Məhkəmə qərarları › İş №2(103)-2000/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2000/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2000/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X3, cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3990/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3990/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətindən 11.000 (on bir min) manat icbari şəxsi sığorta məbləği və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 11030 (on bir min otuz) manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh Dövlət Sığorta Kommersiya Şirkəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini belə əsaslandırılmışdır ki, hərbi qulluqçuların icbari sığortasını tənzimləyən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun xx.xx.1997-ci il tarixdə qəbul edilmiş, xx.xx.1997-ci il tarixdən qüvvəyə minmişdir. Həmin qanun qəbul edilərkən mərhum Şahin Kazımov hərbi qulluqçu statusunda olmamış, onun icbari sığortası üçün Şirkətə bu qanunla müəyyən edilmiş sığorta haqqı ödənilməmişdir. İddiaçı heç bir üzrlü səbəb olmadan sığorta ödənişinin verilməsi üçün sığorta hadisəsi tarixindən 26 il sonra, yəni 2020-ci ildə sığortaçıya müraciət etmişdir. Göründüyü kimi, sığorta hadisəsinin baş verməsi tarixindən 26 ildən artıq müddət keçmiş və sığorta ödənişinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. xx xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il müəyyən edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətində yazılanları müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 bildirdi ki, apellyasiya şikayətinə etirazlarını təqdim etmişdilər. Xahiş edir, apellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, iddiaçının mərhum əri X7 xx.xx.1985-ci il tarixdən xx.xx.1994-cü il tarixədək SSRİ DTK-nın Xüsusi şöbəsində - Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi İdarədə zabit qismində həqiqi hərbi xidmət keçmiş və xidməti vəzifələrinin icrası zamanı avtomobil qəzası nəticəsində həlak olması ilə əlaqədar Prezident yanında Xüsusi İdarənin xx.xx.1994-cü il tarixli 238şh nömrəli əmri ilə xx.xx.1994-cü il tarixdən polkovnik-leytenant hərbi rütbəsində şəxsi heyətin siyahısından çıxarılmışdır. X1 vəfatından sonra Dövlət Sığorta Kommersiya Şirkətinə sığorta ödənişinin verilməsi üçün müraciət etsə də, ona Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmək tövsiyyə edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə... “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış və bu əsaslara görə sığorta məbləğini almamış hərbi qulluqçulara və ya onların vərəsələrinə bu məbləğin ödənilməsindən imtina konstitusiya prinsipi olan bərabərlik hüququnu pozmuş olur. Belə ki, hərbi qulluqçular eyni kateqoriyaya aid və bərabər statusa malikdirlər və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən onlara eyni sığorta riskinə qarşı eyni təminatlar verilir. Konstitusiya prinsipi olan bərabərlik prinsipi isə bərabər şərtlər daxilində hüquq subyektlərinin bərabər vəziyyətdə olmalarını nəzərdə tutur və ən əsası eyni kateqoriyaya aid şəxslərə hər hansı obyektiv və ağlabatan izah olmadan ayrıseçkiliyin tətbiq olunmasını qadağan edir. Şəxsin hərbi qulluqda olma, hərbi xidmət zamanı həlak olma (ölmə), itkin düşmə, xəsarət və əlillik qrupu alma, həmçinin yararsız kimi tərxis olunma tarixləri sığorta hadisəsinin baş vermə faktını inkar etmir və bu, sığorta ödənişinin ödənilməsindən imtina üçün müstəqil əsas ola bilməz. Əks təqdirdə, bu hal hərbi xidmət zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur. ...“Hərbi qulluqçuların statusu haqqında” xx xxxxxx 1991-ci il tarixli Qanuna görə hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Qanunvericiliyin tələblərinə uyğun olaraq hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası sığorta müqaviləsinə əsasən həyata keçirilir. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta müqaviləsi sığortalı ilə sığortaçı arasında üçüncü şəxsin, yəni sığorta olunanın (faydalanan şəxsin) xeyrinə bağlanır və həmin müqavilədə sığorta olunan (faydalanan şəxslər) barədə məlumatlar, sığortalının və sığortaçının vəzifələri və məsuliyyəti, sığorta olunan şəxsə sığorta ödənişinin verilməsi qaydası, habelə sığortalı tərəfindən sığorta haqlarının ödənilməsi qaydası və s. öz əksini tapır. Müvafiq icra hakimiyyəti orqanı ilə müqavilə bağlayaraq sığortaçı sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda, sığorta olunana (faydalanan şəxsə) qanunvericiliklə müəyyən olunmuş sığorta ödənişini vermək öhdəliyini öz üzərinə götürür. Sığortaçının bu öhdəliyi mülki hüquq müqaviləsindən irəli gəlsə də, o, sığorta ödənişini edərkən sığorta olunanla (faydalanan şəxslə) münasibətlərdə dövlətin adından çıxış edir, Konstitusiyadan irəli gələn həmin şəxslərin həyatına və yaxud sağlamlığına vurulmuş zərərə görə dövlətin kompensasiya ödəmək vəzifəsini həyata keçirərək, həm də publik funksiyanı yerinə yetirir. Sığortaçının bu funksiyanı öz üzərinə götürməsi sığortalını müqavilə üzrə öhdəliklərini yerinə yetirmək, dövləti isə həmin xərclərin lazımi qaydada maliyyələşdirilməsini təmin etmək vəzifəsindən azad etmir. Hərbi qulluqçuların və onlara bərabər tutulmuş şəxslərin həyatının və sağlamlığının dövlət icbari şəxsi sığortası həyata keçirilərkən müqavilənin bağlanmaması nəticə etibarilə dövlətlə hərbi xidmətdə olduğu zaman həyatına və yaxud sağlamlığına zərər dəymiş şəxs arasında mövcud olan hüquqların və vəzifələrin mahiyyətini (təbiətini) dəyişdirə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası, tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. İddiaçının hərbi xidmət dövründə ölməsi işin mübahisəsiz halıdır. İşin mübahisəli halı isə iddiaçının “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qəbul edilərkən mərhum Şahin Kazımov hərbi qulluqçu statusunda olmadığını, onun icbari sığortası üçün Şirkətə bu qanunla müəyyən edilmiş sığorta haqqı ödənilmədiyini, iddiaçı heç bir üzrlü səbəb olmadan sığorta ödənişinin verilməsi üçün sığorta hadisəsi tarixindən 26 il sonra sığortaçıya müraciət etdiyinə görə sığorta məbləğinin verilməsinin mümkün olmadığını bəyan etməsidir. Əvvəla, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinə görə sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə - 100 faiz sığorta ödənişləri verilir. Cavabdeh şikayətində “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qəbul edilərkən mərhum Şahin Kazımovun hərbi qulluqçu statusunda olmadığını göstərsə də bunu hansı niyyətlə bildirdiyi anlaşılan olmamışdır. Aydın məsələdir ki, Şahin Kazımov həmin vaxt sağ olmamışdır. Sağ olmadığı üçün də qanun qəbul edilərkən onun hansı statusda olması hamıya məlum olan haldır yaxud ölmüş şəxsin hansısa statusda olması sığorta ödənişini verməkdən imtina üçün əsas deyildir. Yetər ki, öldüyü an hərbi qulluqçu statusunda olmuş olsun. İkincisi, mərhum Şahin Kazımovun icbari sığortası üçün Şirkətə bu qanunla müəyyən edilmiş sığorta haqqı ödənilməməsi dəlili də, sığorta ödənişini verməkdən imtina üçün əsas deyildir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” xx xxxxxx 1991-ci il tarixli Qanuna görə o, hərbi qulluqçu statusunu əldə etdiy gündən dövlət tərəfindən icbari şəxsi sığorta edilmişdir. Hərbi qulluqçunun icbari şəxsi sığorta müqaviləsi sığortalı ilə sığortaçı arasında, üçüncü şəxsin, yəni sığorta olunan (faydalanan şəxs) mərhum Şahin Kazımovun xeyrinə bağlanmalıdır. Bu müqavilədə sığorta haqlarının ödənilməsi vəzifəsi sığortalı müvafiq icra hakimiyyəti orqanının, sığorta hadisəsi baş verdiyi halda faydalanan şəxsə sığorta ödənişini vermək vəzifəsi isə sığortaçının üzərinə düşür. Burada cavabdeh olan sığortaçı sığorta olunana münasibətdə dövlətin adından çıxış edir, başqa sözlə dövlətin kompensasiya ödəmək vəzifəsini yerinə yetirir. Cavabdeh olan sığortaçının bu funksiyanı öz üzərinə götürməsi sığortalını müqavilə üzrə öhdəliklərini yerinə yetirmək, dövləti isə həmin xərclərin lazımi qaydada maliyyələşdirilməsini təmin etmək vəzifəsindən azad etmir. Hərbi qulluqçuların və onlara bərabər tutulmuş şəxslərin həyatının və sağlamlığının dövlət icbari şəxsi sığortası həyata keçirilərkən müqavilənin bağlanmaması nəticə etibarilə dövlətlə hərbi xidmətdə olduğu zaman həyatına və yaxud sağlamlığına zərər dəymiş şəxs arasında mövcud olan hüquqların və vəzifələrin mahiyyətini (təbiətini) dəyişdirə bilməz. Demək hansısa səbəbdən sığorta haqqı verilməsə belə bu hal sığorta hadisəsi baş verdikdə sığorta ödənişini verməkdən imtina üçün əsas deyildir. Çünki, bu məsələlərin hərbi qulluqçu olan sığorta olunana heç bir aidiyyəti yoxdur. Üçüncüsü, cavabdehin istinad etdiyi müddətin üzrlü yaxud üzrsüz səbəblərdən ötürülməsinin də iddianın əsaslılığına heç bir təsiri yoxdur. Çünki, iddiaçının mərhum ərinin həmin vaxtadək ölməsi istsna edilmir. İddiaçının ölmə tarixi sığorta hadisəsinin baş vermə faktını inkar etmir və bu, sığorta ödənişinin ödənilməsindən imtina üçün müstəqil əsas ola bilməz. Əks təqdirdə, bu hal hərbi xidmət zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmaz və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 3-cü hissəsi(sığorta ödənişinin alınmasını məhdudlaşdıran 3 illik müddət) xx.xx.2013cü il tarixli 832-İVQD nömrəli Qanunla ləğv edilmişdir. Demək qanunverici orqan da sığorta ödənişinin alınmasını məhdudlaşdıran hansısa normanın olmasını hərbi qulluqçuların yaxud onların vərəsələrinin mənafeyinə zidd hesab etdiyi üçün bu addımı atmışdır. Buna görə də, cavabdehin 2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 73-cü maddəsinə istinad edib sığorta ödənişini verməkdən imtina etməsinə haqq qazandırması özü qanunsuz və əsassız olmuşdur. Dördüncüsü, Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında sığorta məbləğinin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsinin Milli Məclisə tövsiyyə edilməsi və bu məsələyə baxılmaması da iddianın təmin edilməməsi üçün əsas deyildir. Çünki, hazırki iddia tələbinin qanuni əsası “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4 və 5-ci maddələrində nəzərdə tutulmuşdur. Sığorta məbləğinin ödənilməsi qaydasının və şərtlərinin müəyyən edilməsi isə daha çox qətnamənin icrası ilə bağlı olan bir məsələdir. Beşincisi, Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli Fərmanına əsasən xx xxxxxx 1997-ci ilə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmə verilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi də hazırki iddianın əsassızlığına dəlalət etmir. Əvvəla ona görə ki, iddiaçının mərhum əri Fərmanda qeyd olunan hallarla bağlı ölməmişdir. İkincisi, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun müddəaları qeyd olunan Fərmanda göstərilən hallar olsa da cavabdehi sığorta ödənişini yerinə yetirmək vəzifəsindən azad etməmişdir. Üçüncüsü, Fərmanda qeyd olunan hallara görə birdəfəlik ödəmə verilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi daha çox bu cür qətnamələrin icrası mərhələsi ilə bağlı münasibətlərə aid edilə bilər. Çünki, sirr deyil ki, həmin Fərman verilənədək analoji xarakterli işlər üzrə çoxsaylı məhkəmə qətnamələri mövcud olmuşdur. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmiş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3990/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar