Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2003/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-3936/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 manat sığorta ödənişinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında yaralanmışdır. Hal-hazırda 2-ci qrup əlildir. Əlilliyi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda alınmışdır. Məlum olduğu kimi, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı itkin düşmüş hərbçi qulluqçuların və şəhidlərin ailə üzvlərinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən sığorta pulu verilir. Şəhid ailələri və Qarabağ əlilləri artıq neçə müddətdir ki, sığorta pulunun ödənilməsində yaranan problemlərə etiraz edirlər. Belə ki, 2006-cı ilə qədər sığorta haqqını ala bilməyən şəhid ailələri və müharibə əlilləri indi onlara qanundakı son dəyişiklikdə qeyd edilən məbləğin ödənilməsi tələb edirlər. 1997-ci ilin may ayının 20-də «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Qanun qəbul edilib. Orada göstərilib ki, Azərbaycan ordusunun əsgər və zabitləri yaralananda və ya şəhid olanda ona sığorta haqqı verilməlidir. Həmin qanunda yazılıb ki, qanun qüvvəyə minənədək sığorta hadisəsi baş verdiyi andan 3 il müddətinə qədər sığorta pulu ödənilməlidir. 2006-cı ildə verilən qərara əsasən şəhid olan şəxsin ailəsinə sığorta pulu 11.000 manat məbləğinə qaldırıldı. Birinci qrup əlil olanlara həmin məbləğin 80 faizi – 8800 manat, ikinci qrup əlil olanlara 60 faizi – 6600 manat, üçüncü qrup Qarabağ əlillərinə 40 faizi – 4400 manat ödənilməlidir. Ancaq hazırda bu pullar həmin şəxslərə ödənilmir. 1991-ci ilin dekabrından, yəni Silahlı Qüvvələri yarandığı gündən onun sıralarında xidmət edən hər bir hərbi qulluqçu iradəsindən asılı olmayaraq dövlət tərəfindən məcburi sığorta olunmalıdır. Bütün bunlar qarşı tərəfin sığortanın ancaq 1997-ci ildən sonra xidmət edənlərə düşməsi ilə əlaqədar şəxsi maraqlarına xidmət edən mülahizələrinin əsassız olduğunu təsdiq edir. Lakin bütün bunlara baxmayaraq bu kateqoriyadan olan onlarla şəhid ailəsinin və Qarabağ müharibəsi əlilinin hüquqları sözügedən şirkət tərəfindən pozularaq onlara ödənilməsi olan sığorta məbləği indiyə qədər ödənilməyib. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-3936/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 manat məbləğində icbari şəxsi sığorta ödənişinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının oğluna əlillik hərbi xidmətdən tərxis olunduqdan 3 il sonra verilib. Həmçinin iddiaçının hansı ərazidə gedən döyüşlərdə iştirak etdiyi və hərbi qulluqçu olub-olmaması barədə iş materiallarına məlumat əlavə edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası cavabdehin iştirak etməmələrinin işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 2 saylı Tibbi-Sosial Ekspert Komissiyasının arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup müharibə əlilidir. İş materiallarında olan ƏƏSMN tabeliyində DSMF-nun Bakı şəhəri Xətai rayon xidmət nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 041500 nömrəli əlillik vəsiqəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2 qrup əlildir (müddətsiz). İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin X1 ünvanladığı xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, sığorta ödənişinin verilməsi qeyri-mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndinə istinad etməklə belə nəticəyə gəlmişdir ki, iddiaçı hərbi xidmətdə olduğu dövrdə yaralanaraq bu səbəblə İİ qrup əlillik dərəcəsi aldığından, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ona sığorta ödənişi ödənilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mülki hüquq baxımından sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Beləliklə, sığortaçının sığorta ödənişi vəzifəsinin yaranmasının hüquqi əsası həm icbari sığorta haqqında qanunvericilik müddəaları, həm də tərəflər arasında bağlanmış sığorta müqaviləsi çıxış edə bilər. “Hərbi qulluqçuların statusu haqqında” xx xxxxxx 1991-ci il tarixli Qanuna görə hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər və bu sığortalamanın qaydası, şərtləri və sığorta ödənişlərinin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 1991-ci il tarixli Fərmanı ilə Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə Heyətinin bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılmış və respublikada icbari sığortalamanın bütün növlərini həyata keçirmək həmin Şirkətə həvalə edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun preambulasına əsasən bu Qanun hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və səhhətinin dövlət icbari şəxsi sığortası qaydalarını və şərtlərini müəyyən edir. Qanun müəyyən edir ki, hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır (Dövlət Sığorta Kommersiya Şirkəti) (maddə 3). Qanuna xx xxxxxxx 2006-cı il tarixdə edilmiş dəyişikliklərə əsasən hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir (maddə 4). Sığorta olunan hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda ona İ qrup əlilliyə görə - sığorta məbləğinin 80 faizi; İİ qrup əlilliyə görə - 60 faizi; İİİ qrup əlilliyə görə - 40 faizi nisbətində sığorta ödənişi verilir (maddə 5, ç). Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası müvafiq icra hakimiyyəti orqanları (sığortalılar) (o cümlədən hərbi qulluqçulqar üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyi) üçün bu məqsədlə hər il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına aparılır (maddə 6). “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə adı çəkilən Qanunun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” xx xxx 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər bu əsaslara görə sığorta məbləğini almamış hərbi qulluqçulara münasibətdə bu Qanunla müəyyən edilmiş sığorta məbləğinin verilməsi məsələsi Konstitusiyanın 12, 16 və 25-ci maddələrinin tələbləri baxımından həll edilməlidir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış və bu əsaslara görə sığorta məbləğini almamış hərbi qulluqçulara və ya onların vərəsələrinə bu məbləğin ödənilməsindən imtina konstitusiya prinsipi olan bərabərlik hüququnu pozmuş olur. Belə ki, hərbi qulluqçular eyni kateqoriyaya aid və bərabər statusa malikdirlər və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən onlara eyni sığorta riskinə qarşı eyni təminatlar verilir. Konstitusiya prinsipi olan bərabərlik prinsipi isə bərabər şərtlər daxilində hüquq subyektlərinin bərabər vəziyyətdə olmalarını nəzərdə tutur və ən əsası eyni kateqoriyaya aid şəxslərə hər hansı obyektiv və ağlabatan izah olmadan ayrı-seçkiliyin tətbiq olunmasını qadağan edir. Şəxsin hərbi qulluqda olma, hərbi xidmət zamanı həlak olma (ölmə), itkin düşmə, xəsarət və əlillik qrupu alma, həmçinin yararsız kimi tərxis olunma tarixləri sığorta hadisəsinin baş vermə faktını inkar etmir və bu, sığorta ödənişinin ödənilməsindən imtina üçün müstəqil əsas ola bilməz. Əks təqdirdə, bu hal hərbi xidmət zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur. Qərarda həmçinin qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanı ilə müqavilə bağlayaraq sığortaçı sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda, sığorta olunana (faydalanan şəxsə) qanunvericiliklə müəyyən olunmuş sığorta ödənişini vermək öhdəliyini öz üzərinə götürür. Sığortaçının bu öhdəliyi mülki hüquq müqaviləsindən irəli gəlsə də, o, sığorta ödənişini edərkən sığorta olunanla (faydalanan şəxslə) münasibətlərdə dövlətin adından çıxış edir, Konstitusiyadan irəli gələn həmin şəxslərin həyatına və yaxud sağlamlığına vurulmuş zərərə görə dövlətin kompensasiya ödəmək vəzifəsini həyata keçirərək, həm də publik funksiyanı yerinə yetirir. Sığortaçının bu funksiyanı öz üzərinə götürməsi sığortalını müqavilə üzrə öhdəliklərini yerinə yetirmək, dövləti isə həmin xərclərin lazımi qaydada maliyyələşdirilməsini təmin etmək vəzifəsindən azad etmir. Hərbi qulluqçuların və onlara bərabər tutulmuş şəxslərin həyatının və sağlamlığının dövlət icbari şəxsi sığortası həyata keçirilərkən müqavilənin bağlanmaması nəticə etibarilə dövlətlə hərbi xidmətdə olduğu zaman həyatına və yaxud sağlamlığına zərər dəymiş şəxs arasında mövcud olan hüquqların və vəzifələrin mahiyyətini (təbiətini) dəyişdirə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqelərə əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” xx xxx 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin müəyyən edilməsini Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə etmiş, həmçinin xüsusi olaraq qeyd etmişdir ki, qanunverici bu mexanizmin qaydasını və şərtlərini tənzimləyərkən, sığorta məbləğinin ödənilməsinin müxtəlif üsullarını seçə bilər, lakin qanunvericiliklə 2006-cı ildə artıq müəyyən edilmiş sığorta məbləğinin ödənilməsi həcmi ləğv edilə və ya azaldıla bilməz, bu həcm şərtsiz gözlənilməlidir. Bunun əksi, hüquqi tənzimlənmənin ağlabatan sabitliyi və qüvvədə olan hüquq normaları sisteminə əsassız dəyişikliklərin edilməsinin yolverilməzliyini nəzərdə tutan vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarında isə müəyyən edilmişdir ki, Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilən qərarlar Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir və qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Qanunvericiliyin sığorta olunana xidmətdən buraxıldığı gündən üç il müddətində əlillik təyin olunması barədə tələbinə münasibətdə kollegiya onu da nəzərə alır ki, həmin normanın məqsədlərinə görə sığorta hadisəsinin mövcud olması üçün sığorta olunan məhz hərbi xidməti ilə əlaqədar aldığı xəstəlik nəticəsində əlil olmalı və onun əlilliyi ilə xidməti vəzifələrini yerinə yetirməsi arasında birbaşa səbəbli əlaqə mövcud olmalıdır. Kollegiya qeyd edir ki, əgər şəxs hərbi xidmət dövründə faktiki əlil olubsa, onun həmin əlilliyi təsdiq edən sənədi gec alması sığorta ödənişinin verilməsindən imtina üçün əsas ola bilməz. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı hərbi xidmət dövründə yaralanmış, məhz həmin yaralanma diaqnozu ilə ona 2005-ci ildə əlillik dərəcəsi verilmişdir. Beləliklə, baxılan iş üzrə iddiaçının məhz ona əlillik verilməsinə əsas olmuş xəsarəti hərbi xidmət dövründə aldığı, lakin özündən asılı olmayan səbəblərdən əlilliyini təsdiq edən rəsmi sənədi gec əldə etdiyi müəyyənləşdirildiyindən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş 3 illik müddət ona şamil edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə Kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, baş vermiş sığorta hadisəsi ilə əlaqədar sığorta ödənişinin iddiaçıya ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoymaqda Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə qətnamənin əsaslandırıcı hissəsində iddiaya qiymət verilərkən münasibət bildirildiyindən Kollegiya əlavə təkrarlanmağa zərurət görmür. Xüsusilə nəzərə alınmalıdır ki, apellyasiya baxışı zamanı iddiaçı tərəfindən hərbi bilet və həkim komissiyasının rəyi məhkəmə təqdim edilmiş və həmin sənədlərdən görünür ki, iddiaçı 1994-cü il tarixdə Fizuli uğrunda gedən döyüşlərdə iştirak etmiş və yaralanmışdır. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-3936/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2003/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2003/2021
15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver