Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2000/2023 24.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2530/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2530/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə İddiaçı Cavabdeh MMC-nə qarşı əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin olunmamışdır. xx.xx.2022-ci il tarixdə İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddətin bərpa olunmasına dair ərizə vermiş,eyni zamanda ərizəyə apellyasiya şikayəti vermişdir. Müddətin bərpasına dair ərizə onunla əsaslandırmışdır ki, qətnamə ona vaxtında təqdim olunmasına baxmayaraq obyektiv səbəbdən tərəfindən apellyasiya şikayəti verilməmişdir. Həmin vaxtlar həyat yoldaşı X6 əməliyyat keçirmişdir. Həmçinin yoldaşının müalicəsi ilə əlaqədar xeyli maliyyə vəsaiti xərclədiyi üçün vəkil üçün lazım olan vəsaiti ödəyə bilməmişdir.Digər tərəfdən,Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6673/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu X3 9764.08 mant borc və 30 manat dövlət rüsumu X2 verilməlidir.Məhkəmə qərarının icrası ilə əlaqədar hər ay ödəniş etmək lazım gəlir.Ona görə də maliyyə cəhətdən çox çətinlik çəkir. Qeyd olunanlara əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2530/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin müddətin bərpa olunmasını və apellyasiya şikayətinə baxılması üçün işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2530/2022 saylı qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2530/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə İddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmişdir. İddiaçı Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2530/2022 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən müddətin buraxılmasının obyektiv səbəblərininin göstərilməsinə baxmayaraq məhkəmə tərəfindən həmin səbəblər nəzərə alınmamışdır. Ölkəmizdə müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədini daşıyan və məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsini təşkil edən Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanıda ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsinə, məhkəməyə əlçatanlığın və ictimai etimadın, ədalət və s.prinsiplərə dönmədən riayət edilməsinin təmin edilməsinə yönəlmişdir. Məhkəmələrə əlçatanlığın təmin edilməsi və müraciət imkanlarının daha da genişləndirilməsi, həm də sahibkarların hüquqlarının etibarlı müdafiəsi üçün zəruridir. Məhkəmə əlçatanlığı prinsipi ədalətli və qanuna uyğun həyata keçirilməli olan ədalət mühakiməsi konsepsiyasının əsasını təşkil etməklə hərkəsin məhkəmə müdafiəsi hüququndan istifadəsini məhdudlaşdıran və ya istisna edən maneələrin aradan qaldırılmasınayönələn dövlət siyasətinin elementlərinin məcmusu kimi çıxış edir. İnsan Hüquqlarıüzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) bir sıra qərarlarında da məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Valçli Fransaya qarşı iş üzrə 2007-ci il 26 iyul və Laberger Fransaya qarşı iş üzrə 2006-cı il 26 sentyabr tarixli Qərarlar). Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıqformal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığını göstərmiş, bununlada Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(007)-2530/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş Bakı Apellyasiya Məhkəməsinin icraatında olan zaman İddiaçı nümayəndəsi və vəkili Əli Qsımov tərəfindən vəsatət göndərilməklə qərardaddan verilmiş şikayətə şifahi məhkəmə icraatı qaydasında baxılması xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, vəsətət təmin edilməməklə hazırki şikayətə şifahi icraat qaydasında baxılması zərurəti olmadığından yazılı icraat qaydasından baxılmalıdır. Eyni zamanda Cavabdeh MMC tərəfindən məhkəməyə İddiaçı Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2530/2022 saylı qərardadından şikayətə etiraz göndərərək müddətin bərpa edilməsi barədə birinci instansiya məhkəməsinin qərardadının əsaslı olmasını, şikayətin təmin edilməməsini xahiş edilmişdir. İş materiallarında olan xəbərnaməli qəbzdən görünür ki, iddiaçı qətnaməni xx.xx.2022-ci il tarixdə qəbzə imza etməklə şəxsən qəbul etmişdir.Ərizənin məzmunundan da görünür ki, iddiaçı qətnamədən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti verməklə müddəti ötürmüşdür. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2530/2022 saylı qərardadı ləğv edilərək apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Azərbaycan Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddət buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarındakı məhkəmə müdafiəsi hüququnun təbiəti ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatı məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva edir. Müvafiq məhkəmə orqanı hər hansı ağlabatan əsaslar və ya səbəblər olmadan, eləcə də artıq tətbiq edilən hüquqi mövqeyi nəzərə almadan formalaşmış təcrübədən kənara çıxdıqda, yaxud da bu hüquqi mövqeyi düzgün təfsir və ya tətbiq etmədikdə də, məhkəmə aktı qanunsuz hesab edilə bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ ilə həmçinin müəyyən edilmişdir ki, məhkəməyə müraciət etmək hüququ mütləq deyil və müəyyən məhdudiyyətlərə, xüsusən şikayətlərin qəbul edilənliyinə münasibətdə müəyyən məhdudiyyətlərə məruz qala bilər. Dövlətlər bununla bağlı müəyyən mülahizə sərbəstliyinə malik olsalar da, həmin hüquqlarından elə tərzdə istifadə etməlidirlər ki, bu, məhkəməyə müraciət etmək hüququnu onun mahiyyətinə toxunacaq dərəcədə məhdudlaşdırmasın. Qoyulan belə məhdudiyyətləri o zaman Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun hesab etmək olar ki, məhdudiyyətlər qanuni məqsəd güdsünlər və istifadə olunan vasitələrlə qarşıya qoyulan məqsədlər arasında ağlabatan mütənasiblik mövcud olsun. Çünki demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hüququ mühüm yer tutur və həmin hüququn tərkibinə həmçinin hüquq və vəzifələrlə bağlı qəbul edilmiş məhkəmə qərarlarını yuxarı instansiya məhkəmələrində mübahisələndirmək imkanı daxildir. Qeyd olunmalıdır ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Məhkəmə müdafiəsi ən mühüm müdafiə mexanizmi olmaqla, hər kəsin hüquq və azadlıqları ilə bağlı yaranmış istənilən mübahisənin məhkəmədə həll olunmasını əhatə edir. Bu baxımdan, məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Qeyd olunanları nəzərə alaraq kollegiya qeyd edir ki, məhkəmə müdafiəsi hüququnun təmin edilməsi üçün ədalət mühakiməsinə əlçatanlıq böyük əhəmiyyət kəsb edir. Ədalət mühakiməsinə əlçatanlıq hüququn aliliyi prinsipinin əsasını təşkil edərək, hər kəs üçün məhkəməyə müraciət hüququnun bərabər şəkildə tanınmasını, subyektiv hüquq və maraqlarının pozulmasınadək mövcud olmuş vəziyyətin tezliklə və effektiv bərpa edilməsi mexanizminin təmin edilməsini ehtiva edir. Bununla da mülki mühakimə icraatı ilə bağlı qanunvericiliyin prosessual tələblərinə kollegiya formal yanaşmamaqla hesab edir ki, iddiaçı tərəfindən məhkəmənin qərardadından apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülməsinə baxmayaraq müvafiq normaları ciddi şəkildə tətbiq etməməklə buraxılmış prosessual müddət bərpa edilməlidir. Hazırki halda formal yanşılmaqla onun bu hüququnun qarşısının alınması qənaətinə gəlinərsə nəticədə iddaçının məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüquqları pozulması kimi qiymələndirilə bilər. Birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almamışdır. Qeyd edilənləri nəzər alaraq kollegiya hesab edir ki, İddiaçı Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2530/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və 384-395-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı şikayəti təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2530/2022 saylı qərardadı ləğv edilsin. İddiaçı ərizəsi təmin edilsin və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2530/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2000/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2000/2023
24.02.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver