Məhkəmə qərarları › İş №2(103)-2004/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2004/2021

26.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2004/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 (Atena Qrup) QSC-yə qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinin geri qaytarılması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 5567/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 (Atena Qrup) Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən mənəvi zərərin əvəzi kimi ******* manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh2 QSC-də sürücü işləmiş X1 xx xxxx 2014-cü il tarixdə həmin QSC-yə məxsus avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş, hadisə zamanı üç nəfər şəxs, o cümlədən iddiaçının iki azyaşlı övladı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik bədən xəsarətləri alaraq hadisə yerində ölmüş, həyat yoldaşı isə az ağır dərəcəli bədən xəsarəti almışdır. Hadisə nəticəsində iddiaçıya mənəvi zərər dəymişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 5567/2020 saylı qərardadı ilə iddiaçı tərəfindən dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd məhkəməyə təqdim edilmədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, yol nəqliyyat hadisəsi nəticəsində onun iki azyaşlı övladı həlak olmuş, arvadı isə bədən xəsarəti almışdır. Hadisə nəticəsində iddiaçı mənəvi zərərə məruz qalmışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən, şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Bundan əlavə, mənəvi ziyanla bağlı dövlət rüsumunun ödənilməməsinə dair kifayət qədər məhkəmə təcrübəsi formalaşmışdır. Buna görə də hesab edir ki, məhkəmə iddia ərizəsini geri qaytarmaqla səhv nəticəyə gəlmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 5567/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə olunur. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Belə ki, iddiaçının istinad etdiyi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsində dövlət rüsumundan azad olunmanın əsası kimi ailə üzvünün deyil, ailəni dolandıranın ölməsi ilə bağlı olan hal nəzərdə tutulmuşdur. Bundan əlavə, mənəvi ziyanla bağlı dövlət rüsumunun ödənilməməsinə dair kifayət qədər məhkəmə təcrübəsi formalaşması barədə şikayətin dəlili də əsassızdır. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxxxx 2008-ci il tarixli 7 saylı Qərarının 12-ci bəndinə əsasən, mənəvi zərərin ödənilməsi barədə müstəqil tələb kimi irəli sürülən iddia ərizələrindən dövlət rüsumu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində müəyyən olunmuş məbləğlərdə tələb olunan mənəvi zərərin məbləğindən asılı olaraq, zərərin ödənilməsi üsulu əmlak xarakterli tələblə əlaqədar olmadıqda isə qeyri-əmlak xarakterli iddialar üçün müəyyən edilmiş məbləğdə ödənilməlidir. Buna görə də şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-5567/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 5567/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar