Məhkəmə qərarları › İş №2(103)-1999/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1999/2024

01.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1999/2024 01.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “alimentdən azad edilmə və aliment borcunun silinməsi” hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ alimentdən azad edilmə və aliment borcunun silinməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4272/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh qarşı “alimentdən azad edilmə və aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək, İddiaçı xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq İddiaçı Cavabdeh xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment tələbindən azad edilməsi və yığılmış 4550 manat aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4272/2023 saylı işi üzrə, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentdən azad edilmə və aliment borcunun silinməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir . 2.Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 17; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 77.1, 217.1, 234.2.1; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.11-ci bəndinə istinadən qeyd edilmişdir ki, İddiaçı ailə və maddi vəziyyətində baş verən dəyişikliyin konkret nədən ibarət olması haqqında hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, mülkiprosessual qanunvericiliyin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Həmçinin aliment məbləğindən azad edilməsi tələbinin təmin edilməməsinin əsaslarından biri olaraq isə iddiaçı ilə cavabdeh arasında əvvəl mübahisə predmeti olmuş aliment tələbi ilə bağlı mülki iş üzrə apellyasiya instansiyası məhkəməsində hüquqi qiymət verilərkən müəyyən edilmişdir ki, iddiaçı cavabdehə aliment ödəməkdən azad edilməsini xahiş etməmiş, əksinə olaraq bir övladı üçün aliment ödəməyə razılıq vermişdir. Bu isə onu deməyə əsas verir ki, yenidən iddiaçının bir növ apellyasiya instansiyası məhkəməsindəki vermiş olduğu özünün mövqeyindən daha sonradan peşman olması yenidən aliment ödəməkdən azad edilməsi ilə bağlı iddiasını əsassız hala gətirmişdir. Məhkəmə xüsusilə nəzərə alır ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-368/2023 saylı qətnaməsini “xx.xx.2021-ci il tarixdən başlayaraq İddiaçı Cavabdeh xeyrinə hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması” hissəsində Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasında mübahisələndirməmiş, bu hal isə məhkəmə tərəfindən birbaşa razılıq ifadəsi kimi qiymətləndirilməlidir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, uşaqları saxlamaq hər iki valideyinin vəzifəsi olduğundan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3866/2023 saylı qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment tutulmuşdur. Beləliklə, qeyd edilənlərə əsasən, hazırkı iddia tələbinin təmin edilməsi ailə qanunvericiliyinin tələblərinə zidd olmaqla yanaşı, yardıma möhtac olanlara kömək etməyin ilk növbədə onların ailə üzvlərinin borcu olmasını özündə ehtiva edən sosial cavabdehlik prinsipinin də pozulmasına səbəb olardı. Məhkəmə iddia tələbinin “yığılmış aliment borcunun silinməsi” hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, aliment üzrə borc dedikdə, məhkəmə qətnaməsi və ya aliment ödənilməsi barədə sazişlə faktiki ödənilmədiyi üçün yığılıb qalan borclar başa düşülür. İddiaçının iddia tələbinin ilkin hissəsi olan xx.xx.2021-ci il tarixdən hesablanmağa başlayan alimentin ödənilməsindən azad edilməsi hissəsi təmin edilmədiyindən və ikinci tələbi (xx.xx.2021-ci il tarixdən yığılmış aliment borcunun silinməsi) isə birinci tələblə bağlı olduğundan da təmin edilə bilməz. Belə ki, iddiaçının aliment borcunun silinməsinin kökündə duran əsas hissə onun xx.xx.2021-ci il tarixdən aliment ödəməmək istəməsidir ki, bu hissəyə artıq məhkəmə tərəfindən hüquqi qiymət verilərək təmin edilməmişdir. İddiaçının iddia tələbinin əsası olaraq göstərdikləri, birgə nikahdan olan uşağı xx.xx.2019-cu il təvəllüdlü X6 tələbatlarının təmin edilməsi üçün əlavə ödənişlər etməsi yalnız özünün şifahi bildirdiklərindən ibarət olmaqla heç bir sübuta əsaslanmır.

3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-273/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanı 3-cü şəxs qismində cəlb edilməklə) “nikahın pozulması və s” tələbinə dair ilk iddiasının qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 14 yanvar 2010-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsində 19 saylı akt qeydi ilə bağlanmış nikah pozulması, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı “uşağın himayəyə qaytarılması və alimentin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 anaları qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə qalmaları, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən (qarşılıqlı iddianın verildiyi tarixdən) başlayaraq İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 sabit pul məbləğində alimentin tutulması qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-368/2023 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-273/2022 saylı iş üzrə 30 iyun 2022-ci il tarixli qətnaməsi “xx.xx.2011-ci il təvəllüdlü X2 anası Cavabdeh ilə qalması, yetkinlik yaşına çatanadək onun saxlanılması üçün xx.xx.2021-ci il tarixdən (qarşılıqlı iddianın verildiyi tarixdən) başlayaraq İddiaçı Cavabdeh xeyrinə hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması” hissəsində ləğv olunması, qarşılıqlı iddia tələbinin həmin hissədə təmin edilməməsi, İddiaçı “xx.xx.2011-ci il təvəllüdlü X2 onun yanında saxlanılması” tələbinin təmin olunması, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X1 İqrar Cəfər oğlunun himayəsində saxlanılması, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-2376/2023 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-368/2023 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır;- Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3866/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə xx.xx.2023-cü il tarixdən (iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixdən) başlayaraq hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4272/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsini ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385; Məhkəmə qətnaməsi haqqında” AR Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 2.4 –cü bəndinə istinadən qeyd edilmişdir ki, qızı X5 xx.xx.2021-ci il tarixindən onun himayəsindədir. Bir qızı onun himayəsində olmasına baxmayaraq Cavabdeh ondan aliment tələb etməmişdir. Bu günə qədər cavabdeh uşağın maddi ehtiyacları və sosial inkişafında heç bir maraq göstərməmiş, digər uşağı xx.xx.2019-cu il təvəllüdlü X7 ananın himayəsində qalmasına baxmayaraq ona da ana nəvazişi, qayğısı göstərmir. Məhkəmə onun maddi durumunda olan dəyişikliklər və qızına xərclədiyi vəsaiti obyektiv araşdırmamışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Apellyasiya icraatı zamanı məhkəmə kollegiyası tərəfindən tərəflər arasındakı mübahisənin barışıq yolu ilə həll edilməsi üçün tərəflərə vaxt verilmiş və məhkəmə iclası təxirə salınmış, lakin xx.xx.2024cü il tarixli məhkəmə iclasında tərəflər aralarındakı mübahisənin barışıq yolu ilə həll edilməsinin mümkün olmadığını qeyd etmişdirlər. 6.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə müdafiə edərək, yenidən ailə həyatı qurduğunu, 2-ci nikahından övladının olacağını və bu səbəbdən maddi xərclərinin də artdığını, həmçinin hal-hazırda işsiz olduğunu və kirayədə qaldığını, məhkəmə qərarı ilə cavabdehlə birgə nikahlarından olan 13 yaşlı övladının onun himayəsində, kiçik övladının isə cavabdehin himayəsində qaldığını və alimentin tutulmasının yalnız ondan qət edildiyini və bundan şikayət vermədiyini, özünün qarşı tərəfdən hər hansı aliment tələb etmədiyini, yığılmış aliment borcunu ödəməyə imkanının olmadığını, qarşı tərəf onun 5600 manat aliment borcunun yığıldığını qeyd etsə də, əslində 4300 manat aliment borcunun olduğunu, xx.xx.2023-cü ildən etibarən qarşı tərəfə də alimentin yazıldığını, hal-hazırda yığılmış aliment borcundan 1000 manatını ödəməyə imkanının çatdığını bildirmiş, həmçinin nə onun gələcəkdə qarşı tərəfdən aliment tələb etməməsi, nə də qarşı tərəfin ondan aliment tələb etməməsi və yığılmış borca münasibətdə qarşı tərəfə 1000 manat verməklə barışığa razı olduğunu, lakin qarşı tərəfin bu şərtlər daxilində barışığa razı olmadığını və bu səbəbdən də aralarında barışığın baş tutmadığını bildirmiş, apellyasiya şikayətinə münasibətdə isə apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. 7.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini əsassız hesab etdiyini, qarşı tərəfin barışıqla bağlı təklifinə münasibətdə isə ona əvvəlcə yığılmış aliment borcundan 2000 manatdan yuxarı məbləğdə ödəniş ediləcəyini bildirdiyini, lakin qarşı tərəf sonradan bir il müddətinə 1000 manat aliment ödəməyə imkanının olduğunu və bu şərtlər daxilində barışığa razı olmadığını qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya baxışının hədləri: 8.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 9.Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 17, 34; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22, 49, 51, 60, 61, 75, 76, 78 ; «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyası və Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 77, 80-82, 106.2, 119.1, 216, 217.3, 217.4, 385-390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, uşağların mənafeyi nəzərə alınaraq qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri uşaqların təminatları (valideynlərin onlara münasibətdə vəzifələri) və qanunvericiliyin tələbləri baxımından qətnamənin (qismən) ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. 10.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən :106.1. İcra vərəqəsi və ya aliment ödənilməsi barədə notariat qaydasında təsdiq olunmuş saziş əsasında onların təqdim edilməsindən əvvəlki dövrə görə aliment 3 illik müddət həddində tutula bilər. 106.2. Aliment onu icra vərəqəsi və ya aliment ödənilməsi barədə saziş əsasında ödəməli olan şəxsin təqsiri üzündən ödənilmədikdə, əvvəlki dövr üçün aliment bu Məcəllənin 100.3-cü maddəsi ilə müəyyən edilmiş 3 illik müddətdən asılı olmayaraq istənilən müddətdə tutula bilər. 106.3. Borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. 106.4. Bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. 106.5. İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər.107.1. Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər.107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.108.1. Aliment ödənilməsi barədə saziş üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment üzrə borclar yarandıqda təqsirkar şəxs həmin sazişlə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.108.2. Məhkəmə qətnaməsi üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment üzrə borclar yarandıqda, təqsirkar şəxs aliment alana ödənilməmiş alimentin məbləğinin faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulu ödəyir.108.3. Aliment alan, həmçinin aliment öhdəliklərinin vaxtında yerinə yetirilməməsi nəticəsində yaranmış itkilərin dəbbə pulu ilə ödənilməmiş hissəsinin ödənilməsini də tələb edə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.113.1. Aliment ödənilməsi barədə saziş əsasında müəyyən olunmuş aliment öhdəliklərinə tərəflərdən birinin ölümü nəticəsində, sazişin müddəti bitdikdə və ya sazişdə nəzərdə tutulmuş əsaslar üzrə xitam verilir.113.2. Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir:113.2.1. uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə;113.2.2. aliment ödənilən uşaq övladlığa götürüldükdə;113.2.3. aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda;113.2.4. aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə;113.2.5. əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləyə görə: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 12.Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

13. Kollegiya hesab edir ki, Qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilən alimentin dəyişdirilməsi (azad edilmə və borcun silinməsi) üçün əsaslar müəyyən edilmir. Belə ki, tələb aliment öhdəliklərinə xitam verilməsi və aliment borcunun silinməsi əsası ilə verilsə də qanunvericiliyin dispozitiv şərtlərinə uyğun olmalı hallara dair təkzibedilməz sübutlar təqdim edilməmişdir.Dəyişən şəraitə və tələbatlara müvafiq hazırki iddia üzrə müzakirə edilməyən və ya fərqli əsaslarla irəli sürülən dəlillər isə aliment məbləğinin müəyyən edilməsi (dəyişdirilməsi) üzrə tələblərin yenidən baxılmasını istisna etmir. Hazırki münasibətlər həddində qeyd edilməlidir ki, cavabdehin yeni ailə qurması, habelə digər aidiyyəti olmayan dəlilləri qətnamənin dəyişdirilməsi üçün əsas deyildir. 14.Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəməyə müraciətlə bağlı ödənilmiş dövlət rüsumu onu ödəyən tərəfə aid edilməlidir. 15.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, kollegiya Q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4272/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar