,20 manat təşkil edir.

28. Həmçinin, «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

29. İşin hallarından müəyyən edilir ki, cavabdehin iddiaçının tələb etdiyi məbləğdə aliment ödəmək imkanı vardır. Bundan başqa iddiaçının tələb etdiyi aliment məbləği 2022ci il üçün uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu həddindədir.

30. Kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi alimentin məbləği göstərilən halların məcmusu baxımından ədalətli deyildir və uşaqların marağının pozulması hallarını yarada bilər.

31. Bununla yanaşı, məhkəmə kollegiyası alimentin hansı vaxtdan tutulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, aliment məhkəməyə müraciət edilən xx.xx.2022-ci il tarixdən vaxtdan tutulmalıdır. Çünki, iddiaçı 08 iyun 2022-ci il tarixdə cavabdehə aliment ödəməsinə dair rəsmi şəkildə müraciət etməsini təsdiq edən sənədləri (aliment ödəməklə bağlı cavabdehə yazılı təklifin xəbərnaməli məktubla göndərilməsi və həmin məktubun cavabdehə çatdırılmasını təsdiq edən) məhkəməyə təqdim etməmişdir.

32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qətnaməsinin uşaqların saxlanılmasına görə tutulacaq alimentin məbləğinə aid hissədə dəyişdirilərək uşaqların saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat məbləğində alimentin alınaraq iddiaçıya verilməsini hazırki mübahisənin halları baxımından ədalətli və ağlabatan hesab edir.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3045/2022 saylı iş üzrə 20 dekabr 2022-ci il tarixli qətnaməsi uşaqların saxlanılmasına görə tutulacaq alimentin məbləğinə aid hissədə dəyişdirilsin. 01 dekabr 2012-ci il təvəllüdlü X1 və 19 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 193 (yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar